Görkəmli alim, bacarıqlı və fədakar
elm təşkilatçısı
Azərbaycanın
görkəmli geoloq-alimi, elm təşkilatçısı və
ictimai xadim, Milli Elmlər Akademiyasının prezidenti, akademik
Akif Ağa Mehdi oğlu Əlizadənin 85 illiyi qeyd olundu.
Akif
Əlizadə 1934-cü il fevralın 25-də
Bakı şəhərində ziyalı ailəsində anadan
olub. 1956-cı ildə
o, Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNSU) geoloji-kəşfiyyat
fakültəsini bitirib, 1961-ci ildə geologiya-mineralogiya
üzrə elmlər namizədi, 1969-cu ildə isə
geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcəsini
alıb. Geologiya elmi sahəsində
geniş tədqiqatlar aparan, onu yeni elmi və nəzəri
biliklərlə zənginləşdirən Akif Əlizadə
1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə
isə həqiqi üzvü seçilib.
Əmək fəaliyyətinə "Suraxanıneft"
mə-dənində quyuların tədqiqi üzrə texnik vəzifəsindən
başlayan alim 1957-ci ildə AEA-nın Geologiya (hazırda
Geologiya və Geofizika) İnstitutuna baş laborant vəzifəsinə
qəbul olunub.
Ardıcıl olaraq kiçik, böyük elmi
işçi, laboratoriya rəhbəri vəzifələrində
işlədikdən sonra Akif Əlizadə 1970-1976-cı illərdə
Geologiya İnstitutunun elmi işlər üzrə direktor
müavini, 1976-cı ildən indiyə kimi Geologiya və
Geofizika İnstitutunun direktoru vəzifəsində
çalışır. O, 1990-2007-ci illərdə
AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi,
2007-2013-cü illərdə AMEA-nın vitse-prezidenti olub,
2013-cü ildə isə AMEA-nın prezidenti seçilib.
Akademik Akif Əlizadənin elmi maraq dairəsi təbaşirin
paleontologiya və stratiqrafiyası məsələlərini əhatə
edir. Onun rəhbərliyi
və bilavasitə iştirakı ilə Azərbaycanın təbaşir
çöküntülərinin stratiqrafik sxemləri işlənilərək
hazırlanıb, geoloji proseslər, çökmə və
vulkanogen-çökmə formasiyaları, təbaşir
dövründə faunanın inkişafı və s. məsələlərə
dair müasir baxışları əks etdirən zəngin
paleontoloji-strariqrafik materiallar araşdırılıb və
ümumiləşdirilib. Alimin çoxillik tədqiqatları
Azərbaycanın təbaşir molyuska faunasına (belemnitlər)
həsr edilib, bu qədim canlıların təsnifatı və
filogenetikası verilib, paleobiocoğrafi rayonlaşdırma
prinsipləri hazırlanıb, ekologiya və paleopatologiyaya dair
məsələlər işıqlandırılıb. Alim ilk dəfə olaraq, təbaşir dövründə
Aralıq dənizi hövzələrində fəqərəsizlərin
zaman-məkan daxilində paylanma mərhələlərini
müəyyən edib və paleocoğrafi taksonları
ayırıb.
Akif Əlizadə Qafqazın təbaşir hövzələrində
biogeokimyəvi rayonlaşdırılması metodlarının
işlənilməsi və təkamül amili kimi paleohövzələrdə
geokimyəvi şəraitin öyrənilməsi sahəsində
fundamental tədqiqatlar aparıb. Alimin təbaşir
dövrü belemnitlərin öyrənilməsi sahəsində
apardığı tədqiqatları elm dünyası yüksək
qiymətləndirərək müəyyənləşdirdiyi
belemnoidlərin yeni aliləsini 1984-cü ildə
"Akifibelidi" adlandırıb. Son illər
akademikin fəaliyyəti yeni prioritet elmi istiqamətə -
geoekologiyaya yönəlib. Akif Əlizadənin
regional geologiya, tektonika, filiz geologiyası və hidrogeologiyaya
aid məsələlərə dair tədqiqatları da elm aləmində
yaxşı tanınır.
Akademik Akif Əlizadənin adı Rusiya və
keçmiş Sovet İttifaqının digər
respublikalarının elmi ictimaiyyətinə çox
yaxşı tanışdır. O, Ümumittifaq Paleonotologiya Cəmiyyətinin
(ÜPC) həqiqi üzvü, SSRİ İdarələrarası
Stratiqrafiya Komitəsinin (İSK) üzvü, Qafqaz Regional
İdarələrarası Stratiqrafiya Komissiyasının
(QafRİSK) sədri, Biosfer Problemləri üzrə SSRİ EA
Elmi Şurasının üzvü olub. Alimin mərkəzi
elmi nəşrlərdə çap etdirdiyi orijinal tədqiqatlarının
nəticələri yüksək dəyərləndirilib,
akademik ölkəmizi ÜPC-nin, İSK-nin sessiyalarında, bir
çox beynəlxalq konfranslarda, seminar və simpoziumlarda ləyaqətlə
təmsil edib. Akif Əlizadənin apardığı tədqiqatlar,
ali məktəblər üçün
baza dərsliyi kimi məşhur olan "Paleontologiyanın əsasları"
(M., "Nedra", 1990) kitabında da qeyd olunub. Bu
kitabda daxiliqabıqlı başıayaqlılar
qazıntılarının öyrənilməsində
A.P.Pavlov və Q.Y.Krımholtsla yanaşı, Akif Əlizadənin
də böyük xidmətlərinin olduğu xüsusi olaraq
göstərilir.
Akademik Akif Əlizadə görkəmli alim-geoloq və
elmin böyük təşkilatçılarından biridir. Onun elmi təşkilatçılıq
fəaliyyətini iki dövrə ayırmaq olar. Birinci dövr alimin Geologiya və Geofizika
İnstitutuna və AEA Yer Elmləri Bölməsinə rəhbərliyi
ilə, ikincisi isə Azərbaycan Milli Elmlər
Akademiyasının Prezidentliyi ilə bağlıdır.
Akademik
Akif Əlizadənin Geologiya və Geofizika İnstitutuna rəhbərliyi
dövründə müəssisənin
kollektivi geologiya elminin inkişafına, Azərbaycan ərazisinin
geoloji quruluşunun öyrənilməsinə, neftli-qazlı əyalətlərin
elmi əsaslandırılmasına və kəşfinə,
neft-qaz ehtiyatının regional qiymətləndirilməsinə,
respublikamızın mineral-xammal bazasının
yaradılmasına, Yer qatlarında baş verən fiziki və
təhlükəli geoloji proseslərin öyrənilməsinə
mühüm töhfələr verib. Çətin
vaxtlarda - 1990-cı illərdə elmi müəssisələrin
dövlət tərəfindən köməksiz
buraxılması nəticəsində düşdüyü
acınacaqlı vəziyyət hamıya məlumdur. Bu dövrdə A.Əlizadənin uzaqgörənliyi
sayəsində AMEA Geologiya və Geofizika İnstitutu öz
elmi potensialını qorumağı bacarıb. Akademik
beynəlxalq əlaqələrin qurulmasına xüsusi diqqət
yetirərək bir çox neft şirkətləri ilə
müqavilələrin imzalanmasına və müxtəlif beynəlxalq
qrant fondlarında iştiraka nail olub. Beləliklə,
institut aktiv şəkildə beynəlxalq inteqrasiya əlaqələrinə,
müxtəlif proqram və layihələrin həyata
keçirilməsinə qoşulub. Bu isə
institutun cihaz və avadanlıq parkının yüksək dəqiqlikli
analitik cihaz və ölçü alətləri ilə, Yerin
fiziki sahələrini öyrənmək üçün yeni
avtomatlaşdırılmış stansiyalarla təmin edilməsinə
imkan yaradıb.
Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan
sonra beynəlxalq elmi əlaqələrin əhəmiyyətli
dərəcədə genişlənməsi və yeni
texnologiyalardan istifadə olunma imkanın yaranması ilə
fundamental tədqiqatlarda yeni dövr başlayıb və
institut dünya geoloji elminə sürətli inteqrasiya edib. Bu proses 1994-cü ildə
imzalanan "Əsrin Müqaviləsi" ilə daha da
intensivləşib. Dünyanın nəhəng
neft şirkətləri ilə müştərək tədqiqatların
aparılması, bu şirkətlərin elmi mərkəzlərinə
səfərlər, beynəlxalq əməkdaşlığın
xarakterini və inkişaf tempini köklü sürətdə
dəyişib. "British
Petroleum-Statoil", "Exxon", "Shell",
"Amoko", "Mobil". "Yunokal",
"Texaco", "Philips", "Total", "Elf",
"Aqip" kimi nəhəng beynəlxalq neft şirkətləri
ilə uzunmüddətli birgə işləri beynəlxalq
elmi məkana sıçrayış adlandırmaq olar.
Bu müddət ərzində geologiya, paleontologiya və
stratiqrafiya, neft və qazın geokimyası, geofizika və
geodeziya üzrə 50-dən çox elmi layihə yerinə yetirilib.
Müştərək ekspedisiya işləri xarici elmi mərkəzlərdə
və universitetlərdə aparılan sonrakı analitik və
interpretasiya tədqiqatları bir tərəfdən qərb
ölkələrində aparılan elmi tədqiqatlarda tətbiq
edilən yeni metodlara, kompüter proqramlarına və standartlara
tez adaptasiya olunmağa, digər tərəfdən isə milli
elmi kadrların hazırlanmasını sürətləndirməyə
imkan verib.
Məhz
bu dövrdə elmi tədqiqatlarla yanaşı, qərb cəmiyyətinin
Azərbaycanın elmi, mədəniyyəti və təbii
ehtiyatları ilə tanış edilməsi
üzrə səy göstərilib. Bununla əlaqədar olaraq
Geologiya və Geofizika İnstitutu və dünya şöhrətli
"Britaniyanın təbiət tarixi muzeyi" ilə birgə
BP şirkətinin sponsorluğu ilə təşkil olunmuş
"Müqəddəs odlar ölkəsi" adlı sərginin
əhəmiyyətini qiymətləndirməmək olmaz.
Eksponatları Azərbaycan təbiəti, tarixi, mədəniyyəti
və elmindən bəhs edən bu sərgi ilə 2 il müddətində bütün dünyadan
yüz minlərlə insan tanış olub. Qərb
şirkətləri ilə aparılan birgə işlər qərb
universitetləri ilə müştərək tədris
proqramlarının inkişafına da təkan verib.
1998-ci ildən
etibarən Geologiya və Geofizika İnstitutu "Soros",
"İntas", NATO, "CRDF", Ukrayna Elm Fondu UNTS,
ABŞ Elm Fondu NSF və başqa tanınmış
fondların qrant layihələrində iştirak edir.
İnstitutun beynəlxalq aləmdə fəaliyyəti eyni
zamanda, xarici elmi sessiyalar və konfranslarda, komissiya və komitələrdə
iştirak, birgə geoloji və geofiziki ekspedisiyaların təşkili,
görkəmli alimlərin bir çox dünya elm mərkəzlərində
mühazirə aparmaqları, bir çox ölkələr
üçün elmi kadrların hazırlanması və
inkişaf etmiş ölkələrin elm mərkəzlərində
kadrların təcrübə keçməsi şəklində
də aparılır.
Geologiya və Geofizika İnstitutunun gələcək
inkişafı ən yeni fundamental və texnoloji nailiyyətlərin
tətbiqinə əsaslanır. İnstitutun
eksperimental bazası yeni geofiziki avadanlıq, rəqəmli
telemetrik seysmik stansiyalar, presezion qravimetrlər, yüksək dəqiqliyi
ilə seçilən GPS və digər geodezik cihazlarla yenilənib.
Tanınmış BSİ-in spectorate
(Böyük Britaniya) analitik firması ilə
bağlanmış müqavilə əsasında İnstitutda
qazların, neftlərin və onların emal məhsullarının
analizi ilə məşğul olan müasir geokimyəvi
laboratoriya fəaliyyət göstərir.
Bundan əlavə, Geologiya və Geofizika İnstitutunda Azərbaycan
Dövlət Neft Şirkəti müəssisələrinin
birlikdə iştirakı ilə Azərbaycan Respublikası
Dövlət Proqramı hesabına maliyyələşdirilən
"Cənubi Xəzər çökəkliyinin Azərbaycan
hissəsinin karbohidrogen potensialının və
geodinamikasının öyrənilməsinə dair
2007-2014-cü illər üçün Tədbirlər
Proqramı" çərçivəsində tədqiqatlar
aparılıb və mühüm nəticələr əldə
edilib.
Azərbaycan
Nazirlər Kabinetinin qərarı ilə AMEA Geologiya və
Geofizika İnstitutunda müvafiq təşkilatların (AMEA, Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi)
iştirakı ilə Azərbaycanda əhalinin radon təhlükəsizliyi
probleminin milli strategiyası hazırlanıb və yerinə
yetirilib.
Geologiya və Geofizika İnstitutunda aparılan elmi tədqiqatlar
əsasında sahə institutları ilə birlikdə
respublika ərazisində bir neçə iri neft və qaz,
faydalı filiz və qeyri-filiz yataqları kəşf edilib.
Bilavasitə akademik A.Əlizadənin təşəbbüsü,
müəllifliyi və redaktorlğu ilə Geologiya və
Geofizika İnstitutunda dünya geologiya elmini zənginləşdirən
monoqrafiya və xəritələr hazırlanıb və nəşr
edilib. Belə
ki, çox cildli rus dilində "Qeoloqiə Azerbaydjana",
üç cildli Azərbaycan dilində "Azərbaycanın
Geologiyası", Avropanın məşhur "Springer" nəşriyyatında
çap edilən iki cildli "Geosciences of Azerbaijan",
Moskvanın "Nedra" nəşriyyatında çap edilən
iki cildli "Produktivnaə tolha Azerbaydjana"
monoqrafiyaları, Azərbaycan, ingilis və rus dillərində
nəşr edilən "Dünyanın palçıq
vulkanları atlası", rus dilində "Elm" nəşriyyatında
çap edilən "Atlas rudnıx mestorojdeniy
Azerbaydjana", azərbaycanca və rusca "Azərbaycan
mineralları" kimi əsərlər elm aləminə təqdim
edilib. Alim "Stratigraphy and sedimentology of oil-gas
basins" adlı beynəlxalq elmi jurnalın təsisçisi
və baş redaktorudur.
Akademik A.Əlizadənin rəhbərlik etdiyi Geologiya və
Geofizika İnstitutu bir çox fundamental və tətbiqi
xarakterli tədqiqatları həyata keçirən iri beynəlxalq
elmi mərkəzə çevrilib. Burada neft
geologiyası, palçıq vulkanizmi, paleontologiya və
stratiqrafiya, litologiya, geofizika, geotektonika və müasir
geodinamika və seysmologiya, neft və qaz yataqlarının
işlənilməsi sahəsində elmi məktəblər
yaradılıb. Akademik A.Əlizadə
geologiya və geofizika sahəsində kadr
hazırlığına böyük diqqət yetirir və
bunu özünün ən əsas vəzifələrindən
biri hesab edir. Onun bu gün dünya elminə
bu sahədə töhfələr verən nəslin yetişməsində
göstərdiyi xidmətlər danılmazdır. Akademikin geologiya və geofizika sahəsində kadr
hazırlığı və elmlə təhsilin
inteqrasiyası məqsədi ilə göstərdiyi təşəbbüs
nəticəsində Bakı Dövlət Universitetində və
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
baza kafedraları fəaliyyət göstərməyə
başlayıb. Yer Elmləri Bölməsinə
rəhbərliyi dövründə, Coğrafiya və Dərin
Neft və Qaz Yataqları Problemləri İnstitutlarının
fəaliyyətləri də yüksək səviyyədə
davam edib. Bu dövrdə Respublika Seysmoloji Xidmət Mərkəzinin
keyfiyyətcə yenidən qurulmasını və Avropa məkanında
ən dəqiq seysmik şəbəkəyə çevrilməsini
xüsusi olaraq qeyd etmək lazımdır.
Keçən əsrin 90-cı illərinin əvvəlində
"keçmiş sovetin lazımsız qalığı olan
Akademiyanı bağlamaq"
çağırışlarının tez-tez səsləndiyi
bir vaxtda Akif Əlizadə, qəti olaraq bu elm məbədini
müdafiə etmək üçün ayağa qalxanların
sırasında dayanıb. Dünya elminin inkişaf
tendensiyasına əsaslanaraq o, başqalarını da
inandırmağa çalışıb: "Akademiyanı
bağlamaq yox, onu tədricən təkamül yolu ilə -
fundamental elmi tədqiqatlar (FET) sistemini təşkil etmək,
bazar iqtisadiyyatı şəraitinə
uyğunlaşdırmaqla dəyişdirmək
lazımdır". Bu fikir onun təşəbbüsü
və fəal iştirakı ilə işlənib hazırlanan
Azərbaycan Respublikasında FET-nin təşkilinin ilk milli
konsepsiyası layihəsində aydın şəkildə ifadəsini
tapıb ("Elm" qəzeti, ¹11, 1992). Burada
konsepsiyanın əsas aspektləri, o cümlədən, elmi tədqiqatların
maliyyələşdirilməsinin forma və mexanizmləri,
elmi işçilərin sosial müdafiə sistemi, elmi nailiyyətlərin
tətbiqi və beynəlxalq elmi əməkdaşlıq
müzakirə olunub. Onu da qeyd etmək
maraqlıdır ki, alimin bir çox təklifləri, o
cümlədən, "Azərbaycana hansı Akademiya
lazımdır?" ("Bakinskiy raboçiy" qəzeti,
¹ 48, 2001) başlıqlı çox qiymətli məqaləsində
söylədikləri sonralar ölkə elmi üçün
konseptual mahiyyət daşıyan sənəddə - "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiya" və "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı"nda (Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli, 255 nömrəli
Sərəncamı ilə təsdiq edilib) bu və ya digər
formada öz əksini tapıb.
Akademik Akif Əlizadənin AMEA-nın prezidenti
seçilməsi ilə bu elmi müəssisə kadr
islahatları, struktur dəyişikliklər və gənc elmi
potensialın yenidən dəyərləndirilməsini
özündə ehtiva edən islahatlarla müşahidə
olunan yeni yüksəliş mərhələsinə qədəm
qoyub. Onun yüksək idarəçilik və təşkilatçılıq
qabiliyyəti sayəsində elmi mühitin yaradılmasında
effektiv nailiyyətlər əldə olunub, gənclərin elmə
maraqlarının artırılması, elmin cəmiyyətə
təbliğ olunması istiqamətində effektiv yollar müəyyənləşdirilib,
müstəqil Azərbaycanın iqtisadi inkişafının
ruhuna cavab verən elm hərəkatının əsası
qoyulub.
Bu istiqamətdə atılmış ilk addımlardan
biri 19 dekabr 2014-cü ildə ölkəmizin tarixində ilk dəfə
olaraq Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan
Respublikası Rabitə və Yüksək Texnologiyalar və Təhsil
nazirliklərinin təşkilatçılığı ilə
keçirilən Azərbaycan alimlərinin I Qurultayı olub. Bu Qurultay
müxtəlif sektorlarda çalışan alim və tədqiqatçılar,
o cümlədən, xarici ölkələrdə yaşayan azərbaycanlı
alimlər arasında qarşılıqlı münasibətləri
inkişaf etdirmək və ümummilli əhəmiyyətə
malik elmi problemlərin müzakirəsində ictimai konsensus əldə
etmək baxımından böyük əhəmiyyət
daşıyır.
Azərbaycan
Respublikasının Prezidentinın AMEA Yüksək
Texnologiyalar Parkının yaradılması haqqında 8 noyabr
2016-cı il tarixli sərəncamı da bu
dövr üçün əlamətdar hadisədir.
Akademik Akif Əlizadənin təşəbbüsü ilə
AMEA-da magistraturanın yaradılması respublikada elmin prioritet
istiqamətlərində gənc alimlərin yetişdirilməsinə
yönələn mühüm addımlardan biridir. Akademiyada gənclərin
dünya elminə inteqrasiyası sahəsində və
onların sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində bir
sıra mühüm işlər görülüb. Son illər AMEA-nın 100-ə yaxın gənc alimi
dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam
olunub.
AMEA-nın, Təhsil və Gənclər və İdman
nazirliklərinin birgə təşkilatçılığı
ilə Azərbaycanın gənc alimlərinin birinci
qurultayının keçirilməsi mühüm tədbirlərdən
biri olub.
Prezident İlham Əliyevin 2017-ci il 15
sentyabr tarixli "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə"
Dövlət Proqramının təsdiq edilməsi
haqqında" Sərəncamına əsasən təşkil
olunan qurultayda gənc alim və mütəxəssislərin
problemləri və gələcək perspektiv inkişaf istiqamətləri
ilə bağlı geniş müzakirələr
aparılıb və bəyannamə qəbul olunub. Qurultay
iştirakçıları müasir dövrün tələbləri
səviyyəsində yüksəkixtisaslı gənc
kadrların yetişdirilməsinə nail olmaq üçün
elm və təhsilin inteqrasiyası üzrə səmərəli
tədbirlərin həyata keçirilməsində bundan sonra
da səyləri birləşdirməyə
çağırıb. AMEA-nın Gənc Alim və
Mütəxəssislər Şurasının gənc tədqiqatçıların
apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin
nəşri və geniş elmi ictimaiyyətə
çatdırılması ilə əlaqədar "Gənc
Tədqiqatçı" adlı elmi jurnalının Azərbaycan
və ingilis dillərində nəşrə başlaması da
Akif müəllimin prezidentliyi dövründə baş tutub.
Onun fəaliyyətində himayədarlıq və
qayğıkeşlik mühüm yer tutur. Akif
Əlizadə öz təmkinli davranışı, ilk
baxışda inandırıcı görünməyən
ideyalara diqqətli münasibəti ilə gənc alimləri
özünə cəlb etməyi bacarır. Bu səbəbdən onu "gənc alimlərin
dostu" hesab edirlər.
AMEA-nın bütün institutlarının fəaliyyətinin
prioritet istiqamətlərinin, birmənalı şəkildə,
dövlət prioritetləri ilə birbaşa
uzlaşdırılması istiqamətində akademik Akif
Əlizadənin başladığı islahatlar bu gün
öz nəticəsinin göstərməkdədir.
Akif Əlizadənin Akadeiyaya rəhbərliyi
dövründə Azərbaycan elminin dünya elminə
inteqrasiyası sürətlənib, alimlərin nüfuzlu
impakt faktorlu jurnallarda çap etdirdikləri məqalələrin
sayı artıb və AMEA-nın bir çox elmi nəşrləri
SCOPUS referat bazasına daxil edilib.
Akademik Akif Əlizadə həmçinin, tanınmış ictimai xadimdir. Ölkənin siyasi həyatında da yaxından iştrak edən alim Yeni Azərbaycan Partiyasının 7 iyun 2013-cü il tarixində keçirilən V qurultayinda YAP-ın sədr müavini seçilib. Akademik Akif Əlizadə Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyəti sədrinin müavini və "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın redaksiya heyəti sədrinin müavinidir.
O, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının, Azərbaycan Elmində İslahataparma üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının və AR Dövlət Neft Şirkətinin Elm Fondunun üzvüdür.
Akademik Akif Əlizadənin çoxillik məhsuldar elmi, elmi təşkilati, ictimai və pedoqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, "Fədakar əməyə görə" yubiley medalı; "Şərəf nişanı", "Şöhrət", "Şərəf", "İstiqlal" ordenləri ilə təltif olunub. Akademik Akif Əlizadə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü və bir çox universitetlərin, o cümlədən, təhsil aldığı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəxri professorudur.
Akif Əlizadə ölkənin ictimai həyatında bu gün də aktiv iştirak edir. Akademik AMEA-nın 2030-cu ilə qədər inkişaf proqramını hazırlanması işinə rəhbərliyi ilə Azərbaycan elminə yeni böyük töhfə verib.
Doğma vətəninə və Azərbaycan elminin inkişafına öz bilik və bacarığını daha çox sərf etmək arzusu Akif Əlizadənin çoxşaxəli fəaliyyətinin bu gün də əsas məqsədidir.
Görkəmli elm xadimi və böyük elm təşkilatçısı, AMEA-nın prezidenti, akademik Akif Əlizadəni yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, həyat və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Fəxrəddin
QƏDİROV
AMEA Yer Elmləri
Bölməsinin akademik-katibi, akademik
525-ci qəzet.- 2019.- 26 fevral.-
S.4;6.