Hava limanı   

 

Hekayə

 

Lənətə gələsən elə, bu da vaxt tapdı aşmağa, indi o biri durub deyinəcək... Deyinəcək nədi ey, beynimi çarmıxa çəkəcək!

 

Hə, arvadım... Böyrəkləri xəstədi, amma nədənsə başı, gözləri ağrıyır həmişə. Gecə yanaşırsan - başım ağrıyır, səhər “sabahın xeyir” deyirsən - gözlərimin içi yanır, günorta zəng edirsən ki, evə çörək alım - ürəyim çırpınır, məni sancmaq üçün bəhanə tapılmayanda  üzünə-gözünə bir-iki iynədən-filandan vurdurur, guya bununla gözəl olacaq da... Allah kəssin o gözəlliyi ki, pulum da gedir, canım da. İsti yeməyi mağazadan al, köynəkləri yuyucuya ver, ütünü də qulluqçu çəksin - amma mən dul deyiləm ey, arvadım var. Hə, bircə rəfiqələriylə görüşəndə mənim şəkərim suya düşür, axı hamıya göstərməlidi ki, əri var, özü də beləsi ey... Ağıllı, kamallı, vəzifəli, səliqəli, nəzakətli, mehriban. Qoluma girmək, üzümdən öpmək, dediyim sağlıqları tərifləmək, şirin-şirin danışmaq ürəyin istəyən kimi. Amma başqalarının yanında. Elə ki evin kandarına ayaq basdıq, yenə oluruq it-pişik. Bəli, biz ailəni qəşəng oynayırıq. Vallah, yaxşısı elə səfərə getməkdi, konfransdan-filandan olan kimi, çıxıram ey aradan. Gecə uçuşları beş-on manat ucuzdu deyəsən, bizim əli pulla oynayan simic mühasibimiz həmişə gecəyə alır bileti. Arvad da şərt qoyub, hara gedirsən, özün bilərsən, bircə məni oyatma, yuxunun şirin yerində durub məni yola salası deyil ki... İndi də bu əl çantası aşdı, görən oyanmadı ki?! Nə qədər başlanmayıb, çıxım, bir az tez çataram, lap yaxşı, hava limanında amerikano içməyin ləzzəti başqadı...

***

Nahaq yerə buranın adını free zona qoymayıblar ki... Bütün yoxlamalardan keçəndən sonra uçuşa bir saat-filan qalmış azadlığa çıxırsan elə bil. Məişət, ev, iş, problemlər azadlığın - sərhəddin o tayında qalır. Təyyarəyə özünü də mindirirsən ey, amma hər halda beyinin içində generator kimi dır-dır eləyən fikirlərdən azad olursan da. Amma belə baxanda, dır-dır ancaq bir nəfərə yaraşır, onu evdə yatmış qoyub çıxdınsa, hər şey əladı.

Hə, bir də bu Hava limanı azadlığında kitablara baxmaq zövqü var. Tanımadığın müəllifin kitabın alıb bir tərəfə çəkilirsən və acı qəhvə ilə vurursan cana, bəh-bəh, adama day nə lazımdı?!

Bu dəfə də adətimə xilaf çıxmayıb üz qabığından gülümsəyən qızın kitabını aldım. Vallah, qınayan olmasa deyərəm ki, belələrinin istedadına-filana inanmıram e, şəklini böyük verməklə özünü göstərir, ah bu qadınlar-qadınlar. Adamın Allahı var, amma Hava limanı doğrudan rahatçılıqdı. Yaxşısı budu, bir tərəfə çəkilib amerikanomu sifariş edim. Ofisiant da, məni əla tanıyır, ayın o başı da uçuram, bu başı da. Neynim, elə yaxşısı səfərdi vallah. 

- Salam, müəllim, həmişəki kimi?!

- Hə oğlum, hələ çox var uçuşa, bilmək olmaz bəlkə yemək də yedim.

Ofisiant elə gülümsəyir, guya yeyib-içməyimdən ötrü doğrudan narahatdı, amma olsun, o da onun peşəsidi. Bu yekəpər oğlan da səhərdən fırlanır buralarda, yer tapmır elə bil özünə, adamın yazığı gəlir vallah, gah telefona baxır, gah pasport nəzarəti tərəfə. İndi durub soruşsam ki, buranın eni-uzunu neçə addımdı, dəqiq verər cavabımı. Çox güman qız gözləyir... Biz də cavan olmuşuq da, bu həyəcanın başqa adı ola bilməz ki! Budu gəlir, dedim də, mən bircə öləcəyim günü bilmirəm. Qız pasport nəzarətindən elə sıyrılıb çıxdı ki, deyərsən həbsxanadan qaçır. Öz aramızdı, oğlan da babat yerdə işləyir deyəsən, əyni-başı ütülü, təmiz, bahalı, ətri uzaqdan vurur adamı, əlində son model telefon, ayaqqabıları brenddi yüz faiz. Qolların açıb qızı bağrına elə basdı, dedim indi o arıq-sısqa düyməciyin canı çıxacaq orda... İşimiz var da, bunlar elə gərək gəlib mənim yanımdakı masanı seçəydilər, qoymazlar kitabımı rahat oxuyum, fikrim qalacaq bunların yanında. Məncə, yaraşmırlar bir-birinə, oğlan hündür, yaraşıqlı, qarayanız, enlikürək, qız balaca, cılız, saçlarını da elə bil külək aparıb, beş-on dənə tük qalıb başında. Amma balaca canıyla yamandı ha, oturan kimi oğlanı sığallayır, qoltuğuna girir lap. Allah bizə bəxt vermədi də, mən də bu eybəcər qızın kitabını oxumalıyam burda, gözümün qabağında da cavanlar. Molla Nəsrəddin demişkən, cavanlığım da bir zibil olmadı... Zibil olmadı deyəndə ki, qoydu bəyəm adam kimi yaşayım?! Necə arzularım vardı, ilahi! Yaxşı qız idi ey, xoşuma gəlirdi, amma dili acıydı da. Bir tərəfdən də atam əl çəkmirdi, böyük qardaşın Bakıda qalıb, sən gərək rayona qayıdasan, ona görə təcili evləndim. İnsafən, bu, pis deyildi, şəhər qızı zövqlə geyinir, ziyalı ailədən, ağıllı, savadlı. Hə, həyat əlamətləri çox idi. Amma elə nişanlanandan beş-üç gün sonra başa düşdüm, mənlik deyil. Əsl müsibət isə evlənəndən sonra başladı. Hər gün dır-dır, hər gün dəlixana... Deyirdim, rəhmətliyin qızı mənə bir xoş üz göstər, gedim dünyanı dağıdım, pullar qazanım, kef-damaq içində yaşadım səni, yox, kimə deyirsən?!

Mən də bu oğlanın yerində olsam, masanın üstünü quş südü, can dərmanıyla dolduraram da... Qız gör necə girib qucağına, vecinə də deyil ki, millət bunlara baxır. Gah oğlanın üzünü sığallayır, gah gözlərindən öpür, gah boşqabından nəsə götürüb yeyir, şirin-şirin gülür. Öz aramızdı, oğlan da az aşın duzu deyil ha. Görünür, istirahətə gedirlər, hamı mənim kimi axmaq deyil ey, səfər deyəndə ancaq işləmək düşünsün. Hə, bu cavan oğlanı qabaqda yaxşı günlər, gecələr gözləyir, indidən işin ehtiyatlı tutub, ay səni xatakar. Bilmirəm hansı yazıçıdan oxumuşdum, bütün sevgi səyahətləri Hava limanlarından başlanır... Bahalı qırmızı şərab, bir-birinin sağlığına badələr qaldırıb xoş sözlər demək, dəcəllik, mehribançılıq və s. Görüm bunu mənim arvadımla eləmək olar?! Ay başına dönüm, adam nə qədər çanta alar, bura çatan kimi cumur mağazalara ki, guya brend mallar ucuzdu. Evdə çanta, ayaqqabı əlindən yer yoxdu ey. Sonra da gəl otur, bir yandan şəkil, o tərəfdən selfi, üzümə də baxmır, amma o mənasız vatsap rəfiqələrinə foto göndərəcəksə, bir-iki saniyəlik qucaqlaşırıq. Bəh-bəh, dövlətimizin gəlhagəlidi, arvad qolun boynumuza dolayır... Kül olsun, mənim təpəmə, indi də oturmuşam, soyumuş, zəhər kimi amerikano qurtumlaya-qurtumlaya cavanlara tamaşa eləyirəm. Həə, deyəsən axı dostlarımız yavaş-yavaş keflənirlər? Qız artıq qışqıra-qışqıra danışır... Görəsən, bu danışdıqları ürəyindən gəlir, ya hansısa kitabdan oxuyub?!

“Sevgilim, gözlərinin qurbanı olum. Hamı paxıllıq edir e mənə. Qızlar deyirlər necə olub o oğlanı özünə aşiq eləmisən, hə? Mika, sən yaxşı Mikasan e... Gözümün işığı Mika! Elə istəyirdim, birgə harasa gedək... Hahahahahah hə, düz deyirsən, mənə bir neçə gün bəs eləyən deyil. Axı səni qucaqlayıb yatmaq istəyirəm, hahahahahah.... Yaxşı da, mən sevgilimi əzizləyə bilmərəm? Kimə nə?! Özüm bilərəm. İşdən icazə verməsəydilər, ərizəmi hazırlamışdım e... Sənin kimi oğlanın sevgilisi işləməsə də olar, yooooox?! Hahahahahah yox, masik, mən bu səfərdə heç nə almayacam, mağazalarda vaxt itirməyək, ancaq ikimiz olaq. Gəl içək ikimizin sağlığına, möcüzəm, volşebnik... may lav, may drims... “

Deyirlər, ən yaxşı sevgi romanın Prust yazıb. Keçən il dünya ədəbiyyatından mühazirə deyəndə bunu uşaqlara izah eləyənəcən canım çıxdı. Amma gərək gedim üzr istəyim tələbələrdən, Prust qələt eləyərdi belə roman yazardı, bu balaca qızın canında nələr varmış, ilahi! Bəlkə mən də özümə viski sifariş edim?

- Cavan oğlan, zəhmət olmasa, mənə viski gətirin, bir də qara şokolad...

Ofisiant yaman təəccübləndi, deyəsən?! Amma bu mənzərəyə yüz qramsız tamaşa eləmək olar?! Bayaqdan oğlan guya sakitləşdirirdi qızı, qıraqdan baxan var deyirdi, indi gülüşləri lərzəyə gətirir buraları. Hava limanının sərçələri də şokdadılar deyəsən. Aha, qız birin də sifariş elədi... Ola mənim arvadım, o içdiyin yüz qramı da burnundan gətirməsə, sakitləşməz. Min dəfə deyirəm, dostlarımla oturanda mənə zəng eləmə, “az iç” - demə, yanımda olanda dümsükləmə... Cavanlığımda necə lazımdı içirdim, sonra da maşına oturub özüm sürüb gedirdim. İndi həsrətəm adam kimi içməyə... Bilirəm deyinəcək, evə girən kimi başlanır - yenə harda zəhərlənib gəlmisən?! Vallah ac qulağım, dinc qulağım, saat beşdən gedib evdə oturmaq rahatçılıqdı, heç olmasa mənasız dır-dırları eşitmirəm də... Bu qız da oğlanı o ki var içirdir. Mağazalara dartsaydı, deyərdim məqsədi var, kişi kefləndisə, başlayır pul xərcləməyə. Amma görürəm axı, oğlanı sevindirməyə çalışır, çox istəyir onu. Hə, minik başlanır deyəsən. Viskini çəkim başıma durum, görən bunlar belə vəziyyətdə təyyarəyə necə minəcəklər?! Aşa-aşa?! Baxaq da...

İndiki cavanların ağlına, azadlığına həsəd aparıram da. Qız da maşallah olsun, yaxşıdı, iri çemodanları daşımaq üçün araba bunlardan ötrüymüş sən demə... Qız oturub özüyçün arabada, oğlan da asta-asta sürür onu. Yadımdadı, bir dəfə hardansa qayıdanda təyyarə düz üç dəfə eniş edə bilməmişdi, o qədər qorxmuşdum, axır sağ-salamat gəlib çıxanda sevindiyimdən itirmişdim özümü. Evə girib qucaqlamışdım arvadı, bağrıma basıb havaya qaldırmışdım, ayaqları yerdən üzüləndə elə qışqırdı ki, özüm qorxdum, “uşaqların yanında şitlik eləmə” - dedi mənə. İndi şükür Allaha, uşaqlar yerbəyer olunub, amma day biz də qocalmışıq da, indən sonra arvad demiş - şitlik yaraşmaz ki bizə... Görək bunlar təyyarədə nə əyləncə fikirləşəcəklər?! Amma öz aramızdı, bu arabayla lap avtoşluq eləyirlər e. Olsun-olsun, əylənən vaxtlarıdı, mən də ömrümü kitabxanalarda çürütdüm. Bunların xoş ovqatı hamıya təsir edir ey, millət təbəssümlə baxır bu dəliqanlı cavanlara...

Sən bir təsadüfə bax ki, yerimiz də yanaşı imiş. Mən həmişə tək gedəndə dəhliz tərəfi götürürəm, elə rahat olur... Bunlar da paralel yerlərdə otururlar. Qız Allah saxlamış, oğlanın qoltuğundan çıxmır, tər basıb binəvanı. Gəl olmasın, belə qız adama bir dəfə sığal çəksə, min il o tərəfdə qalmış əcdadlarının sümükləri də tərpənər qəbirdə. Hər nə isə maraqlıdı bunun axırı nə olacaq? Axırı deyəndə ki, bizə bu filmin sonun görmək nəsib olmayacaq, heyif...

Təyyarədən qorxmuram, düzdü, lap minən kimi dərin yuxuya gedənlərdən də deyiləm, amma hər halda özümü rahat hiss edirəm, göyün yeddinci qatında yemək yeməyi isə hamıdan çox xoşlayıram. Düzdü, o yeməklərin dadı-tamı xoşuma gəlmir, xarab olmasın deyə birtəhər ədəvalar vururlar, amma hər halda adamın başı qarışır da. Bir də bu eyni qəlibdən çıxmış stüardessalar maraqlıdı... Bir az söhbətləşmək üçün ağlına gələn sualları verirsən, o da yazıq təbəssümlə, səbrlə cavab verir, gözümün qurdu ölür heç olmasa... Arvadın gözündən iraq, bir dəfə stüardessaya kompliment deməyimin zibilinə yaxşıca düşmüşəm. Bu qız da yatdı deyəsən. Oğlan elə sakit danışır stüardessa ilə, yəqin qorxur qızı oyatmaqdan... Öz aramızdı, stüardessanın da qəşəng gülüşü var ha, oğlan da deyəsən bacarır qadınlarla danışmağı... Xoşum gəlir belə cavanlardan. Aha qız oyandı, deyəsən, yeməyin qoxusu dəydi burnuna, ta o qədər içən adam acmalıydı da... Hımmm, başlandı... Qızın xoşuna gəlmədi stüardessanın gülüşü, hiss edirəm ki, yaxşı olmayacaq... Həə, qışqırığından qonşular narahat olurlar...

“Bura bax, sənin gözün haçan yığışacaq?! Mika, axı sənə demişəm ki, xoşum gəlmir belə şeylərdən. Məni yuxuya verib stüardessa ilə flirt edirsən, nömrəsin aldın artıq?! Mən o birinin arxasından təpiyi elə buna görə vurmuşam da. Axı hansı səviyyəli qadın buna dözər, hə? Deməli, mən işdən qaçım, anamı aldadım ki, işgüzar səfərdəyəm, bibim qızının xınayaxdısına getməyim, rəfiqələrimdən ayrı düşüm ki, səni sevindirəcəm, səninlə vaxt keçirəcəm, sən də belə, hə?! Vallah sənə sözüm yoxdu mənim... Elə anam deyir ki, bütün kişilər heyvandılar, mən də düşünürəm sən belələrindən deyilsən... “

Qız danışdıqca danışır, qızışdıqca qızışır... Oğlana yazığı gəlir adamın, bilmir neyləsin... Elə bir ucdan: “Yaxşı, sakit ol, sevgilim niyə axı qanını qaraldırsan, axı baxırlar yaxşı deyil” - deyib durur... Bir azdan hər şey daha maraqlı olacaq, məncə. Çünki təcrübəmdən bilirəm ki, bu cür müharibələrin sonu atəşkəslə bitmir heç vaxt. Aha, qız artıq oğlanın canına o ki var döşəyəndən sonra ekipaj rəhbərini tələb edir, yoxsa yuxarılara şikayət edəcək, sən demə, dayısı hardasa hüquq-mühafizə orqanlarda işləyirmiş... Maraq öldürür hamını, hər kəs ordan-burdan boylanır ki, görsün nə olacaq bunların axırı?! Mənimsə gözlərim bərələ qalıb, ekipaj rəhbəri gələndə şahid axtaracaq ey, yaxşısı budu gözümü yumum, nəyimə lazım e, özləri bilərlər... Amma gözünü yuma bilərsən, qulaq ki eşidir.

“Yaxşı olar ki, siz bu stüardessalarınıza əxlaq dərsi də keçəsiniz... Bu nə deməkdi axı, sərnişinlərə göz-qaş edir, şitlənirlər... Bunun bircə adı var, tərbiyəsizlik, mən yerə enən kimi sizin aviaşirkətin əxlaqsızılıq yuvası olduğunu mətbuata bəyan edəcəm... “Saf ailə” Beynəlxalq təşkilatı mənim bibimin ərinindi, onlara ailələrin niyə dağıldığını da xəbər verəcəm, qoy bu məsələni ictimailəşdirsinlər... Hə, elə “Sağlam olaq” cəmiyyətinə də dəri-zöhrəvi xəstəliklərin yayılma səbəbi maraqlı olar...”

Yazıq ekipaj rəhbəri çaşıb qalıb e, axı nə desin buna, hə deyəsən, cavab tapdı... Vəd verir ki, stüardessanı cəzalandıracaq, indi isə sakitlik yaratmaq lazımdı, çünki gecədi, sərnişinlər dincəlmək istəyirlər... Bədbəxt oğlan da bir küncə qısılıb, utandığından başın aşağı salıb. Mən olsam, ölüb yerə girərdim. Aha, qızın tələbi maraqlıdı:

“Stüardessa bu dəqiqə tərk eləməlidi təyyarəni...” Vallah, hamımız başa düşürük e, vəziyyət qəlizdi, amma gülməyini necə saxlayasan axı belə məqamda?! Amma oğlan deyəsən, dözmədi daha, durub yerini dəyişdi... Həm də sakitcə, dinməz-söyləməz...

***

Təyyarədən enəndə də qız danışmağına davam edir. İnsan haqları konvensiyasında, konstitusiyamızda, “Qabusnamə”də, nə bilim, cinayət məcəlləsində belə şeylərin yazıldığını bilmirdim düzü, yaxşıdı öyrəndim... Amma dəqiq bilirəm ki, pasport nəzarətini keçəndən sonra qız bir tərəfə, oğlan o biri yana gedəcək, hə, belə də olur...

***

Bir həftədən sonra geri qayıdanda Hava limanında bir qızın iri çemodanını darta-darta apardığını görürəm... Bu ki həmin düyməcikdi, görəsən, nə oldu axırı?! Axırı deyəndə ki, axır elə belə olur da...

Qapıya açarı elə salım ki, oyanmasın xanım... Bu qapını da gərək dəyişim, ya da yağlatdırım, səs edir açılanda... Aha, xanım şirin-şirin yatır, masanın üstü göz, burun, qulaq, baş, böyrək dərmanlarıyla doludu... Bir də balaca məktub:

“Səhər işə gedəndə elə et ki, oyanmayım, başağrısı dərmanı atmışam... Bir də işdən gələndə gecikmə, Dilarənin oğlunun nişanına aparacaqsan məni...”

Hımmm, gedim o adamqucaqlayan adyalı götürüm uzanım divanda... Buna da min şükür, Allah bərəkət versin!..

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2019.- 23 fevral.- S.14-15.