Rənglərin mifologiyası və
mozaikası
Rənglərin rəngbərəngliyinə, cazibədarlığına,
bədii üslubların müxtəlifliyinə görə Azərbaycan
təsviri sənəti dünya rəssamlığında
xüsusi yerə və böyük imkanlara malikdir.
Azərbaycan təbiətinin qeyri-adi əlvanlığı,
təbii gözəllikləri və cazibədarlığı
sanki milli təsviri sənətin zəngin rəng
çalarlarını müəyyən etmişdir. Azərbaycan rəngkarlıq
sənəti ölkəmizin nadir təbiəti kimi kətan
üzərində çəkilmiş gözəlliklər məskənidir.
Bu, böyük sənət
gülüstanında özünəməxsus fərqli yer
tutmağı, orijinallıq nümayiş etdirməyi bacarmaq
fırça ustalarından xüsusi istedad tələb edir.
Fikrimizcə, Azərbaycan Respublikasının Əməkdar rəssamı,
Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva
bənzərsiz rəngləri və fərdi üslubu ilə
zəngin ənənələrə malik olan Azərbaycan təsviri
sənətində öz yolunu müəyyən etmiş
istedadlı rəssamdır.
Azərbaycan rəssamlıq sənəti
üçün fərqli üslublarda çəkilmiş təbiət
mövzusu və portret rəsmləri daha çox səciyyəvidir. Eyni zamanda,
ümumiyyətlə, naturadan alınan rəsmlər və ya
rəngarəng natürmortlar rəssamlıqda davamlı bir ənənənin
təzahürləridir. Əməkdar rəssam Ülviyyə
Həmzəyevanın sənətində isə mövzu
etibarilə mifoloji motivlərlə müasirliyin sintezi və rəng
olaraq yağlı və ya sulu boya ilə,
yaxud quaşla, karandaşla çəkilməsindən
asılı olmayaraq, rənglərin mozaikası xarakterikdir. O,
bir rəsm əsərinin kompozisiyası daxilində, necə
deyərlər, mövcud olan yeddi rəngin hamısından
istifadə edir. Ülviyyə Həmzəyeva
ciddi mifoloji mövzularda işlədiyinə görə onun rəsmlərində
də rənglərin tünd çalarları, rəng effekti
baxımından tündvarilik nəzərə çarpır.
Lakin istənilən əsərində digər rənglərlə
müqayisədə az yer tutan ağ, mavi və
açıq qırmızı rənglər tündvari rənglərin
içərisindəki işığı,
aydınlığı, nikbinliyi ifadə edir. Bu mənada
Ülviyyə Həmzəyevanın tünd rənglərlə
çəkilmiş ciddi görkəmə malik cizgilərində
kompozisiyada nisbətən az yer tutan ağ,
mavi və açıq qırmızı rənglər rəssamın
ifadə etmək istədiyi mətləbin
tamaşaçıya çatdırılmasına uğurla
xidmət edir.
Ülviyyə Həmzəyeva kompozisiyalı rəsmlər
yaradan sənətkardır. Rəsm əsərlərindəki
kompozisiyaya daxil olan çoxsaylı detalların aydın təsəvvür
edilməsi üçün kontur xətləri vardır.
Ona görə də Ülviyyə Həmzəyevanın
yağlı və sulu boya ilə çəkdiyi
rəsm əsərləri orijinal qrafika nümunələri
kimi görünür. Rəssamın qrafika əsərlərini
yağlı və ya sulu boya ilə çəkilmiş
əsərlərdən fərqləndirmək olmur. Bir çox hallarda Ülviyyənin yağlı boya
ilə çəkdiyi rəsmlər rəngli qələmlə
işlənmiş mükəmməl qrafika əsərləri
təsiri bağışlayır. Və ya
əksinə, istedadlı rəssamın qrafika əsərlərində
yağlı boya ilə çəkilmiş tabloların cizgilərini
görmək mümkündür. Ona
görə də belə demək daha dəqiq olar ki,
Ülviyyə Həmzəyeva Azərbaycan təsviri sənətində
rəngli qrafikanın əsas yaradıcısıdır.
Bu isə o deməkdir ki, Ülviyyə Həmzəyevanın
rəsm əsərlərində janrlararası daxili bir
bağlılıq vardır. Bir janrda, məsələn,
qrafika janrında yaratdığı rəsm əsərində
natürmart, peyzaj, qurama, bəzən hətta portret cizgilərini
mütənasib şəkildə yerləşdirib, vahid
kompozisiya yaratmaq Ülviyyə Həmzəyevanın universal
yaradıcı istedadının göstəricisidir.
Kompozisiyalı rəsm əsərləri yaratmaq
Ülviyyə Həmzəyevadan rəsmlərində süjet
qurmağı tələb edir. O, bir rəsm əsəri çərçivəsində
yerləşdiyi müxtəlif detallar və ona uyğun olaraq
aldığı rəng effektləri vasitəsilə
süjeti sadədən mürəkkəbə doğru
inkişaf etdirir və şəklin münasib yerlərində
uzaqda sayrışan ulduzlar kimi diqqəti cəlb edən ağ və yaşıl rənglərin vasitəsilə
ifadə etmək istədiyi fikrə diqqəti cəlb etməklə
əsəri tamamlayır. Bu, mənada Ülviyyə
Həmzəyeva Azərbaycan təsviri sənətində
süjetli rəssamlığın əsas
yaradıcılarından biridir. Onun mifoloji
süjetlər əsasında çəkdiyi rəsmlərindəki
əsatirdən gələn div, ilan, balıq, lələk rəmzləri
rəsm əsərinin mərkəzi obrazı, əsatiri motivləri
canlandıran digər detallar isə həmin obrazın mahiyyətindəki
təfərrüatları canlandırmağa xidmət edir.
Beləliklə, Ülviyyə Həmzəyeva Azərbaycan
təsviri sənətinə nəzərəçarpacaq səviyyədə
mifoloji motivlər və obrazlar gətirərək, rəssamlıq
sənətini zənginləşdirir. Ülviyyə Həmzəyevanın
“Mistik Misir”, “İtmiş cənnət”, “Sinesteziya”, “Dəli Dəvə”,
“Paralel həyat” kimi rəsmləri mifoloji süjetlər və
obrazlarla zəngin olan və müasir həyat fəlsəfəsi
istifadə edən qiymətli və mənalı sənət əsərləridir.
Bu rəsm əsərləri Azərbaycan təsviri
sənətində yağlı boya ilə işlənmiş
nadir mifoloji miniatürlərdir.
Süjetli rəsmlər çəkdiyi üçün
Ülviyyə Həmzəyevanın qarşısında
kompozisiyaya daxil olan obrazları, detalları ifadəli şəkildə
göstərməklə yanaşı, həm də müəyyən
bir fikri, mətləbi tamaşaçıya çatdırmaq
vəzifəsi dayanır. O, kompozisiyalarının əsas qəhrəmanlarını
fərqli, bənzərsiz görkəmdə təqdim etməyi
bacardığı kimi, ifadə etməyə
çalışdığı tezisi də mənalandırmağın
dilini tapa bilir. Doğrudur, Ülviyyənin rəsm
əsərlərindəki mürəkkəb kompozisiya rəssamın
demək istədiyi fikrin nədən ibarət olduğunu
asanlıqla tapmağa tam şərait yaratmır. Cavan rəssamın əsərlərini bütün
cazibədarlığı və məna
aydınlığı ilə başa düşmək
üçün tamaşaçıdan bir qədər
hazırlıq tələb olunur. Lakin elmi əsərlərdəki
açar sözlər kimi, Ülviyyə Həmzəyevanın
rəsmlərində də açar fiqurlar və ya elementlər
vasitəsilə müəllifin ideyasını müəyyən
etmək olur. Beləliklə, Ülviyyə
Həmzəyeva təsviri sənətdə süjetli rəsm əsərləri
vasitəsilə konkret fikir ifadə edən rəssam olaraq da
yenidir. Onun sənətində mütəfəkkir
düşüncəyə doğru qüvvətli bir meyl
vardır.
Ülviyyə Həmzəyevanın mifoloji süjet və
obrazlar əsasında çəkdiyi rəsm əsərlərində
Azərbaycan folklorundan gələn nağıl elementləri də
müşahidə olunur. Buna görə də Ülviyyə Həmzəyevanın
rəsm əsərləri məzmununa və rənglərinə
əsasən sanki Azərbaycan təsviri sənətinin əsatiri
nağıllarıdır. Əsatiri nağılları
xatırladan rəsm əsərlərindəki buta, simurq,
xonça, səməni, alma detalları
onun bəşəri dəyərləri mənalandıran
mifoloji rəsmlərinin Azərbaycan bədii təfəkkürünün
ifadəsi olduğunu, milli məzmun
daşıdığını əks etdirir. “Simurq”
rəsmindəki süjet, “Xəzinə küpü”
tablosundakı milli ornamentlər, “Muğam” əsərində
təsvir olunan musiqi üçlüyü, arxa fondakı milli
memarlıq abidələri və romantik Azərbaycan peyzajı
Ülviyyə Həmzəyevanın rəngli
nağıllarıdır. “Muğam” rəsmi
Azərbaycançılıq düşüncəsinin təsviri
sənət dili ilə ifadə olunmuş ritmik
qrafikasıdır. “Məkan və zaman”,
“Bürclər” rəsmləri Ülviyyə Həmzəyevanın
milli ruhda yaradılmış fəlsəfi məzmunlu
quramalarıdır. Qurama elementlərinin rəsmlərində
geniş yer tutması onun xalq sənəti ənənələrindən
yaradıcılıqla faydalandığını göstərir.
Rəsm əsərlərindəki süjet və
kompozisiya, mifoloji obrazlar və motivlər, milli dəyərləri
mənalandıran buta və səməni detalları, qurama
parçaları hamısı bir yerdə Ülviyyə Həmzəyeva
sənətinin fərdi özünəməxsusluğunu
müəyyən edir. Rəsm əsərlərindən aydın
görünür ki, Ülviyyə Həmzəyeva çoxəsrlik
Azərbaycan təsviri sənətində heç bir sənətkara
bənzəməyən fərqli və fərdi üsluba malik
orijinal sənətkardır. O, müasir mərhələdə
Azərbaycan miniatür rəssamlıq sənətinin əsas
yaradıcısıdır. Mifoloji obrazlarla xalq sənəti
detallarının sintezi və müasirliklə vəhdəti
Ülviyyə Həmzəyevanın yaratdığı
müasir miniatür sənəti nümunələrinin
simasını müəyyən edir. Azərbaycanın
klassik miniatür rəssamlığı əsasən xalq
oyunları və liro-epik əsərlərin motivləri əsasında
yaradıldığı halda, Ülviyyə Həmzəyevanın
miniatürləri mifoloji motivlər, xalq sənəti örnəkləri
və müasir həyat fəlsəfəsi üzərində
köklənmiş fərqli sənət hadisəsidir. Ülviyyə Həmzəyeva mifoloji miniatür
janrının yaradıcısıdır. Bütün
bunlar Ülviyyə Həmzəyevanın Azərbaycan təsviri
sənətində fərqli təfəkkürə malik
yaradıcı simalardan biri olduğunu təsdiq edir.
Ülviyyə Həmzəyevanın
yaradıcılığındakı portretlər silsiləsi
Azərbaycan təsviri sənətindəki azsaylı
kompozisiyalı portret qalereyasıdır. Bu rəsmlərdən
portretləri çəkilmiş şəxsiyyətlərin
orijinal görünüşü ilə birlikdə, həm də
həyat yolunu və taleyini, hətta bürclərini də
öyrənmək mümkündür.
Əməkdar rəssam Ülviyyə Həmzəyeva Azərbaycan
təsviri sənətinin bənzərsiz Naxçıvan
silsiləsini yaratmışdır. “Naxçıvan - bəşəriyyətin
beşiyi” rəsmi bu qədim əsatirlər diyarının
mifoloji miniatür janrında canlandırılmış ilk və
mükəmməl obrazıdır. Ülviyyə
Həmzəyevanın “Möminə Xatın”ı şahzadə
xanımın qüruru ilə eyni adlı möhtəşəm
abidənin əzəmətini mozaika üslubunda orijinal şəkildə
canlandırır. “Duzdağ möcüzəsi”
adlı rəsm əsərində o, əsatiri baxımdan
daş dövrünü, həzrəti Nuh peyğəmbərin
surətini, müasirlik cəhətdən isə burada həyatın
davam etdiyini göstərən detalları məharətlə
uzlaşdırmaqla qədim diyarın fərqli obrazını
yaratmışdır. Ümumiyyətlə,
onun rəngarəng rəsmləri qədim süjetlərin
mifologiyası və müasir həyatın mozaikası təəssüratı
oyadır. Onun əsərləri
kaleydoskopdan baxanda görünən mozaika kimi cəlbedicidir.
Təsviri sənətdə yüksək istedad
nümayiş etdirən Azərbaycan Respublikasının
Əməkdar rəssamı Ülviyyə Həmzəyeva təşkilatçı-rəssam
kimi də məsuliyyətlə çalışır. Onun sədrlik
etdiyi Naxçıvan Rəssamlar Birliyi ölkəmizdə
mühüm təsviri sənət ocaqlarından biri kimi qəbul
olunur. Muxtar respublika rəhbərliyinin dəstəyi
ilə ardıcıl olaraq keçirilməkdə davam edən
açıq səma rəsm festivalında dünyanın
müxtəlif ölkələrindən gələn
tanınmış rəssamların fəal iştirakı və
böyük əks-səda doğurması qədim ənənələrə
malik mədəniyyət beşiyi olan Naxçıvanın
müasir təsviri sənətin də əsas mərkəzlərindən
birinə çevrildiyini nümayiş etdirir.
Bu gün Ülviyyə Həmzəyevanın da yetirməsi
olduğu Naxçıvan Dövlət Universitetinin İncəsənət
fakültəsində və Naxçıvan Rəssamlar
Birliyində yeni nəsil gənc rəssamların
formalaşdırılması sahəsində aparılan məqsədyönlü
işlər burada təsviri sənətin inkişafına və
gələcəyinə nikbin nəzərlərlə
baxmağa tam əsas verir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi də Ülviyyə Həmzəyeva ölkəmizdə mədəniyyətimizin inkişafına öz töhfələrini verir. Xüsusən, onun Milli Məclisdəki deputat həmkarları haqqında çəkdiyi silsilə portret rəsmlər parlament həyatının təsviri sənətdəki maraqlı təzahürlərindən biridir.
Əsərləri bir çox dünya sərgilərində uğurla nümayiş etdirilən, dəfələrlə fərdi sərgiləri təşkil olunan Əməkdar rəssam Ülviyyə Həmzəyevanın rəsm əsərləri külliyyatı bu bənzərsiz istedada malik olan rəssamın mifoloji miniatürlərinin mozaikası və böyük sənət qarşısındakı hesabatı olmaqla bərabər, həm də onun geniş yaradıcılıq imkanlarını nümayiş etdirir.
Uğur olsun!
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
525-ci qəzet.- 2019.- 23 fevral.- S.10.