Məti Osmanoğludan yeni kitab

 

 

Bugünlərdə filoloq-alim, ədəbiyyatşünas Məti Osmanoğlunun "Ocaq yeri" kitabı işıq üzü görüb. "Qazax Xeyriyyə" İctimai Birliyinin layihəsi əsasında çap olunan kitabın redaktorları filologiya elmləri doktoru, professor Rüstəm Kamalfilologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədovdur.

Səməd Vurğun və övladları - YusifVaqif Səmədoğlular Azərbaycan ədəbiyyatı tarixində fərqli yer tuturlar. Kitabda bu sönməz sənət ocağının hər üç nümayəndəsi haqqında esselər, xatirələr və müsahibələr toplanıb.

 "Ocaq yeri"nin "Təhkiyə, müəllif və oxucu" adlanan birinci bölməsi Xalq şairi Səməd Vurğuna həsr olunub. Bu bölmədə müəllifin "Komsomol poeması" üzərinə düşüncələr" ("Tarixdən daha fəlsəfi və daha ciddi", "Janrın yaddaşı", "Hansı tərcübə?", "Estetik sistemin transformasiyasının tarixi", "Təhkiyənin tərəddüdləri", "Yeddi yoldaşdan biri", "Müəllifin obrazı", "Bədii ricətlər və lirik mən", "Təhkiyəçi, hekyaəçi və şair") məqaləsi yer alıb. Məti Osmanoğlu S.Vurğun haqqında yazır: "Səməd Vurğun XX əsrin əvvəllərində Azərbaycan həyatının poetik ensiklopediyasını yaratmağa çalışırdı. Xalq həyatının, milli ruhun hərtərəfli təsviri üçünsə ən böyük qüvvə xalqın danışdığı dil idi. Dilin yaddaşı ədəbiyyatın yaddaşından çox-çox dərinlərə və qədimlərə gedirdi..."

Kitabın Xalq yazıçısı Yusif Səmədoğluna aid hissəsi "Biz gəldi-gedərik, sən yaşa, Yusif Səmədoğlu!" adlanır. Burada müəllif yazıçının yaradcılığını şərh etməklə yanaşı, həmçinin, onunla bağlı xatirələrini də bölüşür: "Yusif Səmədoğlu bəzən həyata, insanlara yazılmamış, lakin yazmaq istədiyi bir əsər kimi, oxucuya təqdim olunmamış bir mətn kimi baxırdı".

Məti Osmanoğlu sözügedən kitabında Xalq şairi Vaqif Səmədoğlu poeziyası haqqında "Sözsüz nəğmə" və "Onun şair taleyini şeiri yazdı" deyə bəhs edir. O yazır: "Vaqif Səmədoğlu dünyadan, dünyanın bəzən ən uca zirvəsindən, bəzən də ən dərin dərəsindən özünə, öz aləminə boylanır, dünya gərdişinin insan duyğularındakı proyeksiyalarını, buraxmış olduğu izləri axtarır və gördüyü izləri böyüdür".

Kitabın sonuncu - "Müsahibələr" bölməsində isə ədəbiyyatşünas alimin "Ədəbiyyat qəzeti" ("Öz əsərini danışdır" layihəsində Hədiyyə Şəfaqətlə) və "Teleqraf.com" saytındakı ("Ayağım məni heç cür onun görüşünə aparmadı..."- Kəramət Böyükçöllə) Yusif Səmədoğlu haqqında söhbətləri yer alıb.

Kitab haqqında bəhs edilən ədiblərin foto şəkillərilə zənginləşdirilib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 28 fevral.- S.7.