"Əlvida deməyə tələsmə
hələ..."
ABİL İSLAMIN 60 YAŞINA
Onunla illər öncə ədəbiyyat
ocağımız Azərbaycan Yazıçılar Birliyinin
foyesində rastlaşdıq. Tanış olduq.
Şair Abil İslam idi. Adını
çox eşitmişdim. Bəstəboylu,
saçlarına yenicə ağ dənlər
düşən bu nurlu insanın Göyçaydan olduğunu
biləndə hörmətim daha da artdı. Ona
görə yox ki, mən də o torpaqda doğulub boya-başa
çatmışam. Həm də ona görə ki,
Şirvanın gözəl guşələrindən olan
Göyçaydan ta yeddinci əsrdən üzü bəri
neçə-neçə ədibimiz - ustad Həbibi, Qafur
Əfəndiyev-Qantəmir, Rəsul Rza, Ənvər Məmmədxanlı,
Əli Kərim, İsgəndər Coşqun, İbrahim
Göyçaylı və onlarca digər söz nəhəngləri,
sənət, elm adamları pərvazlanıb, doğma Azərbaycanın
adını yüksəklərə qaldırıblar.
Çağdaş poeziyamızı öz
yaradıcılığı ilə daha da gözəlləşdirən
nəğməkar şair, publisist, ən əsası isə
gözəl insan Abil İslam da bu gün ustadların yolunu
davam etdirərək öz qələmiylə doğma
Göyçayı, anamız Azərbaycanı şərəflə
və layiqincə təmsil edir.
Mən
barsız, kölgəsiz budaq deyiləm,
Köküm var, heç kimə calaq deyiləm.
Çağrılmayan
yerdə qonaq deyiləm,
Əlvida deməyə tələsmə hələ.
Mən yazımın əvvəlində "nurlu
insan" ifadəsini əbəs yerə işlətmədim. Diqqət
etmisinizsə, yaradıcı insanların qəlbindəTanrıdan
gələn bir işıq, üzündə ilahi bir nur olur.
Bu cür insanlar qaranlıqda yol gedən və içindəki işıqla özü öz
yolunu işıqlandıran insanlardır. Onlar
başqalarından fərqli olaraq ömrünü xalqına
xidmətdə görürlər. Abil
İslam kimi.
İstərdim qısa da olsa, şairin həyat yoluna bir
nəzər salaq.
Abil İslam 1958-ci ildə Göyçayın Alıkənd
kəndində dünyaya göz açıb. O torpağın suyunu
içib, havasını udub. Qarış-qarış
gəzib o yerləri. Bəlkə elə
buna görə də bu qədər təmiz, saf, geniş qəlbə
malikdir. Ali təhsil almaq üçün
Bakıya üz tutub. İstəyinə nail olub. Burada
ustad yazarlarımızla tanış olub, həmişə
xəyalında gəzdirdiyi söz-sənət adamlarıyla
görüşüb, tanış olub. Və bu
tanışlıqdan çox şey qazanıb Abil İslam.
Onlarla şeirlərinə mahnılar bəstələnib,
tanınmış müğənnilər tərəfindən
ifa olunub. Az müddət içərisində
nəğməkar şair olmaq hər kəsə nəsib
olmur. Abil müəllim şeirlərində də
yalnız özüydü, öz dəst-xəttiydi. Böyük ürək qoymuşdu bu şeirlərə.
İnsanlara, dostlara inamı çox
güclüydü. Onun var-dövləti
yazdığı şeirləri və gözəl
dostlarıydı.
Vəzifə,
var-dövlət gəldi-gedərdi,
Ərkim sizə çatır hər zaman, dostlar.
Lərzəyə
salacaq düşmənlərini
İnamdı,
dayaqdı, gümandı, dostlar,
Şair hər
dərdini qanandı, dostlar!
Abil
İslam həyatda baş verən neqativ hallara,
haqsızlığa dözə bilmir, bir vətəndaş həssaslığı
ilə bunu nəzmə çəkir, əli qanlı cəlladları
lənətləyir:
Fidan
körpələrin bələyi qanlı,
Ana balam
dedi, hey yarıcanlı.
Ölən
qocaların çəliyi qanlı,
Getdiyin qanlı bir yoldu, terrorçu.
Bu misralarda bir şair ürəyinin harayını,
çırpıntılarını eşidirik. Əslində,
bu ağrı-acılar bir qələm əhli kimi, bizə də
çox doğma, çox tanışdır. Çünki o dərd bizim elə öz dərdimizdir,
öz ağrı-acılarımızdır. Düşünürəm ki, bütün
yazıçı-şairlərin dərdi bir-birinə
oxşayır.
Sıxmışam
köksümə gizli bir həsrət,
Elimdən ummuşam şairə hörmət.
Vallah,
şair sussa, susar təbiət!..
Bəli,
şair susmamalıdır! Əgər Allah bu
missiyanı onun çiyninə qoyubsa, yazıb-yaratmalı,
Sabir demişkən, "düzü-düz, əyrini əyri"
görməyi və deməyi bacarmalıdır. Şair içdən azad olmasa, onun yazdıqları
da səmimi alına bilməz. Çünki şair, yazıçı
olmaq bir elin, obanın təmsilçisi olmaq deməkdir. Düşünürəm və heç
şübhəsiz ki, Abil İslam yazıb-yaratdıgı bu
40 ildə öz yoluyla gedərək şair adını hər
zaman uca tutub.
Allah vergisi zəhmətsiz, işgüzarlıqsız
heç bir şeydir. Abil İslam hər zaman öz üzərində
işləyən, mütaliə edərək təfəkkürünü
daha da zənginləşdirən qələm sahiblərindəndir.
Və yazıb-yaratdığı bu 40 ildə
çox əziyyətlər bahasına şair olub, ədəbi
mühitə yol aça bilib. İndi
çox yazanlar var, hamı "şair"di,
"yazar"dı. İstedadı
oldu-olmadı, nəyinsə və kimlərinsə hesabına ədəbi
mühitə qapıdan qovsan da, pəncərədən gələn
"şairciklər" çox təəssüf ki, göbələk
kimi boy atıblar, çoxalıblar. Kimin
pulu-parası varsa, cild-cild kitablar çıxarır. Şəxsən mənə belə kitablardan
çox bagışlayıblar. Düzünü
deyim ki, bir-iki səhifə oxuyan kimi "müəllif"ə
yazığım gəlib. Bu bahalıqda
kitab çıxarmaqdansa, o pul başqa bir xeyir əmələ
sərf olunsaydı, daha yaxşı olardı.
Vaxtilə
Çingiz Aytmatov deyirdi:
"İndi dünyanın bir çox yerində ədəbiyyat
bazar ədəbiyyatına çevrilib".
Bəli, etiraf edək ki, indi ədəbiyyatın qlobal
problem olan bazar ədəbiyyatına çevrildiyi bir dövrdə,
əsl qələm sahibləri çox vaxt kölgədə
qalırlar. Nə yaxşı ki, Abil İslam
yaradıcılıq dövrünün əvvəlki
yarısında bir şair kimi öz imzasını təsdiq
edə bildi. Bu yolda çox çətinlikləri
oldu Abil müəllimin.
Taleyim
bircə yol gülmədi üzə,
Nə qədər aldadım
özüm-özümü?
Çox
vurdum canımı mən oda-közə,
Barı əsirgəmə, Allah, dözümü.
Qırxı
da adladım əlliyə sarı,
Başıma ələndi illərin qarı.
Allah, kimə deyim ürək sözümü?
Abil İslam yaradıcılığında diqqətimi
çəkən bir məqam da valideynə, böyüyə,
doğma yurda olan məhəbbətdir, sevgidir,
bağlılıqdır. Onun doğma kəndinə
həsr etdiyi "Kəndim" poemasında biz sanki
övladın anaya olan məhəbbətini görürük.
Məşhur
Göyçay mahalında
kiçik bir kənd:
- Alı
kəndi.
Xəyalımda
yaşar bu kənd,
Hər
bir zaman!
Vətən sənin ocağından, evindən
başlayır. Yaşadığın küçədən,
gəzdiyin füsünkar təbiətindən başlayır.
Bir sözlə, Vətən sənin
doğulduğun torpaqdan başlayır. İslam
Səfərli demiş, o, "Yaraşıqlı
Göyçayım"dır. Əli Kərim
demiş, "Bu, Göyçaydır, oğlanlarım!"
Abil İslam isə deyir: "Şairlər vətəni
Göyçaydır bura!"
Çinara
baxanın papağı düşdü,
Plov qazanının qapağı düşdü.
Qonağı
görərək sevindiyindən,
Erkəyi kəsənin çapağı
düşdü.
Şairlər vətəni Göyçaydır bura.
Nə
gözəl... Şair doğulduğu
torpağına olan sevgisini gözəl poetik misralarla, bənzətmələrlə
ifadə edir.
Abil müəllim öz doğma ocağına
bağlı olan halal bir insandır. Hərdən Alıkəndə
gedir, ata-baba yurdu olan doğma ocaqda saatlarla xəyala dalır,
keçən günləri xatırlayır. Acılı-şirinli xatirələr şairi
ağuşuna alır. Və neçə-neçə
gözəl şeirlər bu ocaqda yaranır. Hərdən bağ-bağatla, əkinçiliklə
də məşğul olur. Kənddə
yaratdığı bağında əkib-becərir,
ağaclara qulluq edir. Dostları öz
bağına dəvət edir.
Göyçaylıların süfrəsi hər zaman dost
üzünə açıqdır. Dostluqda
etibarlıdırlar. Düşmənə
qarşı isə barışmaz və amansızdılar.
Torpağımda
bitən lalə,
Mərd qanından rəng alıbdır.
Babəkimin
qılıncından,
Düşmən qorxub tük salıbdır.
Bu, Abil İslamın ən sevdiyim şeirlərindəndir.
Ana adını vətənlə qoşa çəkir
Abil İslam.
Anaya böyük dəyər verir, ana
haqqının heç zaman ödənmədiyini söyləyir.
Hətta anasının ən acı sözünə belə
gündə min dəfə qurban olmağı arzulayır:
Anasan, adına, sözünə qurban,
Sonsuz bir yol çəkən gözünə qurban.
Səni
hövsələdən çıxaran zaman,
Dediyin ən
acı sözünə qurban!
Budur,
övladın anaya olan sonsuz məhəbbəti! Bu şeirdə
bir yanğı, bir həsrət var. Şair
yanğısı!
Etiraf edək ki, çoxları yanaraq yaşamırlar,
yaşayaraq yanırlar. Yanaraq yaşamağı Tanrı hər kəsə
nəsib etmir. Düşünürəm
ki, bu yazımın qəhrəmanı Abil İslam da məhz
yanaraq yaşayan şairlərdəndir.
Həyatda təsadüflərə inanmıram. Düşünürəm
ki, hər şey ulu Tanrının buyruğu ilə nizamlanan zərurətdən
doğur. Görünür, bu da bir qismət,
bir taledir ki, mən Abil müəllim haqqında bu
yazını onun yaradıcılığının ən
kamil dövründə yazıram. Həm də
60 yaşını tamam etdiyi bir dövrdə. Öz ədəb-ərkanı, yüksək mədəniyyəti
və aristokratlığı ilə o, hər yüksək ada
layiqdir. Məşhur alman filosofu Kantın bir kəlamı
yada düşür: "Ləyaqət tərbiyənin məhsuludur".
Abil İslam onu tanıyanlarının,
dostlarının hörmətini məhz öz ləyaqəti
ilə qazana bilib. Çünki əsl-nəcabətli
bir ailədə dünyaya göz açıb,
uşaqlıqdan zəhmətə, əməyə
alışıb. Torpağın qoxusunu ciyərlərinə
çəkərək yazıb-yaradıb, şair olub.
Ömür çox qısadır. Göz
açıb yumunca günlər aylara, aylar illərə
çevrilir. Bir vaxt gözünü açıb
görürsən ki, çox illər keçib, amma bu
ömrü istədiyin kimi yaşaya bilməmisən, hələ
görmək istədiyin çox işlərin qalıb... Abil müəllim ömür karvanının
altmışıncı baharını yaşamaqdadır.
Nə tez gəlib keçdi bu illər? Elə
bil dünəndi Alıkənddə əlində çanta məktəbə
getdiyi gün... Elə bil dünəndi ali
məktəbə girdiyi gün. Ailə qurub ilk
övladını qucağına aldığı gün... Nə tez gəlib keçdi o illər? Həyat çox amansızdır. İstəsək də, istəsəməsək də,
onun qanun-qaydalarına tabe oluruq. Böyük şairimiz Məhsəti
xanımın misraları düşür yada: "Bu dünya
elə bir karvansaradır, Bir qara pula da dəyməzmiş
gerçək..."
Əsas odur ki, torpağa izin düşsün. Önəmli
olan özündən sonra qoyub getdiyin əməllərdir,
açdığın yoldu, cığırdır.
Neçə-neçə kitabların, mahnı mətnlərinin
müəllifi olan yazıçı dönüb arxaya baxanda
ötüb keçən günlərinə "Hər
gün ömrümüzdən bir yarpaq düşür" -
deyə təəssüflənsə də, heç
şübhəsiz ki, qazandıqları da çoxdur və bu
ömür bir də verilsəydi, yenə bu cür
yaşayardı.
Qazandığı tərbiyəli övladlarıdır, şirin-şəkər nəvələridir, yazdığı kitablardı, saysız-hesabsız məqalələrdi. Uzun müddət jurnalistika ilə məşğul olan Abil İslam mətbuatda böyük bir yol keçib. İlk fəaliyyəti gənclik illərində Göyçayda çıxan, bu yaxınlarda dünyasını dəyişmiş gözəl jurnalistimiz Oqtay Cəfərovun rəhbərlik etdiyi "Yeni həyat"dan başladı. Və taleyin işinə bax ki, Abil İslam ömrünün ahıl çağında yenə də Oqtay müəllimin redaktorluğu ilə çıxan "İnşaatçı" qəzetində çalışdı. Bu, bir alın yazısıdırmı? Mən də lap ilk gəncliyimdə Göyçayda o qəzetlə əməkdaşlıq etmişəm. Allah Oqtay Cəfərova rəhmət eləsin. Yaxşı insanlar unudulmur!
Düşünürəm ki, Abil İslam da onu yaxından tanıyıb duyanların qəlbində ancaq yaxşı insan kimi qalır və qalacaq! Öz yaradıcılığı, sözlərinə yazılmış könül oxşayan mahnıları və gözəl xarakteri ilə.
60 yaşın astanasında "Əlvida deməyə tələsmə hələ" - deyən şair indi yaradıcılığının ən gözəl dövrünü yaşayır. Bu, həm də şair ömrüdür. Həyatın çətinliklərini çiyinlərində çəkən, daşıyan bir şair ömrü. Əslində, şairlik da bir şərəfdir, taledir, alın yazısıdır. Tanrı bu şərəfli ömrü hər kəsə nəsib etmir.
Şərəfli ömrünüz mübarək, Abil müəllim!
Südabə
SƏRVİ
Yazıçı-jurnalist
525-ci qəzet.- 2019.- 28 fevral.- S.8.