Afad Qurbanovun ümumi dilçilik dərsləri

 

 

 

(Əvvəli ötən sayımızda)

Afad Qurbanov finikiya əlifbası əsasında yaranan arami, yunan, etrusk, latın, slavyan əlifbalarının tarixi inkişafından bəhs etməklə yanaşı, müasir dövrdə geniş yayılmış əlifbalar haqqında yığcam məlumat verir.

Doğrudur, stenoqrafik yazı artıq öz ömrünü başa vurmuşdur, lakin ümumən yazı tarixi baxımından heç vaxt maraqsız görünə bilməz. Xüsusilə o mənada ki, "stenoqrafik yazının nəzəriyyəsi dilçilik elmi ilə bərabər, psixoloji, fizioloji, məntiqi faktlar əsasında yaradılmışdır. Yazının təşəkkülü və inkişafı prosesində insanlar ilk mərhələdə yazının sadə və asan olması, fikri lazımi səviyyədə əks etdirə bilməsi ilə maraqlanmışlar. Bu cəhətlə yanaşı, sürətlə yazmaq məsələsi də diqqəti cəlb etmişdir".

Odur ki, "Ümumi dilçilik"də stenoqrafik yazı məsələsinə ayrıca yer ayrılması yazı nəzəriyyəsi üçün böyük əhəmiyyət kəsb etməyə bilməz.

Beşinci bölmə "Dillə əlaqədar məsələlərin nəzəri əsasları"na həsr olunmuşdur ki, kifayət qədər geniş həcmə malik bu bölmədə dil nəzəriyyəsinin 1) dil və düşüncə, 2) dil və nitq, 3) dil və norma, 4) dil və üslub, 5) dil və mədəniyyət, 6) dil və cəmiyyət, 7) dil və siyasət, 8) dil və kontakt, 9) dil və universallıq və 10) vahid ümumdünya dili kimi fundamental problemləri ətraflı şərh olunur.

Bu bölmədə əsas strateji yenilik ondan ibarətdir ki, müəllif ümumi dilçilikdəki ənənəvi "təfəkkür" anlayışını "düşüncə" ilə yəni dillə "qarşılaşdırmalı" olan daha geniş anlayışla əvəz edir:

"Dil və düşüncə" problemi əsasən, "dil və təfəkkür" problemi yönümündə öyrənilmişdir. Həm də "dil və təfəkkür" uzun müddət o qədər qabarıq şəkildə qoyulmuşdu ki, "dil və düşüncə" probleminin özünü kölgəyə almışdı. Məlum olduğu kimi, "düşüncə" termini "təfəkkür" termininə nisbətən geniş və əhatəlidir. Düşüncə dedikdə, real varlığın insan beynində inikasının bütün prosesləri  nəzərdə tutulur. Lakin təfəkkür isə real varlığın anlayış, mühakimə və əqli nəticə formasında inikası prosesidir. Deməli, təfəkkür düşüncə prosesinin ancaq müəyyən bir sahəsini təşkil edir".

Və görkəmli dilçi bundan sonra həm "dil nədir", həm də "düşüncə nədir" suallarına ayrı-ayrılıqda cavab verir.

"Ümumi dilçilik" müəllifi dil və nitq  problemindən bəhs edərkən mövcud ümumi dilçilik dərsliklərindəkindən müqayisə olunmayacaq qədər aydın bir izah yolu müəyyənləşdirir:

"Dil ilə nitq bir-biri ilə bağlıdır. Bunlar arasındakı əlaqə obyektiv zərurət kimi mövcuddur. Çünki dil öz varlığını nitqdə, nitq isə mənbəyini dildə tapır. Nitq prosesi olmasa dil, dil olmasa nitq prosesi təzahür edə bilməz.

... Ümumilikdə götürdükdə, belə bir tezis irəli sürmək olar ki, dil öyrənmək üçün nitq əsas təşkil edir. Belə ki, yalnız nitq faktlarını tədqiq etməklə bütövlükdə dili öyrənmək olar".

Bu cür məqamlarda görkəmli dilçinin mürəkkəb ümumdilçilik problemlərini azərbaycancalaşdırma üsuluna heyran olmamaq mümkün deyil... O, heç bir dil nəzəriyyəsi müddəasını hərfi-hərfinə tərcümə edib "fövqəladə effekt" yaratmır, nə qədər çətin olsa da, ən qəliz müddəaları belə ana dilinin (və təfəkkürünün) miqyasında təqdim etməyə üstünlük verir.

Və odur ki, dilin "gizli" xarakteri barədə təsəvvür yaratdıqdan sonra onun bilavasitə təzahürü olan nitqin təfsilatına vararaq onun həm şifahi, həm də yazılı formalarında özünü göstərən, demək olar ki, bütün əsas xüsusiyyətləri hər kəsin  anlayacağı bir dillə şərh edir.

Əlbəttə, ümumi dilçilikdə ədəbi dil probleminə olduqca müxtəlif aspektlərdən baxılır ki, bu, çox zaman hər hansı milli ədəbi dilin spesifikasına uyğun gəlmirmiş kimi görünsə də, bütövlükdə mübahisəsiz qanunauyğunluqlara əsaslanır. Afad Qurbanov Azərbaycan ədəbi dili sahəsində görkəmli mütəxəssis olaraq həm  milli, həm də ümumbəşəri (universal) cəhətləri nəzərə alaraq yazır:

"Ədəbi dil - ədəbi danışıq, mədəni danışıq formasında ümumxalq bazası əsasında yaranır və formalaşır. Hər bir ədəbi dilin əsasını müəyyən dialekt, dialekt qrupu və ya şivə təşkil edir. Belə hallarda, adətən, mərkəz dialekti, paytaxt şivəsi əsas götürülür.

... Ədəbi dil üçün əsas götürülən dialektdən get-gedə dar, məhdud xarakterli əlamətlər çıxarılır, başqa dialektlərin isə ümumaydın və yararlı olan cəhətləri seçilir və işlədilməsi bütün xalq üçün ümumməcburi hesab  edilir. Bu proses nəticəsində ədəbi dil daha da zənginləşir və formalaşır".

Ədəbi dildə norma meyarına gəldikdə isə müəllif onu 1) təbiilik, 2) işləklik, 3) sabitlik və 4) zərurilik əlamətlərilə təyin edir ki, bunlar kifayət qədər universal göstəricilərdir.

Məlum olduğu kimi, ədəbi dil özünü norma ilə üslubun mürəkkəb qarşılıqlı əlaqəsində təqdim edir. Hər bir dil səviyyəsi müvafiq normaya (məsələn, fonetik norma, leksik norma, qrammatik norma və s.) malik olduğu kimi, üslubi imkanlara ilə də maraq doğurur; məsələn, üslubi fonetika, üslubi leksika, üslubi qrammatika və s. Bunlarla yanaşı, ədəbi dili səciyyələndirən daha mühüm bir keyfiyyət onun funksional üslublardan ibarət olmasıdır.

Ümumiyyətlə, dil ünsiyyət (kommunikasiya), eləcə də fikri ifadə etmə (ekspressiya) funksiyalarını həyata keçirərkən elə yüksək (və diferensial) normativlərə ehtiyac duyur ki, həmin ehtiyac ədəbi dil və ya standart dil adlandırdığımız hadisəni yaradır.

Odur ki, ədəbi dillərin öz norması, funksional üslub sistemi, eləcə də fərdi üslub texnologiyaları ilə meydana çıxması son dərəcə rəngarəng olduğundan hər bir ümumi dilçilik mütəxəssisinin ilk növbədə öz ana dilinin təcrübəsinə əsaslanması, əlbəttə, ən münasib yoldur. Və bu baxımdan Afad Qurbanovun "Ümumi dilçiliy"i mükəmməl bir nümunə sayıla bilər. Belə ki, müəllif əvvəl dünya dillərindəki vəziyyət barədə məlumat verir, sonra isə Azərbaycan dilinin müvafiq təcrübəsini təqdim edir:

"Müasir dövr üçün səciyyəvi olan dünya dillərində bir-birinə az və ya çox oxşar olan, yaxud da tamamilə fərqlənən onlarca funksional üslub müəyyənləşdirilmiş və bu anlayışlar müvafiq terminlərlə adlandırılmışdır: danışıq üslubu, məişət danışıq üslubu, gündəlik məişət üslubu, loru danışıq üslubu, natiqlik üslubu, təntənəli üslub, bədii üslub, şifahi bədii üslub, ədəbi-bədii üslub, bədii-belletristik üslub, poetik üslub, elmi üslub, elmi-publisistik üslub, istehsalat texniki üslub, istehsalat əmək üslubu, publisistik üslub, ictimai publisistik üslub, siyasi publisistik üslub, siyasi qəzet üslubu, rəsmi üslub, rəsmi kargüzarlıq üslubu, kargüzarlıq üslubu, rəsmi sənədlər üslubu, idarəedici kargüzarlıq üslubu, rəsmi işlər üslubu, arxaik üslub, akademik üslub və sair.

İnkişaf etmiş müasir dillərdən biri kimi Azərbaycan ədəbi dilinin materialları əsasında XX əsrin II yarısında funksional üslubların aşağıdakı növlərini göstərmək olar: danışıq üslubu, bədii üslüb, elmi üslub, rəsmi üslub, publisistik üslub və epistolyar üslub".

Afad Qurbanov dillə mədəniyyət arasındakı əlaqələrin şərhinə mədəniyyət anlayışının izahından başlayır. Və göstərir ki, "müasir dilçilikdə bir çox dünya dillərinin nitq mədəniyyəti təlimi baxımından ortoloji təsviri verilmişdir.  Hazırda ortologiya dilin mədəni problemlərindən bəhs edən bir dilçilik şöbəsi kimi öz varlığını göstərməkdədir.

Dilçiliyin ortologiya şöbəsinin ən başlıca vəzifəsi hər hansı bir dilin istər sinxronik, istərsə də diaxronik istiqamətdə ədəbi- mədəni əlamətlərinin xüsusiyyətlərinin obyektiv təhlilini verməkdən ibarətdir".

Heç şübhəsiz, dil mədəniyyəti nitq mədəniyyətilə sıx bağlıdır. Və "Ümumi dilçilik"də bu anlayışların kifayət qədər aydın izahı verilmişdir:

"Əslində, nitq mədəniyyəti geniş mənada fikir, düşüncə mədəniyyətidir. Öz düşüncəsini düzgün danışmaq və yazmaqla ifadə edərək kamil nitqə malik olmaq mədəni nitqin əsas əlamətidir. Elə bu əlamət fikri dəqiq və aydın, yığcam və təsirli ifadə etməyi də özündə əks etdirir.

Nitq mədəniyyəti, hər şeydən əvvəl, dilin fəaliyyətdə olan normalarının və kateqoriyalarının tələblərinə ciddi əməl edilməsidir".

Nitq mədəniyyəti qarşısında qoyulan tələblərə və ya nitq mədəniyyətinin kateqoriyalarına gəldikdə isə müəllif aşağıdakıları göstərir: 1) nitqin dəqiqliyi, 2) nitqin zənginlyi, 3) nitqin aydınlığı, 4) nitqin təmizliyi, 5) nitqin məntiqiliyi, 6) nitqin yığcamlığı, 7) nitqin ifadəliliyi və 8) nitqin təsirliliyi.

Dil insanlar arasında ünsiyyətin əsas vasitəsi olaraq məhz cəmiyyətdə mövcuddursa, deməli, o, çox ciddi sosioloji funksiya yerinə yetirməklə müxtəlif təzahürlər nümayiş etdirir.

Cəmiyyət ayrı-ayrı təbəqələrə bölünür. Və bu bölgü dildə də əks olunur.

Afad Qurbanov dillə cəmiyyət arasındakı əlaqələrdən bəhs edərkən hər bir ictimai  formasiyanın dilə münasibəti üzərində ayrıca dayanır. Və belə bir ümumi müddəanı əsaslandırır ki, "ictimai quruluşun dəyişməsi dilə köklü surətdə təsir göstərmir. Yəni yeni ictimai quruluş yeni dil yaratmır, o, ancaq dildə müəyyən zənginləşmə prosesinə səbəb olur. Buna görə də eyni bir dilin ömrü bir neçə ictimai formasiyanın ömrünü əhatə edir".

Siyasət cəmiyyət həyatının ən müxtəlif sahələrinə olduğu kimi, dilə də təsir göstərir. Lakin bu təsir dilin daxili quruluşuna yox, "xarici quruluş"una, daha doğrusu, cəmiyyətlə bilavasitə əlaqədar təzahür funksiyalarına aiddir.

Dil siyasəti, heç şübhəsiz, siyasi təsisatlar, ilk növbədə isə dövlət tərəfindən yürüdülür. Və həmin siyasətin nə dərəcədə demokratik olub-olmaması da dövlət quruluşunun xarakterindən asılıdır.

Afad Qurbanov yazır:

"Dil siyasətində başlıca amil dil azadlığıdır. Ona görə də dil azadlığı "dil siyasəti" problemi tərkibinə aid olub, onun ən vacib hissəsini təşkil edir. Dil azadlığı və onun istifadə dairəsində tam sərbəstlik olmadan həqiqi milli azadlıq mümkün deyildir. Tarixi təcrübələr göstərmişdir ki, dil məhdudluğu həmişə milli azadlığın qənimi olmuşdur.

Dil azadlığı ana dilinin insan fəaliyyətinin bütün  sahələrində - dövlət idarələrində, ictimai təşkilatlarda, orduda, məhkəmədə, təhsildə işlənilməsini tələb edir.

Ana dili hər bir millətin, xalqın əvəzsiz mənəvi sərvəti və varlığıdır. Ona görə də bu dili qorumaq, onun ictimai roluna diqqətlə yanaşmaq hər bir kəsin vətəndaşlıq borcudur".

Dil siyasətində bilinqvizm məsələlərini nəzərdən keçirdikdən sonra müəllif  dilçilikdə çox mühüm problemlərdən biri olan dil əlaqələri və ya kontaktları mövzusunua keçərək göstərir ki, "dillərin bir-biri ilə əlaqəsi, qarşılıqlı münasibəti, birinin digərinə olan zahiri və daxili təsiri dil kontaktı anlayışının məzmununu təşkil edir. Bu anlayışı ifadə etmək üçün dilçilikdə "dil kontaktı" terminindən istifadə olunur.

Dil kontaktı iki və ya daha çox dil arasında ola bilir. Kantakta daxil olan dillərin miqdarına görə azdilli (ikidilli) və çoxdilli kontakt anlayışları meydana gəlmişdir".

"Ümumi dilçilik"də dil kontaktlarının istiqamətləri, eləcə də fonetik, leksik və qrammatik səviyyələrdə dillərin bir-birinə qarşılıqlı təsiri müfəssəl izah olunmuşdur.

"Dil və universallıq" məsələsinə gəldikdə isə müəllif bu sahədə aparılmış tədqiqatlar, onların mahiyyəti, universalilərin növləri (mütləq və statistik, sadə və mürəkkəb, diaxronik və sinxronik) barədə məlumat verməklə yanaşı, onların dil səviyyələrinə görə yayılma miqyasını göstərən çoxsaylı nümunələr gətirir. Və göstərir ki, "bütün dünya dillərinin ümumi cəhətləri eyni qanuna tabedir. Lakin dünya dillərində hələ kəşf olunmamış, elm aləminə məlum olmayan çoxlu ümumi hadisələr, qanunauyğunluqlar vardır. Bunların ətraflı, dəqiq və elmi şəkildə öyrənilməsi ümumi dilçilik nəzəriyyəsinin  genişləndirilməsi və tərəqqisi üçün olduqca vacibdir".

Yer kürəsində yaşayan bütün insanların  eyni bir dildə ünsiyyət saxlamaq  imkanlarından məhrum olmasının tarixi səbəbi məlumdur: cəmiyyətin inkişafı, prinsip etibarilə, diferensiasiyaya əsaslanmışdır ki, bunun da nəticəsində  müxtəlif xalqlar əmələ gəldiyi kimi,  müxtəlif dillər də təşəkkül tapmışdır. Lakin həmin inkişaf prosesində  inteqrasiya meyllərinin ən qədim zamanlardan mövcud olduğunu da inkar etmək üçün heç bir əsas yoxdur. Bununla belə, orta əsrlərin sonu - yeni dövrün əvvəllərindən etibarən başlayan ümumdünya inteqrasiya prosesi XX əsrdə artıq "qloballaşma" adlandırdığımız həddə çatmaqla ölən, ölməkdə olan dillərin statistikasını aparmaqla yanaşı, neçə illərdir ki, ingilis dilinin timsalında konkret bir ümumünsiyyət vasitəsini nəzəri olaraq təklif, hətta praktik şəkildə təqdim etməkdədir. Bir vaxtlar fransız, alman dilləri də həmin iddiada olmuşlar...  Ümumiyyətlə isə, artıq qeyd edildiyi kimi, ümumünsiyyət vasitəsi axtarışları ümumbəşəri ehtiyacdır. Və bununla bəşəriyyət öz tarixi "səhv"ini düzəltmək iddiasına düşməkdə, əlbəttə, tamamilə haqlıdır deyə bilərik.

"Ümumi dilçilik" müəllifi yazır:

"Ümumdünya ünsiyyət vasitəsi, onun yaranması, bu haqda irəli sürülən ideya, mülahizə və fərziyyələrin elmi cəhətdən araşdırılması dilçiliyin interlinqvistika probleminə aiddir. Bu problem öz mahiyyətinə və əhəmiyyətinə görə müasir baxımdan çox aktuallıq təşkil edib, bütün dünya dilçilik elminin diqqət mərkəzində xüsusi yer tutmaqdadır".

İnterlinqvistikanın mövzusu olaraq ümumbəşəri ünsiyyət anlayışını şərh edərkən Afad Qurbanov həm süni dil yaradılması təcrübələri, həm də təbii əsasda ümumdünya dili təsəvvürləri barədə geniş məlumat verir. Və belə bir nəticəyə gəlir ki, vahid ümumdünya dili heç də illüziya deyil.

Nəhayət, "Ümumi dilçiliy"in "Dil tədqiqinin mərhələləri və metodları" adlı altıncı bölməsində 1) dilçilik tədqiqatının mərhələləri, 2) dilçiliyin tədqiqat metodları, 3) müasir dilçiliyin üsul və metodları və 4) transkripsiya və transliterasiya problemi izah edilir.

Afad Qurbanov dilçilik tədqiqatının bir sıra xüsusiyyətlərini fərqləndirdikdən sonra onun aşağıdakı mərhələlərini göstərir:

1. Materialın toplanması.

2. Materialın qruplaşdırılması.

3. Materialın təhlili.

Və yazır:

"Nəhayət qeyd etməliyik ki, dilçilik tədqiqatının mahiyyəti bu üç mərhələnin vəhdəti və düzgün aparılması ilə möhkəm bağlıdır. Bunlar həmişə bir-birini tamamlamalıdır. Buna görə də dilçi- tədqiqatçı birinci mərhələdən başlayıb və ardıcıl şəkildə ondan sonrakı mərhələləri də keçməlidir. Elmi iş ancaq belə təşkil edildikdə tədqiqatçı məqsədinə tam nail ola bilər".

Məlumdur ki, dilin tədqiqi metodları ilə bağlı məsələ həmişə aktual olmuş, bir çox hallarda isə dilçiliyin tarixi məhz metodun dəyişməsi əsasında müəyyən dövrlərə,  mərhələlərə ayrılmışdır.

"Ümumi dilçilik" müəllifi ümumən metod anlayışı haqqında olduqca geniş məlumat verdikdən sonra müasir dilçilikdə 1) təsviri, 2) tarixi, 3) müqayisəli, 4) qarşılaşdırma, 5) kəmiyyət, 6) areal və 7) üslubi metodların olduğunu qeyd edir. Və həmin metodların "iş üsulları" barədə  ətraflı təsəvvür yaradır. Eyni zamanda göstərir ki, "elmi tədqiqat işlərinə tətbiq edilən bu və ya digər dilçilik metodu hər bir tədqiqatın məzmun və məqsədinə  müvafiq işlədilir. Müəyyən mövzu ancaq bir metodla öz həllini tapa bilmir. Buna görə də elmi-tədqiqat prosesində metod və üsullardan kompleks şəkildə istifadə olunur. Bu zaman üsul və metodlar bir- biri ilə əlaqələnir, sıx qarşılıqlı münasibət yaranır".

Əlbəttə, heç bir əlifba dilin fonetik quruluşunu bütün zənginliyi, çoxçalarlılığı ilə əks etdirə bilmir. Və odur ki, elə bir qrafik sistem yaratmaq lazım gəlir ki, bir tərəfdən, ayrıca bir dilin, digər tərəfdən isə, müxtəlif dillərin həmin fonetik zənginliyini, çoxçalarlılığını mümkün qədər adekvat ifadə etsin.

Afad Qurbanov transkripsiyanın a) fonetik və b) fonematik olaraq iki növünü, a) universal və b) xüsusi olaraq da iki sistemini fərqləndirir. Transliterasiya gəldikdə isə, onu "bir yazı sisteminin başqa yazı sistemi ilə verilməsi" kimi təyin edərək a) nəzəri və b) təcrübi xarakter daşıdığını göstərir.

Görkəmli alim-müəllimin "Ümumi dilçilik" əsəri elmi-nəzəri səviyyəsinin mükəmməlliyi ilə yanaşı, bir sıra metodiki xüsusiyyətləri ilə də diqqəti cəlb edir:

1. Hər bir ümumi dilçilik termininin mənşəyi, mənası və istifadə dairəsi ətraflı izah olunur.

2. Hər bir mülahizə Azərbaycan dilindən gətirilən tipik nümunələrlə aydınlaşdırılır.

3. Ən mürəkkəb ümumi dilçilik müddəası belə tələbələrin anlayacağı sadə bir dillə təqdim edilir.

Əminliklə deyə bilərik ki, akademik Afad Qurbanovun ümumi dilçilik dərsləri milli tədris təcrübəsi zəminində yaranıb, həmin təcrübə əsasında təkmilləşib və beləliklə, hələ çox nəsillərin öyrənəcəyi dərslər səviyyəsinə yüksəlib.

 

 

Nizami CƏFƏROV

 

525-ci qəzet.- 2019.- 28 fevral.- S.6.