Rəşad doktor, boş
verin
Rəşad Mahmudov! Bu adı eşitməyən,
bilməyən yoxdu.
Hətta
şöhrəti Azərbaycandan
kənarda da geniş yayılıb.
Xalqımızın ən
görkəmli və ən məşhur cərrahlarından biridir,
ürək
cərrahı kimi
isə birincilərdən
biridir və bəlkə də elə birincidir. Gəncdi, həddindən artıq sadə, səmimi və çox istiqanlı bir həkimdi.
Vaxtilə uzun illər bundan öncə professor Əhliman Əmiraslanov
haqqında bir yazı qələmə almışdım, gərək
ki adı belə idi: "Əzrayılla vuruşan oğlan". Hər oğulun hünəri deyil Əzrayılla çarpışa və Əzrayıla qalib gələ. Əhliman müəllim Əzrayılla vuruşub yüzlərlə
insanı onun əlindən alıb. Və bu gün də Əzrayılla vuruşur.
Rəşad Mahmudov da Əhliman müəllim kimi Əzrayılla vuruşan, çarpışan
bir həkimdir, o da yüzlərlə insanı Əzrayılın pəncəsindən qoparıb həyata qaytarıb. Və müqəddəs işini yenə də davam etdirir.
Həyata
qaytardıqlarından biri
elə bizim redaksiyada
işləyir, məşhur jurnalistdi: Məzahir Əhmədoğlu. Bir on il bundan əvvəl
az qala onun ölüsünü gətirmişdilər
Rəşad doktorun yanına. Məzahir bu gün də
yazır, yaradır, ailəsinin
və dostlarının arasındadı.
Rəşad doktorla şəxsi
tanışlığım onun Milli Məclisə
deputat seçilməsindən sonra başlayıb. Çox intellektual bir adam
kimi ədəbiyyat, tarix, incəsənət sahəsi ilə bağlı söhbətlərimiz
də çox yaxşı tutur. Əslində tibb də bir incə sənətdir.
Xüsusilə də ürək
cərrahlığı.
Mənim Rəşad doktor haqqında oçerk yazmaq fikrim yoxdu. Bəlkə haçansa
yazdım. Məni narahat edən başqa bir məsələdi. Zaman-zaman Azərbaycanı
dünyada tanıdan bu cərrah haqqında saytlarda və sosial şəbəkələrdə böhtanlar
atılır, ləkələr
atılır, nüfuzuna xələl gətirə biləcək
qeybət xarakterli yazılar gedir. Doktor adətən belə məsələlərə çox
soyuqqanlı yanaşır. Bəzən Milli Məclisdə dostlar deyir ki,
həkim, niyə onlara cavab vermirsən, məhkəməyə
vermirsən?
Cavabı çox
qısa olur:
- Onları məhkəməyə
verib itirəcəyim vaxtda bir insanı
ölümdən xilas
edərəm.
Və çox vaxt onu öz sahəsində
ya hansısa həkimlə, ya da nüfuzlu bir dövlət
məmuru ilə üz-üzə qoymağa
çalışırlar .
Bugünlərdə saytların birində yenə həqiqətdən
çox uzaq olan bir məsələni
gündəmə gətiriblər
və paylaşıblar. Guya Rəşad doktor səhiyyə naziri Oqtay Şirəliyevin kreslosuna göz dikib, buna çalışır.
Oqtay müəllimi işdən
çıxarıb onun
yerinə Rəşad Mahmudovu qoyacaqlar.
Tamamilə absurd bir fikirdi. İki görkəmli şəxsi qarşı-qarşıya
qoymaqdan, bir-birinə incik salmaqdan başqa bir şey deyil.
Əvvəla, Oqtay müəllim
öz yerində layiqincə vəzifə borcunu yerinə yetirir. Onun gəlişindən
sonra səhiyyədə
çox böyük islahatlar gedib və gedir. Az qala, Azərbaycanın
hər bir rayonunda Avropa standartlarına uyğun xəstəxanalar tikilib və fəaliyyət göstərir,
bölgələrdə ən
ağır
cərrahiyyə əməliyyatları,
eləcə də ürək əməliyyatları keçirilir və sair və
ilaxır. Demirəm səhiyyə sistemində
güllük-gülüstanlıqdı, xirtdəyəcən problem də
var. Və bu problemin həlli üçün
də dövlət səviyyəsində işlər
görülür.
İkincisi, təbii ki, heç bir vəzifə əbədi deyil. Oqtay müəllim
də bir gün vəzifədən gedə bilər, onun yerinə səhiyyəni bilən başqa bir məmur gələ bilər. Bu, möhtərəm Prezidentin müstəsna səlahiyyətinə aiddir.
Bu məsələ yazı-pozu ilə, kimlərinsə mübarizəsilə
həll edilmir.
Nəhayət, Rəşad doktor
hətta yalvarsalar belə, səhiyyə naziri postuna getməz. Çünki Allah onu məmur yaratmayıb,
Allah onu insanları ölümün
pəncəsindən xilas
etmək missiyası ilə göndərib Yer üzünə. Və o da Allahın onun üzərinə
qoyduğu missiyanı çox yüksək səviyyədə,
ləyaqətlə yerinə
yetirir. Bir daha qeyd edirəm, onun missiyası Əzrayılla
vuruşmaqdı! O da vuruşur və hələ ki qalib gəlir. Və yəqin bütün ömrü boyu qalib gələcək.
Allah təkcə öz
mələyi olduğuna görə Əzrayılı
sevmir, həm də üzərinə missiya qoyub Yer üzünə
göndərdiyi
seçilmiş insanları da sevir.
Dilxor olma, Rəşad doktor, sən Allah tərəfindən
seçilmiş insanlardansan.
Dəyməyin Allah tərəfindən
seçilmişlərə!
Aqil
ABBAS
525-ci qəzet.- 2019.- 21 fevral.- S.2.