Məhəbbət üçbucağı və ya "Cariyə"nin eşqlə imtahanı...  

 

 

 

Hardan gəldiyini, necə gəldiyini, nə üçün gəldiyini bilməzsiniz. Bir yaz günü, günəşlə qol-boyun olduğunuz, göylərdən üstünüzə yağan alovun istisinə aldanıb nazik paltarla şəhərin küçələrini dolandığınız anda, heç olmazın zamanda gələn və sizi saçınızın ucundan ayaq barmaqlarınıza qədər isladan, soyuğunu iliklərinizə qədər hiss etdirən yağış kimidir. Nə baş verdiyini bilməz, elə küçənin ortasındaca donub qalarsınız. Nə irəli gedəcək cəsarətiniz var, nə də dala qayıdacaq heyiniz. O qədər ani olub ki, hər şey, yağışdan qorunacaq yer tapmaq belə ağlınıza gəlməz.

Bütün bu çaşqınlıq, ətinizi ürpərdən soyuq, kirpiklərinizin ucundan süzülən damlaların narahatlığı cəmi bir neçə dəqiqə çəkər. Bəs sonra nə olur? Yağış kəsir? Yox! Sonra siz yağışa öyrəşirsiniz. Bədəninizin onunla təması artıq sizi narahat etmir. Üşüməyiniz də dayanıb. Bir az sonra isə artıq bu təmas sizə xoş gəlməyə başlayır. Hiss edirsiniz ki, saçlarınız da, kirpikləriniz də, əlləriniz də, dərinizin hər qarışı da yağışla bütünləşməkdən məmnundur. Artıq nəinki ondan narahat olur, hətta zövq alırsınız.

Eşq də bizi gözləmədiyimiz yerdə yaxalayan yağış kimidir. Öncə çaşqınlıq, sonra öyrəşmək, sonra məmnunluq, sonra həzz, sonra isə vazkeçilməzlik gətirər. Bu dəfə də duyğu yağışının altında əlacsız qalarsınız. Hələ bir də eşqiniz qarşılıqsız, ya da ümidsizdirsə, onda aldığınız nəfəs belə zəhərə çevrilib öncə boğazınızı, sonra bütün vücudunuzu yandırar, sizi yavaş-yavaş əridər.

***

Türkiyəli tarixçi alim, yazıçı Gül İrəpoğlunun "Cariyə" romanı da ümidsiz eşq hekayəsidir. Bu eşq hekayəsi zaman olaraq bizdən uzaqda, çox uzaqda baş verir. Roman bizi üç əsr öncəyə - Osmanlı imperatorluğunun dövrünə aparır. XXI əsrin ikinci onilliyinin sonlarında yaşayan, texnologiya dövrünün övladı olan biz, birdən-birə özümüzü XVIII əsrdə Osmanlı sultanı I Əbdülhəmidin sarayında, daha doğrusu, hərəmxanasında tapırıq. "Hərəm", "hərəmxana" sözlərini belə tarix kitablarının tozlu səhifələrindən tanıdığımız halda, bu səfər öncə heç də cəlbedici görünmür. Amma bir cariyə tərəfindən sultana yazılan eşq məktublarından təsirlənərək qələmə alınan roman elə ilk səhifədən oxucunu öz dünyasına rahatlıqla daxil edir.

Roman üç nəfərin dilindən fraqmentlər şəklində qələmə alınıb: Sultan Əbdülhəmid, cariyə Eşqdil və hərəmağası Cəfər. Bu insanlar eyni sarayda illərdir bir yerdə yaşasalar da, hərəsinin öz dünyası, hərəsinin öz duyğuları, düşüncələri var. Bu fərqliliyin əsas səbəbi isə öncə onların statuslarıdır kimi görünsə də, əslində, həyatın onlara yazdığı qədər, qismətdir.

***

Roman Eşqdilin sultana ünvanladığı sevgi məktubu ilə başlayır. Elə ilk məktubdanca oxucu öyrənir ki, hərəmxanadakı yüzlərlə cariyədən biri olan Eşqdil cəmi bir dəfə sultanın diqqətini cəlb edib və sultan onu öz yatağına layiq görüb. Onunla keçirdiyi bir gecə əvvəllər sevgi nədir bilməyən, heç bir kişi ilə təması olmayan qızın ürəyində silinməz izlər buraxır. O, həmin gecənin də təsirilə sultana aşiq olur. Səbrlə növbəti dəfə sultanın onu xatırlamasını, onu yenidən yanına çağırmasını gözləyir. Sultan isə sanki daha onu unudur və bir də çağırmır. Bu, əvvəllər Eşqdili narahat etmir. Onun yaşadığı bakirə, əl dəyməmiş, nəfəs toxunmamış eşqdir. Ona görə də belə gözəl və baş döndürücüdür. O, aşiq olduğu adama qarşı həsrətdən başqa heç nə hiss etmir.. Amma günlər keçdikcə həsrət özüylə başqa hissləri də gətirir... Daha gözlənilməz, daha güclü...

***

Əsərdə sultanın hərəmxanaya gəlişi, hərəmxana sakinlərinin bu gəlişə hazırlığı Cəfər ağanın dililə təsvir olunur. Bu təsvirləri oxuduqca təkcə hərəmxana deyil, böyük bir saray gözlər önündə canlanır. Təsvirin bu cür canlılığı, parlaqlığı həm müəllifin sənət tarixi üzrə professor olmağından, həm də axıcı, detalları özünəməxsus şəkildə əks etdirməyi bacaran təhkiyəçiliyindən qaynaqlanır. Burada təkcə xarici görünüşü deyil, həmçinin, həm Avropayla uyğunlaşmağa çalışan, həm də ənənələrindən, kökündən ayrı düşməmək üçün səy göstərən, müharibələrdə dincliyini itirən Osmanlının düşdüyü vəziyyəti də təsvir olunur. Uzun illərdir bütün dünyaya meydan oxuyan imperatorluğun günəşi artıq sönməkdə, gücü zəifləməkdədir. O güc, qüvvət, o iddia artıq tarixə qovuşmaq üzrədir. Amma sultan sarayı yenə də əzəməti ilə olduğu yerdə qalıb. Sultan həm saray sakinlərinin, həm də xalqın yeganə istinadgahıdır.

Burada həm də saray daxilindəki münaqişələr, yalanlar, xəyanətlər də göstərilir. Müəllif bu mühüm nüansların üzərində çox dayanmasa da, oxucu həm Cəfər ağanın, həm də sultanın danışdıqlarından ölkənin düşdüyü vəziyyəti anlayır.

Oxuduqca onu da görürsən ki, hökmdar, böyük bir imperatorluğun yeganə söz sahibi, ya da onun nəslindən olmaq hələ xoşbəxtlik demək deyil. Bəlkə də bəzi məqamlarda ən böyük bədbəxtlikdir. Bunu Sultan Əbdülhəmidin taleyində daha yaxşı görmək mümkündür. Hökmdar atasının ölümündən sonra əmisinin və qardaşlarının hakimiyyəti illərində məcburən dustaq həyatı yaşayan Əbdülhəmidin bu dustaqlığı düz 44 il çəkir. 44 il sanki bir qəfəs içində, insanlardan uzaq, baş verən hadisələrdən xəbərsiz, bitib-tükənmək bilməyən qadağalarla yaşadıqdan sonra 49 yaşında taxta çıxan Əbdülhəmidin keçən 44 ilin yaratdığı qorxuları, depressiyaları, inancları, qəribəlikləri və eşqləri rəvan dillə anladılır. Çox uzun illər özünün öldürüləcəyini gözləyə-gözləyə günlərini başa vuran, sevdiyi qadını, doğulacaq körpəsini ölümün ağzından qurtarmaq üçün özündən uzaqlara göndərməyə məcbur qalan Əbdülhəmid hakimiyyətə sahib olandan sonra belə bu qorxularına qarşı çıxa bilmir. Qorxu hissi artıq onun damarlarına, iliklərinə qədər işləyib. Bəzən qorxunun ünvanı, obyekti, şəkli dəyişsə də, özü və hiss etdirdikləri dəyişmir. Belə ki, hətta sultan qadın sevgisindən belə qorxuya düşür. Bir qadına bağlanmaq, ona həyatında yer vermək, onun duyğularını hiss etdirməsi sultanı təlaşa salır. Həmin an o qadından uzaqlaşır. Onu düşünməməyə, görməməyə çalışır. Bilir ki, görsə, düşünsə, aşiq olacaq. Eşq isə hər kəsin çəkə biləcəyi bir yük deyil. Hökmdar belə olsan...

***

Sarayda ümidsiz eşqə düşən başqa bir insan isə hərəmağası Cəfərdir. Tarixdən bildiyimiz kimi, hərəmağaları ya uşaqlıqda, ya da bu vəzifəyə təyin olunan zamanlarda xədim olunan insanlardır. Onlara sevmək, sevilmək, qadınla təmasın həzzinə varmaq bircə əməliyyatla qadağan edilir. Cəfər ağa isə o qədər də "şanslı" deyil. Əbdülhəmidin dustaqlıq zamanlarının yeganə dostu, həmdəmi olan Cəfər ağa o, taxta çıxanda da ən "yaxın adam" statusunda qalır. Onda 29 yaşı olan Cəfərə sultan bütün həyatını dəyişəcək bir təklif edir. Elə bir təklif ki, onunla həyatı iki hissəyə bölünəcək: ondan öncə və ondan sonra. Sultan onun hərəmxanaya ağa olmasını istəyir. Çünki hərəmlərini başqa heç kimə əmanət edə bilməz. Bəli, bu, bir imtiyaz, vəzifə, hər kəsin sayğıyla davranacağı bir rütbə idi. Amma nəyin hesabına? Şərtlər bəllidir. Cəfər əgər bunu qəbul edərsə, əməliyyat olunacaq. Özü də 29 yaşında - ömrünün ən parlaq çağında, qarşı cinsə, evliliyə ən çox ehtiyac duyduğu, qadınla təmasın dadını bildiyi bir zamanda... Amma sultana olan bağlılığı onun bu qorxunc şərtə əməl etməyinə gətirib çıxarır. Taleyin ironiyasımı, yoxsa şansmı, bilinməz, amma əməliyyat gözlənilən nəticəni vermir. Cəfərin qadından uzaq durması üçün nə fiziki, nə də mənəvi əngəl yaranmır. Amma bunu açıqca etiraf etmək, hərəmağasının əslində, bir xədim olmadığını demək olardımı? Əlbəttə, yox! Bu həqiqət Cəfərlə birgə yaşayacaqdı. Və heç kim bilməməli idi.

Cəfər tez-tez özünə sual verir. Bir kişini xədim edib qadından uzaq saxlamağı düşünənlər, görəsən, onun hisslərini, ürəyini də xədim etdiklərini düşünürlər? Bəs ürəkdəki duyğular necə olsun? Onları insanın əlindən hansı əməliyyat, hansı həkim, hansı bıçaq ala bilər ki?

Hərəmlərə ağalıq edən Cəfərin də qəlbinə sevgi atəşi düşür. Özü də sultanı coşğun məhəbbətlə sevən cariyə Eşqdilin atəşi... O, cariyənin sevgisindən xəbərdardır, amma bu sevgi onu qorxutmur. Çünki təcrübəli hərəmağası Eşqdilin əslində, hökmdara deyil, sevginin, eşqin özünə aşiq olduğunu yaxşı dərk edir. Amma bəzən hissləri ona güc gələ bilir. O, sevdiyi qadının başqasına olan hisslərini qısqanır, bundan narahat olur. Dilə gətirməyi, hiss etdirməyi isə bacarmır. Bəs eşq sonsuza qədər gizli qala bilərmi? Deyəsən, yox..!

***

Eşqdil isə illərlə Əbdülhəmidi sevməyə, ona məktublar yazmağa davam edir. Ancaq zaman keçdikcə və bir daha sultanın diqqətinə layiq olmadıqca bu məktublarda və öz əliylə düzəltdiyi kağız bağçalarda həsrətdən daha çox şikayət, giley-güzar, hətta bəzən hikkə də nəzərə çarpır. Cariyə eşqə aşiq olduğunu, ünvanın elə də fərqi olmadığını dərk edir. Bu həqiqəti isə ona Cəfər ağa göstərir. Cəfər ağanın təqdim etdiyi eşq daha parlaq, daha gözqamaşdırıcıdır. Bu eşq insanın ağlını başından alır, əvəzində həyatın bütün zövqlərini, ən gözəl həzləri önünə sərir. İmtina etməkmi? Əsla! Eşqdil də bu mükafatdan imtina etmir! Artıq onun sevgisinin ünvanı bəllidir.

Sultan Əbdülhəmidin aqibəti isə tamamilə başqa cür olur. İllərdən sonra o, əsl həqiqəti dərk edir. Cəmi bir dəfə vüsalına yetdiyi, sonra illərlə ağlının bir küncündə qalsa da, xatırlamağa qorxduğu, özünü onunla bağlı xatirələrdən uzaq tutduğu cariyə Eşqdilə aşiq olduğunu, onu hər şeydən və hər kəsdən çox sevdiyini anlayır. Bu dəfə məktub yazmaq, yalvarmaq, vüsal həsrətilə qovrulmaq onun növbəsidir. Bu eşq o qədər saf, o qədər müqəddəsdir ki, o, sultan olmağına rəğmən sevdiyi cariyəsini zor gücünə yatağına gətizdirmir. Aşiq olduğu qadının özünün ona gəlməyini, sevgisinə eyni sevgi ilə qarşılıq verməyini istəyir, arzulayır. Bu isə artıq mümkün deyil. Sultanın vəziyyəti əlindəki nemətin dəyərini itirəndən sonra anlamaq kimi bir şeydir. Sonrakı peşmanlıq isə heyf ki, fayda vermir. Və sultan bu həsrətin alovunda yanıb kül olur.

***

Eşqdir bu! Bir ilıq təbəssümdən alov alıb, bir soyuq baxışla sönə bilən... XVIII əsr Osmanlı sarayında da belədir, XX əsr Qərbində, XXI əsr Şərqində də... Hər zaman aktual, hər zaman eyni, hər zaman haqqında söz etdirməyi bacaran... Şəninə cild-cild kitablar, misra-misra şeirlər yazılmağına baxmayaraq, nə sözü bitir, nə təsiri. Verdiyi xoşbəxtlik də, düçar etdiyi iztirab da həmişə yenidir, həmişə təzə. Hər eşqə düşən elə bilir ki, sevgini, məhəbbəti o kəşf edib. Dünyada ondan əvvəl bu hiss yoxmuş, ondan sonra da olmayacaq... Amma həqiqət budur ki, insan var olduqca sevgi də, eşq də olacaq. Bütün məsələ onunla necə davranmağı bilməkdir...

 

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2019.- 22 fevral.- S.7.