Siseron - natiqliyin sinonimi
(Əvvəli
ötən şənbə saylarımızda)
Hortensi məhkəməyə
məlumat verdi ki, Verresin Sesili tərəfindən
ittiham edilməsinə heç bir əsas yoxdur və o,
heç bir səbəb verməmişdir. Siseronun
qardaşı Kvint bildirdi ki, Hortensi məhkəmənin
işini poza bilməz, çünki Roma məhkəməsi
dünyada ən yaxşı sistemdir. Siseron
razılaşmadı:
- Bu
şüarları sən hardan tapmısan? Dayə
kitablarındanmı? Sən güman edirsən ki, Hortensi
iyirmi il ərzində məgər
yaxşı rol oynamaqla Roma məhkəməsində
ağalıq etməmişdirmi?
Dan yeri ağaranda Siseron buz kimi soyuq suda çimdi ki,
özünü canlandırsın və qayğıkeşliklə
paltarını geyindi. Sonra o, məhkəməyə yollandı.
Rəqabət aparan iddiaçılara iki kürsü
qoyulmuşdu.
Sesili artıq oturmuşdu. Siseron
içəri girəndə ona fikir vermədi. Hakim qaydaya riayət etməyə
çağırdı. Siseron tam sakitləşməni
gözləyib, yavaş-yavaş çıxış etməyə
başladı. Qeyd etdi ki, əvvəllər
heç vaxt ittihamçı kimi çıxış etməmişdir.
“Mən nə edirəmsə, öz ölkəm
naminə edirəm”. O, Verresə tərəf əlini
uzadıb dedi:
- Burada
tamahkarlıqda, həyasızlıqda və əxlaqsızlıqda
tayı-bərabəri olmayan insan monstrı oturmuşdur. Əgər mən bu adamı ədalətə gətirsəm,
o, bunu etdiyimə görə məndə hansısa bir cəhət
tapa bilər. Bütün ədalət və müqəddəs
olanın adına de ki, indiki vaxtda mən
ölkəm üçün daha yaxşı xidmət etmək
üçün nə etməliyəm?
Verres başını silkələyirdi. Siseron ona bir müddət
nifrət dolu nəzərlə baxıb, jüriyə tərəf
döndü:
- Qay Verresə qarşı ittiham odur ki, üç ilə
bərabər olan bir müddət ərzində o, Siciliya əyalətini
viran qoymuşdur, - o, Siciliya icmalarını soymuş,
siciliyalıların evlərini boş qoymuş və Siciliya məbədlərini
qarət etmişdir. Bütün Siciliya bir səslə deyə bilər ki:
“Bütün qızıl, bütün gümüş,
bütün gözəl şeylər nə vaxtsa mənim
şəhərlərimdə, evlərimdə və məbədlərimdə
idi, onların hamısını sən Verres qarət etdin və
məndən oğurladın və indi bu hesaba görə,
qanuna müvafiq olaraq bir milyon sestertsiyə bərabər məbləğ
üçün mən səni məhkəmədə
mühakimə edirəm”. Bu sözlər
bütün Siciliya üçün tam mütləq xarakter
daşıyırdı. Əgər o, vahid
səslə danışa bilsəydi, ancaq bunu təəssüf
ki, edə bilmir, o, məni seçərdi ki, bu məsələdə
onun vasitəçisi olum.
O, nitqinə
davam etdi:
- Hər
kəs bilir ki, mənim həyatım Forum və qanun məhkəmələri
ətrafında cəmlənmişdir. Professiyamın
tələb etdiyi kimi öyrənirəm və çətin
bir işi görürəm.
Sonra o,
Verresin vəkilinə üzünü tutub dedi:
- Sesili, sən
heç nəsən və sən heç nəyə bel
bağlamırsan. Hortensi səni məhv edəcəkdir.
Lakin o, heç vaxt öz ağlı ilə məni
sındıra bilməyəcəkdir.
O,
Hortensiyə tərəf baxıb istehza ilə alçaltmaq
qaydasında ona təzim etdi və dedi:
- Mən
bu centlmenin hücum metodları ilə tanışam. Mən ona ciddi xəbərdarlıq edirəm.
Əgər mən işlə əlaqədar
çıxış edirəmsə, heç bir səbəb
yoxdur ki, çox sayda adam elə bir ciddi təhlükə
olmadan məhkəmənin rüşvət
aldığını düşünsün.
Rüşvətin yada salınması kiçik səs-küy
qaldırdı. Siseron ritorika çəkici ilə öz
opponentlərinə, dəmirçi sobada dəmiri döyən
kimi zərbə endirirdi. O, Verresi korrupsiyasına görə
darmadağın etmişdi.
O,
jüriyə müraciət etdi:
- Əgər
siz Kvint Sesiliyə üstünlük versəniz, mən daha
yaxşı adam tərəfindən
udulduğumu düşünəcəyəm. Lakin
Roma düşünə bilər ki, mənim kimi vicdanlı,
ciddi və enerjili ittihamçı arzu etdiyinə nail
olmadı və senatorların özlərinin də arzu şəklində
bildikləri olmadı. Centlmenlər,
baxın ki, bu, baş verməsin.
Bu vaxt bərkdən alqış səsləndi və
çıxış üçün Sesilinin növbəsi gəldi. O, ləyaqətdən
heç də bütünlüklə xali deyildi. Ritorika müstəvisində Siseron ona çox
böyük hesabla qalib gəlmişdi. Jürinin
səsvermə növbəsi gəldi və məhkəmə
məmuru qutu ilə durmuşdu ki, səsləri
yığsın. Siseronun sonralar dediyi kimi,
bilirdi ki, o uduzmuşdur. O, ən azı, möhkəm
düşməni olan 32 senatoru və onların
dostlarının yarısına qədərini
tanıyırdı. Katul lövhəyə nişan
vurdu və onu hər iki tərəfdən olan adamlara göstərib,
sonra qutuya atdı. Siseron hələ də heykəl
kimi sakit idi. Bütövlükdə, 14 adam
Siseronun xeyrinə səs verdi, 13 nəfər isə Sesiliyə
səs vermişdi, beş nəfər bitərəf
qalmışdı.
Mark Tulli Siseron jürinin qərarı ilə Qay Verresin
işində xüsusi ittihamçı (nominis delator) təyin
edildi. Tamaşaçılar əl çalanda Hortensi və
Verres yerlərində dinməz oturmuşdular Siseronun sonradan təəccübünə
səbəb olan qaydada məlum oldu ki, öz qələbəsinə
görə ancaq Katula borcludur. Bu çətin adam olan qoca senator kiminləsə
yaxınlığına baxmayaraq, beyninin sümüyünə
qədər vətənpərvər idi, ona görə də
onun rəyi belə hörmət qazanmışdı. Öz kürəkəni Hortensiyə ailə borcu, təbii
ki, onu Siserona səs verməkdən çəkindirməyə
sövq edə bilərdi. Bu amilə
baxmayaraq, o, bitərəf qalmışdı və həmçinin,
kimə səs vermək lazım olduğunu bilməyənlərin
dördü də ona qoşulmuşdu.
“Qaban ovçusuna” bəziləri minnətdar olsalar da,
Siseron bu vaxt Siciliyaya öz ekspedisiyasını
hazırlayırdı. Verresin rəsmi kağızları məhkəmə
tərəfindən möhürlənmişdi. Siseron Senat qarşısında təklif etdi ki,
qubernator son üç ilin hesablarını təqdim etsin.
Lakin o, bunu heç vaxt etmədi. Adanın hər
bir iri şəhərinə məktublar göndərildi,
onlardan şəhadətləri vermək xahiş olunurdu.
Siseron qubernator Lutsi Metellə nəzakətli məktub
yazıb, ona öz səfəri barədə məlumat verdi. O, əmisi oğlu Lutsini də özü
ilə götürmək istəyirdi. Lakin səfərə
yollanmaq müəyyən məbləğ pul tələb
edirdi. Siseronun qanuni praktikası ona bu vaxt
bir qədər gəlir gətirirdi - bu, heç də
birbaşa haqq ödəmək deyildi, həmin qayda qadağan
olunmuşdu. Yalnız minnətdar müştərilərdən
hədiyyə və irs şəklində
nəsə almağa icazə verilirdi. Bu təqib
etməni reallaşdırmaq üçün isə onun nəğd
pulu yox idi. Krass da ona borc pul verməzdi.
Yeganə çıxış yolu arvadı
Terentsiyanın malikanəsindən 100 min sestertsi pul
çıxarmaq idi. Qadın narazılıq etsə də,
ona bu pulu ödəməyə razılıq verdi.
Səhərisi gün arvadının biznes meneceri bir
kiçik pul sandığı gətirdi, onda 10 min nəğd
pul var idi, lazım gəlsə, 40 min də əlavə veriləcəkdi.
Siciliyaya
səfərin uğuru və çətinlikləri
Siseron yanvarın idisində - 15-də, Nimfalar
bayramının son günündə Romanı tərk edib
Siciliyaya yollandı. Velia sahilinə gəlib çatanda, qayıq əvəzinə
gəmidə getməyi qərara aldı, bu, qış
tufanlarına və dəniz quldurlarına görə riskli bir
iş idi. O öyrəndi ki, gəmi, Siciliya limanı Messana vətəndaşları
tərəfindən keçmiş qubernator Qay Verresə hədiyyə
kimi verilibmiş.
Messana əhalisinin xüsusi ittihamçıya ümumi
düşmənçiliyinə baxmayaraq, iki nəfər
qonaqpərvərlik göstərmək əlaməti kimi onu
salamladı. Siseron addımbaşı “Mən Roma vətəndaşıyam”
deyə təkrar edirdi. O, Sirakuzadan Romaya qaçıb,
Verresin bütün cinayətlərini açmaq istəyən
adama tərəf gəldi. Messananın
böyükləri onu həbs etmiş, bu yazığa
qızmar dəmirlə işgəncə vermişdilər.
Kim danışmaq istəsə, onun
üçün çarmıx da hazır idi. Yüzlərlə adamı Verres çarmıxa
çəkdirmişdi, hətta Roma vətəndaşlarını
da. Siseron həm də onun casus
olduğundan şübhələnirdi.
Sonra o, şimal sahil şəhəri Tindara getdi. Orada Roma ədaləti
barədə qısa bir çıxış etdi, yerli
adamların şikayətlərini dinlədi. Tindardan Steninin vətəni olan Termeyə yola
düşdü, burada onun boş evində qalmış
arvadını gördü. Qadın
sürgündəki ərindən Siseronun gətirdiyi məktubu
oxuyub ağladı. Evində
qaldığı Lisona məxsus olan Apollonun qiymətli heykəlini
və Mentorun gümüş qədəhlərini qarət
etmişdilər.
Yeni qubernator Lutsi Metellin liktorları əllərindəki
qamçı və balta ilə bazar meydanı tərəfdə
dayanmışdılar və Verres barədə şəhadət
verənləri cəzalandıracaqları hədəsi ilə
qışqırırdılar. Siseron ilk dəfə
bu adaya gələndə, buradakı Leontini düzənliyi
Romanın taxıl anbarı idi. İndi isə
tərk edilmiş ferma evləri, becərilməyən tarlalar
gözə çarpırdı. Bir fermer
şikayət etməyə cəsarət göstərdi.
Gəlirin onda birini Verres üçün
yığanlar bir nəfəri bazar meydanındakı zeytun
ağacından asmışdılar.
Sirakuza Siciliyanın ən böyük və ən
yaxşı şəhəri idi. Əslində, burada
dörd şəhər birləşmişdi və bir şəhər
içərisində ərimişdi. Romalı
qubernator Diana və Minerva böyük məbədlərinin
yanındakı saraya malik idi. Messanadan sonra
bu şəhər Verresə loyal olduğundan, bu yaxınlarda
şəhərin senatı ona elegiya göndərməyə səs
vermişdi. Ona görə də Siseron
özünün düşməncəsinə qəbul ediləcəyindən
qorxurdu.
Siseron gənc
magistrat olanda görkəmli matematik Arximedin 130 illik qəbrini
nankorluqla itirmiş qəbiristanlığın yanında məskunlaşmışdı,
bu adam isə böyük alim olmaqla,
Sirakuza tarixinin ən məşhur şəxsiyyəti idi.
Hortensinin
yenidən öz köhnə fırıldaqlarını təkrar
etməsini eşidəndə, Siseron dedi ki, “Biz müharibəni
düşmən cəbhəsinə keçirməliyik, nə baş verdiyini anlayan romalıların
özlərinin dilini açmalıyıq. Həm
də o bilirdi ki, bu, riskli bir strategiyadır, lakin öz
inamından dönmürdü və əmin idi ki, Verresin
başçılıq etdiyi qatillərin zülmət ürəyi
açılıb göstəriləcəkdir. O,
çox sürətlə və məxfi qaydada hazırlıq
görürdü. O, belə bir fikirlə razı idi ki, “kim
küçəyə nəzarət edirsə, o, qanuna nəzarət
edir”. Bu həmin Siseron idi ki, küçəyə
nəzarət edirdi. O deyirdi: “Bir buna baxın, bu,
heç də müəyyən bədbəxt fərdlərdən
tutulub alınmış mallar deyildir. 400 kiçik çəllək
bal, əcnəbi paltarlardan ibarət 90
bağlama. Bunlar gəmi yükü idi. Sizin qubernator Verres gəmini də oğurlamalı
idi”.
Şahid 10, bəlkə də, 20 gəminin yükünün oğurlandığını və heç bir gömrük rüsumu alınmadığını dedi. Verres bütün yükləri özünə götürmüşdü. Bu gəmilər Asiyadan, Suriyadan, Tirdən, Aleksandriyadan gəlirdi. Verres təkcə malları, yükü deyil, gəmiləri də özünə götürürdü. O, casusluq yolu ilə buna nail olurdu. Bütün casusların kökü qubernator Verresin özündə idi.
Bu gəmilərin komandaları isə “Daş karxanası” adlanan zindana göndərilirdi. Onların gələcək taleyininin necə olacağını heç kəs bilmirdi. “Daş karxanası” Siciliyada ən qorxulu dustaqxana idi. Ondan pis olanı barədə heç kəs heç nə eşitməmişdi. Burada Verresin qurbanları əzab çəkir və ölürdülər. Bu, tiran Dionisinin üç əsr bundan əvvəl tikdirdiyi yeraltı məhbəs idi. Bəzi adamların azad olunması xəbərləri gəlirdi, əksəriyyəti barədə isə “onların üzərinə ölüm cəzası qoyulmuşdur” mənasını verən Siciliya sözü olan “edikaiothesan” yazılırdı.
Siseron ayrı-ayrı ölkələrdən olanların nəyə görə həbs olunduqlarını soruşanda, bu suala belə cavab verdilər ki, onlar dəniz quldurları idilər, dəniz quldurları və casuslar. Onların hamısı artıq öldürülmüşdü, təkcə romalılar və iki ispan həbsdən azad olunmuşdu. İki nəfərin edam edilməsi isə Siserona detalları ilə təsvir edildi.
Siseronun fəallığı hesabına Sirakuzada qarışıqlıq yaranmışdı. Senat binası mühasirəyə alınmışdı. Aşağıda Verresin özünün qızıl suyuna çəkilmiş heykəli dururdu. Şəhərlilərin mitinqi qubernator Metellin göstərişi ilə dağıdılmışdı. Qanlı qiyam baş verə bilərdi. Siseron da siciliyalıları sakitləşməyə çağırırdı.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2019.- 23 fevral.- S.22.