Yaşıl palto
Anama - Maisə xanıma
Anamın yaşıl paltosu var idi. Yaşıl deyirəm,
amma bu yaşıl
rəng qaraya daha çox oxşayırdı. Onu mənim
qədər çox və mənim qədər yaxından görməsəydiniz, yəqin
ki, elə qara olduğunu düşünərdiniz. Çox sadə, kobud, bir o qədər də şux palto idi.
Atam onu Türkiyədən anam üçün alıb gətirmişdi. Bəlkə də yaşca
məndən böyük
idi, çünki xatırladığım bütün
qışlarda anamın
əynində o palto var idi.
Həmin palto anamı daha məğrur, daha güclü, daha şux göstərirdi. Hətta hərdən
düşünürdüm ki, palto anamla
yarışır, anamdan
daha məğrur, daha güclü, daha şux görünməyə
çalışır. Buna görə də
içimdə ona qarşı bir əsəb, kin var idi.
Uşaqların əşyaları canlı
kimi təsəvvür
etmə xüsusiyyəti
olur. Yəqin bu, sizdə
də olub. Ən azından hamımız uşaqlığımızda oyuncağımız
ilə söhbət etmişik. Həmin yaşıl palto
da mənim gözümdə bir canlı idi.
Atamın ölümündən sonra
dünya dəyişdi. Onda uşaq
olsam da, bu dəyişikliyi çox yaxşı hiss edirdim. Məsələn, atamın ölümündən
əvvəl anamın
kədərlənməyi heç
yadıma düşmür.
Elə bil anam o vaxta
kimi heç kədərlənməmişdi, heç ağlamamışdı.
Amma təbii ki, belə deyil. Anam atamın ölümündən
əvvəl də mütləq ki, nələrəsə kədərlənmişdi.
Anam atamın ölümündən
əvvəl də mütləq ki, nələrəsə ağlamışdı,
amma niyəsə biz heç vaxt atamın ölümünə
qədər bunun fərqinə varmamışdıq.
Yəqin
atam sağ olsa, bunu hələ
də hiss etməyəcəkdik.
Çünki hər nə olsa da,
biz bir yerdəydik və bu xoşbəxtlik
bütün ağrılara,
bütün kədərlərə
qalib gələ biləcək qədər
güclü idi...
O paltonun qoxusu hələ də yadımdadır. Anamın
qoxusu o paltoda daha çox hiss olunurdu. Ucuz ətir ilə
qarışmış qadın
qoxusu. Dünyanın ən gözəl,
ən kədərli qoxusu.
Atamın ölümündən sonra
palto da anamla bərabər qocalmağa başladı. Əşyalar qocalmır, köhnəlir,
amma bu palto
köhnəlmirdi, eynən
bir canlı kimi qocalırdı. Dəri palto idi. Daha doğrusu, saxta dəri. Üzərində qırışlar yaranmağa başlamışdı.
Bəlkə bu qırışlar
atamın ölümündən
əvvəl də var idi, amma
mən anamın paltosundakı bu qırışları yalnız
atamın ölümündən
sonra hiss etməyə
başlamışdım. Anamın çöhrəsindəki
qırışları hiss etdiyim kimi.
Paltonun üzərindəki
qırışların sayı
getdikcə artırdı. Hətta paltonun
künclərindən qabığı
soyulmağa da başlamışdı. Elə bil
palto yenə anamla yarışda idi və anamdan
daha tez qocalmağa çalışırdı.
Artıq palto anamın əynində əvvəlki
kimi məğrur, güclü, şux görünmürdü. Anam isə,
əksinə, əvvəlkindən
daha məğrur, daha güclü, daha şux idi.
Hər nə qədər anamın çöhrəsində
əvvəl heç vaxt görmədiyim, hiss etmədiyim kədər peyda olsa da.
Paltoya olan bütün əsəbim,
kinim sevgi və mərhəmət hissi ilə əvəz olunmuşdu. Artıq ona
nifrət etmirdim.
Bir əşyanı bundan daha çox sevmək mümkün olmazdı, bəlkə heç insanı da.
Hər şey çətinləşmişdi. Mənim
uşaq ağlımla
hiss edəcək qədər
çox çətinləşmişdi.
Anamın tək dərdi
bizi böyütmək
idi. Bütün məğrurluğuna rəğmən, anamın
simasında təlaş,
həyəcan hiss olunurdu.
Artıq
anamın kədəri
də məğrurluğuna
qarışaraq simasında
özünə qırış
halında yer tapmışdı, yaşıl
paltosunda artan qırışlar kimi.
Atamın ölümündən illər
ötmüşdü. Onun süfrə
arxasında boş qalan yerində uzun müddət heç birimiz oturmadıq. Yeməyimizi də
biri-birimizdən gizlincə
o boş yerə baxa-baxa yeyirdik. Yadıma düşür,
bir dəfə çaşıb həmin
yerdə oturmuşdum deyə bacılarım mənə əsəbləşmişdi
ki, sən niyə orada oturdun, keç öz yerində otur!
İllər sonra masamızı dəyişəndə yeni
masa arxasında atamız üçün
xüsusi yer ayırmadıq. Çünki həm atamız
bu masa arxasında
oturmamışdı, oturmayacaqdı,
həm də masa arxasında boş yer görmək
çox kədərli
mənzərə idi.
Atamın yeri isə yox olmamışdı, sadəcə yerlərimizin
arasında itmişdi.
Anamın yaşıl paltosu atamın ölümündən
uzun illər sonra da bizimlə
oldu. Anam hər qış
bu qocalmış paltonu geyinəndə ondan özünə təzə palto almağını xahiş
edirdik. Anam isə hər
dəfə "gələn
qış alaram" deyirdi.
Həmin palto bizim üçün
artıq ailəmizin bir hissəsinə çevrilmişdi. Anam hər növbəti
qışda o paltonu geyinəndə mübarizəmizin
hələ davam etdiyini anlayırdıq.
Bizim üçün bir növ bayraq, mübarizə simvolu idi. Anamızın mübarizəsinin sübutu idi o yaşıl palto.
İllər ötdükcə bir çox çətinlikləri geridə qoyduq. Anam istəyinə çatdı, mübarizəsi boşa getmədi, həyatı axarına sala bildik.
Uzun illər bizimlə olan o yaşıl paltonu anamın axırıncı dəfə nə vaxt geyindiyini xatırlamıram. Paltoya aid yadımda qalan son şeylər odur ki, palto çox qocalmışdı, hər yeri qırış içində idi və bir çox hissəsində qabığı soyulmuşdu. Əldən düşmüş qarıya bənzəyirdi. Amma bir şeyi də xatırlayıram ki, son gördüyümdə palto çox xoşbəxt idi, indiyə kimi olmadığı qədər xoşbəxt.
Keçən səfər süfrə arxasında əyləşəndə birdən o yaşıl palto yadıma düşdü və anamdan onun harada olduğunu soruşdum. Anam isə bir qədər kədərlə cavab verdi:
- O palto çoxdan ölübdür ki.
Hamımız hörmət hissi
ilə susduq. Kədərlənmişdik, amma həm də məğrur idik.
Anamın o köhnə yaşıl paltosu kimi məğrur və
güclü.
Ulucay
AKİF
525-ci qəzet.- 2019.- 27 fevral.- S.7.