Əbülfəs Qarayev UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında geniş müzakirələr aparılıb

İyulun 1-də Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev UNESCO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qonağa ölkəmizdə keçirilən beynəlxalq tədbirdə fəal iştirak etdiklərinə görə təşəkkür edən Əbülfəs Qarayev Azərbaycanın zəngin mədəni irsi haqqında məlumat verib. Bildirib ki, mədəni sərvətlərimizin qorunması və bərpası ölkə başçısının diqqət mərkəzindədir və bu istiqamətdə dövlət səviyyəsində fəal iş aparılır. Həmçinin bu sahədə beynəlxalq əməkdaşlığa da böyük önəm veririk.

Nazir, həmçinin qədim Qəbələ şəhərinin öyrənilməsi məqsədilə koreyalı mütəxəssislərlə birgə tədqiqat işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

UNESKO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li ölkəmizin bu mötəbər tədbirə yüksək səviyyədə hazırlaşdığını deyib, buna görə Azərbaycan hökumətinə öz minnətdarlığını ifadə edib: “Azərbaycanı dünyada daha çox neft və qaz ölkəsi kimi tanısalar da, ölkəniz həm də zəngin mədəni irsə sahibdir. Biz burada olduğumuz müddətdə bu zənginliyin əyani şahidi olduq”.

Qonaq Azərbaycanın dünyada mədəni irsin qorunması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

 

525-ci qəzet.- 2019.- 3 iyul. S. 3.