Elm xadimləri: Akif Əlizadə sirri

 

Akif adının mənası "çalışqan, məqsədyönlü" deməkdir...

Adətən övlad dünyaya gələrkən ona verilən adda valideynlərin, bu adı ona yaraşdıran böyüklərin istək və ümidləri ifadə olunur. Ona da Akif adını belə bir arzu ilə vermişdilər ki, adın ehtiva etdiyi məzmun onun gələcək taleyində müəyyən rol oynasın. Şəxsiyyət etibarilə özü də adına bənzəsin, adının mənasındakı çalışqanlığı, məqsədyönlülüyü ilə qarşıya qoyduğu bütün hədəflərə çatsın.

O, nail olduqlarının hər birini məhz çalışqanlığı, məqsədyönlülüyü sayəsində əldə edib. Yaşının erkən çağlarından xarakterinin əsas cizgiləri uğursuzluqları dəf etməkdə mətinlik, qeyri-adi məqsədyönlülük, şəxsi intizam, bekarçılıq və nizamsızlığa qarşı dözümsüzlük olub. Və bu keyfiyyətin gücü ilə Akif Əlizadə həyatda qarşısına qoyduğu bütün məqsədlərə çatıb. Nəinki çatıb, eyni zamanda, Akif Əlizadə şəxsiyyətinin özünü çalışqanlığın, məqsədyönlülüyün, zəhmətin və bu keyfiyyətlərin insana qazandırdığı mənəvi ucalıqların canlı bir simvoluna çevirə bilib.

Bir nəslin məsuliyyəti

Həyatdakı ilk nailiyyətlərimizə yetişənə qədər hər birimiz cəmiyyətdə öz nəslimizin, boya-başa çatdığımız ailənin adı ilə tanınırıq. Belə bir aidlik hissi insanın üzərinə həm də böyük məsuliyyət qoyur. Onun ictimai davranışlarına, malik olduğu dəyərlərə böyük təsir göstərir. Akif Əlizadənin bir şəxsiyyət kimi formalaşmasında, ömrün hələ çox erkən çağlarından kamillik məqamına yüksəlməsində, görünür, bu amilin çox ciddi təsiri olub.

O, çox nüfuzlu bir nəslin nümayəndəsidir.

Akif Ağamehdi oğlu Əlizadə 1934-cü ilin 25 fevralında Bakının o dövrdə çox məşhur həkimləri Ağamehdi və Əfşan Əlizadələrin ailəsində dünyaya gəlib. Amma bu nəslin tanınmışları təkcə valideynləri deyildi. Akif müəllimin ata babası Axund Ağa Əlizadə zəmanəsinin ən görkəmli dini və ictimai xadimlərindən olmuşdu. 1954-cü ildə dünyasını dəyişmiş Axund Ağa Qafqaz Müsəlmanlarının 8-ci, Azərbaycan Xalq Cümhuriyyətinin isə ilk Şeyxülislamı idi.     

Azərbaycanda məşhur olan və hər gün yüzlərlə insanın böyük sevgi ilə ziyarət etdiyi müqəddəs fenomen - Ağa Seyidəli Mir Mövsümzadə Akif Əlizadənin atasının doğma dayısıdır.

1924-cü ildə indiki Azərbaycan Tibb Universitetindən məzun olmuş gənclər sırasında atası Ağamehdi Əlizadə də var idi. Ağamehdi həkim Bakıda realnı məktəbi bitirmişdi. Rus və Azərbaycan dillərində gözəl təhsil almışdı. Evdə atasından fars və ərəb dillərini də mükəmməl öyrənmişdi. Tibb elmləri namizədi idi. Ömür-gün yoldaşı Əfşan xanım da qədim türk şəhəri İrəvanın əsilzadələr nəslindən çıxmışdı. O dövrdə sayı bir elə çox olmayan qadın həkimlərimizdən biri kimi Azərbaycanda qadın fəallığı ənənələrinə töhfələr verirdi.

Bunları xatırlatmaqda məqsədimiz Akif Əlizadə şəxsiyyətinin yetişdiyi mühiti təsvir etməkdir. Onun zəkasının, yüksək əxlaqi-mənəvi keyfiyyətlərinin güc aldığı mənəviyyat qaynaqlarını göstərməkdir.

Əlizadələr ailəsində iki oğul övladı böyüyürdü. Akif və ondan iki yaş böyük qardaşı Məsud... Qardaşlar lap uşaqlıqdan öz dərrakələri, yaşlarından xeyli irəli gedən bilik və bacarıqları ilə seçilirdilər. Nəsildən gələn fitri istedad hər addımda özünü göstərirdi. Qafqaz müsəlmanlarının dini lideri, görkəmli ruhani alim Şeyxülislam Axund Ağa Əlizadə ilə hər gün ünsiyyətdə olmaq, Mir Mövsüm ağa ilə qohumluğun şərəfini duymaq, tez-tez bu müqəddəs şəxsiyyətin ziyarətinə gedib onunla görüşmək qardaşlarda yaşlarına uyğun olmayan bir məsuliyyət doğururdu. Anlayırdılar ki, bunun ilkin məsuliyyəti çalışqanlıq, dərslərdə xüsusi səy göstərmək, cəmiyyətdə özlərini bu şəxsiyyətlərin adına layiq, nümunəvi aparmaqdır.

1947-ci ildə atalarının vaxtsız vəfatı bu məsuliyyəti daha da gücləndirdi. 15 yaşlı Məsudun və 13 yaşlı Akifin indi artıq ömrünün ixtiyar çağlarını yaşayan babalarına, ömür-gün yoldaşını itirmiş analarına həyan olmaq kimi bir vəzifələri də vardı. Şeyxülislam Ağa Əlizadə və Dəmiryol Xəstəxanasında diş həkimi işləyən Əfşan xanım isə nəslin davamçılarını atalarına layiq övladlar kimi yetişdirməklə onun ruhunu şad edirdilər.   

Uniforma marağından başlanmış tale yolu

Qardaşı Məsud Əlizadə orta məktəbi gümüş medalla başa vuraraq valideynlərinin sənətini seçdi. Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib ailə ənənəsini - həkimlik sənətini uğurla davam etdirməyə başladı. İctimai xadim kimi də çox tez parladı. Zəkasının itiliyi, sözünün kəsəri, əməlinin qətiyyəti sayəsində 1960-cı ildə, 28 yaşında Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə qədər irəlilədi. Cəmiyyətdə böyük nüfuz qazandı. Ötən əsrin 60-cı illərinə aid nəslin parlaq şəxsiyyətlərindən, Azərbaycan gəncliyinin qızıl dövrünün liderlərindən olan bu cavan ictimai-siyasi xadimin ömür və karyera yolunun davamına, əfsuslar ki, bədxahları imkan vermədi.

Tezliklə bu ömür xaincəsinə yarıda qırıldı.

Akademik Akif Əlizadənin bu gün gəlib çatdığı 85 illik şərəfli, uğurlarla zəngin ömür, yetişdiyi ali məqamlar bəlkə özü ilə yanaşı, həm də qardaşı Məsudun cəmi 36 yaşında nakam qalmış ömrünün, arzularının davamıdır, kim bilir...

Qardaşı onun üçün bir nümunə idi. O da orta məktəbi gümüş medalla bitirdi. Niyyəti onun kimi Tibb Universitetinə daxil olmaq idi. Amma kiçicik bir təsadüf Akif Əlizadənin taleyində öz təshihlərini etdi. Onu Tibb İnstitutuna deyil, Azərbaycan Sənaye İnstitutunun geologiya-kəşfiyyat fakültəsinə gətirdi. O zaman bəzi ali məktəblərin öz tələbə uniformaları olurdu. Bu uniforma tələbə gənclərə çox yaraşırdı. Belə bir uniforma geyinmək yeniyetmə Akifin də arzusu idi. Ailə arxivində qorunan fotolardan birində onun bu arzuya çatdığını görürük. Qardaşı ilə qoşa fotosunda Akif müəllim Sənaye İnstitutu tələbəsinin məxsusi geyimindədir.

Beləliklə, ilk baxışdan çox adi bir maraq onun indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini seçməsində böyük rol oynadı. Amma ömrün davamı göstərdi ki, bu uniforma marağından başlanan həmin cazibə həm də bir tale işi imiş.   

Tələbə ikən dərslərində xüsusi səy göstərməyə, verilən bilikləri əxz etməyə çalışırdı. Babası Axund ağanın atası Ağamehdi həkimə verdiyi bir məsləhət hər zaman yadında idi. Babası atasına elmi fəaliyyətini davam etdirib doktorluq dissertasiyası müdafiə etməyi israrla məsləhət görürdü. Tarixi şərait, İkinci Dünya müharibəsinin başlanması və sonra da əcəl atasına bu niyyəti həyata keçirməyə imkan verməsə də, Akif hələ tələbəliyin ilk illərindən qərara almışdı ki, atasının elm yolunu davam etdirsin. Bununla da onların yarımçıq qalmış arzularını göyərtsin. Ona görə də tələbəlikdən elmi işə qızğın maraq göstərirdi. 

Elmdə ilk addımlar

Tələbə elmi cəmiyyətində fəal iştirakı da bu marağın formalaşmasında böyük rol oynamışdı. Onun seçdiyi bilik sahəsində yeni, hələ öyrənilməmiş məsələlərə can atması gələcək müqəddəratını müəyyən etdi. Məhz buna görə də institutu bitirərək neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsinin icrasına başlasa da, yenidən elmə qayıtdı. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edildi və elm onun həmişəlik fəaliyyət məkanına çevrildi.

Akif Əlizadənin bir alim kimi inkişafı Azərbaycan geologiya elminin də qızıl dövrünə təsadüf edir. Azərbaycanda geologiya elmi 60-70-ci illərdə özünün inkişaf zirvəsinə yüksəlmişdi. Burada təbii ki, Ümummilli lider Heydər Əliyevin alimlərə dəstəyinin, onları fəal elmi tədqiqatlara ruhlandırmasının, alimlərimizdən nəticə gözləntilərinin də böyük rolu vardı.

Bu zaman bir neçə geoloq nəslinin səyi nəticəsində regionun geoloji quruluşunun və təkamülünün əsas cizgiləri müəyyənləşdirilirdi. Bu fundamental nailiyyətlər bazasında Azərbaycan geoloqları tərəfindən uzun illər ərzində respublika iqtisadiyyatının sabit inkişafını təmin edə biləcək neft və qaz, polimetal və filiz, qeyri-metal faydalı qazıntı yataqları kəşf edilmişdi. Bundan əlavə, son onillikdə neft sənayesinin yüksəlişi və bir qədər gecikmiş olsa da, filiz sənayesinin dirçəlişi - bütün bunlar o dövrün geoloqlarının əməyinin bəhrəsi idi. Həmin dövrdə Azərbaycanda geologiya və geofizika sahəsində elmi və pedaqoji məktəblər də formalaşırdı.

Beləliklə, elmin sürətli inkişaf tempi gənc alim Akif Əlizadənin istedadının parlaması üçün olduqca əlverişli mühit yaratmışdı. 1961-ci ildə o, namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Səkkiz il sonra isə - 1969-cu ildə, cəmi 35 yaşında doktorluq dissertasiyası müdafiə edərək elmlər doktoru oldu. Keçmiş SSRİ məkanından ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini kimi elm tarixinə düşdü. 

Elmi tədqiqatlar: "Akifibelidlər" 

Akademik Akif Əlizadənin həyata keçirdiyi fundamental tədqiqatların əsas istiqamətlərinə qısaca nəzər salmağa çalışaq. Onun başlıca elmi maraq dairəsi təbaşirin stratiqrafiya və paleontologiyası məsələlərini əhatə edir. Akademik Qafqazın təbaşir hövzələrinin bio-geokimyəvi rayonlaşdırılması metodlarının işlənilməsi və təkamül amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparıb.

Alimin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın təbaşir çöküntülərinin stratiqrafik sxemləri işlənib hazırlanıb. Geoloji proseslər, çökmə və vulkanogen-çökmə formasiyaları, təbaşir dovründə faunanın inkişafı və s. məsələlərə dair müasir baxışları əks etdirən zəngin paleontoloji-stratiqrafik materiallar araşdırılaraq ümumiləşdirilib.

Akademikin çoxillik tədqiqatlar əsasında yazılmış əsərlərində Azərbaycanın təbaşir mollyuska faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülüb. Bu qədim canlıların təsnifatı və filogeniyası verilib. Paleobiocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanıb. Ekologiya və paleopatologiyaya dair məsələlər işıqlandırılıb.

Təbaşir dövründə Aralıq dənizi hövzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərinin müəyyən edilməsi və bu əyalətdə müvafiq paleobiocoğrafi taksonların ayrılması sahəsində ilk elmi tədqiqatlar da məhz akademik Akif Əlizadəyə məxsusdur. Morfogenezin tarixi baxımdan tədqiqi, populyasiyaların dəyişmə tendensiyasının təyini, irsi morfoloji dəyişkənliklərin aşkar edilməsi alimə müxtəlif belemnoideya qrupların təkamülündə ümumi istiqaməti bərpa etməyə imkan verib.

Fossil orqanizmlərin skelet hissələrinin mikrostruktur, kimyəvi tərkib və kristallokimyəvi xüsusiyyətlərinin təhlilinə əsasən, o, müxtəlif kimyəvi elementlərin miqrasiya və toplanma qanunauyğunluqlarını müəyyənləşdirə bilib. Ayrı-ayrı taksonların paleofizioloji xüsusiyyətlərini üzə çıxarıb. Təbaşir dəniz fəqərəsizlərinin geokimyəvi ekologiyasını təsvir edib. İzotop paleotermometriya üsulu ilə O18 və O16 izotoplarının nisbətinə görə Azərbaycanın təbaşir hövzələri üçün paleotemperatur qiymətlərinin təyin edilməsi də elmimizdə ilk dəfə onun adı ilə bağlıdır.

Elm dünyası bu sahənin görkəmli simalarından olan A.P.Pavlov və Q.Y.Krımholtsla yanaşı, akademik Akif Əlizadənin də daxiliqabıqlı mollyuskaların öyrənilməsindəki rolunu xüsusi qiymətləndirir. Bu qiymət 1990-cı ildə Moskvanın "Nedra" nəşriyyatında çapdan çıxmış "Paleontologiyanın əsasları" kitabının 101-ci səhifəsində öz əksini tapmışdır. Təbaşir belemnitlərinin öyrənilməsində Azərbaycan aliminin xidmətlərini nəzərə alaraq 1984-  ildə belemnitlərin yeni ailəsinin onun adı ilə məhz "Akifibelidlər" adlandırılması da onun elmi nailiyyətlərinə, alim şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir.

Azərbaycanın təbaşir çöküntülərinin paleontologiya və stratiqrafiyası üzrə fundamental işlərə görə (bir qrup müəlliflərlə birgə) akademik Akif Əlizadə 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.

Elm təşkilatçısı

Ümumiyyətlə, 85 illik ömür salnaməsini vərəqləyənlər Akif Əlizadənin çoxşaxəli fəaliyyətini şərti olaraq iki mərhələyə ayırırlar. Bu dövrlərdən birincisi ötən əsrin 90-cı illərindən əvvəlki, ikincisi isə sonrakı dövrü əhatə edir. Birinci dövr keçmiş SSRİ-də bir çox alim və elmi rəhbərlərə xas olan tipik inkişaf yoludur. Bu yol formalaşmış elmi məktəblər çərçivəsində aktiv yaradıcılıq fəaliyyəti, dissertasiya müdafiəsi və elmi-təşkilatı işlər kimi fəaliyyətlə xarakterizə olunur. Bunlar bir-birini tamamlayaraq alim və təşkilatçının bütöv simasını müəyyən edir. Onun 1970-ci ildən direktor müavini, 1976-cı ildə isə direktoru olduğu Azərbaycan Milli Elmlər Akademiyası indiki Geologiya və Geofizika İnstitutunun fəaliyyəti, qazandığı elmi uğurlar, bu elmi-tədqiqat müəssisəsindəki mühit Akif müəllimin elmi və təşkilati  bacarıqları, bir rəhbər kimi şəxsi keyfiyyətləri barədə fikir söyləmək üçün geniş təsəvvür yaradır.

Bu institut onun rəhbərliyi dövründə Azərbaycan Elmlər Akademiyası sistemində aparıcı elmi mərkəzlərindən birinə çevrildi. İnstitutun elmi fəaliyyətinin effektivliyi o dövrdəki ənənəvi göstəricilərə - namizədlik və doktorluq dissertasiyalarının, monoqrafik əsərlərin, təltif edildiyi mükafatların sayına görə kifayət qədər yüksək olmuşdu. Onlarla gənc tədqiqatçı keçmiş SSRİ-nin aparıcı elmi mərkəzlərinə məqsədli aspirantura və doktoranturaya ezam edilmişdi. İnstitut sürətlə beynəlxalq səviyyəyə çıxır, dəniz və okeanların öyrənilməsi üzrə beynəlxalq okeanoloji ekspedisiyalarda iştirak edirdi.

Geologiya və Geofizika İnstitutunun alimləri bir sıra geoloji istiqamətlər üzrə, o cümlədən, palçıq vulkanizmi və dərinlikdə yatan neft-qaz yataqlarının formalaşmasının öyrənilməsi sahəsində dünya elmində aparıcı yerlər tuturdular. İnstitutun alimləri dünyada ilk dəfə olaraq dəniz və okeanların su qatında submarin qazohidratları və qazları aşkar etmiş və öyrənmişlər. Bütün bunlar alimlərin fərdi zəhməti qədər institut əməkdaşlarına bu şəraiti yaradan, onları nailiyyətlərə həvəsləndirib motivasiya edən Akif müəllimin menecer məharətinin, tələbkarlığının, hər kəs üçün təmin etdiyi bərabər imkanların nəticəsi idi.    

Yeni imkanlar

Mürəkkəb və ziddiyyətli 90-cı illərin gəlişi ilə bir çoxları kimi onun da həyatında yeni bir dönəm başladı. Maliyyələşdirmənin azalması, ümumi ənənəvi əlaqələrin, o cümlədən, elm məkanında əlaqələrin pozulması, ən qabiliyyətli, bacarıqlı kadrların biznesə, xarici neft şirkətlərinə, xarici elmi mərkəzlərə axını, sadəcə, qazanc dalınca getməsi institutu real dağılma həddinə gətirib çıxarmışdı. Digər gözlənilməz hal isə bundan ibarət idi ki, institutun dünya elmindəki yeri heç də onun əldə etdiyi real nailiyyətlərə uyğun gəlmirdi. Bu da indiyə qədər sərhədlərin qapalılığı, elmimizin qlobal elmi-tədqiqat proseslərinə inteqrasiyası üçün lazımi prosedurlar barədə bilginin azlığı, informasiya mübadiləsinin zəifliyi, alimlərimizin xaricdəki həmkarlarımız tərəfindən kifayət qədər tanınmaması ilə bağlı ortaya çıxan vəziyyət  idi. 

Akademik Akif Əlizadənin bir rəhbər kimi,  üstün cəhətləri onda özünü göstərdi ki, həmin çətin məqamlarda o, gələcək fəaliyyət istiqamətlərini düzgün seçdi. Dünya elminə sürətli inteqrasiya, qabaqcıl texnologiya və metodlara yiyələnmə, kadrların hazırlanması və təkmilləşdirilməsi istiqamətində görülən işlər tez bir zamanda özünü doğrultdu.

1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanla dünyanın aparıcı enerji şirkətləri arasında imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin bütün sahələrdə, o cümlədən. elmdə uzunmüddətli inkişafını əhatə edən tarixi strategiya oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün uğurla davam etdirdiyi inkişaf strategiyası akademik Akif Əlizadə kimi elm təşkilatçılarımıza milli elmimizə yeni nailiyyətlər qazandırmaq üçün geniş meydan verdi.

Ötən əsrin 90-cı illərində simvolik əməkhaqqı ilə dünyanın elm "bazarı"nın yeni şəraitində çalışa biləcək istedadlı komandanın fəaliyyətini təşkil və təmin etməyi bacarmış Akif müəllim bu yeni şəraiti alimlərimiz üçün motivasiya ruhuna çevirdi.

O illərdə institutun maliyyə, kadr və mənəvi böhrandan tədricən çəkib çıxaran lokomotiv rolunu oynadı. Həmin elmi istiqamətin ardınca üçüncü dövr stratiqrafiya və paleontologiyası, struktur və regional geologiya istiqamətləri böyük fayda gətirdi. Bu dövrdə eksperimental baza haqqında düşünmək real olmadığı üçün əsas diqqət kompüterləşdirməyə və informasiyalı texnologiyalara, xüsusilə də şərikli elmi tədqiqatların maksimal inkişafına yönəldilmişdi. Belə islahatların aparılması çox böyük təşkilatçılıq məharəti tələb edirdi. Fasiləsiz təmaslar, görüşlər, onlarla ölkəyə səfər, çoxsaylı konfranslarda iştirak - bunlar institut direktorunun böyük təşkilatçılıq işinin yalnız bir hissəsi idi. Bir-birinin ardınca əldə edilmiş elmi nəticələr, onilliklərdə dünyanın aparıcı neft şirkətlərinin elmi mərkəzləri ilə birlikdə yerinə yetirilmiş 50-dən artıq elmi-tədqiqat işləridir. Belə elmi mərkəzlərlə əlaqələrin genişlənməsi, təbii ki, xarici ölkə universitetləri ilə əməkdaşlığın aktivləşməsi, Azərbaycan alim-geoloqlarının beynəlxalq nüfuzunun yüksəlməsi, onların dünya elmi ictimaiyyətində statusunun xeyli artması, beləliklə, milli elmimizin dünyaya inteqrasiyası deməkdir.

Təsadüfi deyil ki, Akif müəllimin direktoru olduğu Geologiya və Geofizika İnstitutu Azərbaycan elmi müəssisələri sırasında ən çox qrant qazanan elmi-tədqiqat mərkəzidir. İnstitutun tərəfdaşlarının sırası xeyli genişdir və bu coğrafiya ildən-ilə genişlənir. Bunlar Böyük Britaniyanın Kembric, Aberdin universitetləri, ABŞ-ın Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Kaliforniya universitetləri, Massaçusets Texnologiya İnstitutu və bir çox başqaları, Pyer və Mari Küri Universiteti, Neft İnstitutu (Fransa), Karlsrue, Hannover universitetləri (Almaniya), Moskva Dövlət Universiteti (Rusiya), Delft (Niderland), İstanbul (Türkiyə) universitetləri və başqalarıdır.

Kadr hazırlığı və qabaqcıl texnologiyaların tətbiqi məsələlərinin həlli də akademik Akif Əlizadənin böyük uğurudur. Onun dəstəyi ilə perspektivli kadrlar xarici ölkələrin elmi tədqiqat müəssisələrinə uzunmüddətli ezamiyyətə göndərilir, xarici universitetlərin aparıcı alimləri Geologiya İnstitutuna dəvət olunur. Eyni zamanda, MDB ölkələri və Sakit okean regionu alimləri ilə əməkdaşlıq aktivləşdirilir, əlaqələr bərpa etdirilir. Yaponiya Milli Şirkəti, Cənubi Koreya institutları (KİQAM), Çanq-Konq (Tayvan) Universiteti, İndoneziya Milli Neft Şirkəti ilə müştərək işlərin aparılması İnstitutun fəaliyyətinin yeni mərhələsi ilə əlamətdardır.

Yüksək texnologiyalar sahəsində dünyada lider olan Massaçusets Texnologiyalar İnstitutu ilə birlikdə 10 ildən artıq müddətdə kosmik geodeziya vasitəsilə Qafqaz, Yaxın və Orta Şərq, Orta Asiya regionunda iri blokların hərəkət sürətinin və istiqamətinin öyrənilməsi üzrə işlər görülmüşdür. Bu işlər nəticəsində əldə edilmiş məlumatlar dünyanın ən nüfuzlu elmi jurnallarında çap olunmuş, beynəlxalq konqres və konfranslarda məruzə edilmişdir. Bu məlumatlar bu gün geologiya sahəsində ən çox sitat gətirilən və tələb olunan elmi işlərdən sayılır. Bütün bunlar, təbii ki, akademik Akif Əlizadənin menecerlik istedadının, alim komandasını ümumi məqsədlər ətrafında bir araya gətirmək məharətinin gücüdür.

İnstitut geologiya elminin fundamental istiqamətləri ilə yanaşı, respublikanın mühüm iqtisadi inkişaf problemlərinin həllində də fəal iştirak edir. Akademikin rəhbərliyi ilə tərtib edilərək nəşr olunmuş səkkiz cildlik unikal fundamental əsərlər - "Azərbaycan geologiyası", habelə ensiklopedik "Azərbaycanın mineralları" atlası öz elmi və maarifləndirici əhəmiyyətini hələ on illər sonra da qoruyub saxlayacaq.

Ölkəmizdə Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin mövcudluğunu da akademik Akif Əlizadənin milli elmimiz qarşısındakı ən böyük xidmətlərindən saymaq olar. Muzeyin qorunub saxlanılması və fəaliyyət göstərməsi, ayrıca büdcə maliyyəsi olmadan paleontoloji və mineraloji kolleksiyaların toplanması və yeniləri ilə zənginləşdirilməsi kimi işlər mübaliğəsiz demək olar ki, akademik Akif Əlizadənin fədakarlığının bəhrəsidir. Bu qəbildən məşhur Britaniya Təbiət Tarixi Muzeyində yüz minlərlə insanın iki il ərzində ziyarət etdiyi "Müqəddəs odlar ölkəsi" sərgisinin təşkili və fəaliyyətini də göstərmək olar.

Akademik Akif Əlizadə müasir inkişaf meyllərinə, elmdəki qlobal çağırışlara çox həssasdır. Bu da onun hər zaman özünü inkişaf etdirmək, oxuyub-öyrənmək, dünya elmində gedən proseslərdən xəbərdar olmaq və mütərəqqi yenilikləri Azərbaycan elmində də tətbiq etmək marağından irəli gəlir. Elmlə təhsilin inteqrasiyasının faydalarını alim fəhmi ilə dərindən duyan akademikin təşəbbüsü və bilavasitə rəhbərliyi əsasında Geologiya və Geofizika İnstitutunda 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, 2013-cü ildə isə Bakı Dövlət Universitetinin baza kafedraları yaradılıb.

Elə 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçildikdən sonra da akademik Akif Əlizadənin ilk addımlarından biri məhz bu səmtdə oldu. Elmlə təhsilin inteqrasiyası, elmi kadr potensialının inkişafı, gənclərin elmə marağının artırılması məqsədilə akademikin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasında magistratura pilləsi yaradıldı. 

AMEA prezidenti

Ümumiyyətlə, AMEA prezidentliyi akademik Akif Əlizadənin ömürlüyündə də, milli elmimizin inkişafında da yeni bir mərhələdir. Akademik Akif Əlizadənin rəhbərliyi dövründə AMEA-da çox ciddi islahatlar aparılıb. Bir sıra fundamental  təşəbbüslər icra edilib. Dünya elminə sürətlə inteqrasiya, qabaqcıl metodlara və texnologiyalara yiyələnmək və zamanın tələblərinə uyğun gənc elmi kadrların hazırlanması məsələləri rəhbər kimi onun əsas məramıdır.

Bu gün AMEA-da intellektual potensialın inkişafı, alimlərimizin daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Elmi-təşkilati fəaliyyət yeni əsaslarla qurulur, elmi kadr hazırlığı və elmi-innovativ fəaliyyət gücləndirilir. Hüquqi islahatlar həyata keçirilir. Həmçinin, elm və təhsilin inteqrasiyası, elektron elmin inkişafı, beynəlxalq elmi əməkdaşlığın yeni əsaslar üzərində qurulması, elmin populyarlaşdırılması və ictimaiyyətlə münasibətlərin qurulması, maddi-texniki bazanın gücləndirilməsi və digər istiqamətlərdə mühüm işlər görülür. Alimlərimizin sosial müdafiəsi gücləndirilir. Onların maddi rifahının, iş və məişət şəraitinin yaxşılaşdırılması, mənzil təminatı, elmi tədqiqat işinə marağının artırılması niyyətilə görülən işlər real nəticələr verir. Cəmiyyətdə  alim nüfuzu yüksəlir.

Bu gün Azərbaycan elmi akademik Akif Əlizadənin şəxsində layiqli liderə malikdir və respublika ictimaiyyəti elmin və təhsilin təşkili, cəmiyyətdə elm xadimlərinə həmişə xas olmuş yüksək mövqeyin bərpası sahəsində görülən işləri onun fəaliyyətilə də bağlayır.

85 illik ömür yolunda onun layiq görüldüyü mükafatlar çoxdur. 1970-ci ildə "Fədakar əməyə görə" medalı, 1986-cı ildə "Şərəf nişanı" ordeni, 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar elm xadimi fəxri adı və Dövlət Mükafatı, 2004-cü ildə "Şöhrət" ordeni, 2008-ci ildə "Şərəf" ordeni, 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü və Rusiya Təbiət Elmləri Akademiyasının "Elm və mədəniyyət fədakarı" fəxri nişanı, elə həmin il Azərbaycan Respublikasının "İstiqlal" ordeni ilə təltif edilib.

Bir insan kimi xarakteri, həyata və insanlara münasibəti də, yəqin ki, Tanrının ona əta etdiyi ilahi mükafatdır. Elmi fəaliyyətinin geologiya sahəsinə aid olmasına baxmayaraq, humanitar elmlərə, ədəbiyyata, şeirə, sənətə də böyük maraq göstərən, hərdən özü də kövrək duyğularını şeirə çevirən Akif müəllimin ziyalı şəxsiyyəti hamıya örnəkdir.

Yaxından tanıyanlar da, kənardan müşahidə edənlər də Akif müəllimin sağlam həyat tərzi keçirən, ruhun sağlamlığı qədər cismin də sağlamlığına nail olmağı bacaran necə mütəşəkkil bir insan, incə zövq sahibi, səliqə-sahman sevən, mədəni şəxsiyyət olduğunu bilirlər. Özü isə belə hesab edir ki, səliqəli geyinmək, dünya klassiklərini oxumaq, klassik musiqidən zövq almaq, ədəbi dildə düzgün danışmaq hələ insanın mədəniliyinə dəlalət etmir. Mədəni insan odur ki, öz həmsöhbətinə, ünsiyyətdə olduğu başqa şəxslərə insani hörmət göstərsin, onun hisslərinə, fikirlərinə hörmətlə yanaşsın, öz fikrini, nəzər nöqtəsini zorla başqalarına sırımasın, anlatmağa çalışsın, fəqət qəbul etməyənə də təzyiq göstərməsin. Praktik şəkildə həyata keçirilən bu nəzəri müddəalar elm təşkilatçısı kimi Akif Əlizadənin uğurlarını təmin edir.

Akademikin uğur formulu da elə bunlardır: dərin ziyalılığıdır, yüksək mədəniyyətidir, intellektual səviyyəsidir, özünü aparmaq qabiliyyətidir, insanlarla asanlıqla dil tapmaq bacarığıdır, xeyirxahlığı, qayğıkeşliyi, görülən işə ciddi və tələbkar münasibətidir. Onun təbiətində bir fəallıq, hər işi cəld, qısa zaman ərzində və keyfiyyətlə yerinə yetirmək əzmi var. Çünki dünyada hər şeydən qiymətli olan zamanın, heç bircə saniyəsini də geri qaytarmağın mümkün olmadığını bilir və ömür qismətindən Azərbaycanın və ümumən bəşəriyyətin faydası üçün istifadə etməyə can atır.

Akademik Akif Əlizadənin 85 illik ömrünün nailiyyətlərində ailəsinin, ömür-gün yoldaşı Tamilla xanımın da böyük rolu var. Hələ 2002-ci ildəki bir müsahibəsində belə demişdi: "O, qadınların ən yaxşısıdır. Mənim iki oğlumun anası, beş nəvəmin nənəsidir. Yaxşı ev sahibəsi, gözəl həyat yoldaşıdır. Evdə harmonik şərait yaratmağa nail olub. Biz hamımız özümüzü bu şəraitdə yaxşı hiss edirik. Mən ona çox şey borcluyam, çünki o mənim alim olmağım üçün hər cür şərait yaradıb. Düzdür, mən də çalışıram ki, ona arxa-dayaq olum. Nə problemi çıxsa, mənə zəng eləyir, o saat həll edirəm. Hərdən zarafatla deyirəm ki, əlifbanın bütün hərflərindən sən ancaq dördünü bilirsən. Soruşur: "Hansıları?" Deyirəm: AKİF".

Biz də görkəmli alimə ömrün 85-ci zirvəsində sevdikləri ilə hələ neçə belə yuvarlaq yubiley yaşlarını qeyd etməsini, elmimizə yeni nailiyyətlər gətirməsini, həyat və fəaliyyəti ilə yeni örnəklər yaratmasını arzu edirik.

85 yaşınız mübarək, Akif müəllim!

 

 

Misir MƏRDANOV

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

 

525-ci qəzet.- 2019.- 22 fevral.- S.4.