Həmid Araslının 110 illiyi
Ədəbiyyat İnstitutunda qeyd olundu
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
görkəmli ədəbiyyatşünas,
Əməkdar elm xadimi,
akademik Həmid Araslının anadan olmasının 110 illiyinə
həsr olunmuş elmi sessiya keçirilib.
Əvvəlcə XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai
həyatında aparıcı
mövqeyə malik şəxsiyyətlərdən olan Həmid Araslının elmi yaradıcılığına həsr
olunmuş sərgi nümayiş etdirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin çoxcəhətli elmi fəaliyyətindən, Azərbaycan
ədəbiyyatı tarixinin
formalaşmasında və
inkişafındakı misilsiz
xidmətlərindən söhbət
açıb. O, Prezident İlham Əliyevin "Akademik Həmid Araslının
110 illiyinin qeyd edilməsi haqqında"
11 fevral 2019-cu il tarixli Sərəncamını
elmimizə, ədəbiyyatşünaslığımıza
göstərilən diqqət
və qayğının
daha bir nümunəsi olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli bildirib ki, alimin irsində
klassik ədəbiyyat
məsələləri, folklorşünaslıq,
mətnşünaslıq, şərq
xalqları ədəbiyyatı
və müasir ədəbiyyatla bağlı
tədqiqatlar xüsusi
yer tutur. Azərbaycan elmi
ictimaiyyəti Həmid
Araslını klassik Azərbaycan ədəbiyyatı
sahəsində böyük
elmi məktəb yaratmış görkəmli
alim kimi tanıyır və onun irsinə ehtiramla yanaşır.
"Orta əsrlər
Azərbaycan ədəbiyyatının
bir sıra naməlum sənətkarlarının
yaradıcılığı məhz Həmid Araslının axtarışları
nəticəsində üzə
çıxmışdır" - deyən AMEA-nın vitse-prezidenti yarım əsrlik tədqiqatçılıq
və ədəbiyyatşünaslıq
fəaliyyəti dövründə
onun Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar apardığını,
xalqımızın ölməz
abidəsi olan "Kitabi-Dədə Qorqud"un Azərbaycanda ilk tədqiqatçısı kimi
tanındığını söyləyib. Qeyd edib ki, Həmid
Araslı böyük
Azərbaycan şairləri
- Nizami Gəncəvi,
Məhəmməd Füzuli,
Məshəti Gəncəvi,
Xaqani Şirvani, Nemətullah Pişəvari,
Şah İsmayıl Xətai və b. barədə sanballı araşdırmaları ilə
ədəbiyyatşünaslıq elmimizi zənginləşdirib.
İmadəddin Nəsiminin əsərlərinin
ən mükəmməl
çapı H.Araslının
tərtib edərək
nəşr etdirdiyi seçilmiş əsərləri
hesab olunur.
Bildirilib ki, məhsuldar elmi yaradıcılığını
pedaqoji fəaliyyətlə
uzun illər boyu uğurlu şəkildə əlaqələndirən
alim ölkənin mədəni-ictimai həyatında
da yaxından iştirak edib. AMEA sistemində onun fəaliyyəti bir çox qurumları əhatə edir. Həmid Araslının çoxcəhətli
yaradıcılığı Milli Azərbaycan Ədəbiyyatı Muzeyi,
Ədəbiyyat, Əlyazmalar,
Şərqşünalıq institutları və Mərkəzi Elmi Kitabxana ilə üzvi şəkildə bağlıdır. Akademik
İsa Həbibbəyli
görkəmli alimin müdafiə etdiyi
"XIII-XV əsrlər Azərbaycan
ədəbiyyatı" mövzusundakı
namizədlik, "XVII-XVIII əsrlər
Azərbaycan ədəbiyyatı"
mövzusundakı doktorluq
dissertasiyalarının ədəbiyyatşünaslıq
elminin sanballı, ümumiləşdirilmiş tədqiqatları
kimi yüksək qiymətə malik olduğunu vurğulayıb.
O, Həmid Araslının
əsərlərinin müasir
Azərbaycan ədəbiyyatşünasları
üçün etibarlı,
mötəbər mənbə
olduğunu qeyd edib.
Daha sonra professor Qəzənfər
Paşayevin "Böyük
folklorşünas alim",
professor Şirindil Alışanlının
"Görkəmli ədəbiyyat
tarixçisi", filologiya
elmləri doktoru Fəridə Əzizovanın
"Həmid Araslı
və klassik ədəbiyyat problemləri"
və filologiya elmləri doktoru Əlizadə Əsgərlinin
"Həmid Araslı
və türk-müsəlman
dünyası ədəbiyyatı"
mövzusunda məruzələri
dinlənilib.
Tədbirdə AMEA Dilçilik İnstitutunun
direktoru, akademik Möhsün Nağısoylu,
Əlyazmalar İnstitutunun
elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov və digərləri çıxış edərək
Həmid Araslı yaradıcılığından söz açıb, onun elmi irsinin
daha dərindən öyrəniləcəyini və
gənclər üçün
layiqli örnək olaraq qalacağını bildiriblər.
Sonda AMEA-nın müxbir üzvü Nüşabə
Araslı çıxış edərək atasının 110
illiyinin qeyd edilməsinə
görə ölkə başçısına və
Akademiyanın rəhbərliyinə minnətdarlığını
bildirib.
525-ci qəzet.- 2019.- 27 fevral.- S.7.