"Tam peşəkar heyətin formalaşması üçün hələ xeyli çalışmalıyıq"

 

 

- Leyla xanım, bu il Mərkəzi Elmi Kitabxananın 5 illik yubileyidir. Ancaq onun tarixi daha öncəyə dayanır. Yenidən qurulan kitabxanada nələr dəyişdi, hansı yeniliklər oldu?

- Hazırda fəaliyyət göstərdiyimiz bina 2014-cü ilin may ayında istifadəyə verilib. Açılış mərasimində Azərbaycan prezidenti cənab İlham Əliyev və Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə iştirak etmişdilər. Bu, binanın sadəcə istifadəyə verilməsi deyildi. Açılış tədbirində Mərkəzi Elmi kitabxana gələcək fəaliyyəti ilə bağlı layihələr təqdim etdi, müəyyən təkliflərlə çıxış etdi. Onlar Vahid İdarəetmə Sistemi, Milli Rəqəmsal Yaddaş, İnformasiya təhlükəsizliyi və informasiyanın paylaşılması layihələri idi ki, biz bunlar haqqında müzakirələr apardıq. Həmin il elmi kitabxana özünün beş illik inkişaf strategiyasını, hədəflərini formalaşdırdı. Və bu hədəflərin sırasında adını çəkdiklərimlə yanaşı, beynəlxalq münasibətlərin genişləndirilməsi, ictimaiyyətlə əlaqələrin qurulması, sərbəst ensiklopedik resurslarda kitabxananın fəaliyyəti, peşəkar heyətin formalaşdırılmasıvə sair istiqamətlər vardı. Bu il strategiyanın müəyyənləşməsinin və kitabxananın yeni binasının istifadəyə verilməsinin beş ili tamam olur. Biz deyə bilərik ki, o strategiyada müəyyənləşdirdiyimiz hədəflərə praktiki olaraq çatmışıq. Milli rəqəmsal yaddaş layihəsi işlək vəziyyətə gətirilib. Vahid İdarəetmə Sistemi icrasını 2019-cu ilə planlaşdırdığımız yazışma və rəsmi sənədləşmə modulu nəzərə alınmasa, əsasən hazırdır. 

 

Hədəflərin biri peşəkar heyətin formalaşdırılmasıdır. Düzünü deyim ki, bu, bizim ən ağrılı yerimizdir. 2014-cü ildə kitabxanada islahatlar başladı. Biz struktur dəyişikləri həyata keçirdik, kitabxananın daxilində İnformasiya Resursları mərkəzi yaradıldı. Mərkəzdə Milli Rəqəmsal Yaddaş, Rəqəmsallaşdırma, Sərbəst ensiklopedik resurslar, Elektron resurslara nəzarət şöbəsi kimi bir sıra şöbələr yarandı. Biz MEK-ə əməkdaşların seçilməsi və yerləşdirilməsi üçün test proqramı hazırladıq. 2014-2015 və 2016-cı illərdə bu testə əsasən əməkdaşları işə götürdük. Testin məqsədi kitabxanada indiyə qədər çalışan əməkdaşların bilik və bacarıqlarını sınağa çəkmək deyil, onların bilik və bacarıqlarını qiymətləndirib müvafiq şöbələrdə yerləşdirmək idi. Proses zamanı proqramçılar şöbəsinə xüsusi diqqət yetirdik, gənc proqramçılar cəlb etdik.  Haqqında danışdığım layihələr üçün təcrübəli proqramçının rəhbərliyi altında inkişaf etdilər   proqram təminatı hazırladılar. Gün gəldi və MEK-dən kadr axını başladı. Dövlət büdcəsindən proqramçının ala biləcəyi ən yüksək məvacibi almalarına baxmayaraq, kadr axınının qarşısını almaq mümkün olmadı. Ancaq biz fəxr edirik ki, hazırda respublikanın aparıcı təşkilatlarında proqramçı qismində MEK-dən qanadlanıb çıxmış gənclər fəaliyyət göstərirlər. Bu, bizim üçün çox fərəhli haldır. Yüksək məvacibli işlərə gedən əməkdaşlar MEK kollektivindən ayrıldıqlarına görə təəssüflənir. Çünki bizim həqiqətən də mehriban, bir-birinə isti münasibət və hörmətlə yanaşan, bir-birinin əməyini dəyərləndirən kollektivimiz var. Buna görə də hədəflərimizdən biri - tam peşəkar heyətin formalaşması üçün hələ xeyli çalışmalıyıq. Bizim heyətdə həm təcrübəli mütəxəssislər, həm də gənc əməkdaşlar çoxdur. Burada onlar arasında təcrübə-fikir mübadiləsi aparılır. Tərcübəli əməkdaşlar fondlar barəsində çox geniş biliklərə, gənclər isə müasir bacarıqlara malikdirlər. Onların birgə fəaliyyəti, bilik və bacarıqların mübadiləsi kitabxananın işinə böyük dəstəkdir.

2014-cü ildən 2015-ci ilin mayına qədər kitablar, sənədlər bizim əsas binadan Mərkəzi Elmi Kitabxananın yeni binasına köçürüldü. Biz çox qısa müddətdə fondları və ənənəvi kataloqu nizamladıq, elektron kataloqun icrasına başladıq və 2015-ci ilin sentyabrında biz artıq oxuculara xidmətə başladıq. Əslində, AMEA Rəyasət Heyəti tərəfindən bizim üzərimizə belə bir öhdəlik qoyulmamışdı. Köçürülmə prosesi üçün bizə xeyli zaman verilmişdi. Əməkdaşlarımız isə hamı bir nəfər kimi səfərbər olunub, cəmi beş aya bütün kitabları, sənədləri, avadanlıqları yeni binaya köçürdülər. Bizə bu işdə könüllülərin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının, Gənc Şərqşünaslar şəbəkəsi üzvlərinin çox köməyi oldu.

2015-ci ilin sentyabr ayından indiyə qədər beş mindən artıq oxucu şəxsiyyət vəsiqəsilə rəsmi qeydiyyatdan keçib. İstifadəyə verdiyimiz proqram təminatı kitabxana proseslərini düzgün idarə etmək üçün  istənilən oxucu, kitab və ya əməkdaş haqqında bütün məlumatları analiz etmək imkanı verir,

- MEK getdikcə əməkdaşlıq əlaqələrini də genişləndirir. Bu əlaqələrin kitabxananın işinə nə kimi faydaları olur?

- Heç kim üçün sirr deyil ki, hər bir kitabxana ənənəvi olaraq ilk növbədə sənədləri - kitabları, jurnalları, qəzetləri, xəritələri, audi-video yazıları, markaları -  özündə toplayan və istifadəyə verən qurumdur. MEK də ənənəyə uyğun olaraq sənədləri özündə toplayır, sistemləşdirir və istifadəçilərin ixtiyarına verir. Bu ənənəyə əlavə olaraq, MEK mütəmadi olaraq fondlarında saxlanılan informasiya məhsulları barədə cəmiyyəti məlumatlandırır, Eyni zamanda, oxucuların konkret tələblərinə uyğun olaraq və ya mübadilə proqramı çərçivəsində xarici kitabxanalardan kitablar alır cəlb edirik. Beynəlxalq əlaqələr, ictimaiyyətlə münasibətlər bu təbliğata çox böyük imkan yaradır. MEK-in xarici əlaqələri Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklər və Azərbaycanın xarici ölkələrdəki səfirlikləri vasitəsilə qurulur və bu yolla Azərbaycana aid olan və xarici dillərdə çap olunan materiallar kitabxanamıza cəlb edilir.

Xarici əlaqələr istiqamətində başqa bir layihə 2018-ci ildə MEK-in UNESCO-nun mədəni-tarixi abidələrin qorunması üzrə işçi qrupuna üzv qəbul edilməsi oldu. Bu, sadə üzvlükdən daha çox işçi qrupun fəaliyyətinə əməli töhfənin verilməsi oldu - MEK-in müəllifi olduğu müasir elektron kataloq UNESCO işçi qrupu üzvləri tərəfindən adekvat, uyğun format kimi qəbul edildi. Məlumdur ki, ölkənin tarixi və ya mədəniyyəti barədə informasiyanın bir hissəsi də məzarlarda, qəbiristanlıqlarda əks olunur. Hazırda MEK bu istiqamətdə "Məzarlar" layihəsi üzərində iş aparır. 

Elektron kataloqumuza, buraya aid materialları "UNESCO" qrifi ilə daxil edirik. Bizim üçün çox sevindirici haldır ki, bu işdə də MEK-ə ən böyük dəstəkçilərdən biri könüllülərdir. UNESCO işçi qrupuna əlavə olaraq, "Vətəndaş təşəbbüs qrupu" var ki, son iki həftə ərzində bizə Qubadan, Xızıdan və başqa regionlardan bir çox məzarların foto əksini göndərib. Hazırda onların da kataloqla daxil edilməsi prosesi gedir. Bu, bizim tarixi sərvətimizdir. Məlumdur ki, bu günün özündə də bizim məzarlarımız ermənilər tərəfindən dağıdılır. Məzarların forması və üzərindəki yazılar ilə yanaşı, onların koordinatları, foto təsvirləri, fiziki parametrləri ilə bağlı məlumatlar toplamalıyıq ki, sabah onlar haqda axtarış aparanda, elmli işlərdə alimlərin əlində sistemləşdirilmiş materiallar olsun. Əlaqələr də bu tipli bazaların, resursların zənginləşməsinə kömək edir.

Mərkəzi Elmi Kitabxananın, məncə, ən mühüm əlaqələrindən biri də Nazirlər Kabineti ilə kitab abidələri layihəsi çərçivəsində əməkdaşlıqdır. Mütəmadi olaraq, kitabxanalara kitab abidələri barədə məlumat üçün müraciət olunur. Kitabxanalar mühafizə etdikləri və kitab abidələri meyarlarına cavab verən kitabların hər biri barəsində 5-6 səhifəlik pasport məlumatlarını Mədəniyyət Nazirliyinə təqdim edir.

2018-ci ildə fondlarımızda araşdırma nəticəsində mindən artıq kitab abidəsi aşkar edildi və müvafiq olaraq, MEK Mədəniyyət Nazirliyinə azı 6 min səhifəlik çap materialı təqdim etməli oldu. Bu həcmdə və formatda informasiyanın çətin idarə oluna biləcəyini nəzərə alıb, biz özümüzün beynəxalq standartlara cavab verən kataloqumuzda modifikasiyalar apardıq, kitab abidələrinə tələb olunan meyarları və 1046 kitabı çevik e-kataloq formatında Nazirlər Kabinetinə təqdim etdik. Düşünürük ki, artıq bu ildən bu üsul başqa kitabxanalarda da tətbiq olunacaq.

Xarici əlaqələr istiqamətində başqa layihə - rəqəmsal sənədlərin mübadiləsidir. Həm ölkəmiz daxilində, həm də ölkə xaricində bir sıra muzeylər, kitabxanlar, fondlarla əməkdaşlıq edirik. Sabirin Şamaxıdakı ev muzeyində saxlanılan nadir əlyazmalar, sənədlər vardı ki, biz onları və MEK-də mühafizə olunan sənədləri rəqəmsal formata salıb Sabirin ev-muzeyinə hədiyyə etdik. Sənədlər Sabirin adına yaradılmış üç dilli portalda yerləşdirdi.

- Eyni zamanda media ilə, mətbu orqanlarla da sıx əməkdaşlıq əlaqələriniz var.

- Bəli, biz Mətbuat Şurası ilə də əməkdaşlıq haqqında müqavilə imzalamışıq. Respublikanın bir sıra aparıcı media qurumları, qəzetlərilə əməkdaşlıq müqaviləsi imzaladıq, müəllif hüquqlarının qorunması şərtilə arxiv materiallarını, elektron bazanı fondlarımıza daxil etdik və bizdə olan elektron resursları da paylaşmağa hazır olduğumuzu bildirdik. 2018-ci ilin iyun ayında Milli Mətbuat Gününə həsr olunmuş "AXC-100 işığında MEK-in Milli Mətbuat informasiya blokuna töhfəsi" mövzusunda tədbirdə media qurumlarına  müraciət etdik ki, arxiv materiallarını etibarlı mühafizə üçün MEK-ə təqdim etsinlər. Kiçik bir şərh də verdik ki, bu gün media qurumlarının saytlarının,  portallarının problemsiz fəaliyyət göstərməsi onların sabahkı təhlükəsizliyinə təminat vermir. Kitabxanalar isə əsrlərdən gələn ən etibarlı informasiya saxlancıdır, iş düzgün qurulubsa, buraya verilən materiallar heç zaman itməz. Yadımdadır ki, arxivlərin bizə ödənişsiz verilməsi çağırışına bəzi media qurumları şübhə ilə yanaşdılar. Çox təəssüf ki, ondan az zaman sonra bu cür fikir səsləndirən qurumlardan biri bağlandı və onlar bir günün içərisində öz arxivlərini tamamilə itirdilər. Mən çox istərdim ki, bizim çağırışımıza onlar da səs verəydilər, arxivlərini bizə həvalə edəydilər və biz bu gün onlara öz arxivlərini bərpa etməyə kömək edərdik. Media ilə əməkdaşlığa MEK çox böyük önəm verir. Saytımız üç dildə hazırlanır. Saytımız bayaq haqqında danışdığım Vahid İdarəetmə Sisteminə də qoşuludur. MEK xəbərləri çox geniş şəkildə paylaşılır - mətbuat orqanları, Facebook, Twitter, İnstagram, Youtube və başqa sosial şəbəkələrdə aktiv səhifə və kanallarımız var. Məqsədimiz kitabxananın fəaliyyətini, resurslarını mümkün qədər geniş şəkildə ictimaiyyətə çatdırmaqdır. Çünki bu resurslar xalqa məxsusdur və xalq da bunlardan məlumatlı olmalıdır. Əgər biz özümüz fondlarımızı araşdırmasaq, maraqlı sənədləri, üstünü zaman tozu örtmüş və ya tam yeni işıq üzü görmüş sənədləri ictimaiyyətə açıqlamasaq, kitabxana istifadəçilərinin bu sənədlərlə "görüşü" gec baş tuta bilər. Bununla bağlı hər həftənin cümə axşamı MEK-də təqdimatlar keçiririk, bununla həm də "cümə axşamı" anlayışına yeni çalar gətiririk.

Bizim əməkdaşlarımız çox geniş şəkildə sərbəst ensiklopedik resurslarda işləyirlər. Vikipedianın təkcə öz dilimizdə deyil, ondan artıq xarici dillərdə səhifələrində bizim milli-mədəni irsimizə, tariximizə aid materialları yerləşdirirlər. Eyni zamanda, Azərbaycan dilli vikipediyada həm Azərbaycana, həm də xarici ölkələrə, şəxslərə, hadisələrə aid materiallar yerləşdirirlər. Bu MEK-in geniş informasiya məkanına çıxışının daha bir nümunəsidir.

- MEK-in istifadəçilər, oxucularla qarşılıqlı münasibətini necə dəyərləndirirsiz?

- Düşünürəm ki, bu münasibət yüksək dəyərləndirilməlidir. Çünki biz istifadəçilərin ehtiyaclarına qulaq asır və çalışırıq ki, o ehtiyacları qarşılayaq. Məsələn, siz bilirsiniz ki, Azərbaycanda kitabxanalar birnövbəli işləyir. 2-3 il bundan öncə bizim oxucularımız bizə təkidlə müraciət etdilər ki, xidməti saat 18:00-da yox, 22:00-a qədər davam etdirək. Bununla bağlı biz AMEA rəhbərliyinə müraciət etdik və akademiyanın prezidenti cənab Akif Əlizadə narahatlığımızı və sorğumuzu qarşıladı - MEK-ə əlavə vəsaitin ayrılmasına qərar verildi. Bu gün oxucularımız saat 09:00-dan 22:00-a qədər kitabxanamızın xidmətlərindən yararlana bilir.

Eyni zamanda, kitabxanamızın da müəyyən ehtiyacları var ki, onu oxucularımız qarşılayırlar.

- Bəs digər kitabxanalarla qarşılıqlı əlaqələriniz necədir, istər milli, istərsə də xarici?

- Xarici kitabxanalarla sıx əlaqədəyik. Belə ki, MEK fəaliyyətə başlayanda bir sıra xarici kitabxanalara səfərlər etdik, onlardan yeniliklərlə yanaşı, həm də yol verilən səhvləri də öyrəndik. Bu məqsədlə biz Rusiya, İngiltərə, Almaniya dövlət kitabxanlarında olduq, çox səmimi müzakirələr apardıq, yol verilən səhvləri, yaşadıqları problemləri öyrəndik. Çalışdıq ki, bu səhvlər üzərində öyrənək və onlara yol verməyik. Əməkdaşlarımız xarici kitabxanalara ezam olunur, orada yeni təcrübəni öyrənib əməkdaşlarımız ilə paylaşırlar. O ki qaldı ölkə kitabxanalar ilə qarşılıqlı əlaqələrə, bu yöndə də kifayət qədər sıx əməkdaşlığımız var. Azərbaycan Milli Kitabxanası, Prezident Kitabxanası və bir sıra başqa kitabxanalarla da dostluq əlaqələrimiz var. O cümlədən, akademiyanın özünün kitabxanalar şəbəkəsi var ki, onlarla biz artıq metodik mərkəz kimi əməkdaşlıq edirik - vahid idarəetmə sistemi üzrə təlimlər, iş yerlərində təcrübə həftələri və hazırladığımız qeydiyyat sisteminin onların kompüterlərinə yerləşdirmək kimi fəaliyyət tətbiq edirik.

- Bu il yanvarın 15-də Prezident İlham Əliyev "Müasir kitabxana-informasiya sisteminin qurulması haqqında" fərman imzaladı. Bununla bağlı fəaliyyətə başlamısınızmı?

- Əlbəttə. Bununla bağlı biz 12 il ərzində Beynəlxalq Kitabxanalar Assosiasiyaları Federasiyasının sədri və sədr müavini, Berlin Humbold Universitetinin fəxri professoru xanım Klaudia Luksu Mərkəzi Elmi Kitabxanaya dəvət etdik. Səfərin məqsədi müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendləri müzakirə etmək, Mərkəzi Elmi Kitabxanada görülən işlərə, iş prosesinə, hazırlanmış proqram təminatına beynəlxalq baxış keçirmək və tövsiyələri eşitmək idi. Kitabxananın gündəlik işi ilə yaxından tanışlıqdan sonra dəvətli ekspert Klaudia Luks bildirdi ki, dünyanın heç bir kitabxanasında bu dərəcədə yüksək fəaliyyətə rast gəlməyib.

- Bu il ölkəmizdə "Nəsimi ili" elan olundu. Bu illə bağlı hansı fəaliyyət planları hazırlayırsınız?

- MEK demək olar ki, çox qısa zamanda tədbirlər planını cizgilədi. Bu fəaliyyətlər çərçivəsində Nəsimi haqqında sərbəst elektron resurslarda, müxtəlif dilli vikipedialarda məqalələrin yerləşdirilməsi, yeni məqalələrin yaradılması, mövcud məqalələrin düzgün redaktə edilməsi, Nəsimiyə aid elmi ədəbiyyatın MEK-in elektron kataloquna, milli rəqəmsal yaddaş bazasına daxil edilməsi, multiformatda sərginin təşkili və müsabiqənin keçirilməsi yer alır.

Mən istərdim ki, ilk olaraq, öz əməkdaşlarımız arasında "Nəsimi kitabxananın milli rəqəmsal yaddaş bazasında" mövzusunda müsabiqə keçirək. Onlar Nəsimini necə görürlər. Konkret janr məhdudiyyəti olmayacaq. Kim necə istəyirsə, nə istəyirsə hazırlaya, yaza bilər. Sonra isə biz yaxşı bir təqdimatla bunu ictimaiyyətlə bölüşəcəyik. Biz artıq bunun formatını müzakirə edirik. Bayaq haqqında danışdığım xanım Kladio Luksa "Nəsimi ili"nin olmağını nəzərə alaraq, "Şərq-Qərb" nəşriyyatı tərəfindən Nəsiminin alman dilində nəşr olunmuş iki kitabını təqdim etdik.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 28 fevral.- S.4;6.