Tarixin yaşıdı qalalar: izimiz
qalacaqmı?
Bu qala
bizim qala,
Həmişə bizim qala.
Tikmədim,
özüm qalam,
Tikdim ki, izim qala.
Qədim
qalalarımızı görəndə, çox dəyərli
insan, nadir istedad sahibi, əsl vətənpərvər alim, rəhmətlik
Xudu Məmmədovun
yuxarıdakı bayatısı yadıma
düşür. Qalalar qeyrət rəmzi, qəhrəmanlıq
səhifələri ilə dolu şərəfli tariximizin
şahidləri və yadigarlarıdır. Onları
mühafizə edib gələcək nəsillərə ötürmək
bizim vətəndaşlıq borcumuzdur. Qız
qalası, Çıraq, Əlincə, Koroğlu, Bəzz,
Gülüstan və onlarla digər qalalarımız. Vətən torpağının hər guşəsində
rast gəldiymiz bu möhtəşəm qalalar əsrlər
boyu bizi düşmənlərdən, yadellilərin
hücumundan qorudular. Amma nə yazıq ki,
onların çoxunu qoruya bilmədik, məhv oldular, həmişəlik
itib getdilər və bir qismi günümüzə qədər
gəlib çatsa da, yarımcan vəziyyətdədirlər.
Bilmirəm
nədənsə, biz həmişə tariximizə,
keçmişimizə laqeyd olmuşuq: erməni
saxtakarlığına göz yummuşuq, alban mədəniyyətinə
doğru-düzgün sahib çıxmamışıq, dəfinə
tapmaq hərisliyi ilə tarixi abidələrimizi
dağıtmışıq, qədim qala daşları ilə evlərimizi
tikmişik...
Ötən
il üç günlüyə Qalaaltı
kurort-istirahət mərkəzinə getmişdik. Çox gözəl və müasir sanatoriya
binasının arxasındakı dağın zirvəsində
qərar tutmuş möhtəşəm
Çıraqqalanın hüznlü görkəmi mənə
illər öncə gördüyüm məşhur
Gülüstan qalasını xatırlatdı.
Əslində,
Azərbaycan ərazisində "Gülüstan" adlı
iki məşhur qala mövcuddur: biri Şamaxı şəhərinin
yaxınlığında, digəri isə Goranboy rayonunda yerləşir.
Birinci qala öz qəhrəmanlıq tarixi ilə
yadda qalsa da, ikincini tariximizin qara səhifələrindən
birinin şahidi kimi orta məktəbin tarix kitablarından
yaxşı xatırlayırıq. Bu qalada 1813-cü ildə Rusiya və
İran arasında Azərbaycan torpaqlarının
bölünməsini əks etdirən sülh müqaviləsi
imzalanmışdır. Həmin müqavilənin şərtlərinə
görə, Azərbaycanın Dərbənd, Şirvan,
Bakı, Quba, Gəncə, Lənkəran və Şəki
xanlıqları Rusiyanın təkibinə
qatılmışdır, yəni çar Rusiyası tərəfindən
işğal olunmuşdur. İllər öncə mənə
bu qalanın xarabalıqlarını görmək və bir qədər
də qalanın ərazisində gəzib-dolaşmaq imkanı
qismət olmuşdu...
Ötən əsrin 70-ci illərinin axırları idi. "Murovdağ layihəsi"
çərçivəsində eyniadlı silsilə boyu mis və
digər metal yataqları axtarırdıq. Silsilənin
şimal-şərq yamaclarında axtarış işləri
aparmaq üçün Goranboy rayonunun Gülüstan kəndində
dəstəmizin bazası üçün bir ev
tutmuşduq. Axtarışlarımıza
baxmayaraq, ətraflarda elə bir ciddi əhəmiyyətə
malik filizləşməyə rast gəlmədik, lakin məşhur
Gülüsan qalasını yaxından görmək mənim
üçün hədsiz maraqlı oldu. Çoxları
kimi mən də bu qalanın harada yerləşməsini dəqiq
bilmirdim. İndi təsadüfə
baxın ki, gəlib düz onun yaxınlığında
geoloji-axtarış işləri aparırdıq. Arxeoloq
deyildim, amma tarixə, arxeologiyaya həvəsim məni həmin
qalanı daha yaxından tanımağa sövq edirdi və bu
istəklə bir iş günümü qala ilə
tanşlığa həsr etdim.
O vaxtlar
internet-filan olmadığından qala haqqında ətraflı
məlumat tapmaq asan deyildi. İndi isə internet səhifəsində
qala haqqında aşağıdakı ümumi məlumatı
oxuyuruq: "Qala Goranboy rayonu ərazisindədir. Tam şəkildə dövrümüzə
çatmasa da, müəyyən bürcləri qorunmuşdur.
Qalanın tikilmə tarixi tədqiqatçılar
tərəfindən Qafqaz Albaniyası dövrünə aid
edilir. Yerli daşlardan tikilən qala
möhkəm müdafiə qurğusu olub. XVIII-XIX
əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin
mərkəzi olub. Tarixi Gülüstan
müqaviləsi də bu qalada imzalanıb.
Gülüstan qalası Murovdağın ətəyində,
İncəçayın sahilində, dəniz səviyyəsindən
1700 m, ətraf ərazidən 200-250 m hündürlükdə
yerləşir. Gədəbəydəki Qız
qalası ilə eyni dövrdə inşa olunmuşdur. Qala şərq, qərb və cənub-qərb tərəflərdən
sıldırımla, şimaldan meşə, cənub-şərqdən
isə yamacla əhatə olunmuşdur. Qalaya
yol cənub-şərq tərəfdəndir. Qala şərq-qərb istiqamətində 200-250 m,
şimal-cənub istiqamətində 20-25 m uzanır. Qala
divarının eni şimal və qərb tərəflərdə
0,8-0,9 m olduğu halda, cənub divarda 1,5 m-ə
çatır. Qalanın içərisində
bina qalıqları, ovdan vardır. Orada
habelə çaya aparan gizli yol qeydə
alınmışdır".
Ümumən, doğru informasiyadır, mənim o
dövrdə gördüyüm vəziyyəti əks etdirir. Demək ki, o
vaxtdan bəri yaxşılığa doğru heç nə dəyişməyib,
yəni qalada təmir-bərpa işləri aparılmayıb.
Hələ o vaxt qala çox bərbad gündə
idi, divarlarının çox hissəsi uçulub
tökülmüşdü, ancaq bir-iki bürcü salamat
qalmışdı. Qala İncəçayın az qala dövrə vurub əhatələdiyi bir
təpənin üstündə, strateji cəhətdən
çox təhlükəsiz bir yerdə tikilmişdi. Hər üç tərəfdən su ilə əhatə
olunmuş bu qalaya giriş yalnız bir tərəfdən - cənub-şərq
yamacdan mümkün idi. Biz çaya
düşən gizli yeraltı yolla bir qədər gedə
bildik, çox yerdə uçub töküldüyündən
axıra qədər gedə bilmədik. Aşağıdan
baxanda qalanın salamat qalmış bürcü bir az Qız qalasına oxşayırdı. Görünür, XII əsr arxitekturasının əsas
elementlərində belə bənzərliklər mövcuddur.
Qala niyə belə baxımsız vəziyyətdə
idi, niyə təmir olunmamışdı, anlamadım.
İndi başadüşüləndi, oralar müharibə
zonasına yaxındır, kənddə heç kim yaşamır, bəs, o vaxt?
Qalanın ərazisini xeyli gəzib dolaşdıq, amma təəssüf
ki, maraqlı bir şey görə bilmədik, salamat bir bina
qalmamışdı, hamısı uçulub
tökülmüş, üstləri torpaqla dolmuş,
ağaclar və kollar bitmişdi. Adamın inanmağı gəlmirdi
ki, cəmi 166 il əvvəl (1979-cu ildən baxanda) bura abad bir
qala imiş, burada canlanma var imiş və iki böyük
dövlət üçün əhəmiyyətli, lakin Azərbaycan
xalqı üçün ağır olan sülh müqaviləsi
bu qalada imzalanmışdır. Sülh müqaviləsi
üçün niyə məhz bu qalanın seçilməsinə
dair tarix kitablarında tutarlı bir bilgiyə rast gəlmədim,
amma ola bilər ki, qalanın etibarlı
olması ilə bərabər, Gülüstan kəndinin
adına layiq məkanda yerləşməsi və ətrafların
hədsiz gözəl təbiətə malik olması da
sülh müqaviləsi üçün bu yerin seçilməsində
önəmli rol oynamışdır.
Gülüstan qalasının bərbad görkəmi
tariximizə, tarixi abidələrimizə münasibətin bir
nümunəsi kimi məni xeyli məyus etdi. Amma orada
qaldığımız bir ay müddətində baş verən
bəzi məzəli əhvalatlar məyusluğumuzu aradan
qaldırırdı. Onlardan ən yadda qalanlarından biri həm
gülməli, həm də təəssüfedici idi.
Bir gün axşam tərəfi İsmayılla balkonda
oturub uzaqları seyredə-edə ordan-burdan, xüsusən də
geoloq həyatından söhbət edirdik (İsmayıl Məmmədov
tələbə yoldaşımdı, geoloq həyatını
xoşlamırdı, ona görə geologiyadan tez
uzaqlaşdı, öz rayonlarına - Astaraya, başqa işə
getdi). Kənddə
ot yığımı vaxtı idi, ətraflarındakı
geniş biçənəklərdə otlar biçilmiş və
yerli əhali qurumuş otlarını araba və ya atla,
eşşəklə evlərinə
daşıyırdılar. Dəstəmizin həm
də "QAZ-51" markalı köhnə yük
maşını vardı. Sürücüsü
arıq, balacaboy bir oğlandı, amma çox zirəkdi.
Fürsət düşən kimi kənd
camaatının otlarını müəyyən qiymətə
razılaşıb daşıyırdı və özü
üçün əlavə qazanc əldə edirdi.
Xülasə, bir də baxırıq ki, uzaqdan bir yük
maşını gəlir, üstündə də
böyük ot tayası. İsmayıl:
- Deyəsən,
bizimkidir, yenə "xalturaya" çıxıb.
- Hə, ona
oxşayır, çıxıb özü üçün
çax-çux eləsin.
- Ona bax,
gör nə qədər doldurub, elə bil dünyanın sonudu.
-
Zalım oğlu, axırda bir hoqqa çıxarmasa
yaxşıdı.
Biz beləcə, sümüyümüz sancmış
kimi, onun qarasınca danışırdıq ki, maşın təpənin
dalında gözdən itdi və biz də öz söhbətimizə
davam etdik.
Aradan bir az keçmişdi ki, sürücümüz
başı alovlu özünü həyətə saldı. Rəngi
qaçmış, dili topuq çala-çala:
-
Ya-yandı, yandı, eevim yı-yıxıldı, - deyə
ah-uf eləyirdi.
- Ə, nə
yandı, - bir adam kimi de görək.
-
Ma-maşın yandı, kül oldu, evim yıxıldı.
- Necə
yəni maşın yandı, dəlisən?
-
Yandı da, q-qluşiteldən ota q-qığılcım
düşdü, ot yandı,
maşını da yandırdı.
- Ə, sənin başın xarab olub, niyə o qədər
doldurursan ki, o da yanır.
- Nə-nə
bilim, oldu da.
- Necə
nə bilim, indi rəisə nə cavab verəcəksən?
- Bi-bilmirəm,
- dedi və yazıq-yazıq büzüşdü, az qaldı ağlasın.
Zavallı şok vəziyyətində idi, düzü,
bizim də ona yazığımız gəldi,
danlamağın nə faydası vardı, onsuz da olan
olmuşdu.
Əsas o idi ki, xəsarət alan, ölən-itən
yox idi. Allah üzünə baxdı ki, dəstə
rəisimiz Saməddin müəllim (Mikayılov) ürəyiyumşaq
insan idi, çox çək-çevirə salmadılar,
istehsalat qəzası kimi bir şeylər düzüb
qoşdular, bədbəxtin canı qurtardı.
Maraqlıdır,
sonralar o, özü danışırmış ki,
maşındakı ota təzəcə od düşüb
yanmağa başlayanda, çöldə, aralıda işləyən
adamlar yanğını görüb əl edirmişlər,
haray salırmışlar ki, ot yanır, ot yanır, bu gerizəkalı
da elə başa düşürmüş ki, onu
salamlayırlar və ya otlarını aparmaq üçün
onu çağırırlar. O da maşını şəstlə
sürə-sürə, sanki paraddan keçirmiş kimi, onlara
əl edirmiş və "gələcəm, qayıdacam"
deyə gülə-gülə səslənirmiş. Külək
alovu və tüstünü arxaya qovduğundan, nə
sürücü, nə də yanında oturan ot
yiyəsi düyuq düşməyiblər, ta o vaxta qədər
ki, alov sürücü kabinəsinə daxil olub.
Sürücü son anda maşını saxlaya bilib və hər
ikisi kabinədən düşüb qaçıb,
maşın da ot qarışıq
yanıb kül olub. Beləcə, nadan
sürücümüzün məsuliyyətsizliyindən bir
müddət maşınsız qaldıq.
Vaxt bitdi və biz, Gülüstanda işlərimizi
yekunlaşdırıb, o gözəl yerləri tərk etdik. İndi Gülüstan
qalasını görməyimdən düz 40 il
keçir, yəqin ki, bu illər ərzində qala
divarları daha da uçulub tökülmüş olar. Üstəlik, ərazisi mənfur
qonşularımızla apardığımız müharibə
zolağının yaxınlığındadır. Bu səbəbdən onun məhv olma ehtimalı daha
çoxdur. Bəzən
düşünürsən ki, tariximizin qara bir səhifəsinə
şahidlik etmiş bir qalanın qalması
lazımdırmı? - Əlbəttə, lazımdır!
İstənilən halda, bu da bir tarixdir, tarixi isə
geri qaytarmaq, təzədən yazmaq mümkün
olmadığı üçün bu qala da digərləri
kimi qalmalıdır.
Gülüstana hələlik əlimiz çatmasa da, ilk növbədə Çıraqqalanı qorumalıyıq, çünki o, sadəcə bir qala deyil, Böyük Gilgilçay səddinin bir elementi, həm də son nişanələridir. Çinlilər Böyük Çin səddini bərpa edib, hər il turizmdən milyonlarla dollar qazanc əldə edirlər. Biz də necə olursa olsun, Çıraqqalanın bərpası və ya konservasiyası üçün mütləq vəsait tapmalıyıq, onu məhv olmaqdan xilas etməliyik. Bu işə lazım gələrsə, beynəlxalq qurumları və ya yerli imkanlı biznes strukturlarını cəlb etməliyik, çünki sonra gec ola bilər. Vaxtında tədbir görülməsə, qədim tariximizin bu mühüm səhifəsini də itirərik.
Allah sizə rəhmət eləsin, Xudu müəllim, çox gözəl demisiniz: "Tikmədim özüm qalam, Tikdim ki, izim qala". Bəli, qalalar tarixi varlığımızın nişanələri, izləridir. İzimizin itməməsi, tarixlərdə qalması üçün onları hamımız, ilk növbədə isə bu işə məsul olan insanlar, qorumalıdır. Bir el məsəlində deyildiyi kimi, keçmişinə daş atanı gələcək topa-tüfəngə tutar. Biz də onları qorumalıyıq ki, gələcək nəsillər bizi qınamasın, topa-tüfəngə tutmasın.
Rəşid
FƏTƏLİYEV
Geologiya-mineralogiya
elmləri namizədi
525-ci qəzet.- 2019.- 22 fevral.- S.8.