Ölümə məhkum adamın (bəlkə
Adəmin?) yuxusu
YAZIÇI
SADIQ ELCANLININ BİR HEKAYƏSİ BARƏDƏ
DÜŞÜNCƏLƏR
Alman filosofu Nitşenin “Zərdüşt belə söylədi”
əsəri fövqəlbəşər və sonuncu insan barədəydi,
çox maraqlı və populyar əsərdir; vaxtilə
bütün Avropanı silkələyən bu əsərlə
böyük filosof insanlara həqiqətin qorxunc mənzərələrini,
ruhən xəstə cəmiyyətlərin mücərrəd
dəyərlərini, köhnə-kürüş moizələrin
dayazlığını... açıb göstərmişdi.
Avropa uzun
müddət onu qəbul etmədi, amma o, dünya fəlsəfi
fikir tarixində əbədiyyət qazandı və iki yüz
ilə yaxındır ki, yaşayır... İngilislərin
“Tolstoy”u Con Qolsuorsi öz həmkarlarına müraciət edərək
yazırdı ki, “əgər yazıçı dünyəvi
və sosial-mənəvi problemlərdən yazmırsa, deməli,
yazmasa yaxşıdı... Bizim nəsillər
“yaxşı ton” deyilən ifadəylə elə möhkəm
sərxoş olublar ki, artıq bu tərbiyəsiz həyatın
haraylarına, çağırış və tələblərinə
də yetə bilmirlər!” İlk vaxtlar Conu da qəbul
etmirdilər, amma “Forsaytlar haqqında Saqa” trilogiyası
yazıçıya Nobel gətirdi və o, yüz ildən
çoxdur ki, yaşayır...
Bu iki qütb və millətdən olan
filosof-yazıçını birləşdirən bir
çox cəhət var ki, ədəbi talelərinin
uzunömürlü olmasını şərtləndirir. Zənnimcə,
başlıca səbəblərdən biri də klassik, həm
də qlobal mövzuları bədii-fəlsəfi müstəvidə
və ustalıqla çatdıra bilmək
bacarıqlarıydı. Ola bilsin ki, bizim
müasir yazıçı və şairlərimizin
dünyaya çıxışını əngəlləyən
məhz bu bacarıq və ustalığın
çatışmamasıdır; amma nə yaxşı ki, xoş
istisnalar var və mən onlardan biri - yazıçı
Sadıq Elcanlının hekayə mövzusu və yazı
texnikası barədə düşündüklərimi
paylaşmaq istəyirəm.
Öncə qeyd edim ki, mətbuatda Sadıq
Elcanlının imzasına tez-tez rast gəlirəm, imkan
düşdükcə onun hekayələrini, publisistik
yazılarını oxuyuram. Məni bu
yazını yazmağa vadar edən isə bu yaxında
oxuduğum onun bir hekayəsi oldu, düzü, çox təsirləndim.
Yazıçı qlobal bir mövzunu - dünyəvi
və səmavi dəyərlərin kül olmaq təhlükəsini,
Dünya-İnsan-Müqəddəs Kitablar-Cəmiyyət əlaqələrinin
qırılmaq qorxusunu (hər halda, mənim başa
düşdüyüm budur!) bədii şəkildə ortaya
qoyub. Özü də necə?
Hekayə “Bir budağın tarixçəsi” adlanır,
lakin ölümə məhkum adamın (ya da, bəlkə Adəmin!)
yuxusu kimi qələmə alınıb. Əgər
“sağlam bədii düşüncə” anlayışı
varsa, məncə, elə budur. Hekayə çox sadə
bir süjet əsasında qurulub: ölümünə bir ay
bir gün qalmış “sonu görünməyən” YOLda “bədənini
maşın, ruhunu sürücü kimi hiss edən” kişi yuxuda Yol, Maşın, Usta, Duman,
sağında-solunda addımlayan adamlar, həkim-professor, Allah,
Qələm, Mələklər, Köhnə Kitablar...
görür, sanki uzun bir Yol gəlir (yolboyu nələr
yaşayır, nələr eşidir, nələrə heyfislənir,
nələri lənətləyir... bir qədər sonra), nəhayət,
arvadı ərini ayıldır.
“... -
Yüz dəfə demişəm ki, məni soyuq suyla oyatma,
adam balası kimi oyat.
- Adam
balası kimi oyanırsan ki! - Arvad da səsini qaldırdı,
sonra sirli bir təbəssümlə pıçıldadı,
- nə oldu, İsa Musayeviç?
- Nəyi
deyirsən? - Tez də sözünü dəyişdi. - Adama
neçə dəfə deyərlər, mənə
Musayeviç demə, demə!
- Araya
söz qatma, de görüm, nə oldu...
- Axı
nəyi?
- O
ustanı, o professoru, onun dediyini, qələmin
yazdıqlarını, Adəmlə Həvvanı, Habillə
Qabili, ərəb baharlarını, “İlahi komediya”nı soruşuram...
Yenə
yazıq-yazıq gözlərini döydü, quyunun dibindən
gələn səsi, zarıltısı güclə
eşidildi:
- Mən
ölürəm... Mən...
Arvadın
kinayəsi ürəyini iynələdi:
- Bəs bu dünyanı, o köhnə kitabları kimə
tapşırıb gedirsən?”
“... - Mən
o yuxuları görmək, onlarla, - gözünün ucuyla
yuxarı baxdı, - danışmaq istəmirəm, vallah,
billah istəmirəm. Mən istəyirəm sən xoşbəxt
olasan, biz xoşbəxt olaq, uşaqlarımız... Sən yuxu
görmə, qurban olum...”
Hekayədəki
simvolik obrazlar (Yol, Maşın, Sürücü, Usta,
Ağappağ Duman, Möcüzəli Meh, Qələm, Alma
ağacı və s.) predmetlidir və real motivlər əsasındadır.
Qeyd edim ki, bu predmetlərin zənciri elə
ustalıqla bir-birinə calanır ki, hansı həlqəsi
qırılsa, hekayənin ümumi ahənginə və qayəsinə
xələl gəlməz, əslində, elə ustalıq
budur. Hekayənin sanki pritça təbiəti
var, lakin burada dil həyatidir, yaşadığımız
dünyanın gerçək simasına işıq salan
yazıçı dilidir. Elə bir
yazıçı ki, baş verənləri bədii təxəyyülü
və idrakıyla sadəcə qeydə alır. Bəlkə buna görə də Sadıq
Elcanlının simvolizmindəki qədim Müqəddəs
Kitabların dərin mətləbi mətnin əsarəti
altına düşür, müəyyən mənada diqqətli
oxucu baxışlarından yayınmır. Mətndə simvollar iki qatı olan semantikadan fərqlənir,
zənnimcə, elə bu cəhət də hekayəni pritçadan
ayırır, müəllifin mənəvi-əxlaqi ideyası
öz funksiyasını təkmil yerinə yetirə bilir.
“... Qəfil,
ilğım kimi əlçatmaz bir fəhmlə gördü
ki, yerbəyerdən çat verib uçqunlayan, yarğanlayan,
dibsiz dərinliklərə axıb gedən torpaq, köhnə
yol deyil, cildlərini qara-qonur mamır bağlayan qədim
kitablardır. Az qala bütün səmanı tutan köhnə
kitablar gözgörəsi yarğanlayır, cildləri
cadar-cadar olub ovxalanır, səhifələri tüstülənib
közərən quru yarpaqlar, xəzəl xatirələr kimi
dibsiz dərinliklərə axıb gedirdi...” Və yaxud: “... O
göndərilən, - əlini göylərə
tuşladı, - ordan göndərilən kitablar da heç nə
eləyə bilmədi. Qovulanların,
sürgün olunanların nəslini - Adəm və Həvvanın
törəmələrini nə xilas eləyə bilər
axı?! Əvvəli səhvlə binələnən,
ilahi qayda-qadağanın pozulmasıyla başlayan yolun
xilası mümkündürmü? İlk peyğəmbər
oğullarının, Habillə Qabilin başladığı,
tarix boyu ümman-ümman qanlar tökən, dünya
savaşlarından keçən qanlı davanı kim, nə vaxt, necə qurtaracaq? Bəlkə
Şeytan haqlı idi; oddan yaradılanın torpaqdan yaradılandan
üstünlüyünü deyirəm... Əgər
haqlı deyildisə, o Şeytanı qisasa niyə imkan və
meydan verildi? Nuh tufanı dünyanı təmizləyə
bilməyəcəkdisə, niyə başladı?
Düzüm-düzüm fironların, Herodislərin, Ponti
Pilatların Yəhyalara, İsalara, başqa peyğəmbərlərə
verdikləri qara-qorxunc əzablar, işgəncələr son nəticədə
əbədi bir nizam, aydınlıq yarada bilməyəcəkdisə,
o bəşəri tamaşalara ehtiyac vardımı? 20 Yanvar, Xocalı şəhidlərinin günahı
nəydi? Yüz minlərlə insanın
qanı içində “çiçəkləyən”,
milyonlarla qaçqının, köçkünün, didərginin
göz yaşlarıyla sulanan ərəb baharlarının
bar-bəhərli bahar olduğuna doğrudanmı
inanırsınız? Yoxsa orada da, - yenə
hikkəylə əlini göylərə tuşladı, -
sizinkilərin - mələklərin mafioz qruplaşmaları
meydan sulayır?! Krişnaçı, buddist bu tərəfə
çəkir, katolik-pravoslav o tərəfə,
sünni-şiə bir başqa səmtə... Bu
qanlı səlib yürüşlərinə, bu dinsiz din
davalarına, bu ikili standartlara, qərəzli
ölçü-biçilərə, bu bic, bərəkətsiz
şeytani tərəzilərə nə vaxt son qoyulacaq? Göndərdiyiniz kitabların səhv oxunduğunu,
bəlkə heç oxunmadığını
görmürsünüzmü?! Bütün bunları O
dedimi, o qələm yazdımı?.. O
kitablar, o qələm xatirinə dillənin, mənə bir
söz deyin, qurtarın bu “İlahi komediya”nı...”
Əslində,
hekayənin bütün ideya və məzmunu,
yazıçının dünyaya çatdırmaq istədiyi
mesaj bu parçada cəmləşib: burda yaranışdan bəri
iki həyat, iki zaman qovuşur, ayrılır, paradoksal elementləri
və əlamətləri ilə qarşı-qarşıya gəlir.
“İlk peyğəmbər oğullarının” faciəsi,
“Nuh tufanı”, “Herodislərin, Ponti Pilatların Yəhyalara,
İsalara, başqa peyğəmbərlərə verdikləri
qara-qorxunc əzablar”, “20 Yanvar”, “Xocalı şəhidləri”nin
günahsız qanları, katolik-pravoslav, sünni-şiə
ixtilafları, “ərəb baharları”... daha nələr...
keçmişlə bu günün bağlantıları (sovet
həyat tərzinin elementləri, Stalin rejimindən doğan
yaralar...) və ayrıntılarıdır, bu günlə gələcək
arasındakı kövrək tellərdir. Bu tellər o qədər
hassas və zərifdi ki, hər an
qırıla bilər.
İncilin Əhdi-Cədid hissəsinin “Lukanın
müjdəsi” bölümündə (8-ci fəsil) İsa Məsih
insanlara məsəllərlə başa salmağa
çalışır ki, Allahın Sözünü
eşitsinlər, Ona iman gətirsinlər. Deyir ki, “əkinçi
öz toxumunu əkməyə çıxdı, bəzisi yol
kənarına düşdü, ayaq altında tapdalandı,
göyün quşları gəlib onu yedilər. Bəzisi daşlığa düşdü, bitən
kimi də qurudu, çünki rütubəti yox idi. Bəzisi isə tikan arasına düşdü, tikan
onunla bərabər böyüyüb onu boğdu. Bəzisi
də bərəkətli torpağa düşdü, bitib
yüz qat səmərə verdi... Kimin eşitməyə qulağı varsa,
eşitsin!” Bu zaman şagirdləri Məsihdən
soruşurlar ki, bu məsəlin mənası nədir?
İsa Məsih deyir ki, Toxum - Allahın Sözüdür... Yəni yolun kənarına düşənlər
Sözü eşidənlərdir. Şeytan
da gəlib Sözü onların ürəyindən
çıxarıb gedir. Daşlığa
düşənlər Sözü eşitdikdə onları
sevinclə qəbul edənlərdir, lakin kökləri olmadığından
bir müddət iman edir və imtahan zamanı imandan
dönürlər. Tikan arasına
düşənlər də Sözü eşidirlər, lakin
getdikcə həyatın qayğıları, problemləri, zənginləri,
ləzzət və zövqlərilə boğulur, yetkin səmərə
vermirlər. Yaxşı torpaq üzərinə
düşən toxumlar isə Sözü eşidib sadiq və
təmiz ürəkdə saxlayanlardı, səbir və təmkinlə
səmərə verirlər... Zənnimcə,
hekayədə yazıçı sözünün sətiraltı
qatlarından biri də İncildəki Sözə
bağlıdır. Müəllif sanki
dünyaya çağırış edir, “qurtarın bu
komediyanı!” deyə “bozluq, tənə-təhqir girdabında
boğulan” adamın yuxudakı harayını, səsini
simvolizmdən çıxarıb real həyat gerçəkliyi
kimi çatdırır.
Hekayənin
sonluğu da simvolik “Alma ağacı”nın
qonşu həyətinə sallanmış almalı
budağıyla bağlı dialoqla bitir. Bəlkə elə
“bir budağın tarixçəsi” deyəndə müəllif
bunu düşünüb... Amma burda da bir
çağırış görünür: günah işlətməyin,
haram yeməyin! Bu gün dünyanın başının
üstünü qara buludlar kimi alan da elə
bu iki qəbahətdir; insanlar rahat, dinc yaşamaq əvəzinə,
münaqişə və müharibələrə cəlb
edilirlər, Allahın on müqəddəs əmrini unudub
haram və günah işlərlə məşğul olurlar.
Bu detalların hekayəyə gətirilməsi həm də
ictimai-siyasi əxlaq hadisəsidir, onun çirkin təzahürlərinə
qarşı üsyandır...
Ümumiyyətlə, hekayə mətnlərinin yazı texnikasını şərtləndirən bir neçə amil var ki, gərək ona əməl edəsən: oxucunun diqqətini dərhal cəlb etmək (hər bir tarixçəni yazanda onun ən maraqlı parçasından başlamalı və s.), hekayənin hər cümləsi, hər abzası nəsə deməlidir; Fleş-Kinkeyd metodu var, bədii mətni qiymətləndirmə parametrlərini ehtiva edir, cümlə və sözlərin uzunluğunu, qısalığını ölçür; təhsil səviyyəsindən asılı olmayaraq hər bir oxucu lakonik və qısa cümlələri daha yaxşı qəbul edir və bu baxımdan Sadıq Elcanlının oxuduğum hekayəsini nümunə kimi də götürmək olar. Hekayə yuxarıda qeyd olunan meyarlarla səsləşir. Xüsusilə, yazıçının mövzunu sondan başlamaq prinsipinə əməl etməsi ustalıqdan xəbər verir. Axı yazıçı oxucuyla paylaşmaq istədiyi mövzunun nəticə etibarı ilə nəyə gətirib çıxaracağını elə mətni başlayan andan beynində saxlamalıdır...
Sözün düzü, çoxdandı
obrazlı bədii təfəkkürlə, yaxud bədii idrak
üsulu ilə yazılmış hekayə
oxumamışdım. Bu xırda hekayə
Sadıq Elcanlının yazı və mövzu seçmək
mədəniyyətini, dünyagörüşünü, real
həyati qaynaqlara əsaslanan obrazlı bədii təfəkkürü
ilə elmi idrakını, sözün həqiqi mənasında
yazıçı müasirliyinin təminatçısı
olan qlobal mövqeyini və fəlsəfi-əxlaqi
baxışlarını nümayiş etdirir. Mən
uzaqdan-uzağa tanıdığım, özü ilə
heç vaxt yaxından tanış olmadığım qələm
dostuma, gözəl yazıçımıza can
sağlığı, uzun ömür arzulayır, ona bol
yaradıcılıq sevincləri diləyirəm.
Kamran
NƏZİRLİ
525-ci qəzet.- 2019.- 23 fevral.- S.12