"Narahat olmayın, O, bizə
Babanın yadigarıdır..."
Adətən,
Ülkər xanımın özü və yaxud Şirməmməd
müəllim xəstə olanda hər gün ona zəng vurub
hal-əhval tutmağa adət etmişik. Bu il iyun ayının
əvvəlindən Şirməmməd müəllim xəstə
olduğuna görə, işə çıxmayan Ülkər
xanımla yenə də hər gün telefon əlaqəsi
saxlayırdıq. Ancaq həmin gün - iyun ayının
24-ü işin axırına yaxın Ülkər xanıma zəng
edəndə, mənim "alo" deməyimlə, onun
ağlaya-ağlaya dediyi, "Maral, daha zəng
vurmayın", - deməsi məni bir anlıq
çaşdırdı. Nə edəcəyimi bilmədiyimdən
elə otağın küncündəki stula oturdum. Bir az
özümə gələndən sonra Ülkər
xanımın "qeyri-adi" xahişini şöbəmizin əməkdaşlarına
çatdırdım. Doğrusu, ikinci dəfə zəng etməyə
cürət etmədim...
Amma
evə çatandan sonra eşitdiyim ağır xəbəri
adi qarşılamaq çox çətin idi. "525-ci qəzet"in
tanınmış əməkdaşı Şahanə
xanımın yazdığı - "Daha redaksiyada
"Şirməmməd müəllimin səhifələri
hazırdır? sualını eşitməyəcəyik"
mesajı ilə birlikdə Şirməmməd müəllimin
əlində açıq kitab olan fotoşəkli
sözün həqiqi mənasında nekroloq əvəzi bir
mesaj idi...
Hər
həftəsonu "525"də çıxan
yazıların həmişə bizim yanımızda
hazırlanması səhnələri bir anlıq gözlərim
önündən kino lenti kimi keçməyə
başladı. Bu yazıları Şirməmməd müəllim
evdə yazıb qurtaran kimi, aparıb qoyurdu Ülkər
xanımın iş çantasının üstünə. Bu
isə o demək idi ki, bunları kompüterdə
yazdırıb qəzetə göndərmək
lazımdır. Və Ülkər xanım gəlib işə
çatandan 1-2 dəqiqə sonra telefonu zəng çalan kimi
götürür və "hə, Baba, gəlib
çatmışam, yazıları da vermişəm Rəşidə
yazır", - deyəndən sonra iş stolunda yerini
rahatlayırdı.
Sonra
isə həmin yazılar "525"ə - Şirməmməd
müəllimin sevimli tələbəsi Yusifə göndərilirdi.
Bildiyimizə görə, hələ bundan sonra Şirməmməd
müəllim yenidən Yusifə zəng vurur, yazının
çatıb-çatmadığını öyrənirdi...
Və beləliklə, hər həftə hamıya
tanış olan yazılar işıq üzü
görürdü...
Həmkarım
Yusif Rzayev yazır ki, Şirməmməd müəllimin tələbəsi
olduğuna görə, özünü çox xoşbəxt
hesab edir. Həqiqətən bu, belədir. Şirməmməd
müəllimi tanıdığım vaxtdan artıq 51 il
keçməsinə baxmayaraq, elə bizim nəslin nümayəndələri
də bu cür fikirləşir və hər yerdə onun
adı ilə fəxr edirlər. Mən də özümü
o cərgədə olanlardan biri hesab edərək, demək istəyirəm
ki, mənim bəxtim bir qədər də çox gətirib.
Artıq 40 ilə yaxındır ki, müəllim-tələbə
yaxınlığından başqa, Şirməmməd müəllimin
ömür-gün yoldaşı Ülkər xanımla
çiyin-çiyinə işləmək məni bu ailəyə
daha da yaxınlaşdırıb. Bu ailənin ən xoş
günlərinin iştirakçısı kimi, onlarla bir yerdə
olmaq, ailə üzvlərini və onların simasında
hörmətli müəllimimizi daha yaxından tanımaq
şansı da düşüb bəxtimə.
Əvvəllər
övladlarının, sonra nəvələrinin ən xoşbəxt
günlərində bu ailənin üzvləri ilə birlikdə
olmaq, ən mötəbər tədbirlərdə Şirməmməd
müəllimin çıxışlarını ləzzətlə
dinləmək özü böyük bir universitetdir, - desəm,
səhv etmərəm.
Doğrusunu
deyim ki, hələ təhsil aldığım 1968-1973-cü
illərdə təkcə Jurnalistika fakültəsində təhsil
alan tələbələrin deyil, hətta ağsaqqal müəllimlərin
də Şirməmməd müəllimdən çox çəkinib,
qorxduqlarının dönə-dönə şahidi
olmuşam. Amma sonralar başa düşdüm ki, bu
"qorxu"nun arxasında çox böyük bir məsuliyyət
hissi dayanır...
Vətəninə,
millətinə, dilinə və öz aliləsinə
qarşı həmişə vicdanla xidmət edən professor
Şirməmməd Hüseynov həqiqətən hər bir azərbaycanlıya
örnək ola biləcək əsl ziyalı olduğu
üçün, ailəsində də bu ənənə həmişə
davam etdirilmişdir. Şirməmməd müəllimlə
Ülkər xanım Azərbaycan üçün özləri
kimi vətənpərvər və zəhmətkeş
övladlar yetişdirməklə bərabər, həm də
savadlı, imkansız və köməyə ehtiyacı olan gənclərin
himayədarları kimi də böyük nüfuz sahibidirlər.
Mayası zəhmətdən tutulmuş bu insanlar ünsiyyətdə
olduqları hər kəsə öz vəzifəsinə can
yandırmağı, zəhmətdən zövq almağı,
vicdanlı olmağı, vətən və millət mənafeyini
şəxsi mənafedən üstün tutmağı var
qüvvələri ilə aşılamağa
çalışıblar həmişə.
Son
vaxtlar keçirilən tədbirlərdə cavan jurnalistlər
Şirməmməd müəllimə "işləməkdən
yorulmamısınız ki?" sualını verəndə,
onun "Bilirsiniz, indi mənim nə istirahətə, nə də
xəstələnməyə ixtiyarım yoxdur, çünki
hələ görüləsi vacib işlərim var"
cavabı hər kəsi təəccübləndirdi. Şirməmməd
müəllim hər kəsdən də belə işləməyi
tələb edirdi, deyirdi ki, hər insan öz işi ilə məşğul
olarsa, lazımsız işlərə də vaxt qalmaz.
Uzun
illər müşahidələrimə əsasən deyə
bilərəm ki, Şirməmməd müəllimin ailəsində
bəlkə də dünyanın heç bir yerində,
heç bir ailəsində olmayan, yalnız onlara xas olan qəribə
bir xoşbəxtlik çırağı yanıb həmişə.
Onların birgə yaşadıqları 60 il müddətində
bu çırağın işığı nəinki öləzimiş,
əksinə, onları bölünməz bir varlığa
çevirmişdi. Tanıdığım illər ərzində
bir dəfə də olsun Ülkər xanımın hansısa
bir iş barədə sərbəst qərar verməyini
görməmişdim. Çünki Şirməmməd müəllimin
uzaqgörənliklə söylədiyi fikirlər, verdiyi məsləhətlər
həmişə xeyirli nəticə ilə sona
çatırdı.
Məlum
20 Yanvar hadisələrindən sonra Ülkər xanımla birgə
çalışdığımız "Elm və həyat"
jurnalının "ölüm", ya "qalım" məsələsi
ortaya çıxan dövrlərdə Şirməmməd
müəllimin "öz hüquqlarınızı müdafiə
etmək üçün mübarizə aparmaqdan qorxmaq
lazım deyil" məsləhəti jurnalın cəmi 4-5 nəfərlik
kollektivinin şüarına çevrildi. Və nəhayət,
Ülkər xanım ön cərgədə olmaqla,
aparılan "mübarizə" nəticəsində Azərbaycanın
yeganə elmi-populyar jurnalı kimi tanınan "Elm və həyat"
yaşamaq hüququnu bərpa etdi...
Son
illər Ülkər xanım nəvələrin dili ilə
Şirməmməd müəllimə Baba deyə müraciət
edən zaman bəzən cavanların təəccüblü
baxışlarını hiss edəndə, köhnə əməkdaşların
açıqlamasından sonra yaranan qibtə və həsəd
hissi açıq-aydın hiss olunurdu...
25
iyun 2019-cu il. Ömrünün çox hissəsini
keçirdiyi Bakı Dövlət Universitetinin böyük
zalında keçirilən vida mərasiminə gələnlər
əvəzolunmaz müəllimimiz, böyük Ustad, yorulmaz tədqiqatçı
alim, alovlu vətənpərvər, bir çox fəxri
adların, orden və medalların sahibi olan bir ziyalıya -
professor Şirməmməd Hüseynova son borclarını
qaytarmaq üçün toplaşmışdılar. Əvəllər
bu zalda keçirilən bütün möhtəşəm tədbirlərdə
Şirməmməd müəllimin qürurla
dayandığı səhnədə indi onun yaşıl
qumaşa bürünmüş səssiz-səmirsiz cənazəsi
qoyulmuşdu. Şirməmməd müəllimin
çıxış etdiyi kürsüdə isə onun
haqqında xatirə söyləyən insanlar tez-tez bir-birlərini
əvəz edirdilər...
Zalda
1-ci sırada əyləşmiş qara geyimli 3 qadının
və digər doğmalarının simasına
çökmüş qəm yükünü çəkə
biləcək elə bir qüvvə isə mövcud deyildi.
Zala daxil olanlar həmin sıranın önündən
keçərək, Ülkər xanımın, Fərəh
xanımın və Lalə xanımın qarşısında
dayanaraq, başsağlığı verməyi, onların əllərindən
öpməyi özlərinə borc bilirdilər... Ülkər
xanımın "mən 2 yaşım olanda anadan yetim
qalmışdım, indi 82 yaşımda yenə yetim
qaldım" sözləri bəlkə də
çoxlarına qəribə görünə bilər. Amma
bu, Ülkər xanımın ağır itkiylə
barışmazlığının sözlə idafə
olunmuş əks-sədası idi. Fəxri Xiyabanda dəfndən
sonra isə "mən onu burada qoyub necə gedim evə,
axı, mən evə gedəndə, həmişə liftin
yanında məni o qarşılayırdı", - dedi
Ülkər xanım...
İnanıram
ki, hər birimizin çox cəsarətli və
dözümlü insan kimi tanıdığımız Ülkər
xanım şəxsi həyatında yaranmış bu
boşluğu Şirməmməd müəllimin
yarımçıq qalmış işlərini tamamlamaqla,
onun haqqında olan xatirələrini yazıb gələcək
nəsillərə hədiyyə etməklə, həm
Şirməmməd müəllimin ruhunu şad edəcək,
həm də sağlam nəslin yetişməsində
böyük rolu ola biləcək nəşrlər
hazırlamaqla, daha xeyirli işlər görə biləcəkdir.
Mərasimin
sonunda Toğrula müraciətlə "Nənədən
muğayat olun, onu fikir eləməyə qoymayın" deyəndə,
onun çox inamla, "Narahat olmayın. O, bizə Babanın
yadigarıdır", söyləməsi Toğrulun lap
uşaq yaşlarından çox zəhmətkeş və
yanımcıl, istiqanlı uşaq olması barədə
Ülkər xanımın söhbətlərini yadıma
saldı. Ailə qurandan sonra baba və nənəsi ilə
birlikdə yaşayan Toğrulun ailəsi və onun balaca
balası Camal yəqin ki, Ülkər xanımı qəm
çəkməyə qoymayacaqlar...
Maral POLADOVA
525-qəzet.- 2019.- 3 iyul. S. 8.