"Müasir
tənqid və ədəbi proses"
XALQ
YAZIÇISI ELÇİN AZƏRBAYCAN YAZIÇILAR
BİRLİYİNDƏ BU MÖVZUDA MƏRUZƏ EDİB
Dünən Azərbaycan Yazıçılar
Birliyinin (AYB) "Natəvan"
klubunda Xalq yazıçısı Elçinin
"Müasir tənqid
və ədəbi proses" mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə AMEA-nın Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli, Xalq şairi Nəriman Həsənzadə, akademik
Nizami Cəfərov,
AYB katiblərindən Fikrət
Qoca, Çingiz Abdullayev, Nazim İbrahimov, Rəşad Məcid, İlqar Fəhmi, "Azərbaycan"
jurnalının baş
redaktoru İntiqam Qasımzadə, tanınmış
yazıçılar, tənqidçilər,
elm və mədəniyyət
xadimləri, jurnalistlər
və oxucular da iştirak ediblər.
Tədbiri giriş sözü ilə AYB-nin sədri, Xalq yazıçısı Anar
açaraq qonaqları
salamlayıb və sözü məruzəçiyə
verib.
Xalq yazıçısı
Elçin qeyd edib ki, bu,
üç hissəli
məqalədir. Müəllif məqaləsinə bir sualla başlayıb: tənqidçi kimdir və o, özünü necə təsdiq edir (ya da
etməlidir)? Bu suallar
əsasında Azərbaycan
ədəbi prosesi və dünya ədəbiyyatşünaslığına nəzər salıb, bu yöndə fikirlərini, təklif və
iradlarını səsləndirib.
Ədəbi tənqidi müstəqil
janr hesab edən Elçinin fikrincə, hazırda Azərbaycan ədəbiyyatında
tənqidçi qıtlığıdır:
"...Janrda təqsir
yoxdur - bu baxımdan, bizdə sadəcə, tənqidçi
qıtlığıdır və olsun ki,
"tənqidçi qıtlığı"
ifadəsi vəziyyəti
tam ehtiva etmir, bu cür desək,
elə bilirəm ki, daha dəqiq
olar: bizim ədəbi prosesdə bəsit, diletant, bəzən də xalis qrafoman mülahizələri kəmiyyət
etibarilə professional tənqidçinin
fikrini (yəni ictimai fikrin mühüm bir hissəsini) xeyli dərəcədə üstələyib,
"tənqidçi qıtlığı"
yox, professional tənqidçi
qıtlığıdır".
Xalq yazıçısı
məruzəsində deyib
ki, ədəbiyyatşünaslıq
elmi ilə tənqidi qarışdırmaq
olmaz. Bunlar bir-birindən ayrı sahələrdir: "Elm, o cümlədən
də ədəbiyyatşünaslıq
elmi dəqiq faktlara söykənir, faktları izah edir, yoxlayır, onun üçün tarixilik əsas faktorlardan biridir, o, klassikanı tarixi kontekstdə "yerbəyer"
edir, ədəbi tənqid isə - improvizasiyadır, onun üçün müasirlik
əsas faktordur, o, klassikanı ədəbi prosesin predmetinə, hətta faktına çevirə bilir..."
Xalq yazıçısı
məruzəsində Sovet
dövrü Azərbaycan
ədəbiyyatı ilə
yanaşı, müasir
dövr yazıçı
və şairlərin
yaradıcılıqlarından nümunələr gətirməklə
fikirlərini əsaslandırıb,
əsasən rus və dünya ədəbiyyatşünaslarının, eləcə də müasir tənqidçilərin
məqalələrindəki fikirlərə toxunub, sitatlar gətirib.
O, məruzəsini ədəbi
tənqiddə təhqir
və tərif barədəki düşüncələri
ilə davam etdirib, çağdaş dövrümüzdə tənqid
janrının daha çox tərifə xidmət etdiyini, bunun da ümumilikdə
ədəbi prosesin inkişafına mənfi təsir göstərdiyini
vurğulayıb.
Məruzənin sonunda tanınmış qələm adamları çıxış edib,
səslənən fikirlərə
münasibət bildiriblər.
AMEA-nın vitse-prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitunun
direktoru, akademik, millət vəkili İsa Həbibbəyli çıxışında bildirib
ki, uzun zamandan bəri tənqidə bu cür geniş, sistemli, ciddi baxış olmamışdı:
"Mən bu məruzəni əsl ədəbi tənqid nümunəsi kimi dəyərləndirirəm. Ədəbiyyatda, ədəbi tənqiddə
metodologiya boşluğu
var. Bu məruzədə ədəbi
tənqidi, Azərbaycan
ədəbiyyatı, ədəbiyyat
nəzəriyyəsi ilə,
eləcə də dünya və Sovet ədəbiyyatı ilə birlikdə gördük. Elçin Əfəndiyevin
gərgin zəhmət
hesabına araya-ərsəyə
gətirdiyi bu məruzə son 20 ildə
Azərbaycan ədəbi
tənqidinə verilmiş
ən yaxşı töhfədir".
Professor Şirindil Alışanlı
məruzənu yüksək
qiymətləndirərək, kitab şəklində çap olunmasını təklif edib.
Millət vəkili, akademik Nizami Cəfərovun fikrincə, Xalq yazıçısı Elçinin
bu məruzəsi ədəbi tənqidə
konseptual baxışdır. O deyib ki, doğrudan da, "tənqidçi kimdir" sualına konkret cavab verilməsi,
tənqid anlayışının
mümkün qədər
dəqiqləşdirilməsi vacibdir.
Məruzənin geniş miqyası ilə seçildiyini deyən tənqidçi Əsəd Cahangir ona və həmkarlarının
yaradıcılığına göstərdiyi diqqətə
görə Xalq yazıçısı Elçinə
təşəkkürünü bildirib.
Xalq şairi
Nəriman Həsənzadə
çıxışında AYB ilə Ədəbiyyat İnstitutunun birgə ortaq tədbirlərinə,
layihələrinə sevindiyini
deyib, bu addımların inkişafa
müsbət təsir
göstərəcəyinə inandığını vurğulayıb.
Tənqidçi Elnarə Akimovaya görə, hazırkı
ədəbi tənqidimizdə
sistemsizlik var, müasir ədəbiyyat və tənqid arasında harmoniya yaransa, ədəbi prosesimizdəki bir sıra problemlər öz həllini tapacaq.
Sonda çıxış edən AYB sədri, Xalq yazıçısı Anar məruzə ilə bağlı fikirlərini bildirib, onun böyük hissəsilə razılaşsa da, razılaşmadığı məqamlar olduğunu da vurğulayıb: "Bunu əminliklə deyə bilərəm ki, bütün dövrlərdə "ciddi ədəbiyyat yoxdur" fikri olub və olacaq da. Ancaq bu, heç də doğru ifadə deyil. Hər dövrün öz ədəbiyyatı var. Kiminsə kiməsə oxşamaq, ya da o səviyyədə olmaq məcburiyyəti yoxdur. Hərənin öz yolu, hər dövrün öz tələbi var. Mən adətən "tənqid" terminini qəbul etmirəm. Mənə "təhlil" sözü daha yaxın və doğru görünür. Baxsaq, heç ciddi tənqid də görməyəcəyik. Hansı tənqidçi öz məqaləsində hansısa yazıçını sözün həqiqi mənasında tənqid edir? Sovet dövründə tənqid daha cəsarətli idi. İndi isə tənqid yox, təhlil var".
Xalq yazıçısı Anar deyib ki, xoşa gəlməyən, zəif yazıların çapına yol verməmək üçün, ədəbi senzura yoxdursa da, hər bir redaktor özü müvafiq tədbirlər görməlidir. AYB sədri öncədən hazırladığı qeydlər əsasında tənqidçi Tehran Əlişanoğlunun bəzi fikirlərini, "Ədəbiyyat qəzet"indəki bir sıra materialları, həmçinin, bu qəzetdə çap olunmuş, filoloq alim Paşa Əlioğlu ilə müsahibədəki müəyyən nüansları tənqid edib, müəllifləri daha diqqətli və məntiqli olmağa səsləyib.
Xatırladaq ki, Elçinin "Müasir tənqid və ədəbi proses" məruzəsi üç hissədən ibarət olmaqla bu yaxınlarda "525-ci qəzet"də dərc ediləcək.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 28 fevral.- S.7.