"Hamımızın həyatında bir
daha nəzər salınmalı məqamlar var"
MİRZƏ ƏLƏKBƏR SABİR
FONDUNUN TƏSİSÇİSİ VƏ PREZİDENTİ
SEVDA TAHİRLİ GÖRÜLMÜŞ VƏ
GÖRÜLƏCƏK İŞLƏRDƏN DANIŞIB
- Sevda
xanım, bugünlərdə Sabir Fondu yeni layihəsini təqdim
etdi. "Art-Motiv" layihəsinin ideyası necə
yarandı? Məqsəd nədir?
- Bu layihənin
ideyası ağlımda çoxdan vardı. Dövrümüzdəki
stress, gərginliklər, həyatın keşməkeşləri,
qayğıların çoxluğu və
böyüklüyü insanları mənəvi cəhətdən
silkələyir və yorur. Bu silkələnmənin
qarşılığında insana mənəvi olaraq dayaq ola biləcək motivasiya, dözüm,
keçib gedən həyata analitik olaraq nəzər salmaq,
onun dəyərli məqamlarını zamanında hiss etmək
və dəyərləndirə bilmək ehtiyacı
yaranır. Bəzən insan buna olan ehtiyacın
varlığını və adını bilmədən
yaşayır. Ən yaxşı halda bizə
nəyin lazım olub-olmadığını yalnız
özümüz bilirik. Amma bəzən də
olur ki, insan özünü dinləyə, anlaya bilmir. Məhz belə anlarda motivasiya xarakterli fikirlər
köməyə çata bilər. Uzun
zamandır, belə əsərlərin insanlara
çatdırılması yönündə bir
çatışmazlığın yaratdığı dərin
boşluğu hiss edirdim. Özüm oxuyur
və oxuduqlarımdan təsirləndikcə qənaətimin
doğruluğuna bir daha əmin olurdum. Orada
öncə özümü, sonra isə bütün
insanları tapırdım. Ən çox
da mənim diqqətimi cəlb edən cəmiyyətin gənclərdən
ibarət olan seqmentidir. Bəlkə də
bunun kökündə mənim gənclərlə işləməyim
də durur. Bu, bir həqiqətdir ki, gənclər
cəmiyyətin potensialı, təkanverici qüvvəsidirlər.
Lakin bəzən onlar özləri bunun fərqində
olmurlar, özlərini kəşf etməkdə yubanırlar və
nəyə qadir olduqlarını da bilmirlər. Mənəviyyatımızı korlayan, milli dəyərlərimizlə
heç bir ortaq nöqtəsi olmayan, əksinə, daxilən
bir ikrah hissi yaradan arzuolunmaz münasibət və
davranışların rastlanması mənəvi
dünyamızın pozitiv ladlarda köklənməsinə
olan ehtiyac bu layihənini həyata keçırılməsi
üçün ciddi səbəb oldu.
Layihədə müraciət etdiyimiz əsərlərdən
biri Qabriel Qarsia Markesin "Vida məktubu"dur. Onu oxuyanda həyatın
dəyərinin, gözəlliyinin bəzən çox
xırda detallarda gizləndiyinin fərqində olursan. Və
anlayırsan ki, həyatın elə bir anı var ki, hər
zaman böyük tələblər, həcmcə
çox-çox nəhəng maddiyyətə söykənən
və arzu olunsa da, əslində, xoşbəxt olmaq
üçün heç bir əlaqəsi olmayan istəklər
bir an içində dənizin qum dənəciyindən də
kiçik, dəyərsiz və itirilməsi belə heç
bir təssüf doğurmayacaq qədər mənasızlığa
çevrilə bilir. Və hiss edirsən ki, insan "kaş,
bir az da zamanım olsaydı və mən
heç əhəmiyyət vermədiyim və ya fərqində
olmadığım bu şeyləri etsəydim"
düşüncəsi yaranır. Bunun
özü ciddi bir ismarıcdır. Hər
birimizə. Hamımızın həyatında
bir daha nəzər salınmalı kifayət qədər belə
məqamlar var. Bilsək də, bilməsək də.
Başqa bir həqiqət hazırda uşaqdan
böyüyə hər kəs zamanın
qıtlığından şikayətlənməsidir. Bu,
qayğılarımızın və qarşımıza
qoyduğumuz hədəflərin çoxluğundan
qaynaqlanmış ola bilər. Buna görə də bəzən vacib məqamlar
diqqətimizdən kənarda qalır, mütaliə və mədəni
istiahətin digər növləri istəmədən arxa
plana keçir. Layihənin
yaranmasını labüd edən səbəblərindən
biri də elə budur. Burada sözün, səsin, fikrin,
düşüncənin vəhdətindən yaranmış
bir harmoniya var. Məhz bu harmoniyanın yaratmış
olduğu mühit onu yaşayanlara, adam olmaq deyil, insan olmaq,
yalnız özünü deyil, yanındakıları da
görmək, təkcə özünü deyil, ətrafdakıları
da dərk etmək, anlamaq və onu qarşı tərəfə
ötürmək ehtiyacı yaradır. Layihə çərçivəsində
hazırlanmış filmlərdə həmçinin, Antuan de
Sent Ekzüperinin "Dua", Mahatma Qandinin "Dua", Avraam
Linkolnun oğlunun müəlliminə məktubu yer alır. Bu kiçik çarx-filmlərdə ləyaqət,
inam, etibar, insana və ətraf mühitə qiymət və nəhayət,
həyatın mənasının nələrdə
olmasını dərk etmək var.
Layihə dünya ədəbiyyatının motivasiyaedici
nümunələrini daha yaxından tanıtmaq və sevdirməklə
yanaşı, yaş həddi olmadan hər kəsin, xüsusilə,
formalaşmaqda olan gənclərin mənəvi
dünyasının daha da zənginləşməsi
üçün nəzərdə tutulub. Məqsəd
yeni texnoloji imkanların və effektlərin
qazandırdığı üstünlüklərdən
yararlanaraq təqdim olunan nümunələrin təsir
gücünü bir qədər də artırmaqla cəmiyyətin
hər bir üzvünün həyata
baxışlarının daha aydın, keyfiyyətli, cəmiyyətin
və dövlətimizin maraqlarına uyğun olaraq daha pozitiv
notlarda köklənərək ən doğru istiqamətə
yönəlməsinə kömək etməkdir.
Bu əsərlər
seçilərkən onlar arasında maraqlı bir paralel hiss
etdim. Markes bu düşüncələrini
ölümün çox yaxında olduğunu bildikdən
sonra, Ekzüperi və Qandi adi həyat Linkoln isə həyata
yeni atılan oğlu üçün bir növ
hazırlıq kimi qələmə alıb. Yəni bu əsərlərin cəmində insan həyatının
bütün dönəmləri əks olunub və onlar bir
növ yaşam xəritəsi verirlər. Ən
maraqlı isə odur ki, Markesdən başqa, digər
üçü faciəvi şəkildə dünyanı tərk
edirlər. Amma öz arzularını,
düşüncələrini vaxtında qoyub gedirlər.
Sanki ömürlərinin sonunda buna vaxt tapmayacaqlarını
hiss ediblər. Konfutsi dediyi kimi, həyatımızı
ölüm yoxmuş kimi yaşayıb, heç
yaşamamış kimi də ölürük. Bu layihə həyatımızda boş qalan məqamları
bizə bir daha xatırlatmaq üçündür həm də.
- Həm Sabir Fondunun təsisçisi və prezidentisiniz,
həm də pedaqoji və ictimai fəaliyyətiniz var.
Bütün bunları necə
çatdırırsınız?
- Vaxtdan
vaxt oğurlayaraq. Qeyd edim ki, bir zamanlar
taym-menecment təlimlərinə də qatılmışam ki,
vaxtı düzgün idarə etməkdə çətinlik
çəkməyim. Lakin niyəsə - bəlkə
də həqiqətən dövrün tələbidir, bilmirəm,
amma vaxt çatmır. Mən də vaxtdan
vaxt oğurlamağa məcbur qalıram. Çox
istərdim ki, hər şeyə ürəyim istəyən qədər
zaman ayıra bilim. Amma bu, heç də o
demək deyil ki, vaxtını "oğurlayaraq"
gördüyüm işlərin keyfiyyəti aşağı
səviyyədədir. Yox! Gördüyüm
bütün işlərin keyfiyyətini yuxarı səviyyədə
saxlamağa çalışıram.
- Nə
zamansa qazandığınız uğurlarda Sabir adının
kölgəsini hiss etmisiniz?
- Sabir
adı mənə kölgə salmayıb, əksinə,
işıq verib. O, mənə geniş bir panoram verib, məsuliyyət,
ciddiyyət verib. Hər hansı bir
addımı atanda o adın çiynimdəki məsuliyyətini
də hər zaman düşünürəm. 24 saat bu məsuliyyət mənimlədir.
- Bu qədər
məsuliyyətdən yorulduğunuz olurmu?
- Yox. Əksinə, mənə xoşdur. Atacağım hər bir addımı, söyləyəcəyim
hər sözü təkrar-təkrar düşünür,
ölçməli oluram və bunu sevərək, həvəslə
edirəm. Çünki bu, artıq mənim
həyat tərzimə çevrilib.
- Sevda Tahirli olaraq missiyanız nədən ibarətdir,
sizcə?
- Mən hələ
o missiyanın tam olaraq nədən ibarət olduğunu bilmirəm.
Sadəcə bir şeyi bilirəm ki,
bacardığım qədər insanlarla empati qurmağa
çalışıram. Dövrümüzdə bu
hissin arxa plana keçdiyini hiss edirəm. Doğrudur,
insanların qayğıları, düşünməli
olduqları məsələlər çoxalıb. Bəlkə
də buna görə empati hissi bir az arxa
planda qalıb. Mən çalışıram
ki, özümdə bu hissi qoruyub saxlayım. Bunu kiminçünsə deyil, özüm
üçün edirəm. Çünki
beləcə ruhən rahatlıq tapıram. Kimliyindən asılı olmayaraq, hər kəsə
münasibətdə belədir. Bu,
artıq davranış tərzimdir.
- Mirzə
Ələkbər Sabir ədəbiyyatımızda satirik
şair kimi iz qoyub. Bəs sizin hadisələrə
yanaşmanız necədir?
- Mən
deməzdim ki, mənim yanaşmam satirik yanaşmadır. Belə yanaşma Sabirə məxsusdur. Təbii ki, hadisələrə, reallığa hər
kəs kimi mənim də münasibətim var. Mən də nəyinsə
dəyişməyini arzu edə bilərəm, lakin bunu fərqli
şəkildə, fərqli yollarla etməyə
çalışıram. Çünki həll
yolları nə qədər fərqli olsa da, həqiqət dəyişməzdir,
birdir.
- Sabir
irsinin təbliğində Sabirin ideologiyasına, amalına nə
qədər sadiq qala bilirsiniz?
- Sabir
toxunulmaz bir mənbədir. Biz onu olduğu kimi
insanlara təqdim edirik. Sanki o, bir
dağdır və biz o dağa gedən yolu, ona
açılan mənzərəni sadəcə
yaxınlaşdırmağa çalışırıq.
Onun yaradıcılığını, bizə
ötürdüklərini, ətini çürüdüb,
sümüklərini də çürütməyə
hazır olan və təpədən dırnağa millətinə
böyük sevgisindən doğan yanğını olduğu
kimi, eynilə, sevgi ilə, sədaqətlə, heç bir
sözünə bir xələl gətirmədən
çatdırmağa çalışırıq. Sabir zamansız və məkansızdır. Onu təyin edən dəyərlər var. Bizim
missiyamız Sabiri onu sevənlərə əlçatan etməkdir.
Ötən il Sabirin virtual muzeyinin
yaradılmasında da məqsəd bu idi. Onu sevən, onu oxumaq
istəyən, onun həyat və
yaradıcılığı ilə tanış
olmaq istəyən hər kəs Sabirlə bağlı olan istənilən
audio, video, foto və verbal bazaya asanlıqla çata bilsin.
- Sabir
Fondu təkcə Sabir irsini deyil, eyni zamanda, Azərbaycan ədəbiyyatının,
milli-mənəvi dəyərlərinin, dilinin təbliğinə
dair layihələrlə də çıxış edir və
bu cür layihələrə dəstək verir...
- Biz daha
çox bu cür layihələrə fokuslanırıq. İllərdən bəridir, milli-mənəvi dəyərlərimizin,
dilimizin, geyimlərimizin təbliği, qorunması
üçün çox ciddi layihələr həyata
keçiririk. Çünki bütün
bunlar bizim milli kimliyimizin ən gözəl nümunələri,
nişanələridir. Bunlara qarşı
hər hansı şəkildə etinasızlıq yalnız
narahatlıq doğurur. Çox dil bilmək
gözəl göstəricidir. Öyrənilmiş
olan hər bir xarici dil çağdaş dövrdə karyera
qurmaq üçün açılmış olan yeni bir
qapı, bir fürsətdir. Amma bunu öz
dilini unutmaq və ya doğma dilinə etinasızlıq
hesabına etməklə barışmaq olmaz. Öz dilini mükəmməl bilmək cəmiyyətin
hər bir üzvünün ən mühüm borcudur. Onu da başa düşürəm ki, "mənimdir"
dediyimiz hər bir şey gözümüzdə adiləşə
bilir. Adiləşməməsi
üçün dilin zənginliyinə, gözəlliyinə,
incəliyinə, ahənginə varmalıyıq. Bu keyfiyyətləri harda görmək olar? - əlbəttə ki,
yazıçılarımızın, şairlərimin əsərlərində.
Əlbəttə, əgər kiminsə
böyük söz ehtiyatı yoxsa onun bəsit dildə səslənmiş
ən dəyərli fikir belə əsl məna
yükünün yanında çox kiçik
görünüəcək. Bunda dilin
"günahından" yox, onun
daşıyıcısının
etinasızlığından danışmaq lazım gəlir.
Dilimizi mükəmməlcəsinə mənimsəyərək
danışmağımıza heç bir maneə
olmamalıdır. Dövlətimizin
başçısının vətəndaşlarla
görüşlərində, çıxışlarında
Azərbaycan dilində danışması buna gözəl bir
nümunədir.
- Milli
geyimlərimizin təbliğatına da çox böyük
diqqət ayırırsınız. Hansı layihələriniz
olub bununla bağlı?
-
Artıq bir neçə ildir ki, mən milli geyimlərin təbliği
ilə fərqli bir şəkildə məşğul oluram. Bu ideyanı dəstəkləyən
dostlarımızın iştirakı ilə milli geyimlərimizi
müxtəlif xarakterli tədbirlərdə, görüşlərdə,
dəvətlərdə, gəzintilərdə üzərimizdə
daşımaqla əyani təbliğatı ilə məşğul
oluruq.
İlk dəfə bunu 21 fevral Beynəlxalq Ana dili
günündə Azərbaycan Turizm Assosiasiyasının
mövsüm açılışında etdik. O zaman biz 8 saat davam edən
tədbirdə Milli geyimdə iştirak etdik. Bizə
dəstək olmağa gələn dostlarımız da həmrəylik
göstərərək milli geyimdə bu tədbirə
qatılmışdılar.
Bu təşəbbüsün yaranmasının da
çox maraqlı bir tarixçəsi var. İctimai TV-də
milli geyimlərimizlə bağlı müzakirələr
zamanı vətəndaşlar arasında aparılmış
sorğu zamanı müxtəlif fikirlər səslənmişdi. Kimi demişdi
ki, geyinərəm, kimi demişdi fikirləşərəm,
kimi isə demişdi ki, əvvəl başqası geyinsin,
sonra mən də geyinim. Bəlli idi ki,
hamı bu geyimləri sevir, ancaq müəyyən komplekslər
yaşanır. Bu da başa
düşüləndir. Çünki uzun
illər biz bu dəyərlərimizdən uzaq
qalmışdıq. O zaman mən təklif etdim ki, gəlin,
milli geyimlərimizi küçədə, ictimai yerlərdə
üzərində daşıyaraq gəzən ilk "kim isə"lər
biz özümüz olaq. Və beləliklə, artıq bir
neçə ildir, müxtəlif günlərdə, müxtəlif
münasibətlə təşkil olunmuş tədbirlərdə,
görüş və bayramlarda bu geyimi üzərimizdə
daşıyırıq. Hər dəfə bizim
sıralarımız və bizimlə olmaq arzusunda
olanlarımızın sayı artır.
Ötən
il Cümhuriyyətin 100 illiyi münasibətilə
mayın 28-də 60-dək ictimai fəallardan ibarət
böyük bir qrup milli geyimlərdə şəhərin mərkəzi
küçələrində gəzintiyə
çıxdı. Geyimlərimizin gözəlliyi,
onu geyinmənin verdiyi məmnunluq və fərəh şəhərimizin
ətrafdan bizi seyr edən qonaqları və sakinlərinin
üzündəki maraq dolu heyrət və təbəssümü
bu libasların yaxın zamanlarda bizim bayram geyimi nümunələrimizə
çevrilə biləcəyinə ümid verir. Biz bu ümidin həyata keçməsini çox
arzu edir və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
- Son
olaraq yeni plan və ideyalarınızdan danışaq.
- Realist
insan olduğum üçün zamanı qabaqlamağı
sevmirəm. Amma bəzi planlarımdan danışası olsam,
yenə də texnika, sürətli yaşam əsrinin
yaratdığı sıxıntılarından qurtulmaq, mənəvi
zənginliyin təmin olunması üçün insanları
mütaliəyə yaxınlaşdırmaq məqsədilə
bir layihə üzərində çalışırıq:
audio kitab. Doğrudur, ölkəmizdə bu
yöndə addımlar atılır. Amma mənim
buna da başqa bir yanaşmam var. Bu yöndə ilk addım
kimi Sabirin "Hophopnamə"sini hazırlamaq istəyirəm.
Sonra isə milli və dünya ədəbiyyatından
nümunələri ədəbiyyatsevərlərə
özümün təsəvvürümdə
canlandırdığım kimi təqdim etməyə
çalışacağam.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 21 fevral.- S.4.