Milli Kitabxanada Xocalı soyqırımı anıldı

 

 

Fevralın 22-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Xocalı Soyıqırımının 27-ci ildönümünə həsr olunmuş "Xocalı - XX əsrin soyqırımı" adlı kitab sərgisinin açılış mərasimi və Ulduz Qasımın "Xocalı şikəstəsi" adlı kitabının təqdimatı keçirilib.

İlk olaraq Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bildirib ki, Xocalı faciəsinin 27-ci ildönümü haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən tədbirlər planı təsdiq olunub. Direktor bildirib ki, Xocalı faciəsinin qurbanları ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir: "Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı soyqırımından 27 il ötməsinə baxmayaraq, hər birimiz bu faciənin ağrısını ilk günki kimi yaşayırıq. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı qanlı qətliam törədib, 613 nəfər amansızlıqla qətlə yetirilib, 1275 nəfər girov götürələrək ağır işgəncələrə məruz qalıb".

Milli Kitabxananın direktoru qeyd edib ki, Xocalı faciəsi və onun qurbanları haqqında yüzlərlə kitablar nəşr edilib, yerlixarici mətbuat səhifələrində yazılar dərc olunub. Ulduz Qasımın müəllifi olduğu "Xocalı şikəstəsi" adlı romanı da 27 il öncə baş vermiş Xocalı faciəsini və hadisələrin sonrakı inkişafını ümumiləşmiş şəkildə, bədii obrazlar vasitəsilə dolğunluqla əks etdirən bir əsərdir. O bildirib ki, hələ Xocalı haqqında çox kitablar yazılmalı, xalqımızın başına gətirilən bu müsibətlər ədəbiyyatımızda layiqincə təbliğ olunmalı, gənc nəsil Xocalı faciəsinin ağrı-acılarını tarixi faktlarla yanaşı, belə əsərlərdən də oxuyub öyrənməlidirlər.

"Xocalı şikəstəsi" romanının müəllifi Ulduz Qasım çıxışında romanın bədii əsər olsa da, real hadisələr əsasında yazıldığını bildirib. O, Xocalıda baş verən hadisənin hər bir azərbaycanlıya təsir etdiyini, Xocalının Qarabağın yaralı yeri olduğunu söyləyib.

Yazıçı, publisist Rəhilə Gülgün çıxışında kitab haqqında fikirlərini deyib, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizin təbliği üçün bu əsərin əhəmiyyətini vurğulayıb.

Daha sonra Milli Kitabxananın əməkdaşları Səyyarə Məmmədli, Tərlanə Əliyeva Xocalıya həsr etdikləri şeirləri səsləndirdilər.

Sonda tədbir iştirakçıları Xocalı faciəsini özündə əks etdirən 300-dən artıq Azərbaycan və digər dillərdə nəşr olunmuş kitabdövri mətbuat materiallarını, foto şəkilləri əhatə edən "Xocalı-XX əsrin soyqırımı" adlı sərgi ilə tanış olublar.

Sərgi bir həftə nümayiş olunacaq.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 26 fevral.- S.7.