Azərbaycan Dövlət Neft Fondunun inkişaf etməkdə olan ölkənin iqtisadiyyatında rolu

Azərbaycan təbii sərvətlərlə - neft və qaz ehtiyatları ilə zəngin ölkədir. Müstəqilliyinin ilk dövrlərində ölkədə iqtisadi və siyasi problemlər mövcud idi. Mövcud vəziyyət karbohidrogen ehtiyatlarının istifadəsi üçün texniki və maliyyə baxımından çətinliklər yaradırdı. Ölkənin təbii sərvətlərindən səmərəli istifadəni təmin etmək və iqtisadiyyatı canlandırmaq məqsədilə Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ölkədə Milli Neft Strategiyası hazırlandı. Uzunmüddətli inkişafa hesablanmış bu strategiyanın əsas məqsədi ölkənin neft və qaz ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadəsinin təmin edilməsidir. Milli Neft Strategiyasının əsasını xarici sərmayənin və təcrübənin cəlb olunması, çoxvariantlı ixrac sisteminin yaradılması və əldə olunana gəlirlərin effektiv, şəffaf idarə edilməsi və istifadə olunması təşkil edir. Milli Neft Strategiyasında nəzərdə tutulmuş sonda qeyd edilən hədəfə nail olmaq məqsədilə ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1999-cu ildə Azərbaycanın suveren fondu olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) əsası qoyulub.

Neftlə zəngin olan ölkələrdə belə fondların təsis edilməsi bu təbii sərvətdən gələn qazancın nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır. Hazırda Azərbaycan Respublikası Neft Fondu (ARDNF) institusional cəhətdən çox yüksək səviyyədə formalaşmaqla bərabər, ölkə daxilində, eləcə də beynəlxalq səviyyədə tanınan və vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin edilməsi baxımından öz təcrübəsini bölüşdürməyə qadir olan qurumdur. Çünki ARDNF yaradılarkən analoji dünya təcrübəsinə istinad edilməklə yanaşı, yerli xüsusiyyətlər və ehtiyaclar nəzərə alınmış, neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə bərabər, bugünkü nəsillərin problemlərinin həlli üçün də istifadə edilməsini nəzərdə tutan model seçilmişdir.

Fəaliyyətə başladığı vaxtdan 20 il ərzində ARDNF qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirmiş, öhdəliklərini layiqincə yerinə yetirib.

ARDNF-nin fəaliyyəti xeyirxah, məqsədyönlü və uzaqgörən siyasət əsasında qurulub. Qurumun qarşısında çox mühüm vəzifələr dayanır ki, onlardan da ölkədə makroiqtisadi sabitliyin qorunması, neft gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və sair xüsusilə əhəmiyyətli yer tutur. Fondun fəaliyyəti eləcə də ölkənin sosial-iqtisadi tərəqqisi naminə nəhəng ümummilli layihələrin maliyyələşdirilməsinə yönəldilib.

Neft ehtiyatlarının bərpa olunmadığı, yəni hasil edildikcə tükəndiyi hamıya yaxşı məlumdur. Ona görə neft fondunun ən başlıca vəzifələrindən biri gəlirlərin nəsillər arasında bərabər bölüşdürülməsi, gələcək üçün ehtiyat vəsaitlərin toplanmasıdır. Qeyd edək ki, bir sıra ölkələrdə də analoji fondlar fəaliyyət göstərir. ARDNF yaradılarkən həmin fondların təcrübəsinə müraciət olunmaqla yanaşı, bugünkü həlli təxirəsalınmaz problemləri nəzərə alan bir model seçilib.

Bu problemlər sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasından didərgin salınmış insanların sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ən vaciblərindən idi. Beləliklə, fonddan ilk növbədə bu problemin həllinə vəsait yönəldildi.

2017-ci il mayın 31-də 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışındakı nitqində Prezident İlham Əliyev deyib: "Dövlət Neft Fondunun xətti ilə ölkəmiz üçün ən önəmli layihələrin icrası nəzərdə tutulur. Onlardan birincisi məcburi köçkünlərin problemlərinin həllidir. Son illər ərzində məhz neft fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə salınıbdır. Bu vəsait, əlbəttə, neft əməliyyatlarının gəlirlərindən formalaşır və bu gün biz özümüzü dünyada müasir, dinamik inkişaf edən ölkə kimi təsdiq edə bilmişik".

İndi bu qəsəbələrin sayı 100-dən artıqdır. 10 ildən çoxdur çadır şəhərcikləri ləğv olunub. Təkcə keçən il 6 min köçkün ailəsinə mənzillər təqdim edilib.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri layihəsində Azərbaycanın iştirak payını da neft fondu maliyyələşdirdi. 2005-ci ilin mayında Bakı yaxınlığındakı Səngəçal terminalında ilk yükünü qəbul edən BTC 2006-cı ilin iyulunda tam bir sistem kimi işə düşdü. Həmin vaxtdan fasiləsiz və təhlükəsiz işləyən kəmərin özü bu gün artıq təkcə Azərbaycana deyil, bütün regiona xeyir-bərəkət gətirir.

Hazırda BTC ilə "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı ilə yanaşı müəyyən həcmdə Türkmənistan, Qazaxıstan və Rusiya nefti də nəql olunur. Beləliklə, Azərbaycanın tranzit sahəsində etibarlı tərəfdaş kimi nüfuzu artır.

ARDNF-nin maliyyələşdirdiyi hər layihə sıradan bir layihə deyil. Onlar iqtisadiyyatın şaxələndirilməsinə, növbəti layihələrin gerçəkləşməsinə, sosial infrastrukturun genişlənməsinə, bir sözlə, ölkənin davamlı inkişafına xidmət edir. Məsələn, BTC-nin çəkilməsi ilə Azərbaycan, obrazlı desək, beynəlxalq enerji aləminə bir qapı açdı. Sonra bu qapıdan daxil olaraq digər önəmli layihələr həyata keçirdi. "Cənub qaz dəhlizi" kimi nəhəng bir layihənin reallaşmasının təşəbbüsçüsü və lideri kimi çıxış etdi.

Yeri gəlmişkən, Neft fondundan "Cənub qaz dəhlizi"nin çəkilişinə də vəsaitlər ayrılıb. Hazırda bu dəhlizin dörd komponentindən üçü - "Şahdəniz-2", Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan CQBK (Cənubi Qafqaz Boru Kəməri), Türkiyə ərazisindən keçən TANAP (Transanadolu Qaz Boru Kəməri) artıq gerçəkləşib. Bir ildən çoxdur TANAP-la Türkiyəyə "Şahdəniz"qazı nəql olunur. Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-ın (Transadriatik Qaz Boru Kəməri) çəkilişi də sona yaxınlaşır.

"Cənub qaz dəhlizi" qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm amil olacaq. Ölkəmizin regionda və Avropada nüfuzunun artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Azərbaycanın enerji ixrac edən və tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət əldə edəcək. Bu layihə Azərbaycana böyük gəlirlər gətirəcək, insanların rifahının yüksəlməsinə təsir göstərəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Cənub qaz dəhlizi" Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.

Azərbaycan neftdən və qazdan gələn gəlirləri eyni zamanda, nəqliyyat sektoruna yönəlib. ARDNF-nin vəsaitləri hesabına Bakı-Tbilisi-Qars dəmir yolu kimi əhəmiyyətli bir layihəni maliyyələşdirdi. Bunlar Azərbaycanı nəinki bölgədə, bütün Avrasiya məkanında nəqliyyat mərkəzinə çevirdi. Görülən işlər indi ölkə ərazisindən böyük həcmli yüklərin Şərqdən Qərbə, Qərbdən Şərqə daşınmasına imkan verir.

Xoşbəxt o xalqdır ki, vətəninin yeraltı və yerüstü sərvətləri onun bugünkü xoş güzəranına və daha işıqlı sabahına xidmət edir. Azərbaycan dövləti öz əməli fəaliyyətində, həyata keçirdiyi islahatlarda bu məqsədi rəhbər tutur. Odur ki, neft fondundan vəsait ayıraraq Oğuz-Qəbələ-Bakı kəmərini çəkib paytaxta bulaq suyu gətirdi. Samur-Abşeron kanalının rekonstruksiyası nəticəsində tarlalara, əkin sahələrinə bərəkət bəxş etdi, digər çoxsaylı sosial və infrastruktur layihələrini həyata keçirdi.

Neft fondunun vəsaiti xaricdə təhsil alan neçə-neçə azərbaycanlı gəncə dəstək verdi. Bu proses yenə də davam edir. Beləcə, neft gəlirləri təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafına da yardım göstərir. Xalqın güzəranı ildən-ilə daha da yaxşılaşır. Ölkədə yoxsulluğun səviyyəsi 50 faizdən 5,4 faizə, işsizlik 5 faizə enib. Bu göstəriciyə dünyanın bir çox, o cümlədən, inkişaf etmiş ölkələri qibtə edə bilər. Bir sözlə, Azərbaycan dövləti neft kapitalını insan kapitalına çevirib.

Təsadüfi deyil ki, ölkəmizin sosial-iqtisadi sahədə qazandığı nailiyyətlər nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən dönə-dönə etiraf olunur. Bunu Azərbaycanın adının həmin qurumların reytinq cədvəllərində ildən-ilə daha irəliyə çəkilməsi də təsdiqləyir.

2017-ci il noyabrın 8-də Azərbaycanda 2 milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev demişdir: "Əsrin kontraktı"nın nəticələri, sadəcə olaraq, neft fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz qara qızılı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır".

Bütün bu işlərin uğurlu həlli Ülu öndər Heydər Əliyevin qurub-yaratdığı və Prezident İlham Əliyevin gündən-günə inkişaf etdirdiyi müstəqil Azərbaycanın Dövlət Neft Fondundan qaynaqlanır.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyir ki, fəaliyyətə başladığı gündən şəffaflıq və hesabatlılıq əsas prinsiplərindən biri olan ARDNF hazırda beynəlxalq səviyyədə tanınan, şəffaf fəaliyyəti ilə dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilən bir qurumdur. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən ARDNF-ə BMT-nin "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə mükafatı təqdim edilib. Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında sözügedən mükafata layiq görülən birinci dövlət qurumudur: "Bildiyiniz kimi, ARDNF Santyaqo Prinsipləri əsasında fikir və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə əsası 2009-cu ildə qoyulan və tərkibində dünyanın əksər suveren fondlarını birləşdirən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) aktiv üzvüdür, ARDNF-in bu forumda aktiv iştirakı onun digər suveren fondlarla əməkdaşlığının gücləndirilməsinə, müvafiq beynəlxalq təcrübənin bölüşdürülməsinə və bu fondlar arasında nüfuzunun artırılmasına mühüm təsir göstərir. Qeyd etmək istərdim ki, SFBF-nin 2009-cu ildə dünyanın 20-dən çox ölkəsinin suveren fondlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi ilk illik görüşü Azərbaycan hökuməti və Dövlət Neft Fondunun təşkilatçılığı ilə Bakıda keçirilib. Əlavə olaraq deyim ki, Suveren Fondların Beynəlxalq Forumunun Mərakeş şəhərində keçirilən 10-cu illik görüşündə SFBF-nin 5 nəfərdən ibarət idarə heyətinin yeni tərkibinə keçirilən seçkilərin nəticəsində ARDNF-in icraçı direktoru idarə heyətinə üzv seçilib. Eyni zamanda, tədbirdə SFBF-nin 2020-ci ildə 12-ci illik yığıncağının Dövlət Neft Fondunun təşkilatçılığı ilə Bakıda keçirilməsi qərara alınıb. Suveren fondların şəffaflıq və hesabatlılığının qiymətləndirilməsi sahəsində Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun əməkdaşı Edvin Truman tərəfindən hazırlanmış, struktur, idarəetmə, şəffaflıq və hesabatlılıq, maliyyə bazarlarında fəaliyyət kateqoriyalarından ibarət olan suveren fondların qiymətləndirmə cədvəlində ARDNF 60 suveren fond arasında yüksək göstərici ilə 92 balla 4-cü yerdə qərarlaşıb".

Ş.Mövsümovun sözlərinə görə, ARDNF cari ildə Suveren Fondlar İnstitutu tərəfindən tərtib edilən, qurumların fəaliyyətlərində tətbiq etdiyi innovasiyalar, xüsusi proqramlar, maliyyələşdirmə mexanizmləri, gəlirlilik göstəriciləri, mövcud şərait və həyata keçirilmiş təşəbbüslər kimi kriteriyalar nəzərə alınmaqla tərtib edilən renkinqdə dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısında 10-cu yerdə qərarlaşıb: "Nəzərinizə çatdırım ki, siyahıya mövcud şəraitdə vəsaitlərin idarə edilməsində fərqlənən dünyanın böyük suveren fondları, pensiya fondları, ianə fondları, və sair təşkilatlar arasından seçilmiş 100 ən nüfuzlu investor daxil edilib. Düşünürəm ki, qeyd edilən bütün bu göstəricilər ARDNF-in beynəlxalq arenada yeri və nüfuzunu göstərən mühüm amillərdir".

Həyata keçirilən bütün bu tədbirlər sayəsində bugün ARDNF nəinki Azərbaycan, eyni zamanda, beynəlxalq aləmdə institusional quruculuq, vəsaitlərin səmərəli idarə edilməsi, əməliyyatların şəffaflığı və informasiyanın açıqlığına görə fərqlənən və bu sahədə yüksək nüfuza malik qurum kimi tanınır.

Sevinc QARAYEVA.

525-ci qəzet.- 2019.- 3 iyul. S. 7.

Yazı ARDNF-in yaradılmasının 20-ci ildönümü münasibətilə "Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında" mövzusunda keçirilən müsabiqəyə təqdim olunur