Afad Qurbanovun ümumi dilçilik dərsləri
(Əvvəli
ötən sayımızda)
Afad Qurbanovun Şərq dilçiliyi ilə Qərb
dilçiliyinin əlaqəsi barədəki fikri də maraq
doğurmaya bilməz. "Ümumi dilçilik" müəllifi
əmindir ki, Şərq filosofları Qərbi Avropa
dilçiliyinin inkişafına böyük təsir etmişlər.
Bu məsələdə şərhçi və tərcüməçilərin
də fəaliyyəti az
olmamışdır. Tərcüməçilər
Avropa elm aləminə Şərq ənənələrini
keçirməkdə böyük qüvvə idilər.
Onlar müxtəlif məzmunlu bir çox
materialları Qərbi Avropanın universal elm dili olan latın
dilinə çevirmişlər".
Əlbəttə,
İntibah hərəkatı, eləcə də XVII- XVIII əsrlər
Qərbdə dilçiliyin inkişafına ən müxtəlif
baxımlardan böyük təkan vermiş, F.Bopp, R.Rask, Y.Qrimmin tədqiqatları nəticəsində
XIX əsrin əvvəllərində meydana çıxan
müqayisəli- tarixi metod dil haqqındakı elmin sonrakı
taleyinə həlledici təsir göstərmişdir. Afad
Qurbanov bu məqama xüsusi diqqət yetirərək həm
yeni tədqiqat metodunun mahiyyətini geniş izah etmiş, həm
də XIX əsr dilçilik məktəbləri barədə
aydın təsəvvür yaratmışdır ki, buraya, ilk
növbədə, V.Humboldtun fəlsəfi (ümumi),
A.Şleyxerin naturalizm, H.Şteyntalın psixologizm dilçilik məktəbləri,
"gənc qrammatiklər" daxildir.
Dilçilik
tarixində "gənc qrammatiklər"in tənqidçiləri
kimi tanınan H.Şuxardtın "Sözlər və
şeylər", K.Fosslerin estetik idealizm məktəbləri,
eləcə də neolinqvistika cərəyanı haqqında
yığcam məlumatlardan sonra "Ümumi
dilçilik" müəllifi tamamilə əsaslı olaraq
müasir dilçiliyin banisi Ferdinand de Sössürün
"Kurs"unu şərh edir.
Və
yazır:
"Ümumdünya şöhrəti tapmış
"Ümumi linqvistika kursu" əsərinin başlıca əhəmiyyəti
ondan ibarətdir ki, burada dilçilik elminin spesifikası, onun
obyekti dəqiq müəyyənləşdirilmişdir. Məlumdur ki,
F.de Sössürə qədərki dilçilərin bir
çoxu dilə məntiqi, psixoloji, fizioloji və digər
mövqedən yanaşmış və bunun əsasında da
dilçiliyi düzgün işıqlandırmamışlar.
Sössür dili ictimai hadisə kimi qəbul edir və deyirdi:
"Dilçiliyin yeganə və əsl obyekti dildir…"
Dahi
dilçinin konseptual kəşflərinə (və həmin kəşflərin
metodoloji əsasında dayanan məşhur dixomiyalarına: dil
və nitq, sinxroniya və diaxroniya, daxili və xarici
linqvistika), əlbəttə, daha geniş yer ayırmaq
olardı, lakin nəzərə alsaq ki, vaxtilə sovet
dilçiliyi F.de Sössür təliminə "ziddiyyətli"
damğası vurmuş (və bunun "postsovet" təsiri
bugünə qədər davam etməkdədir), onda
"Ümumi dilçilik" müəllifinin müəyyən
tərəddüdlərini anlamamaq mümkün deyil.
Fikrimizcə,
dərslikdə struktur dilçilik cərəyanları barədə
verilən məlumatların yığcamlığı da
buradan irəli gəlir.
Afad
Qurbanov ümumən elmlər sistemində dilçiliyin yeri məsələsinə
kifayət qədər geniş yer ayırmaqla bir dilçinin
(və dilçiliyin) mövqeyindən bütövlükdə
elmşünaslıq araşdırması aparmışdır. Onun fikrincə,
"dilçiliyin elmlər sistemində yerini bilmədən,
onun məqsəd və vəzifələrini müəyyənləşdirmədən
filoloji təhsil sistemində xüsusi rolu olan dilçilik fənlərini
yüksək elmi-nəzəri səviyyədə tədris etmək
qeyri-mümkündür. Və odur ki, müəllif əvvəlcə
elmlərin yığcam təsnifini təqdim edir, sonra isə
ayrı- ayrılıqda hər bir elmlə dil haqqındakı
elmin əlaqələrini nəzərdən keçirir ki,
bunun çox ciddi elmi-pedaqoji əhəmiyyəti olduğunu,
görünür, xüsusi izah etməyə ehtiyacı yoxdur.
"Ümumi
dilçilik"də tətbiqi və nəzəri, xüsusi
və ümumi sahələri elmi prinsiplərlə fərqləndirildikdən
sonra dilçiliyin şöbələri məsələsinə
keçilir ki, həmin məsələnin həlli həmişə
bu və ya digər dərəcədə mübahisələrlə
müşayiət olunmuşdur. Görkəmli dilçinin dil
haqqındakı elmin şöbələrini təsnif edərkən
onun nəzəri və
tətbiqi sahələrinə istinad etməsi, əlbəttə,
həmin mübahisələrə müəyyən
aydınlıq gətirir. Və biz belə təsnif təcrübəsilə
qarşılaşırıq:
I. Nəzəri
dilçiliyin şöbələri: fonetika (fonologiya),
leksikologiya, onomalogiya, semasiologiya, frazeologiya, etimologiya,
derivatologiya, morfologiya və sintaksis.
II. Tətbiqi
dilçiliyin şöbələri: qrafika, orfoqrafiya,
orfoepiya, leksikoqrafiya və linqvo-tərcüməşünaslıq.
Burada diqqəti cəlb edən əsas cəhət
dilçilik şöbələrinin kifayət qədər
mükəmməl sistemidir ki, səsdən (fonemdən)
cümləyə qədər bütün dil vahidlərini
ehtiva edir. Həmin dil vahidləri barəsində verilən məlumatlar
da, ilk növbədə, öz anlaşıqlığı ilə
seçilir.
"Dil və onun xüsusiyyətləri" adlanan
ikinci bölmə 1) dilin mahiyyəti, 2) dilin mənşəyi,
3) dilin işarəviliyi, 4) dilin sistemi və 5) dilin
inkişafı məsələlərinə həsr
olunmuşdur.
Qeyd etmək lazımdır ki, bu məsələlər
dil haqqındakı elmin fəlsəfi əsaslarını və
ya metafizikasını təşkil edir.
Dil nədir?
Adətən sadə suallara cavab vermək ona görə
çətin olur ki, həmin sadə sualların meydana
çıxmasının əsasında çox mürəkkəb
xarakterli mahiyyətlər dayanır. XIX əsrin əvvəllərindən,
yəni dil haqqındakı elm özünü təsdiq edəndən
etibarən "dil nədir" sualına verilmiş ən
mötəbər cavablar, əsasən,
aşağıdakılardır:
"Dil - fikir formalaşdıran orqandır. Tamamilə
ruhi, dərinliklərinə qədər daxili və heç
bir iz qoymadan keçən əqli fəaliyyət nitq səsləri
vasitəsilə maddiləşir və hissi qavrama
üçün əlçatan olur. Ona görə də
təfəkkür fəaliyyəti və dil qırılmaz
şəkildə əlaqədə təqdim edilir... Dil xalq
ruhunun sanki xarici təzahürüdür; xalqın dili onun
ruhudur və xalqın ruhu onun dilidir - bundan daha çox eynilik
təsəvvür etmək çətindir... Dil ruhun elə
bir davamlı fəaliyyətini təqdim edir ki, həmin fəaliyyət səsi, nəticə
etibarilə, fikrin ifadəsinə çevirə bilsin"
(Vilhelm fon Humboldt).
"Dil
fikrin səsli ifadəsidir, səslərdə təzahür edən təfəkkür
prosesidir" (Avqust Slayxer).
"Dil... dərk olunmuş daxili, psixi və ruhi hərəkətlərin
vəziyyət və münasibətlərinin tələffüz
olunan səslər vasitəsilə ifadəsidir" (Haynrix
Ştayntal).
"Dilin mahiyyəti ünsiyyətlə müəyyən
olunur" (Hüqo Şuxardt).
"Dil
ruhi ifadədəir... Dilin tarixi ifadənin ruhi
formalarının, həmçinin, sözün ən
geniş mənasında incəsənətin tarixindən
başqa bir şey deyil" (Karl Fossler) və s.
Göründüyü kimi, bu cavablarda dilin mahiyyətini
və ya metafizikasını izah edən iki mühüm cəhət
əks olunur ki, onlardan birincisi dilin fikir ifadə etmək vasitəsi
olmasıdır. Yəni hər bir insan dil vasitəsilə
düşünür, öz düşüncələrini dil
vasitəsilə ifadə edir. İkinci cəhət
birincinin birbaşa davamı olub dilin fikir mübadiləsi və
ya ünsiyyət vasitəsi olmasını göstərir.
Yəni dil insanlar arasında çox zəruri
amil olan (prinsip etibarilə, insanı insan edən) sosial
ünsiyyət ehtiyacını təmin edir.
Bunlardan birincisi dilin ekspressiv, ikincisi isə kommunikativ
funksiyası adlanır.
Lakin
"dil nədir" sualına XX əsrin əvvəllərində
ümumən dil haqqındakı elmin tarixində əsaslı
dönüş yaradan ən elmi (və mükəmməl)
cavabı F.de Sössür verdi.
Dahi
dilçi, hər şeydən əvvəl, insanın nitq fəaliyyətində
dillə nitqi bir-birindən fərqləndirərək
dilçiliyin yeganə obyektinin o zamana qədər əsasən
"dil" adı altında sinkretik (mücərrəd)
şəkildə öyrənilən hadisə deyil, "iyerarxik
işarələr sistemi" olduğunu göstərdi.
Lakin hər
cür ünsiyyət təzahürlərini (və vasitələrini)
"dil" adlandırdığımız bir şəraitdə
dilçi nəyin nitq fəaliyyəti, nəyin nitq, nəyin
isə dil olduğunu aydın dərk (və izah) etməyi o səviyyədə
bacarmalıdır ki, "xaos"dan baş çıxara
bilsin.
Beləliklə, "dil nədir" sualına belə
bir ümumi cavab vermək mümkündür ki, dil sərbəst
(ixtiyari) işarələr sistemi olub, nitq vasitəsilə
insanlar arasında fikir mübadiləsinə, ümumən,
ünsiyyətə xidmət edir.
Afad Qurbanov dilin ictimai mahiyyətini izah edərkən onun
ünsiyyət vasitəsi olduğu, eksprissiv funksiya
daşıdığı barədə geniş bəhs edir. Və sonra
dilin mənşəyi məsələsi üzərində
xüsusi dayanır.
Müəllif
dilin yaranmasına dair, demək olar ki, bütün mövcud (səs
təqlidi, nidalar, ictimai razılaşma, jestlər, əmək
hıçqırıqları və "günəş")
nəzəriyyələri izah etdikdən sonra "dilin mənşəyinin
həqiqi şərhi"ni verir:
"Bütün bura qədər deyilənlərdən
aydın olduğu kimi, səsin əmələ gəlməsində
danışıq üzvləri mexanizm, udulmuş hava
axını isə materialdır. Hava axını
danışıq üzvlərinin birgə fəaliyyəti nəticəsində
ictimai səslərə çevrilib ünsiyyətə xidmət
edir. Ünsiyyət vasitəsi kimi meydana
çıxmış dil isə tarixən səs bazası
üzərində insanın özü ilə bir prosesdə,
onunla müvazi yaranmışdır".
Fikrimcə, bunu antropososial nəzəriyyə
adlandırmaq olar.
Ümumiyyətlə,
dilin tarixi probleminə ümumi dilçilikdə, əsasən,
üç müxtəlif aspektdən
yanaşılır ki, onların birincisi dilin mənşəyi,
ikincisi dildə baş verən dəyişmələr,
üçüncüsü isə dillərin bölünməsindən
(diferensiasiyasından) ibarətdir.
Dilin mənşəyi
barədəki təsəvvürlərin özü
başdan-ayağa metaforikdir... Əl hərəkəti,
səs təqlidi və s. Lakin həmin metaforika eyni zamanda
ünsiyyət nəzəriyyəsi (və texnologiyası)
baxımından, praktik olaraq da istisna edilmir.
Maraqlıdır
ki, Afad Qurbanov dilin mənşəyi probleminin dilçilik tədqiqatlarının
gündəliyindən çıxarılmasına həmişə
qəti etiraz etmişdir.
Azərbaycan
MEA-nın prezidenti Mahmud Kərimovun "Ümumi
dilçiliy"ə "Ön söz"ündə deyilir
ki, "müəllif dilin mənşəyi kimi vacib bir
problemi kitabına daxil etmişdir. Hələ
XIX əsrdə Paris Beynəlxalq Linqvistlər Cəmiyyəti
belə hesab edirdi ki, dilin mənşəyi məsələsi
izahedilməzdir, buna görə də ona heç toxunmaq
lazım deyil. Afad Qurbanov əsərində fransız
dilçisi Vandriyesin və Amerika dilçisi Eduard Sepirin də
dilin mənşəyi barəsindəki fikirlərini göstərərək
cəsarətlə onlara qarşı çıxır və
deyir: "Dilin mənşəyi məsələsinin
dilçilikdən kənar məsələ olduğunu
söyləyənlər, şübhəsiz ki, bu problemin son dərəcə
çətin və çoxcəhətli olduğuna əsaslanmışlar.
Dilin əmələ gəlməsi nə qədər
çətin və mürəkkəb olsa da, bunu
dilçiliyin problemləri sırasından xaricdə
düşünmək olmaz. Çünki
dil dilçilik elminin obyektidir. Dilin əmələ
gəlməsinin tam həqiqi və elmi şərhi məhz
müvafiq elmlərin qarşılıqlı tədqiqatları
əsasında mümkün olacaqdır".
Dil sistemdir.
Bu o deməkdir ki, dil qanunauyğun əlaqə və ya
münasibətlərin cəmidir. Həmin əlaqə və
ya münasibətlər qanunauyğunluğu isə dilin
strukturunu təşkil edir. Və ona
görə də biz "sistemin strukturu" ifadəsini
işlətməklə onu nəzərdə tuturuq ki, sistem
müəyyən struktura (quruluşa) mənsubdur.
Dilin
semioloji xarakterini kəşf etməklə F.de Sössür
sübut etdi ki, dil ən azı ikiölçülü bir
sistemdir: sintaqmatik (üfiqi) və paradiqmatik (şaquli). Ancaq
üçüncü bir ölçü də vardı:
semantika. Və bu da dilin semioloji təbiətindən irəli
gəlir: işarə həm də məna ifadə etməlidir.
Ona görə də dilin quruluşu, prinsip etibarilə,
"üçölçülü məkan"da təsəvvür
olunur: sintaqmatika, paradiqmatika və semantika.
Afad Qurbanov "Ümumi dilçilik" dərsliyində
dilin işarəvi təbiəti haqqında ümumi məlumat
verir, lakin dilin sistemi üzərində nisbətən
geniş dayanır. Və yazır:
"Sistemlərin ünsürləri arasındakı
bütün əlaqə və münasibətlər
quruluşu təşkil edir. Deməli, quruluşu
sistemsiz, sistemləri isə quruluşsuz təsəvvür etmək
qeyri-mümkündür. Həm də bunlar bir-birindən
təcrid olunmuş, ayrı-ayrı mövcud ola
da bilməz.
Dil sistemlərinin müxtəlif növləri
mövcuddur. Təəssüflə deməliyik ki, bəzi nəzəri
ədəbiyyatda dil sistemləri əsas və əlavə deyə
iki yerə bölünür. Belə fikirlərlə
qəti razılaşmaq olmaz. Çünki dildə
ikinci dərəcəli, faydasız sistem yoxdur və ola da bilməz. Bunların
hamısı, həcm və digər cəhətlərdən
asılı olmayaraq, başlıcadır, dilin
varlığı və inkişafı üçün
vacibdir.
Dil sistemlərini
həcminə görə aşağıdakı qruplara ayırmaq olur: makro
(böyük), mikro (kiçik) və yarımsistem. Dilin makro
(böyük) sistemləri aşağıdakılardır:
fonetik, leksik, semantik, morfoloji, sintaktik".
Sonra isə müəllif dilin həm daxili, həm də
xarici faktorlarını nəzərə almaqla onun fonetik,
leksik və qrammatik tərkibinin inkişafından bəhs edir.
"Ümumi dilçiliy"in "Dillər və
onların təsnifi" bölməsinə 1) dünya dilləri
haqqında, 2) dünya dillərinin təsnifi və 3) türk
dilləri, türk dünyası və onun dilləri mövzuları
daxildir.
Müəllif
yazır:
"Müxtəlif dillərin öyrənilməsi
tarixində müəyyən prinsiplər əsasında bir
sıra təsnif meydana çıxmışdır. Bunların bəziləri az miqdarda dili, bəziləri isə çox
dili əhatə etmişdir. Həmçinin,
dillər qruplaşdırılarkən bəzi təsniflər
geniş yayıla bilməmiş, məhdud dairədə
istifadə olunmuşdur. Dillərin
qruplaşdırılmasına dair aşağıdakı təsniflər
yaranma tarixinə, məzmun və mündərəcəsinə
görə diqqəti daha çox cəlb edir:
1)
Coğrafi təsnif;
2) Tipoloji
təsnif;
3) Stadial
təsnif;
4) Funksional
təsnif;
5)
Genealoji təsnif.
Bu təsniflər məqsəd və vəzifələrinə
görə bir-birindən fərqlənir və bunların hər
biri ayrı-ayrı elmi prinsip və metodlara əsaslanır".
Hər
bir təsnif prinsipinin mahiyyəti barədə ətraflı məlumatdan
sonra dünya dillərinin
geniş genealoji təsnifi təqdim
edilmişdir ki, burada mövcud təsnifat təcrübələrinə
istinad edilməklə yanaşı, xüsusilə türk dillərinin
təsnifində müəllifin öz tədqiqatlarının
nəticələri də əksini tapmışdır.
Afad
Qurbanov dünya dillərinin təsnifi sahəsində qazanılmış
uğurlarla yanaşı, bir sıra
çatışmazlıqların olduğunu da göstərir:
"Mövcud təsniflərin hamısı
üçün çatışmayan bir cəhət də
onların heç birində dünya dillərinin
hamısının əhatə edilməməsidir. Bütün
deyilənlərə əsasən dillərin təsnifinin
indiki vəziyyəti məqbul hesab olunmur.
Dillərin təsnifi müasir dilçiliyin ən
mürəkkəb problemlərindəndir. Bu sahədə
bir sıra vacib vəzifələr qarşıda durur".
"Yazı nəzəriyyəsi məsələləri"
bölməsində 1) dil və yazı, 2) əlifba problemi və
3) stenoqrafik yazı mövzuları ehtiva olunur.
Yazını "görmə vasitəsilə dərk edilib, fikrin ifadəsində əsas ünsiyyət vasitəsinə köməkçi olan işarələr sistemi" kimi səciyyələndirən müəllif onun (yazının) xüsusiyyətləri, əmələ gəlməsi tarixi, hazırda müxtəlif yazı tiplərindən istifadə texnologiyaları, rəqəm sistemləri, durğu işarələri və s. barədə geniş təsəvvür yaratdıqdan sonra əlifba problemini keçir.
Və yazır:
"Finikiya əlifbası bir çox əlifbaların əsasını təşkil edərək onların ulu valideyni - mənbəyidir. Bu əlifbadan əvvəlcə qonşu xalqlar istifadə etmişlər, sonralar isə get- gedə başqa xalqlar arasında yayılmağa başlamışdır. Finikiya əlifbasının uzaqlara yayılmasına, birinci növbədə, finikiyalıların özləri səbəb olmuşlar. Doğrudur, onlar əlifbanı yaymağı qarşılarına məqsəd qoymamışlar. Lakin ticarətlə daha çox məşğul olan bu xalq özgə ölkələrə ticarət səfəri zamanı yazılı əlaqə vasitəsi kimi əlifbadan istifadə etmişlər və bu prosesdə başqa xalqlar da əlifbanı əxz etməli olmuşlar".
(Ardı var)
Nizami CƏFƏROV
525-ci qəzet.- 2019.- 27 fevral.- S.6.