Sofiyada Xocalı soyqırımına
həsr olunan anım mərasimi
Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda Azərbaycanın Bolqarıstandakı səfirliyi
və Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində
fəaliyyət göstərən
Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzinin birgə
təşkilatçılığı və Azərbaycan Dövlət Pantomima Teatrının iştirakı
ilə Xocalı soyqırımının 27-ci ildönümünə
həsr olunan anım mərasimi keçirilib.
Anım
mərasimində Bolqarıstanın
dövlət qurumlarının
və ölkədə
akkreditə olunmuş
diplomatik korpusun nümayəndələri, Azərbaycan
diasporunun təmsilçiləri,
həmvətənlərimiz, tələbələr, “Azərbaycanın
Dostları” Bolqarıstan-Azərbaycan
Dostluq Cəmiyyətinin
üzvləri, ictimai,
mədəni xadimlər
iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası
Milli Məclisinin deputatı, Azərbaycan-Bolqarıstan
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun rəhbəri Rauf Əliyev xüsusi qonaq qismində iştirak edib.
Xocalı
soyqırımı haqqında
iştirakçılara ətraflı
məlumat verən Azərbaycanın Bolqarıstandakı
səfiri Nərgiz Qurbanova 27 il bundan öncə - 1992-ci il fevralın 25-dən
26-na keçən gecə
Ermənistan silahlı
qüvvələrinin keçmiş
sovet ordusunun əsasən ermənilərdən
ibarət 366-cı motoatıcı
alayının köməyi
ilə Azərbaycan Respublikasının Dağlıq
Qarabağ bölgəsində
yerləşən Xocalı
şəhərinə xaincəsinə
hücum edərək
şəhərin dinc
sakinlərini qəddarcasına
qətlə yetirdiklərini
bildirib. Bu qanlı hadisələr nəticəsində
106 qadın, 63 uşaq
və 70 qoca daxil olmaqla 613 günahsız azərbaycanlının
öldürüldüyü, 487 nəfərin yaralandığı,
1275 nəfərin girov
götürüldüyü, 150 nəfərin taleyinin naməlum qaldığı,
8 ailənin tamamilə
məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə bir valideynini itirdiyi, ölənlərdən
56 nəfərin ifrat qəddarlıqla qətlə
yetirildiyi barədə
tədbir iştirakçılarına
məlumat verilib.
1991-ci ilin oktyabr ayından
Xocalı şəhərinin
Ermənistan silahlı
qüvvələri tərəfindən
tamamilə mühasirəyə
alındığını və yeganə əlaqə vasitəsinin helikopterlər olduğunu söyləyən diplomat 1992-ci ilin 28 yanvar tarixində ermənilərin
Ağdamdan Şuşaya
uçan mülki helikopteri vurması nəticəsində 3 ekipaj
üzvünün və
41 sərnişinin həlak
olduğunu və nəticədə hava yolunun da bağlandığını
bildirib. Hava və quru yollarının
bağlanması ilə
Xocalının təcrid
olunduğunu, lakin bütün çətinliklərə
baxmayaraq, Xocalının
7 min sakinindən 3 mininin
şəhərdə olduğunu
və ermənilərin
amansız hücumuna və kütləvi qırğına məruz
qaldığını qeyd
edib. Məhv edilən şəhərdən
canlarını xilas etməyə çalışan
Xocalının zavallı
sakinlərinin soyuq fevral gecəsində çoxu ayaqyalın olmaqla qarlı meşələrə və
dağlıq ərazilərə
üz tutmaq məcburiyyətində qaldıqlarını
vurğulayan səfir düşmən hərbi qüvvəsi qarşısında
aciz insanların sığınacaq tapmaq səylərinin erməni qəddarlığı ilə
üzləşdiyini qeyd
edib. Qaçan mülki əhalinin bilərəkdən pusquya
düşürüldüyünü, erməni əsgərləri
tərəfindən atəş
açılmaqla öldürüldüyünü,
ya da əsir
götürüldüyünü söyləyən N.Qurbanova
bir çox qadın və uşağın donaraq həlak olduğunu, yalnız çox az insanın 16 kilometr məsafədə yerləşən, Azərbaycanın
nəzarətindəki ən
yaxın yaşayış
məntəqəsi olan
Ağdam şəhərinə
çata bildiyini diqqətə çatdırıb.
Həmin
gecə baş vermiş dəhşətli
insan haqları pozuntularının “Memorial” hüquq
müdafiə mərkəzi
(Rusiya) və “Human
Rights Watch” (keçmiş Helsinki Watch) təşkilatının müstəqil
hesabatlarında təsdiqləndiyini
ifadə edən səfir o zaman qlobal mediada ermənimeyilli təbliğatın
üstünlük təşkil
etməsinə baxmayaraq,
ermənilər tərəfindən
Xocalıda törədilən
inkarolunmaz vəhşiliklər
barədə xəbərlərin
dünyanın bütün
aparıcı KİV-ləri
tərəfindən yayıldığını
qeyd edib. Bu xüsusda o, Fransanın nüfuzlu “Le Monde” qəzetinin
1992-ci il 14 mart tarixli buraxılışında
xarici jurnalistlərə
istinadən Xocalıda
törədilmiş cinayətlər
haqqında məlumatın
“Azərbaycan təbliğatı
deyil, həqiqət olduğu”nun xüsusi vurğulandığını tədbir
iştirakçılarının diqqətinə çatdırıb.
Xocalı şəhərinin Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qeyri-qanuni separatçı rejimin qondarma “ozünümüdafiə qüvvələri komitəsi”nin başçısı olduğu zamanı işğal edildiyini qeyd edən N.Qurbanova S.Sarkisyanın Ermənistanın müdafiə naziri olduğu dövrdə Böyük Britaniyadan olan jurnalist Tomas de Vala verdiyi müsahibədə dinc əhalinin məhv edilməsində ermənilərin rolunu etiraf edən məlum açıqlaması (“Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”) haqqında məlumat verib.
Xocalı soyqırımının silahlı münaqişə zamanı mülki şəxslərin qorunmasının və qanunun aliliyinin təmin edilməsinin vacibliyinin faciəvi və dəhşətli göstəricisi olduğunu diqqətə çatdıran səfir mülki müdafiənin təmin edilməsinin beynəlxalq humanitar hüquq və insan hüquqlarına hörmət etməyi tələb etdiyini, münaqişə zamanı isə qeyd olunan hüquq pozuntularının qarşısının alınması və cavab verilməsi üçün ciddi səylərin tələb olduğunu vurğulayıb. N.Qurbanova Ermənistanın bu qanlı hadisələrdə birbaşa iştirak etməsinin qanunsuz separatçılıq tələblərinin, erməni təbliğatının beynəlxalq ictimaiyyəti aldatmaq üçün etdiyi cəhdlərə baxmayaraq, ilk gündən “dinc səylər” deyil, məhz Azərbaycan torpaqlarının zorla işğal olunmasına və bu ərazilərdə etnik baxımdan homogen bölgələr yaradılmasına yönəldiyinin açıq sübutu olduğunu bildirib. O, Xocalı faciəsinin Ruanda və Srebrenitsa qətliamlarından əvvəl baş verdiyini, lakin onun, həmçinin 1992-ci ildə Malıbəyli, Quşçular, Qaradağlı və digər Azərbaycan kəndlərində törədilən bəşəriyyətə qarşı cinayətlərin icraçılarının hələ də cəzasız qaldığını və bunun Ermənistan və Azərbaycan arasında uzun müddətdir gözlənilən sülhün əldə olunmasına maneə olduğunu qeyd edib. Diplomat bu cəzasızlığa son verilməsinin münaqişə tərəfləri və günahkarların məsuliyyətinin müəyyən edilməsi və davamlı sülhün təmin edilməsi üçün mühüm olduğunu vurğulayıb.
Xocalı faciəsinin soyqırımı aktı olduğunu deyən və onu törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini qeyd edən səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində dünya ictimaiyyəti arasında Xocalı soyqırımı haqqında beynəlxalq humanitar hüquq və insan haqları pozuntusu kimi qlobal məlumatlılığın artdığını, 13 ölkə və ABŞ-ın 22 ştatının Xocalı soyqırımını tanıdığını və pislədiyini bildirib.
Münaqişə zamanı törədilmiş beynəlxalq humanitar hüquq və insan haqları pozuntularına dair həqiqətin müəyyən edilməsi, zərərçəkmişlərə adekvat və səmərəli təzminatın verilməsi və belə pozuntuların təkrarlanmaması məqsədilə institusional addımların atılması zərurətini qeyd edən səfir bunların davamlı sülh və uzunmüddətli sabitlik üçün lazımi ilkin şərtlər olduğunu vurğulayıb.
Səfirin çıxışından sonra mərasim Azərbaycan Dövlət Pantomima Teatrının Xocalı soyqırımına həsr olunmuş “Xocalı – bu olub” tamaşası ilə davam etdirilib. Səhnə əsərində Xocalı həqiqətləri, 1992-ci ilin 26 fevralında erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı pantomima teatrı estetikasında nümayiş olunub.
Mərasimin sonunda Azərbaycan
milli ənənələrinə uyğun olaraq, Xocalı
soyqırımına məruz qalmış soydaşlarımızın
xatirəsinə ehsan süfrəsi
açılıb. Eyni zamanda,
Sofiya şəhərindəki “Banya Başı” məscidində Xocalı
şəhidlərinin ruhuna “Quranı-Kərim”dən
ayələr oxunub və dualar
edilib.
Şahanə Müşfiq
525-ci qəzet.- 2019.- 26 fevral.- S.7.