Şeirə, sənətə hörmət naminə...
Bu yazını - mənə və yəqin ki, mənimlə həmfikir olan yüzminlərlə soydaşımıza rahatlıq verməyən bəhs edəcəyim mövzunu - qələmə almaq istədikdə, unudulmaz xalq şairimiz Səməd Vurğunun məşhur bir beytini xatırladım:
Bizdə şeir də var, sənət də vardır,
Şairə, sənətə hörmət də vardır.
Elə mövzuya başlıq seçməkdə də bu beyt köməyimə gəldi. Danılmaz faktdır ki, Azərbaycanda tarix boyu, hər hansı ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə ədəbiyyata və incəsənətə - şeirə, təsviri sənətə, musiqiyə, bir sözlə, sənətkara böyük hörmət, qayğı, ehtiram və diqqət olub. Bu ənənə müstəqillik illərində daha bariz davam etdirilib və etdirilməkdədir. XX əsrin ikinci yarısından üzü bəri ədəbiyyat və incəsənətimizin bütün sahələrində baş verən intibah musiqi sənətimizdə, o cümlədən, mahnı janrında da özünü parlaq şəkildə büruzə verirdi. Gözəl sözlərə bəstələnmiş gözəl musiqi ilə yaranan mahnılarımız ifaçılar tərəfindən çox nadir hallarda təhrifə uğrayırdı. Belə bir hal şair və bəstəkarla işləyən və o mahnını ilk dəfə ifa edən müğənnilərdə ümumiyyətlə baş vermirdi. O zaman belə halların qarşısını efirdən əvvəl həmin mahnını dinləyib rəy verən bədii şura da alırdı. Mahnılarda istər sözlərin, istərsə də musiqinin təhrifinə ara-sıra, yalnız konsert salonlarında təsadüf etmək olardı.
Çox təəssüf ki, bu sahəyə nəzarət zəiflədikdən sonra efirə, xüsusilə də yeni yaranan teleradio kanallarına bayağı sözlü, bayağı musiqili mahnılar yol tapmağa başladı. Bir ara isə ötən əsrin peşəkar bəstəkar mahnılarının yerini sözləri və musiqiləri özlərinə məxsus "şair-bəstəkar" mahnıları mənimsədi. Efirlərdə yeni "müğənnilər"in yağışı və yarışı başladı. Müxtəlif yollarla populyarlaşan belə "müğənnilər" xalqın, ələlxüsus da gənclərin və yeniyetmələrin musiqi zövqünə çox çətin və gec sağala biləcək zərbələr vurdular.
Belə mahnılara aludə olan sürücülərin ucbatından şəhərdaxili və şəhərlərarası marşrut avtobuslarında sərnişinlərin əksəriyyəti mənzil başına əsəbi çatmaq məcburiyyətində qalır, bəzilərisə hətta təngə gəlib növbəti dayanacaqda avtobusu tərk edirlər. Bu barədə bir neçə kanalda tənqidi süjetlər verilsə də, nəzarətsizlik səbəbindən belə hallar davam etməkdədir.
Bu gün bəstəkar mahnılarına, xüsusən retro mahnılar adlandırılan 1950-1980-ci illərdə bəstələnmiş, sözün əsl mənasında sənət əsərlərinə tez-tez müraciət olunur. Belə bir ənənənin başlanması və yavaş-yavaş vüsət alması yaxşı haldır. Lakin həmin mahnıların səsyazma studiyalarında yenidən yazılışı zamanı musiqinin düzgün ifası ilə bərabər (xarici musiqi notları əlavə etməməklə), onun sözlərinə də dəqiq riayət olunması vacibdir. Bu yazılış zamanı xüsusən gənc müğənnilər nə vaxtsa bu mahnını təhriflə oxumuş hər hansı bir ifaçını dinləyir və ya əlinə keçən bir kitabdan (əsasən "Mahnılar" adlı kitablardan) sözləri götürüb çapda səhvən getmiş bir kəlmənin fərqinə varmadan ondan bəhrələnirlər. Bu mənada səsyazma studiyalarında belə mahnıların yazılışı zamanı sözlərin dəqiq ifa olunmasına müğənnilə bərabər, səs rejissorları da müstəsna məsuliyyət daşıyırlar. Qeyri-peşəkar rejissorlar tərəfindən yazılan mahnıların ifası zamanı əksər hallarda sözlərin, bəzi hallarda melodiyanın da təhrifinə yol verilir və təəssüf ki, bunun qarşısını almağa təşəbbüs də olunmur.
Sözləri təhrif olunmuş mahnıların ifası haqqında yüzlərlə misal göstərməklə daha geniş danışmaq mümkündür. Bu ayrıca bir əhatəli məqalənin mövzusudur. Lakin bu yazıda bir neçə nümunə ilə kifayətlənməli oldum. Demək olar ki, son illər bütün radio kanallarımızdan müğənni Elnurun ifasında "O, Naxçıvandır!" mahnısı səslənir. Gənc müğənni mahnının birinci bəndinin sözlərini və "Hansı məkandır?" ifadəsində melodiyadakı vurğunu da təhrif edərək belə oxuyur:
"... Ətəyindən Arpaçayı,
qucağından Araz keçən
Hansı məkandır? O, Naxçıvandır,
Nəqşi-cahandır - Azərbaycandır!"
Halbuki mətndə "Sinəsindən Arpaçayı, ətəyindən Araz keçən"dir. Müğənninin ifasından belə məlum olur ki, Araz Naxçıvanın qucağından keçir. Deməli, o taylı, bu taylı Naxçıvan mövcuddur? Naxçıvanı görməyən və Azərbaycanın xəritəsindən bixəbər olan hər bir dinləyicidə belə bir təsəvvür yaradır bu məsuliyyətsiz ifa! Hətta sonradan bu kobud səhvə düzəliş edilmədən belə həmin mahnıya xeyli xərc qoyularaq klip də çəkilmiş və vaxtaşırı telekanallarımızda nümayiş etdirilməkdədir.
Mahnıların ifasında sözlərdə hərf xətalarına da tez-tez yol verilir ki, bu da şair fikrinin, məramının təhrif olunması ilə nəticələnir. Məsələn:
"... Eşqimizə o vaxt həsrət çəkənlər -
Bəs nə deyim məni sənsiz görəndə?"
Eşqə həsrət çəkmək nə deməkdir? Anlaşılmır. Halbuki mətndə "həsəd çəkənlər"dir.
Yaxud:
"Eşqin məhəbbəti düşüb canıma,
Ana, göz yaşını sil, qadoy alım".
Əslində isə doğru ifa budur:
"Eşqi, məhəbbəti düşüb canıma,
Ana, göz yaşımı sil, qadan alım".
Buna bənzər daha bir misal. Yeni səsləndirmələrdə
müğənnilər "Qarabağ - ana yurdum"
mahnısının ifası zamanı oxuyurlar:
"Bu
çəmənlərdə gəzir Vaqifin şux gözəli,
Ruhunu burdan alır Natəvanın qəzəli".
Bu misraların əslində - şair mətnində bir
xatırlatma var, yəni bunlar nə vaxtsa olub. Bu gün,
hal-hazırda qəzəl yazan hansı Natəvandan söhbət
gedir? İndi o çəmənlərdə
gəzən hansı şux gözəldir elə? Ona görə də "gəzir",
"alır" ifadələri müəllifin
yazdığı kimi - "gəzib", "alıb"
oxunmalıdır.
Digər bir fəsad da mahnılarda mətnlərin -
şeirlərin sözlərinə, qafiyələrinə fikir
vermədən onları ifa etməkdir. Bu ciddi qüsura da bir
neçə misal: Elza İbrahimovanın Bəxtiyar Vahabzadənin
sözlərinə bəstələdiyi çox məşhur
"Gecələr bulaq başı" mahnısının
ilk və əvəzsiz ifaçısı, mərhum
Hüseynağa Hadıyev oxuduqda:
"Sakit axıb gecələr bulaq nələr
danışır?
Elə
bil ki, nağıllar, əfsanələr
danışır..."
eşidirik. Mahnının yeni yazılmış
versiyalarını səsləndirən müğənnilər
- hamıya hər bir mahnını düzgün, savadlı ifa
etməyi tövsiyə edən Teymur Əmrah, həmçinin,
yaxşı gənc müğənnilər sırasında
olan Nurlan Növrəsli belə başlayırlar: "Sakit
axan gecələr bulaq nələr danışır?" Gecə niyə və hara axır? Mahnının əsas qəhrəmanı bulaqdır
və şair gecələr sakit axan bulağın
"sirli" aləmini tərənnüm edir.
Bəzi hallarda isə məhz şairin səhv ifadəsi
ucbatından müğənni də onu yazıldığı
kimi oxumaq məcburiyyətində qalır. Məsələn,
sevilən müğənnimiz Mübariz Tağıyevin vətənpərvər
ruhda yazılmış mahnıda "Nə Vətən
bölünməz, nə şəhid ölməz"oxuduğu
kimi. Bu misrada şairin qafiyə xatirinə
yol verdiyi dil xətası mahnı vasitəsilə
yanlış deyim təbliğinə vasitəçilik edir.
Məlumdur ki, deyimlərin əvvəlində nə
(inkar) ifadəsi gələrsə, ondan sonrakı söz təsdiqlə
yazılır. Bunu neçə-neçə
mahnılarımızda da eşidirik. Məsələn,
"Nə hə deyir, nə yox deyir", "Nə
danışdın, nə dindin" və s. Deməli,
düzgün olaraq "Nə Vətən bölünər, nə
şəhid ölər" oxunması üçün həmin
bənddə dəyişiklik edilməlidir.
Bir sıra son bəstələrdə mahnı üzərində
işlənən zaman mətnə diqqət yetirilməməsi
ucbatından ifalarda dilimizə yad kəlmələr də
eşidilməkdədir. Məsələn, Lalə Məmmədova "sən
bizi kayb etdin", "qəlbini çəkib getdin", Eyyub
Yaqubov isə
"Sənsən
Günəşim, Ayım,
Həsrətinin yollarındayım".
oxuyurlar.
Burada qafiyə xatirinə
"yollarındayam" tələffüzü təhrifə
uğradılır. Yeri gəlmişkən,
mahnılarımızda qafiyələrlə bağlı
yanlışlıqlardan bir neçə nümunəyə
diqqət yetirək.
"Ana
Kür" mahnısının ilk ifaçısı,
unudulmaz sənətkarımız Gülağa Məmmədov
onu "Dəli Kür" filmi üçün səsləndirərkən
bir misrada yanlışlığa yol verərək:
"Sənsən
həyatım mənim,
Dərdim,
dərmanım mənim..."
oxumuşdu. Bu fonoqram sonralar da efirdə eynilə səsləndirilib
və digər peşəkar, həmçinin, həvəskar
müğənnilər də fərqinə varmadan həmin
yanlış misranı təkrar ediblər və etməkdədirlər.
Əslində isə bu misra "sənsən həyatım..."
deyil, şairin yazdığı kimi - "Sənsən həyanım
mənim" oxunmalıdır ki, sonrakı misrada gələn
"dərmanım mənim"lə həmqafiyə ola bilsin.
Bir
sıra mahnılarımızda qafiyələr sanki bilərəkdən
pozularaq oxunur:
"... Gülüm, günüm güllərimi qurutdu.
Bu oyunda kim uddu, kim uduzdu..."
(Bu oyunda kim uduzdu, kim uddu);
"... Mənimdir
məhəbbət, gözəllik,
Səadət, səadət, səadət".
(Mənimdir
gözəllik, s);
"... Sən
canı canandan ayrı tutmazdın,
Odur ki, vəfasız deyildir adın.
O, səni
unutdu, sən unutmadın..."
(Sən
canı canandan ayrı tutmadın);
"... Nişan aldım, kəmənd atdım,
Dəydi oxum daşa, könül".
(Nişan aldım, kaman atdım) və s.
"Müştaqam qələm qaşına,
Durum dolanım başına.
Pərvanətək atəşlərə
Yandım əzəl gündən, ay qız!"
Aşıq Şəmşirin sözlərinə oxunan sonuncu bənddə müəllif "Pərvanətək ataşına" yazıb. Bu, əlbəttə qafiyə xatirinə olsa da, müğənni onu heç olmasa "atəşinə" oxumalıdır. Bəzi müğənnilər isə "Şəmşir üçün ərməğansan" misrasında təhrifə yol verərək "əladansan" oxuyurlar.
Əlbəttə, belə misalların sayını artırmaq da olar, çünki ifalarda bu cür kobud təhriflər istənilən qədərdir. Ələkbər Tağıyevlə Hafiz Baxışın birgə yaradıcılıq məhsullarından biri olan "Olmaz, olmaz" mahnısının ilk ifaçısı Nisə Qasımova olub. Çox maraqlı və hətta heyrətləndirici bir faktdır ki, bu yaxınlarda yazılmış yeni səsləndirilmədə Nisə xanım həmin mahnının nəqəratını belə oxuyub:
"Zirvədə duman da, çən də gözəldir,
Bağçada
çiçək də, bar da gözəldir,
Məclisdə
kaman da, tar da gözəldir,
Aşıq Ələsgərin sazından olmaz".
1980-ci illərin əvvəllərində bəstələnmiş
bu mahnını Nisə xanım nəinki efirdə, həmçinin,
konsert salonlarında, müxtəlif tədbir və məclislərdə
böyük şövqlə və məsuliyyətlə ifa
edərək nəqarətə həmişə "Zirvədə
duman da, qar da gözəldir" misrası ilə
başlayıb. Bu yerdə istədim ki, "başqa bir müğənni
bu səhvə yol versəydi" yazam, həmin anda vaz
keçdim. Başqa bir müğənninin
də, müğənni olmayanın da mahnının mətnini
təhrif etməyə, ona özündən sözlər
uydurmağa heç bir ixtiyarı yoxdur.
Bu məqamda
daha bir ifanı xatırladım - gün ərzində bir
neçə radiokanaldan az qala 4-5 dəfə səsləndirilən
və guya yeni
uyğunlaşdırmada təqdim olunan Sevda Ələkbərzadənin
ifasını. Yenə də Ə.Tağıyevin Mikayıl
Müşfiqin sözlərinə bəstələdiyi "Sənə
qurban" mahnısının melodiyasını ciddi təhrif
etməklə müğənni "Gəl çəkmə
sinəmə sən hicran dağı" misrasında "sinəmə"
əvəzinə "könlümə" oxuyur. Məgər bu şeiri yazan Müşfiq bilmirdi ki,
"dağ" hara çəkilər? Ümumiyyətlə,
yalnız bəstəkar mahnılarını deyil, hətta
xalq mahnılarımızı da "şikəst" edərək
oxuyan S.Ələkbərzadəyə irad tutmaq əvəzinə
"bu, onun stilidir" deyən musiqişünaslarımız
da vardır, təəssüf ki!
Məhz
peşəkar musiqiçilərdən, tanınmış bəstəkar
və musiqişünaslardan heç bir tənqid hiss etməyən
müğənnilərimiz, hətta son illərdə xanəndələrimiz
də xalq mahnılarımızı "Gülümsərovsayağı
calaq edib" əcnəbi ritmlərin, melodiya və
mahnıların müşayiətilə oxuyurlar. Belə calaq
olunmuş mahnılarımız "yeni üslub",
"yeni yanaşma" adı ilə İspaniya, Meksika,
İtaliya, Fransa, İngiltərə, Argentina, Braziliya mahnı
və ritmlərilə qoşa yazdırılaraq ifa olunur. Görəsən, həmin ölkələrdə də
bizim belə yeniliyə qarşılıq verərək
ara-sıra xalq mahnılarımızı səsləndirirlərmi?
Müğənni
Zamiqin oxuduğu və qısa müddətdə populyarlıq
qazanmış "Kaman" mahnısında "Kaman
ayrılıq nəğməsi çalır" misrası
eşidilsə də, gitara ilə müşayiət olunan
mahnı boyu bir dəfə də olsun kamanın səsi
eşidilmir.
Müstəqillik illərimizdə mahnı
ifaçılığında daha bir mənfi tərəfimiz
ifrat dərəcədə qabarmağa başladı. Hərçənd sovet
dövründə bu cür hallara bir o qədər də əhəmiyyət
verilmirdi: yəni qadın kişinin dilindən, kişi
qadının dilindən yazılmış sözləri
oxuyub ifa edirdi, hətta hökumət konsertlərində belə.
Qadın müğənninin "Məhbubəm, sənsizəm,
gəl...", "Gülüm oy, oy, oy, gözəl
yarım, Əsmərim oy!", "Dərdindən mən dəliyəm,
Ceyran...",
"Anam gəlini, incitmə məni... Eşqimi sənə vermişəm" və digər
bu qəbildən olan mahnıları oxuması adicə bir ifa
olaraq normal sayılırdı. Görkəmli sənətkarımız
Fatma Mehrəliyevanın ifasında "Qaragilə"
mahnısı bir dəfə yazılıb və həmişə
də o lent səsləndirilir, baxmayaraq ki, müğənni
belə oxuyub: "Nə mənə qız qəhətdi, nə
sənə oğlan". Bu gün isə bilərəkdən
qadın müğənninin "Ay xanım, xanım, gəl
səni alım, Qoynuma salım, ay xanım" oxuması təbii
ki, dinləyicidə ikrah doğurmaya bilməz.
Məgər indiyədək "Azərbaycan
oğluyam" mahnısını qızın, "Azərbaycan
qızıyam" mahnısını isə oğlanın
ifasında eşitmişikmi? Əsla! Nə
üçün? Ona görə ki, həmin
mahnılarda kimliyin birbaşa təqdimatı vardır? Bəs nümunə gətirdiyim, həmçinin,
sadalamadığım nə qədər mahnıda belə
deyilmi?
Amma o dövrdə sözlərin fərqinə varan, mətni
dərk edən müğənnilər tərəfindən
belə incə məqamlar ortaya çıxdıqda mətndə
yerinədüşən müvafiq dəyişiklik edilirdi və
bu da necə deyərlər, qulağa xoş gəlirdi. Məsələn,
"Sudan gələn sürməli qız"
mahnısını qadın ifa edirdisə, "Gəlsən,
səni özüm allam" yox, "Səni qardaşıma
allam" oxuyurdu.
Bu mahnıdan söz düşmüşkən, son illərdə
demək olar ki, onun bütün ifaçıları "Elə
naz ilə gəlirsən, aparırlar bizə səni" deyə
oxuyurlar.
Axı, bu qız sudan gəlirsə, deməli,
su dolu kuzə ilə öz evlərinə gedir, bu vəziyyətdə
onu küçədən tutub başqa evə niyə
aparmalıdırlar? Burada oxuyan oğlanın arzusu səslənir:
"...aparalar bizə səni".
Daha bir
misal:
"Ay
gedən oğlan, hil olum boynuna,
Elçini göndər, gələrəm toyuna!"
Bunu oxuyanların hər hansı biri bu iki misranın
"məntiq"inə varıbmı? Əsla! Hər
kəs bu mahnını demək olar ki, mexaniki ifa etməkdədir.
Necə olur ki, qız oğlanın boynunda hil
(boyunbağı növü) olmaq istəyir, oğlan qıza
elçi göndərir və sonra qız durub oğlanın
toyuna gedir? Bu, hansı xalqın adət-ənənəsidir
, görəsən, bu mahnıda özünə yer
alıb? İfaçılar, musiqiçilər,
ansambl rəhbərləri vaxt ayırıb əməlli fikirləşsəydilər,
bu müəmmaya bir cavab tapardılar. Lakin heç kim başını yormaq istəmir. Əslində, bu mahnının söz və musiqi
müəllifi sayılan Tağı Salahoğlu "Ay gedən
gözəl, hil olum boynuna, Bacını göndər, gələrəm
toyuna" yazıb və oxuyub.
Bir sıra verilişlərdə, bəzən isə hətta konsert səhnələrində mahnı elan olunduqda müəlliflərin, çox hallarda şairlərin adları səhv elan olunur.
Səməd Vurğunla başladığım bu yazımı elə onun da adının çəkildiyi mahnıdan bir misalla tamamlamaq istədim. Sözləri Aşıq Əhmədə məxsus olan "Gəl gedək, Qazaxa bir salam verək" aşıqsayağı mahnını yazdırarkən müğənni Röya belə oxuyub:
Gəzək pərdə-pərdə, verə səs-səsə,
Könül şad olarmı ürək gülməsə?
Vurğunun
yerini bizə kim desə,
Əhməd,
o yerlərə bir salam verək!
Bu yerdə uşaqların sevimli oyunu "Gizlən-aç" ("Gizlənpaç") yada düşür. Əslində isə "yerini bizə kim desə" yox, "Vurğun gəzən yeri bizə kim desə" oxunmalıdır. Milli mahnılarımızın, milli musiqimizin ən gözəl və əlverişli təbliğatçısı radiodur. Çünki hər bir şəxs - sürücü də, məmur da, satıcı da, bərbər də, evdar xanım da öz işindən ayrılmadan radionu dinləyə bilir. Şübhəsiz ki, mənalı sözlü, ürəyəyatım musiqili və gözəl ifalı mahnılar onların əhval-ruhiyyəsinə müsbət təsir edərək xoş ovqat və işgüzarlıq həvəsi yaradır. Lakin bəzi radio kanallarımız həftə ərzində, çox vaxt isə daha artıq, bir mahnını gündə 5-6 dəfə səsləndirirlər. Dinləyicini belə bezikdirməkdənsə, yenə də 1950-80-ci illərin məşhur müğənnilərinin ifalarını, ən məşhur mahnı bəstəkarlarımızın əsərlərindən ibarət proqramları, hətta onların heç olmasa, ayda bir dəfə ayrıca konsertlərini hazırlayıb səsləndirmək daha məqsədəuyğun olar.
Əsas odur ki, efirimizə, musiqimizə, mahnılarımıza və dinləyici zövqünə ciddi, məsuliyyətlə, vətəndaşcasına yanaşmaq istəyi olsun.
Ələkbər QASIMOV
AMEA Naxçıvan Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutu Teatr və musiqi
şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2019.- 22 fevral.- S.6.