"Xocalı şikəstəsi" təqdim olundu

 

 

Fevralın 23-də "Azərkitab"da ədəbi və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Ulduz Qasımın Azərbaycan və türk dillərində çap olunan "Xocalı şikəstəsi" romanının təqdimat mərasimi keçirilib.

 

Mərasimdə millət vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri, oxucular və jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözüylə açan "Xocalı şikəstəsi" kitabının redaktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli bildirib ki, Prezident İlham Əliyevin "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında" 2019-cu il 5 fevral tarixli Sərəncamına əsasən ölkəmizdə müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bugünkü tədbir də bunlardan biridir. O qeyd edib ki, Ulduz Qasım Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib. Ötən əsrin 80-90-cı illərində mətbuatımızda "Ulduz İmanova" imzası ilə publisistik yazıları, kiçik həcmli hekayələri işıq üzü görüb. Sonra isə taleyin hökmü ilə Moskva şəhərinə köçüb. Aradan ötüb keçən 30 il müddətində Ulduz Qasım nə Azərbaycanı, nə gəncliyin və tələbəliyin doğma yuvası Bakını, nə də dünyaya göz açdığı Cəbrayıl rayonunu bir an belə unudub. "Mən aşiqəm Qarabağda", "Tələbə gündəliyi", "Qürbət Zöhrəsi", "Açılmayan sirlər" kimi kitabların müəllifidir. "Qürbət Zöhrəsi" İstanbulda türk dilində də çapdan çıxıb. V.Bəhmənli deyib ki, Ulduz xanım təbiətindəki yenilməz milli qürur hissini, yurda, dilə, valideynlərinə, adət-ənənələrə, İslam inancına bağlılığını qoruyub saxlayıb. Elə bu səbəbdən də "Xocalı şikəstəsi" kimi romanı yaza bilib.

Tənqidçi Elnarə Akimova "Xocalı şikəstəsi" romanının ideya-məzmun xüsusiyyətlərindən danışaraq bildirib ki, Xocalı faciəsi və onun qurbanları haqqında yüzlərlə kitablar nəşr edilib, yerlixarici mətbuat səhifələrində yazılar dərc olunub. Ulduz Qasımın "Xocalı şikəstəsi" romanı da Xocalı faciəsini və hadisələrin sonrakı inkişafını ümumiləşmiş şəkildə, bədii obrazlar vasitəsilə bir ailənin timsalında dolğunluqla əks etdirən bir əsərdir.

Millət vəkili Tahir Rzayev çıxışında qeyd edib ki, Xocalı haqqında keyfiyyətindən asılı olmayaraq bütün yazılanlar tarixdir. Bu mənada Moskvada yaşaya-yaşaya illərlə zəhmət çəkib düşüncələrini Xocalıdan bəhs edən əsərə çevirmək böyük qəhrəmanlıqdır. O, əsərin təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb.

"Xocalı şikəstəsi" romanını türk dilinə çevirən tərcüməçi İmdad Avşar tarixi hadisələrin gələcək nəslə, eləcə də dünyaya çatdırılmasında ədəbiyyatın və sənətin rolundan danışıb. Qeyd edib ki, bu baxımdan "Xocalı şikəstəsi" müxtəlif dillərə tərcümə olunmalıdır.

Yaxın tarixi keçmişimizə işıq salan əsərə görə müəllifə minnətdarlığını bildirən Milli Məclisin deputatı Jalə Əliyeva çıxışında vurğulayıb ki, hələ Xocalı haqqında çox kitablar yazılmalı, xalqımızın başına gətirilən bu müsibətlər ədəbiyyatımızda layiqincə təbliğ olunmalı, gənc nəsil bu faciənin ağrı-acılarını tarixi faktlarla yanaşı, belə əsərlərdən də oxuyub öyrənməlidirlər.

Xocalıları unutmayan hər kəsə təşəkkürünü bildirən əslən Xocalıdan olan şair Ələmdar Quluzadə deyib: "Bu gün Azərbaycanın hər yerində Xocalı faciəsi anılır. Bütün azərbaycanlılar Xocalı dərdinin başına toplaşıblar. "Xocalı şikəstəsi" də yurd həsrətli insanların romanıdır".

Tədbirdə "Kredo" qəzetinin baş redaktoru, tanınmış şair-publisist Əli Rza Xələfli, şair Əli Mahmud, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan, yazıçı, publisist Zemfira Məhərrəmli, şairnasir Əjdər Ol, həmçinin, başqaları kitab haqqında fikirlərini bölüşüb, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizin təbliği üçün bu əsərin əhəmiyyətli olduğunu vurğulayıblar.

Sonda kitabın müəllifi Ulduz Qasım əsərə verdikləri yüksək dəyərə görə tədbirin iştirakçılarına minnətdarlığını ifadə edib. Xocalı hadisələrinin hər bir azərbaycanlının yaralı yeri olduğunu söyləyən yazıçı romanın real hadisələr əsasında yazıldığını bildirib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 26 fevral.- S.7.