Keçmişlə gələcəyin vəhdəti
"ŞƏFİQƏ ƏFƏNDİZADƏ. SEÇİLMİŞ ƏSƏRLƏRİ" KİTABI HAQDA QEYDLƏR
Azərbaycan qadını tarixən müqəddəsliklə yanaşı,
həmçinin, müdriklik
simvolu olub, iti zəkası, dərin düşüncəsi,
geniş dünyagörüşü
ilə dövlətçilik
işində də, mədəni və elmi inkişafımızda
da müstəsna xidmətlər göstərib. XIX əsrin sonu - XX əsrin əvvəllərində
Azərbaycanda qadın
təhsili uğrunda mübarizənin geniş yayılmasında, qadın
məktəblərinin yaradılmasında,
burada təlim-tərbiyə
işlərinin təşkilində
mütərəqqi qadın
pedaqoqların böyük
xidmətləri olub.
Mühafizəkarlar tərəfindən göstərilən
şiddətli təzyiqlərə
baxmayaraq, onlar azərbaycanlı qadınların
savadlanması uğrunda
fədakarcasına çalışıb,
pedaqoji və hətta ədəbi-siyasi
fəaliyyətlərini də
davam etdiriblər. Sizə
XX əsrdə Azərbaycan
qadınları arasında
təhsil, maarif və mədəniyyətin
yayılması uğrunda
fədakarcasına çalışmış
həmin maarifpərvər,
cəsarətilə, necə
deyərlər, çoxlarını
dalana dirəyən qadınlardan biri - Şəfiqə Əfəndizadənın
filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın
gərgin zəhməti
hesabına bu yaxınlarda işıq üzü görmüş
"Şəfiqə Əfəndizadə.
Seçilmiş əsərləri"
(1903-1925) kitabı barədə
məlumat vermək istərdim.
Kitabda
ilk azərbaycanlı qadın
jurnalist və publisist, Zaqafqaziyada birinci Azərbaycan dili müəlliməsi olmuş Şəfiqə Əfəndizadənin hekayələri,
"İki yetim, yaxud Kərimin himməti", "Qapıçı
qızı" əsərləri
və Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli
adına Əlyazmalar İnstitutunda
saxlanılan "Xatirələr"indən
parçalar toplanmışdır.
Jurnalistlər, ədəbiyyatşünaslar, Azərbaycan qadınının
mübarizə tarixinin
tədqiqi ilə məşğul olan mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuş kitabda Şəfiqə xanımın
həyatı, publisistlik
və pedaqoji fəaliyyəti barədə
ətraflı məlumatlar
yer alıb. XX əsrin əvvəllərində
müsəlman-türk qadınlarının
cəmiyyətdə yeri
və rolunu göstərən, qadınlar
arasında təhsilin,
maarifçiliyin yayılması
üçün fədakarlıqla
çalışan, onların
təşkilatlanmasında, öz hüquqları uğrunda mübarizə aparmasında böyük rol oynayan Şəfiqə
xanım Əfəndizadə
öz dövrünün
taleyüklü problemlərini
zərif çiyinlərində
daşıyan qadın
fədailərimizdəndir.
Dövrünün tanınmış ziyalılarından
olan Məmmədəmin
Şeyxzadənin ailəsində
dünyaya göz açmış Şəfiqə
Əfəndizadə özü
də dövrünün
ən yaxşı təhsil ocaqlarında təhsil almış və gənc yaşlarından etibarən
qadın savadsızlığını
aradan qaldırmaq uğrunda mübarizə aparan ziyalılarla çiyin-çiyinə çalışmağa
başlayıb. Hamımıza yaxşı bəllidir
ki, həmin dövrdə müsəlman
Şərqində qadınların
yüksək səviyyədə
təhsil almasının
təməli xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyevin Bakıda
ilk qızlar məktəbi
açması ilə
qoyulmuşdur.
Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin Şeyxzadəyə
məktub yazaraq ondan qızını həmin məktəbdə
dərs deməyə göndərməsini xahiş
edir. Ata bu dəvətdən
məmnun qalsa da, qızının dövlət məktəbində
təhsil almadığı
üçün, belə
bir hüququ olmadığını bildirir.
Belə olan halda Şəfiqə
xanım 1901-ci ildə
Tiflisə qayıdır,
orada imtahan verir və müəllimlik
attestatı alır.
Sonra yenidən Bakıya dönüb rus-müsəlman
qızlar məktəbində
ana dilindən dərs deyir. O, cəhalətin hökm sürdüyü bir vaxtda müəllimə rəfiqəsi Səkinə
Axundzadə ilə birlikdə ilk dram dərnəyi
yaradır. Qızlara teatr mədəniyyəti,
aktyorluq sənəti barədə məlumatlar verir, dövrün mətbuat xülasələri
ilə tanış
edir. Şagirdlərdə Azərbaycan ədəbiyyatına
maraq və həvəs yaradır.
Qızlara nəinki ədəbi
əsərləri, dərslikləri
oxumağı, eyni zamanda, sərbəst, aydın, savadlı yazmağı da böyük həvəslə
öyrədir. Azərbaycan
qadınlarının maariflənməsi
məsələsini önə
çəkən Şəfiqə
xanım Əfəndizadə
onları təhsilli, savadlı, dünyagörüşlü
görmək istəyini
"Xanımlarımıza müjdə" sərlövhəli
məqaləsində davam
etdirir: "Xanım həmşərilərim! Gözünüz aydın olsun. Bir qaç aydan bəri yalvarıb xahiş etdiyiniz, acı-acı ifadələrlə anlatdığınız,
sənələrcə yatmış-uyumuş
dərdlərimizə dərman
olacaqsa, elmdən-tərbiyədən
olacağını düşünüb
bir çarəsi varsa, o da xanımlar
üçün kurslar
açılması ilə
yana-yakıla söylədiyinizin
nəticəsidir ki, həmd olsun! Bu gün maarif
nazirliyi tərəfindən
qadınlara məxsus kurs üçün izn sadir oldu".
Şəfiqə Əfəndizadə Azərbaycan
dilinin tədrisi ilə məşğul olmuş ilk azərbaycanlı
qadın olduğu kimi, həm də ilk azərbaycanlı
qadın jurnalist kimi adını tarixə yazdırıb. O, dövri-mətbuatda
fəaliyyətinə "Şərqi-rus"
qəzetində başlayıb.
Şəfiqə xanımın kitabda
toplanmış bütün
məqalələrindən aydın olur ki, o, qadınları hər zaman maarifə, təhsil almağa çağırırdı.
Şəfiqə xanım
"Bir çox ümidlərimiz" sərlövhəli
məqaləsində yazır:
"Ümidlərimiz çox
böyükdür... Hər bir
rəzalətin səbəbi
cəhalətdir. Cəhalətdən
çıxmağın dərmanı
isə elmdir, maarifdir..."
Şəfiqə Əfəndizadə yazılarında
dövrün ictimai-siyasi
həyatında baş
verən mühüm hadisələrə işarə
edir, qadın hüquqsuzluğu və savadsızlığından, bu
savadsızlıq üzündən
millətin gələcəyində
baş verə biləcək fəlakətlərdən
bəhs edir, problemin aradan qaldırılması yollarını
axtarır, dövrün
ziyalılarını və
maarifçilərini həmrəliyə
çağırır. Maraqlıdır ki, Şəfiqə xanım öz məqalələrində dövrünün
ən aktual mövzularına yer ayırır, bəzən
də olmuş hadisələri qələmə
alırdı. Məsələn, kitabı oxuyarkən belə bir fakta
rast gələcəksiniz
ki, Cəlil Məmmədquluzadənin "Ölülər"
pyesi ilk dəfə
1916-cı ildə Tağıyev
teatrında tamaşaya
qoyulanda Şəfiqə
xanım salonda bir qadının ağladığını görərək
ona yaxınlaşır.
Nə üçün
ağladığını soruşanda, qadın
"Bu ki mənim həyatımdır, çəkdiyim
əzablardır", - deyə
həyəcanla cavab verir. "Ağlama,
bacım. Bu, təkcə sənin yox, bütün Azərbaycan qadınlarının
həyatıdır", - deyə
Şəfiqə xanım
onu sakitləşdirir.
Hadisədən bərk təsirlənən
Şəfiqə xanım
"Açıq söz"
qəzetində "Ölülər"
pyesinin teatr həlli haqqında resenziya və reportaj yazır.
Kitabda yer almış faktlardan görürük ki, Şəfiqə xanım həm də xeyriyyəçilik fəaliyyəti
ilə məşğul
olub. Birinci Dünya müharibəsi zamanı Azərbaycanda qaçqınlara
dəstək olmaq üçün başlanan
hərəkatın fəal
iştirakçılarından olan Şəfiqə xanım "Xatirələr"ində
bu barədə yazır: "1914-cü ildə
müharibə başladı.
Şəhərimizdə "Nicat" xeyriyyə
cəmiyyəti qaçqınlara
kömək üçün
şöbə açdı.
Qadın
qayğısı, qadın
hərarəti anlayışına
əsaslanaraq "Nicat"
cəmiyyətinin şöbəsi
kimi "Ünas" xeyriyyə cəmiyyəti
açılmışdı. Bu cəmiyyətin sədri Liza xanım Muxtarova, onun müavini Rəhilə xanım Hacıbabayeva idi. Katibi mən idim... Cəmiyyətimiz güclü
idi... Biz qəzetlərdə
ianə sütunları
dərc edirdik, xeyriyyə axşamları
təşkil edirdik.
"Mövlud" cəmiyyəti təşkil
etdik, Novruz bayramı şərəfinə
şənliklər keçirdik.
Bu və digər
tədbirlərlə böyük
ianələr topladıq.
Bununla, müharibədən əziyyət
çəkmiş Sarıqamış
ətrafına yardım
əli uzatdıq".
Kitabda Şəfiqə
xanımın ictimai xadim kimi gördüyü
işlər barədə
ətraflı bəhs
olunur. Təkcə bir faktı
qeyd etmək kifayətdir ki, Bakıda "İsmailiyyə"
binasında keçirilən
Qafqaz müsəlmanları
qurultayında Azərbaycan
qadınlarının təmsilçisi
kimi Şəfiqə xanım Əfəndizadə
və Sara xanım Vəzirova seçilmişdi.
Ş.Əfəndizadənin ölkənin təkcə
ictimai deyil, həm də siyasi həyatında fəal iştirakı da Azərbaycan qadını üçün
bir yenilik idi. Şamaxı Milli Komitəsinin
xahişi ilə Şəfiqə xanım hətta 3 oktyabr 1917-ci ildə Şamaxı şəhərindəki bələdiyyə
seçkilərində qadınlara
rəhbərlik etmək
üçün Bakı
Milli Komitəsi tərəfindən bu şəhərə göndərilmişdi.
Şəfiqə xanım vətənin qeydinə qalmaq üçün uşaqları milli ruhda, milli ovqatda bəsləmək, onların beşiyi başında oxunan laylalarla qəlblərinə vətən sevgisi aşılamağın hər bir qadının müqəddəs vəzifəsi olduğunu göstərir: "Halbuki millətimizə yanşıyan şanlı əsgərlər bizim ağuşumuzdan doğmalıdır. Əsgərlərimizi müharibəyə biz təşviq etməliyiz. Kəndimiz çalışmalı, onlara nümunə olmalıyız". Şəfiqə xanımın bu sözləri deməsindən uzun illər keçməsinə baxmayaraq, həmin fikirlər bu gün də müqəddəs missiya kimi hər bir Azərbaycan qadınının qarşısında durur. Əsas şüarı "Vətənə layiqli övlad yetişdirmək!" olan Şəfiqə Əfəndizadə əsl publisist, jurnalist, maarifpərvər ziyalı və nəhayət, Vətənini, xalqını sevən insan kimi xalqın üzləşdiyi çətinlikləri işıqlandırır, onların həlli yollarını axtarırdı. Azərbaycan qadınlarını daim təhsilli, savadlı, dünyagörüşlü görmək istəyən Şəfiqə xanım Əfəndizadə yazırdı: "Analar! Qızlarınızı oxudun!" Vətənpərvər xanım hər bir qadının vətənə sadiq, çevik, cəsur, igidlər yetişdirməli olduğunu deyirdi. Onun vətən haqqında, millət haqqında yazdığı məqalələr bu gün də aktuallığını qoruyub saxlayır. "Şəfiqə Əfəndizadə. Seçilmiş əsərləri" kitabını vərəqlədikcə gənclərə örnək ola biləcək şərəfli bir ömür yolu keçdiyinin şahidi olacaqsınız. Kitabda toplanmış məqalələrdə yer alan fakt və hadisələr Azərbaycanın elm, incəsənət və mətbuat tarixinin açılmamış səhifələrini işıqlandırmaqda tədqiqatçılara yardımçı olacaq.
"Şəfiqə Əfəndizadə. Seçilmiş əsərləri" kitabının tərtibatçısı filologiya elmləri doktoru Şəhla Abdullayeva böyük diqqət, səbr və vaxt tələb edən bir işin görülməsində həqiqətən çox zəhmət çəkmiş, minlərlə arxiv materialını, o dövrün mətbuatını nəzərdən keçirmişdir.
Bir il ərzində
Şəfiqə xanımın əski əlifba ilə
yazdıqlarını hər qəzet və jurnalda
axtarıb tapmaq onları müvafiq
mövzulara uyğun
bölmək, səliqəyə salmaq asan iş deyil.
Belə bir işin
öhdəsindən gəlib, axtarışları nəfis kitab halınsa salmış Şəhla
xanım özü də bir
çox maraqlı elmi
əsərlərin müəllifidir. Şəhla
xanımı yeni kitabının
işıq üzü görməsi
münasibətilə təbrik etməyi özümüzə
borc bilirik. Sizə
böyük yaradıcılıq
arzulayırıq, Şəhla xanım.
Rafiq ƏLİYEV
525-ci qəzet.- 2019.- 22 fevral.- S.6.