O, oxunmamış kitabdır
Analitik təfəkkür
sahibi filoloq alimlərimizdən söz
düşəndə göz
önünə ilk gələnlərdən
biri sadəliyi, təvazökarlığı, səmimiyyəti,
dərin elmi biliyi ilə seçilən, incə yumoru, zarafatları ilə qəlbləri fəth edən Nizami Cəfərov olur.
Nizami Cəfərov o xoşbəxt
taleli alimlərdəndir
ki, Bakı Dövlət Universitetində
tələbələrin “məhəbbət
və hörmət obyekti, ümid istinadgahı” Mir Cəlal Paşayev, Muxtar Hüseynzadə, Abbas Zamanov, Əlövsət Abdullayev, Musa Adilov, Ağamusa Axundov, Tofiq Hacıyev, Təhsin Mütəllimov kimi müəllimlərdən mükəmməl
dərs almış, görkəmli filoloq kimi yetişmişdir.
Onun istedadı
lap gənclik illərindən
özünü büruzə
verirdi. Bakı Dövlət Universitetinin
filologiya fakültəsini
fərqlənmə diplomu
ilə bitirən kimi aspiranturaya daxil olur (1982-1985). Mən bu tarixi təsadüfi
yazmıram. Gənc alim
aspiranturanı bitirməmiş
namizədlik dissertasiyası
müdafiə edir.
“Ədəbiyyat və
incəsənət” qəzetində
tənqid və ədəbiyyatşünaslıq şöbəsinə başçılıq
edə-edə (1987-1991) doktorluq
dissertasiyası üzərində
işləyir və cəmisi altı il sonra
32 yaşında (1991) doktorluq
müdafiə edir. Bu, onun böyük
elmi potensialından xəbər verirdi. Nizamiyə qədər dilçilik elmi sahəsində 32 yaşında yalnız müəllimi Ağamusa Axundov müdafiə etmişdi.
Nizami müəllimin
doktorluq müdafiəsi
ərəfəsində baş
verən ibrətamiz bir hadisəni yada salmaq istəyirəm. “Ədəbiyyat və incəsənət” qəzetinin
baş redaktoru Nəriman Həsənzadə
Nizaminin Kərkük bayatılarına həsr olunmuş məqaləsini
rəy üçün
mənə göndərmişdi.
Müəyyən nöqsanlarını nəzərə alaraq məqaləyə mənfi
rəy verdim. Məqalə
çap olunmadı.
Nizami həddən artıq təmkinli adam imiş.
Vaxt keçdi. Mən Bakı
Dövlət Universitetinin
Qərbi Avropa dilləri kafedrasında
professor, Nizami Cəfərov
isə filologiya fakültəsində dekan
işləyirdi. Universitetin böyük
akt zalında 60 illik yubileyimdə Nizami müəllim geniş məruzə ilə çıxış
etdi. Akademik Bəkir Nəbiyev, Yaşar Qarayev və Ə.Bəndəroğlu
ilə haqqımda məqalə yazdı. Məqalə
Universitetin elmi xəbərlərində və
Bağdadda çıxan
“Sut əl ittihad” (“Birlik səsi”) dərgisində çap olundu.
Bütün bunlar Nizami Cəfərovun
ürəkgenişliyindən xəbər verirdi. Atalar sözünün yeridir, deyim: “Yaxşılığa
yaxşılıq hər
kişinin işidir. Yamanlığa yaxşılıq ər kişinin işidir”.
Nizami müəllim
bu və bir çox başqa xüsusiyyətlərinə
görə köhnə
kişilərə bənzəyir. Yaradan Nizami
Cəfərova həyatda
heç nəynən
alınmayan ağıl,
dərrakə, təfəkkür,
fitri istedad bəxş etmişdir.
Çox gənc ikən Azərbaycan Yazıçılarının
qurultayında məruzə
ilə çıxış
etməsi, təmkini, uğurlarımız və
uğursuzluqlarımız barədə
məntiqi fikirləri
Ulu öndərimizin (Ulu öndər yazıçıların bütün
qurultaylarında fəal
iştirak edirdi. Yaxşı yadımdadır,
Moskvadan işdən çıxıb Bakıya
qayıtmışdı. Yazıçıların Filarmoniyada keçirilən
qurultayında iştirakı
necə sevinclə, gurultulu alqışlarla qarşılandı. Mənsə fikirləşdim:
“İlahi, görəsən,
çox yüksək
vəzifədən çıxmış
çoxmu adamı belə alqışlarla qarşılayırlar?!”) diqqətini cəlb etmiş və bu onun gələcək
taleyində müsbət
rol oynamışdır.
Hər şeydən əvvəl özünə inam yaratmışdı.
Nizami Cəfərov
elm aləmində ən
yüksək zirvəni
fəth edib. Əməkdar elm xadimi, akademikdir. Millət vəkilidir. Türkiyə-Azərbaycan ədəbi, elmi, mədəni, siyasi əlaqələrinin flaqmanı
Atatürk Mərkəzinin
yarandığı gündən
rəhbəridir. İctimaiyyət arasında nüfuz sahibidir.
Xoşbəxtlikdən həyatın keşməkeşləri,
vəzifə, şan-şöhrət
onu filologiya elmimizə sonsuz məhəbbətdən, sədaqətlə
xidmətdən yayındıra
bilməmişdir. Dilçilik və ədəbiyyatşünaslıq
elmimizi eyni dərəcədə dərindən
bilməsi, fitri istedadı onu açıq-aşkar başqa
alimlərimizdən xeyli
dərəcədə fərqləndirir.
Danılmaz faktdır ki, o, ədəbiyyatşünaslıq elmimizə ən çox töhfə verən, ədəbi prosesin istiqamətlənməsində
xidmətləri olan görkəmli dilçi alimimizdir. Maraqlıdır
ki, o, namizədlik, az sonra
doktorluq dissertasiyalarını
dilçilikdən müdafiə
etsə də, geniş yayılan ilk əsəri - “Füzulidən
Vaqifə qədər”
(Yazıçı, 1991) məhz
ədəbiyyatşünaslıqdan olmuşdu. Alimin Qədim dövr,
Orta dövr, Yeni və Ən
yeni dövrü əhatə edən
fundamental 4 cildlik “Türk
xalqları ədəbiyyatı”
(“Çaşıoğlu”, 2006-2007) əsəri hadisəyə
çevrilmişdi.
Doğrudur, görkəmli dilçi
alimlər Ağamusa Axundov və Tofiq Hacıyev, Yusif Seyidov, Kamal Abdulla, Qəzənfər
Kazımov, Kamil Vəliyev, Buludxan Xəlilov və başqaları da ədəbi prosesin fəal iştirakçısı
olmuşlar. Dilçilik
və ədəbiyyatşünaslıq
elmimizə eyni dərəcədə ömür
həsr edən,
fundamental əsərlər ortaya qoyan akademik
Nizami Cəfərovun bu sırada özünəməxsus, seçilən
bir yeri var. Xüsusən də bu, son onillikdə özünü bariz şəkildə göstərir.
Dilçi kimi dil tarixindən
(L.M.Qumilyovun əsərləri
barədə sanballı
məqalələri), ümumi
dilçilikdən (Ferdinand de Sössürün əsərlərinin
Azərbaycan dilinə
tərcüməsi və
s.), müasir dildən
fundamental əsərlər yazıb. Ədəbiyyatşünaslıq sahəsində klassik ədəbiyyatdan: “Molla Pənah Vaqif” və “Səməd Mənsurun poeziyası” monoqrafiyaları, çağdaş
ədəbiyyatımızdan “Elçin - Yazıçının
yaradıcılıq yolu”,
“Afaq Məsud dünyası” və s. monoqrafiyaları, “Hüseynbala
Mirələmovun yaradıcılığı
və ya ədəbi tərcümeyi-halı”
əsəri, eləcə
də “Ədəbiyyat
söhbətləri” məqalələr
toplusu filoloq alimin ədəbiyyatşünaslıq
elmimizə töhfəsidir.
Nizami Cəfərovun
bu kitablarından əvvəl çap olunmuş 5 cildlik “Seçilmiş əsərləri”
(2007) də oxucu və tədqiqatçıların
stolüstü kitabına
çevrilmişdir.
Onun yerinə
başqa birisi olsaydı, bəlkə də iddiası yerə-göyə sığmazdı. O isə
səs-küysüz, aşıb-daşan
yaradıcılıq enerjisi
ilə qələm sahiblərini, tədqiqatçıları
yazıb-yaratmağa sövq
edir.
Nizami Cəfərovun
yaradıcılığında fikir var, yeni
ideyalar var, bir sözlə, öyrəniləsi çox
şey var. Odur ki, mətbuatda çıxan yazılarını
və bağışladığı
kitablarını müntəzəm
olaraq oxuyur və bəhrələnirik.
Nizami Cəfərovun
həm bədii, həm də elmi publisistikası eyni dərəcədə
güclüdür. Onun Mir Cəlal Paşayev, Ağamusa Axundov, Tofiq Hacıyev, Bəkir Nəbiyev, İsa Həbibbəyliyə həsr
etdiyi əsərləri
elmi publisistika üstündə köklənib.
Manaf Süleymanov, Nəriman Həsənzadə,
Zəlimxan Yaquba ithaf olunan məqalələri
bədii publisistikanın
gözəl nümunələridir.
Ölkəmizin nüfuzlu ağsaqqalları
- milli-mənəvi dəyərlərimiz
Fəttah Heydərov, Xoşbəxt Yusifzadə,
Qəmbər Şəmşiroğlu
və başqalarına
həsr etdiyi məqalələri yüksək
elmi səviyyədə
yazılmış örnək
əsərlərdir.
Bu qədər ciddi
və sanballı əsərlər yazan, analitik təfəkkür sahibi Nizami Cəfərov
çox zarafatcıl adamdır. Onun yanında vaxtın
necə keçdiyini duymursan. Qəribədir ki, zarafatlarına
da elmi çalar
verə bilir. O, bütün məclislərdə
arzuolunan şəxsdir.
Məclis və tədbirləri
aparmağı başqa
bir aləmdir. Məqamına uyğun zarafatları
mənəvi qidaya çevrilir, incə yumoru ilə məclisi bəzəyir.
Yaradan ona xeyirxahlıqla döyünən
ürək bəxş
etmişdir. Elm adamlarına,
xüsusən də gənc tədqiqatçılara
kömək əlini qızırqamır. Hətta onlara
opponent olmağa belə
razılıq verir.
Bir insan və böyük
alim kimi hamının rəğbətini
qazanmışdır. Ona görə ki, təmənnasız adamdır.
Nizami müəllimin
təmənnasız olaraq
1995-ci ildən Azərbaycan
Televiziyasında “Azərbaycan
dili” verilişini aparması çox mətləblərdən xəbər
verir. Zəmanəmizdə təmənnasızlıq qəhrəmanlığa bərabərdir.
Nizami müəllimlə
oturub-durmaq, yol yoldaşı olmaq, xoş əhval-ruhiyyə yaradan yumor dolu
söhbətlərini, həyatda
baş vermiş ibrətamiz hadisələrə
yanaşmalarını dinləmək
özü xoşbəxtlikdir. Bununla belə,
deməliyəm ki, bu fitri istedad
sahibini axıra qədər dərk etmək çətindir.
O, oxunmamış kitabdır.
Qəzənfər PAŞAYEV
Professor
525-ci qəzet.- 2019.- 23 fevral.- S.11.