Bir qətlin tarixçəsi
Başı ağrıyırdı, bərk
ağrıyırdı. Bolluca su
içib arxası üstə yerə uzandı. Düşündü, düşündü... dostundan xoş bir mesaj gəldi.
Sonra ayağa qalxıb təmiz havaya çıxdı. Başağrısı artıq keçmişdi.
Fikir götürdü
adamı: görəsən,
ağrısına məlhəm
olan bunlardan hansı idi? Bolluca su içməsimi, arxası üstə uzanmasımı, dostunun mesajımı, ya təmiz havaya çıxmasımı? Axı, olanlar
ard-arda olmuşdu.
Başqa şeylər haqda da düşündü. Məsələn, görəsən, sevgilisi
konkert hansı səbəbə görə
tərk etmişdi onu? Əcəba anasını belə
içdən yoran dəqiq hansı ağrısıydı və
məsələn, Sovet
hökuməti ard-arda
yaşanan konkret hansı səbəbdən
dağılmışdı?
Dəqiq cavabı yox idi, amma dəqiqləşdirməliydi,
əlbəttə, dəqiqləşdirməliydi. Növbəti gün yenə başı ağrıdı.
Bolluca su içib əcəlini güdən
xəstə kimi gözlədi. Ağrısı keçmədi. Bu əlacın
üstünə bir quş qoydu: demək, məlhəm su deyilmiş! Növbəti dəfə başı
ağrıyanda arxası
üstə yerə uzandı. Yenə heç nə
dəyişmədi. Qəribədir, bu dəfə dostunun mesajı da işə yaramadı. Ümid sonuncu varianta
- təmiz havaya çıxmağa qalmışdı
və çox yəqin, şəfa məhz hava olacaqdı. Axşam idi, başı
ağrımağa başlayan
kimi dərhal əynini geyinib həyətə düşdü.
Yox, zəhrimara qalsın, yox! Qələmini götürüb buna da bir
quş qoydu.
Yaxşı, qardaşım, bəs bu andıra qalmış ağrının
səbəbi, çarəsi,
məlhəmi nə idi? Birdən hardansa ağlına
gəldi ki, yəqin məlhəm bütün bunların cəmidir. Deyəsən,
doğru cavabı tapmışdı - sevindi,
bərk sevindi, yorğanını başına
çəkib özünü
yuxuya verdi
və böyük həvəslə növbəti
ağrını gözlədi.
Ağrı, gözləndiyini
bildiyindəndi-nədi, 3 gündən
sonra, nazla, ədayla gəldi: qəşəngcə bəzənmişdi
də zalımın qızı. Sevgiylə qarşıladı ağrısını
adam, ard-arda
dörd səbəbin
dördünü də
həyata keçirib üzü qibləyə gözlədi, amma budur, lənət olsun, lənət olsun, lənət olsun: ağrı qaya kimi yerindəydi!!!
Şəfa vardısa, mütləq bir səbəb vardı, amma axı nə idi bu səbəb? Bəlkə beşinci
nəsə, gözlə
görünməyən, başla
bilinməyən nəsə?
Hardan biləydi? Dayandı... susdu. Çoxdan
oxuduğu bir misranı məhz indi dərindən anlayırdı: “Və nəticədə, bəzən
səbəb də biz
olarıq, nəticə
də!” Anladı ki, kələfin
ucunu itirib və kələfin ucunu itirən təkcə o deyil. Şəfa və ağrısının səbəbini
qarışdırıb hamı,
ona görə yaramır işə reseptlər, davalar, dərmanlar... Anladı ki, anasını belə içdən yoran (oxu: oyan)
bəlkə də tamam başqa, tamam e, tamam başqa bir şeydir, düşündükləri
və tez-tez aralarında danışdıqları
(oxu: əzbər bildikləri) deyil. Və anladı ki, ay dili-qafil, bəlkə elə əzizi də onu tamam
fərqli bir səbəblə tərk edib və bəlkə,
onu günü-gündən
ölümə yaxınlaşdıran
davamlı başağrılarının
da səbəbi elə bu ani
gedişdir. Həyəcanlandı,
qələmini götürüb,
hər ehtimala qarşı, özündən
sonrakılara belə bir qısa məktub
qoydu:
Mənim ölümümdə, xahiş
edirəm, Leylanı günahlandırasınız!
İlqar
KAMİL
525-ci qəzet.- 2019.- 23 fevral.- S.18.