Əliabbas Qədirov: sənətkarın
şöhrəti və unudulmazlığı
Əliabbas Qədirov bütün ömrünü Azərbaycan
teatr və kino sənətinə həsr etmiş, onlarla bir-birindən maraqlı rollara öz imzasını həkk etmiş və əsl sənətkar ömrü
yaşamış aktyor
idi.
Onun həyatına, aktyor sənətinə gətirib
çıxaran ömür
yoluna nəzər salanda, keçdiyi maneələri, sıxıntıları
oxuyanda düşünürsən,
insanda nə qədər böyük sevgi, nə qədər böyük həvəs olmalıdır
ki, hər şeyin üstündən
xətt çəkib,
gizlin-gizlin, oğrun-oğrun
da olsa özünü,
gələcəyini gördüyü
sənətin arxasıyca
getsin. Bəli, o, özünü yalnız aktyor kimi görürdü.
Əlindəki heç bir
imkan, kənardan edilən müdaxilələr,
verilən məsləhətlər,
qoyulan sərt qadağalar onu yolundan döndərməyə
kifayət edə bilməzdi. Etmir də... Çünki onun aktyorluq
sənətinə, səhnəyə
sevgisi bunların hamısından güclü,
hamısından böyük
idi. Və bu sevgi qarşısında
hər kəs təslim olur...
Aktyor doğulan...
1946-cı ilin 13 fevralı
çoxları üçün
adi, əslən xızılı olan, Bakıda dəmiryolçu
işləyən Gülabbas
kişinin ailəsi üçün isə əlamətdar gün idi. Həmin gün ailəyə
yeni üzv, yeni nəfəs gəlmişdi. Səkkizuşaqlı ailənin ikinci övladı kimi dünyaya gələn, adını Əliabbas qoyduqları körpənin
gələcəkdə nəinki
ailəsinin, bütünlükdə
Azrbaycan xalqının,
Azərbaycan mədəniyyətinin
tarixində önəmli
şəxsiyyət olacağından
isə hələ heç kimin xəbəri yox idi.
Uşaqlıq illərindən danışmağı
sevən, söhbətlərində
tez-tez o illərə səyahət edən Ə.Qədirovun oğlu İlham Qədirov bu söhbətləri belə xatırlayır:
"Onun söhbətlərindən
gəldiyim ilk nəticə
bu oldu ki,
atam elə kiçik yaşlarından
inadkar, sözübütöv,
qətiyyətli olub. Heç vaxt rahat həyat
axtarmayıb. Zəhmətdən çəkinməyib. Bir də
uşaqlıqdan pulqazanan
olub. Xızılı qadınların bişirdikləri
çörəklər həmişə
adla deyilib. Nənəm şəhərdə yaşasa
da, adətlərini yaddan çıxarmayıb.
Xızılıların əksəriyyəti kimi, o da həyətlərindəki
təndirdə çörək
bişirib. Atam da onları bazarda satıb".
Bakıdakı 31, 176, 43, 36, 105 saylı orta məktəblərdə
təhsil alan
Əliabbasın gələcək
taleyi də məhz məktəb illərindən həll olunur. Uşaqlığından humanitar elmlərə,
xüsusən ədəbiyyata
maraq göstərən
şagirdində səhnəyə
həvəsi də elə ədəbiyyatı
tədris edən Dilşad müəllimə
oyadıb. Əliabbas Qədirov
ilk rollarını onun
məktəbdə təşkil
etdiyi dram dərnəyinin
tamaşalarında oynayır.
Ondakı İlahi istedadı
görən müəllimi
həmişə ona baş rolları verirdi. Həmin dərnəyin tamaşalarında
gah Hacı Qaranı ("Hacı Qara"), gah Vaqifi ("Vaqif") oynaya-oynaya ürəyində
sonsuz arzuları, xəyalları da bəsləyirdi. Bir gün
onun ayaqlarının altındakı səhnə
bundan dəfələrlə
böyük, onu izləyənlərin, sevənlərin
sayı bundan qat-qat çox olacaqdı. Ən azından o, belə
arzulayırdı.
Onun bu arzuları onu səkkizinci sinifdə oxuyarkən aktyor Ağadadaş Qurbanovun rəhbərlik etdiyi, indiki Sahil bağına
yaxın yerləşən
dram dərnəyinə gətirib
çıxarır. İki il də
bu dərnəkdə məşğul olan, müxtəlif tamaşalarda
rollar oynayan Əliabbasın ürəyində
başqa bir narahatlıq da vardı. Şəxsi dükan işlədən,
imkanlı, ancaq sərt xasiyyətli atası oğlunu həkim kimi görmək istəyirdi.
Onu qorxudan atasının bu istəyi deyildi, atasının teatra, aktyorluq sənətinə, tamaşalara
həqarətlə yanaşması,
heç vaxt ciddiyə almaması idi. Səhnənin ovsununa düşən,
bu sevgini bir dəfə dadan Əliabbası isə başqa sənət qətiyyən
maraqlandırmırdı. Onun bütün xəyalları,
arzuları, ümidləri
məhz səhnə ilə, teatrla bağlı idi. Bir də ki, başda
müəllimi Ağadadaş
Qurbanov da olmaqla hamının qabiliyyətini etiraf etdiyi, onun artıq
istedadlı bir aktyor olduğunu dediyi halda niyə
də arzularından vaz keçsin ki? Ya aktyor
olacaqdı, ya da aktyor olacaqdı...
Qərarı nə qədər qəti olsa da, atasından çəkindiyindən dərnəyə getdiyini hər vəchlə gizlədirdi. Amma atası oğlunun qəribə əhvalından artıq şübhəyə düşmüşdü. Bir gün onu izləyib getdiyi yeri öyrənir. Ağadadaş Qurbanovla qarşılaşanda isə oğlunu göstərib "Bu gəlir artistlik eləməyə. Mən isə istəyirəm, həkim olsun" - deyir. A.Qurbanov isə ona oğlunun qabiliyyətindən, gələcəkdə yaxşı aktyor olacağından danışır: "Əliabbas yaxşı aktyor olacaq. Qabiliyyəti var. Mən də onu həvəsləndirəcəyəm. Siz nahaq oğlunuzu bu yoldan çəkindirmək istəyirsiniz".
Söhbət xeyli uzansa da, heç biri güzəştə getmir, dediyindən dönmək istəmir. A.Qurbanovdan inciyərək oranı tərk edən atası axşam evdə oğluna bir də dram dərnəyinə getməyi qadağan edir.
Bu yoldan dönmək olmur
1965-ci ildə Əliabbas Qədirov orta məktəbi bitirdi. Onun özü üçün hara gedəcəyi, kim olacağı bəlli idi. Amma yenə də atasının sərt mövqeyinə görə cəsarət etməkdə çətinlik çəkirdi. Onu cəsarətləndirən, köməyinə çatan isə dayısı Balaqardaş olur. O, bacısı oğlunun sənədlərini Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) verir. Beləliklə, Ə.Qədirov 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Xalq artisti, professor Mehdi Məmmədovdan sənət, Əməkdar artist Müxlis Cənizadədən isə səhnə danışığı dərslərini alır.
Sənətin zirvəsinə doğru...
İnstitutu 1970-ci ildə bitirəndə Mehdi Məmmədov onu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına gətirdi. Həmin ilin 6 aprelindən o, artıq Azərbaycanın ən böyük teatrının aktyoru idi. Bu, müəllimi tərəfindən verilən böyük dəyər olsa da, həm də çox böyük məsuliyyət idi. Və gənc aktyor bu məsuliyyəti çox gözəl dərk edirdi. Hər zaman bu dəyərə layiq olmaq üçün çalışırdı.
Hələ tələbə ikən - 1969-cu ildə ailə quran Ə.Qədirovun nə oğlu İlham, nə də qızları Gültəkin və Gülçin onun sənətini davam etdirdilər. Bəlkə də ailələrində belə bir güclü sənətkarın olması onlarda "daha yaxşısı olmaz" fikrini yaradıb və bu sənətdən uzaq tutub. Amma sirr deyil ki, hər biri teatrı çox sevib, atalarının sənətinə böyük hörmət və məhəbbət bəsləyiblər.
Həm Akademik Milli Dram Teatrında, həm də filmlərdə oynadığı rollara nəzər salsaq, Ə.Qədirovun son dərəcə müxtəlif, bir-birinə zidd, konfliktli, mürəkkəb xarakterli obrazlara həyat verdiyinin şahidi olarıq.
O, "Xəyyam"da Yusif, "Zamanın hökmü"ndə Pronya, "Xırs quldurbasan"da Vəli, "Darıxma, ana!"da Givi, "Mahnı dağlarda qaldı"da Leytenant və Nicat, "Aydın"da İlyas, "Şöhrət və ya unudulan adam"da Fotoqraf, "Məhəbbət əfsanəsi"ndə Şərif, "Xurşidbanu Natavan"da Seyid Hüseyn, "İblis"də Vasif, "Kimdir haqlı?"da Rəşad, "Büllur sarayda"da Həbib, "Biganələr oteli"ndə Diş həkimi, "Torpağa sancılan qılınc"da Qazan xan, "Şeyx Xiyabani"da Şirzad, "Mənsiz dünya"da Mirzə Şəfi, "Sevgililərin cəhənnəmdə vüsalı"nda Mircəfər Bağırov, "Tənha iydə ağacı"nda Kərim bəy, "Sənsiz"də Tərlan, "Əcəb işə düşdük"də Misirxanov, "Kral Lir"də Qraf Qloster, "Hökmdar və Qızı"ında İbrahim xan, "Özümüzü kəsən qılınc"da ("Göytürklər") Qara xaqan, "Ulduz, yaxud "Ədirnənin fəthi"ndə Ənvər və başqa bir-birindən maraqlı rolları ilə Azərbaycan teatr tarixində silinməz iz qoydu.
Əliabbas Qədirovun çoxşaxəli yaradıcılığının bir qolunu da televiziya təşkil edir. O, Azərbaycan Dövlət Televiziyasında bir çox tamaşalarda oynadı. Onlardan "Laçın yuvası" (Cahangir), "Təkan" (Dilqəm), "Atayevlər ailəsində" (Cahangir), "Hacı Qara" (Heydər bəy), "Bəxtsiz cavan" (Fərhad), "Duel" (İsgəndər), "Qəbula gələn sonuncu adam" (Kişi) televiziyanın "Qızıl fond"unda saxlanılır.
Həmçinin, uzun illər "Məşəl" verilişinin aparıcısı oldu. Dramatik aktyor olan sənətkar çox sevilən "Komediyalar aləminə səyahət" verilişini də aparırdı.
Eləcə də kinoaktyor kimi tanınan sənətkarın bu sahədə ilk işi 1972-ci ildə çəkildiyi "Xatirələr sahilində" filmində İmran Zahidov rolu oldu. Sonralar "Nəğmə dərsi"ndə Ata, "Nə yaxşı ki, dünyada Səməd Vurğun var"da Vaqif, "Bizim evin kişisi"ndə Mansur, "Qızıl uçurum"da Cəlil, "Qocalar"da Fəriz, "Babək"də Fəzl, "Dənizdən işarə"də Sultanov, "Sevinc buxtası" Nazim oldu. Kinorejissor Eldar Quliyevin çəkdiyi "Sevinc buxtası" iki seriyalı bədii fılmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görüldü. Teatr və kino yaradıcılığındakı xidmətlərinə görə 1982-ci ildə Əməkdar artist, 1989-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olundu.
Hələ tələbə ikən səhnəsində müxtəlif rolları oynamağa başladığı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı sonralar onun üçün missiyasını da dəyişdi. Belə ki, 2001-ci ilin 26 dekabrından etibarən Əliabbas Qədirov bu teatrın sıravi aktyoru deyil, bədii rəhbəri və direktoru idi. Onun rəhbərliyi dövründə teatr müxtəlif yeni tamaşaları, maraqlı layihələri ilə tamaşaçılarını sevindirməkdə davam edirdi.
Əbədi iz...
O, uşaqlıq və gəncliyindəki müəllimləri kimi özü də istedadlı cavanlara qarşı çox diqqətli idi. Tələbələrinə özlərini göstərmələri, bu sənəti daha dərindən öyrənmələri üçün hər cür şərait yaradır, onları ruhlandırırdı.
Hələ 60 yaşı yenicə tamam olan sənətkarın görəcəyi işlər, oynayacağı rollar qabaqda idi. Çox arzuları, çox planları vardı. Amma leykemiya kimi (ağ qan xərçəngi) amansız xəstəlik onun bütün arzularını ürəyində qoydu. Səhhətində ciddi problemlər yaşamağına baxmayaraq, uşaqlığından könül verdiyi səhnəni heç bir vəchlə tərk etmirdi. Əli Əmirlinin "Mesenat" əsərindəki Hacı Zeynalabdin Tağıyev son rolu idi. Səhhətinə görə yeni əsər götürməmişdi. Bəlkə də ömrün vəfa etməyəcəyini, əgər götürərsə, yarımçıq qoymalı olacağını bilirdi, hiss edirdi.
2006-cı ilin 8 martında
Azərbaycan teatrında
bir ulduz da axdı. Əliabbas Qədirov
bütün arzularını,
planlarını, oynamadığı
rollarını da götürüb bu dünyanı əbədi
tərk etdi. Ondan geriyə isə yaratdığı
obrazlar və tamaşaçı qəlbində
qoyduğu əbədi
iz qaldı...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 27 fevral.- S.8.