"Qələm Rüstəmi" - "ümid körpüsü"

Görkəmli Azərbaycan alimi, Əməkdar elm xadimi, dünya şöhrətli şərqşünas, fılologiya elmləri doktoru, professor, Harvard Universitetinin fəxri professoru, məşhur ictimai xadim Rüstəm Musa oğlu Əliyev Azərbaycan xalqının elm və mədəniyyət tarixində tək-tək parlayan zəkalardan idi. Orta əsrlər İran, Azərbaycan, ərəb və türk filologiyası sahəsində yüksək intellektə malik bu görkəmli şərqşünas-alimin farsdilli ədəbiyyatın tədqiqi və nəşri, mənbəşünaslıq və mətnşünaslıq sahələri üzrə apardığı tədqiqatlar onun istedadının, zəhmətkeşliyinin və elmə məhəbbətinin bəhrəsi kimi yaranmışdı.

Rüstəm Musa oğlu Əliyev 1929-cu il yanvar ayının 13-də Şəmkir rayonunun Morul kəndində anadan olub. Onun həyatının, elmi fəaliyyətinin zahiri əlamətlərində bir qeyri-adilik nəzərə çarpır. 1946-cı ildə Nizami adına Morul kənd orta məktəbini bitirən Rüstəm Əliyev Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, bir il oxuduqdan sonra imtahanları müvəffəqiyyətlə verərək Leninqrad Dövlət Universitetinə qəbul olunub.

Dünya şərqşünaslığının mühüm mərkəzlərindən biri olan Leninqrad Dövlət Universiteti Rüstəm Əliyevin elmi fəaliyyətinin formalaşmasında mühüm rol oynayıb. O, özünü, bir tərəfdən Avropa Şərqşünaslıq məktəbinin yetirməsi, A.Y.Krımski, İ.Y. Kraçkovski, Y.E.Bertels, A.A.Freyman, V.V.Struve kimi şöhrətli alimlərin tələbəsi hesab edirdi, digər tərəfdən isə 20-30-cu illərdə Azərbaycanda fəaliyyət göstərən Əhməd bəy Ağayev, Bəkir Çobanzadə kimi görkəmli nümayəndələri olan Azərbaycan şərqşünaslığının davamçısı sanırdı. Avropa şərqşünaslıq məktəbinin elmdə dəqiqlik, konkret faktlara əsaslanmaq, saxtakarlıqdan uzaq olmaq xüsusiyyətləri Rüstəm Əliyevin yaradıcılıq prinsiplərinə də xas idi.

Fenomenal yaddaş, sərbəst düşüncə tərzi, yüksək intellekt, dilləri öyrənmək məharəti onun istedadının mühüm sahələri kimi elmi fəaliyyətində böyük rol oynamışdır. Rus, fars, ərəb, ingilis, türk dillərini mükəmməl bilməsi ona Şərq və Qərb ədəbiyyatlarını orijinaldan oxumaq imkanı verirdi. Hər bir mətnin, mövzunun mahiyyətini, fəlsəfi mənasını dərindən duymaq, tez qavramaq, azad duyum və düşüncə tərzinə, dərin hiss və ağıla, yüksək natiqlik istedadına malik olmaq, dünyanın müxtəlif ölkələrində elmi və siyasi mövzularda mühakimələrinin qətiliyi, məntiqiliyi, cəsarəti və pafosu ilə dinləyicilərini heyran etmək qabiliyyəti Rüstəm Əliyev fenomenini səciyyələndirən xüsusiyyətlər kimi ona Şərqdə və Qərbdə böyük şöhrət qazandırmışdı.

R.Əliyev 1951-ci ildə Leninqrad Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanılmışdı. O, dövrünün ictimai elmləri sırasında önəmli yer tutan şərqşünaslıq sahəsi üzrə elmi fəaliyyətə başlayaraq, Şərq xalqlarının ədəbi-mədəni abidələrinin elmi-tənqidi mətnlərinin hazırlanması və nəşr etdirilməsi kimi məsuliyyətli və nəcib bir işi öz öhdəsinə götürmüşdü.

Rüstəm Əliyev 1954-cü ildə "Sədinin "Gülüstan" əsərinin tənqidi mətni" mövzusunda namizədlik dissertasiyası müdafıə edib. Artıq elmi ictimaiyyətin yaxşı tanıdığı gənc alimi 1955-ci ildə Y.E.Bertels Moskva Şərqşünaslıq İnstitutuna dəvət edib və o, 1971-ci ilədək burada kiçik elmi işçidən "Şərq mətnşünaslığı" bölməsinin müdiri vəzifəsinədək yüksəlib.

Şərqşünaslığın müxtəlif problemlərinə həsr olunmuş əsərləri ona dünya şöhrəti gətirmiş və bununla əlaqədar olaraq xarici ölkələrin elm və təhsil mərkəzlərinə dəvət olunmuşdu. Hindistan, Misir, Mərakeş, İran, İraq, Suriya, Tunis, ABŞ, İngiltərə, Fransa və başqa ölkələrdə dərin elmi məzmunu, yüksək təhlil səviyyəsi ilə seçilən mühazirələrini dəvət olunduğu ölkələrin dilində oxuması onun sözünün təsirini və şöhrətini artırırdı.

R.Əliyev elmi fəaliyyəti ilə yanaşı, 1952-1968-ci illərdə Hərbi Xarici Dillər İnstitutunda, Leninqrad Dövlət Universitetində, Azərbaycan Dövlət Universitetində və başqa elm, təhsil müəssisələrində böyük pedaqoji iş aparmışdır.

Sədinin "Gülüstan" əsərinin elmi-tənqidi mətninin tərtibi, rus dilinə tərcüməsi, geniş müqəddimə və şərhlərin yazılması kimi böyük bir işin icrası ilə eyni vaxtda Cami, Xəyyam, Nizami, Füzuli kimi dahi söz sənətkarlarının əsərləri üzərində tədqiqatlar aparması alimin erkən yaradıcılıq yetkinliyini göstərirdi.

Nizaminin "Leyli və Məcnun", "Lirika", Füzulinin "Seçilmiş əsərləri", "Leyli və Məcnun", "Qəzəllər" kitablarının tərtibi, rus dilinə tərcüməsi, müqəddimə və şərhlərin yazılması, Ömər Xəyyamın "Rübailər"inin tənqidi mətninin tərtibi və digər işlər R.Əliyevin geniş profılli, hərtərəfli bir alim olduğundan xəbər verirdi.

Çoxcəhətli yaradıcılıq imkanları olan alim, ilk növbədə mətnşünas idi. Hələ tələbə ikən Universitetin nəşriyyatında onun xətti ilə "Ərəb müntəxəbatı" çap olunmuşdu. Alimə şöhrət gətirən, onu Şərq və Qərb aləmində geniş tanıtdıran Firdovsinin "Şahnamə" (IV,V,VIII.c.), Ömər Xəyyamın "Rübailər", Sədi Şirazinin "Bustan" və "Gülüstan" əsərlərinin elmi-tənqidi mətninin tərtibi, tərcüməsi və tədqiqi olub. Sonralar alim Nizaminin "Sirlər xəzinəsi"nin elmi-tənqidi mətninin və "Fəzlullah Nəimi Təbrizi və İmadəddin Nəsimi Şirvaninin fars divanı"nın tərtibi kimi mühüm elmi işlərin öhdəsindən gəlib.

Mətnşünaslıq "şərqşünaslığın ən çətin" (Z.Bünyadov), mürəkkəb və böyük elmi məsuliyyət tələb edən bir sahəsidir. Bu sahəyə aid faktlar "buzlu okeanlarda üzən aysberqlərə" (N.Rzayev) bənzəyir. Mətnşünaslıq elminin nəzəri və praktik problemlərini dərindən bilən alim öz yaradıcılıq prinsiplərindən çıxış edərək yazırdı: "Həqiqi mətnşünaslıq müstəsna dərəcədə həssas, riyazi dərəcədə dəqiq elmdir; elə elm ki, mütəxəssislərdən dil, klassik poeziya, tarix, təsəvvüf, üslub, nəzm, obrazlı sistem-poetika, o vaxtkı elm və s. sahələrdə dərin idrak, şairin üslubunu duyum, çoxlu əlyazma nüsxələrində təqdim olunan müxtəlif variantlar içərisindən ən yaxşısını seçmə nəzəriyyəsində və sənətində professional hazırlıq tələb edir".

Bir mətnşünas kimi R.Əliyevin ilk ciddi elmi işi böyük İran şairi Sədinin məşhur "Gülüstan" əsərinin elmi-tənqidi mətninin hazırlanması, filoloji tərcüməsi, həmçinin, mətnin tənqidinə, bədii təhlilinə aid tədqiqatlardan ibarət olub.

Namizədlik və doktorluq dissertasiyalarının "Gülüstan" və "Bustan" əsərlərinə həsr olunması Sədinin yaradıcılığına məftunluğun və məhəbbətin ifadəsi idi. Dünya şərqşünaslığında böyük hadisə olan bu tədqiqatlar alimə böyük şöhrət gətirdi.

1957-ci ildə Moskvada "Gülüstan" əsərinin poetik tərcüməsi çap olundu. Mətnin hazırlanması, filoloji tərcüməsi, müqəddimə və izahların yazılması R.Əliyevə, poetik tərcümə isə A.Starostinə məxsus idi. 1959-cu ildə o, "Gülüstan"  əsərinin elmi-tənqidi mətnini çap etdirdi. Əsərə yazdığı "Sədinin "Gülüstan"ının əsas nəşrləri, istifadə olunmuş əlyazmalar və mətnin tərtib olunma prinsipləri" adlı geniş ön sözdə alim əsərin ideya-bədii xüsusiyyətlərini, quruluşunu, onu yaşadan və sevdirən məziyyətləri araşdırır, burada orta əsrlərə xas təfəkkür, mədəniyyət və əxlaqın bədii ifadəsinin əhəmiyyətini qeyd edirdi. Alim "Gülüstan" əsərindən XIII əsr Yaxın Şərq feodal cəmiyyətinin həyatının mühüm sahələrini əks etdirən ədəbi abidə kimi bəhs edir, Sədinin həyat və yaradıcılığına dair yeni məlumatlar əldə edir, özünün elmi versiyasını irəli sürməklə "Gülüstan" əsərinin yazılma tarixini müəyyənləşdirirdi.

Didaktik janrın klassik nümunəsi olan, şeirlə qafiyəli nəsrin bir-birilə əvəz edilməsi şəklində yazılmış, xırda hekayə və poetik aforizmlərdən ibarət olan "Gülüstan"ın Yaxın və Orta Şərqdə geniş yayılmasının səbəbini xalqın yaradıcılığına, dünyagörüşünə və dilinə bağlılıqla izah edən alim, eyni zamanda, əsərdəki bir sıra nəsihətlərin, aforizmlərin xalqın dilinə keçərək atalar sözü və məsəllərə çevrilməsini də göstərirdi. R.Əliyev "Gülüstan"dan təkcə ideya-bədii məziyyətlərinə görə deyil, tarixi-ədəbi, tarixi-coğrafi məlumatlar mənbəyi, klassik fars dilinin qiymətli abidəsi və b. keyfiyyətləri ilə məşhur olan bir əsər kimi bəhs edirdi. Alimin fikrincə, yarandığı gündən üzü köçürülüb ölkə-ölkə yayılan, müxtəlif əlavələrə, təhriflərə, düzəlişlərə məruz qalan "Gülüstan" əsərinin, hətta bir neçə variantı mövcud olub.

Şərqdə və Qərbdə 200-ə yaxın nəşri məlum olan bu əsər çox vaxt kommersiya məqsədilə və dərs vəsaiti kimi nəşr edilmişdi. "Gülüstan"ın ilk variantının bərpa olunması isə şərqşünaslığın qarşısında hər vaxt mühüm vəzifə kimi dururdu. Hələ XVI əsrdə türk, XX əsrdə rus şərqşünasları əsərin ilk variantını bərpa etməyə səy göstərmişlər. R.Əliyev əsərin tənqidi mətnini hazırlamaq üçün XVII əsrin 50-ci illərindən "Gülüstan"la tanışlığa başlamış Avropa şərqşünaslarının nəşrlərini, sonra isə Şərq və rus alimlərinin bu mövzuya həsr olunmuş tədqiqatlarını və çap nüsxələrini nəzərdən keçirmiş, onların qüvvətli və zəif cəhətlərinə, köhnə və yeni nəşrlərə münasibətini bildirmiş, bunların müəyyən keyfıyyətlərlə bir-birini tamamladığını və "Gülüstan"ın mətninin bərpası üçün möhkəm zəmin yaratdığını göstərmişdi. Tədqiq etdiyi hər bir əlyazmaya, hər bir nəşrə böyük ehtiramla yanaşan, yüksək elmi etika nümayiş etdirən alim "Gülüstan"ın elmi-tənqidi mətninin bərpası üçün istifadə etdiyi əlyazmalardan və nəşrlərdən ikisini, xüsusilə yüksək qiymətləndirirdi. Bunlardan biri XVI əsrin məşhur türk filoloqu Sudinin öz dolğunluğu və təfsilatı ilə seçilən "Şərhi - "Gülüstan" əsəri idi.

R.Əliyev türk aliminin xidmətini onlarla əlyazmanı və bu əlyazmalara yazılmış şərhləri tutuşdurub müqayisə etməklə müəllif variantını bərpa etmək cəhdində görürdü. O biri əsər isə Məhəmməd Əli Furuğinin 1936-cı ildə Tehranda çap etdirdiyi "Külliyyati - Sədi" əsəridir. Bu tənqidi mətni tərtib etmək üçün Furuği XVIII əsrin sonunda İsfahanda köçürülmüş qədim bir əlyazmanı əsas götürmüş və İran, London, Paris, Oksford, Bombeydə mövcud olan əlyazmalarla tutuşdurmuşdu.

Son nəşrlərdən Y.E.Bertelsin 1922-ci ildə çap olunan və dəqiqliyi, geniş elmi izahı ilə seçilən tərcüməsinə yüksək qiymət verməklə yanaşı, R.Əliyev onun natamamlığını, kitabda ancaq "seçilmiş" hekayələrin toplandığını da qeyd etmişdi. Sonralar Y.E.Bertels özü də "Gülüstan"ın mükəmməl nəşrinə ehtiyac olduğunu göstərirdi: ".... Bu vaxtadək "Gülüstan"ın yaxşı nəşri yoxdur. Əlyazmalarındakı və nəşrlərdəki mətnlərdə ziddiyyət çox böyükdür. Əsaslı, mükəmməl tənqidi mətn lazımdır".

"Gülüstan"ın əsaslı, mükəmməl tənqidi mətnini hazırlamaq üçün R.Əliyev 9 əlyazmadan, əlyazmaya 3 şərhdən (şərhin müəllifləri - XVI əsrin məşhur türk filoloqları Süruri, Şəmi, Sudi), "Kitabi-Gülüstan-nameyi-Şeyx Sədi" adlanan bir maraqlı tərcümədən və beş çap variantından yararlanıb, bu materiallara tənqidi yanaşaraq, mətnin ilk variantını bərpa edib.

İşin gedişində dilin qrammatik və leksik tələblərinə cavab verən mətn seçilmiş, şairin dil və üslub xüsusiyyətləri, klassik fars dilinin normaları nəzərə alınıb.

60-cı illərdə İran şahının xüsusi fərmanı ilə Sədinin əsərlərinin düzgün variantının tapılması üçün müsabiqə elan olunmuş və bu müsabiqədə üstünlük qazanmış R.Əliyev 1966-cı ildə "Bustan" poemasının tənqidi mətnini hazırlamaq üçün İrana dəvət olunmuşdu. Alim müsahibələrinin birində bu barədə deyirdi: "İrana, əsasən, özümü sınamaq üçün getmişdim. Sədinin "Bustan"ını çox görkəmli yerli mütəxəssislər çapa hazırlamışdılar. ...Dedim görüm, türk təfəkkürü klassik Şərq mədəniyyətini yaratmaq və şərh etmək sahəsindəki orta əsrlərə məxsus səviyyəsini yeni dövrdə necə mühafızə edir..."

R.Əliyev 1968-ci ildə "Sədi Şirazinin poetik irsinin bərpası problemi" mövzusunda doktorluq dissertasiyası müdafıə edib. Elə həmin ildə Tehranda fars dilində "Sədinamə, ya Bustan" kitabı çap olunub. Kitabda dissertasiyanın birinci hissəsinin əsas müddəaları - "Bustan"ın mətnşünaslıq tarixi, mühüm nəşrləri, əlyazmaların təsviri, şairin tam külliyyatının müəyyənləşdirilməsi, filoloji təhlil mətnin tənqidi ilə birlikdə verilib.

"Sədi Şirazinin poetik irsinin bərpası problemi" əsərində R.Əliyev görkəmli mətnşünas, ədəbiyyatşünas, ədəbiyyat nəzəriyyəçisi, ədəbiyyat tarixçisi və tənqidçisi kimi çıxış etmişdi. O, ilk dəfə olaraq "Bustan" əsərinin orta əsr İran ədəbi həyatında və ictimai fikir tarixində yeni dövr açdığını, bədii sözün, etik və estetik görüşlərin, ən başlıcası isə ədəbiyyatda humanist başlanğıcın gələcək inkişafını müəyyənləşdirdiyini vurğulamış və əsəri bu istiqamətdə təhlil edib.

Alim "Bustan"ın ədəbiyyatşünaslıq baxımından, ideya, məzmun və bədii forma cəhətdən tədqiqata cəlb olunmadığını təəssüflə qeyd edir, bütün bu problemləri həll etməklə "Bustan"ın öz layiqli qiymətini alacağını, Şərq ədəbiyyatında humanizm problemləri, renessans ənənələri kimi mühüm tarixi hadisələrin kökünü müəyyənləşdirmək üçün real imkan yaranacağını göstərirdi.

R.Əliyevə şöhrət gətirən əsərlərdən biri də "Şahnamə"nin tənqidi mətninin bərpası idi. Bütünlükdə bu işə Y.E.Bertelsin başçılığı ilə 15 illik gərgin zəhmət sərf olunmuşdu. Epopeyanın 4-cü cildini (1965) Y.Bertels və N.Osmanovla birlikdə, 5-8-ci cildləri isə (1967) alim tək hazırlamışdı. 1971-ci ildə o, "Şahnamə"nin elmi-tənqidi mətnini Tehranda çap etdirmişdi.

Yaradıcılığının 1971-ci ildən sonrakı dövründə R.Əliyev bir müddət Azərbaycan EA Əlyazmaları Fondunda "Ərəb əlyazmaları" şöbəsinə rəhbərlik edib. Əlyazmaların təsvirini mətnşünaslığın əsası hesab edən alim əlyazmaların kataloqlaşdırılması, dünya standartları səviyyəsinə çatdırılması sahəsində işlər görüb. Əlyazmaların tam kataloqunu tərtib edib, 1984-cü ildə müəlliflər heyəti ilə birlikdə "Ərəb əlyazmaları kataloqu" kitabını və "Əlyazmalar kataloqunun tərtib prinsipləri" mövzusunda məqalə çap etdirib.

Azərbaycan ədəbiyyatı klassiklərindən Rəhməti Təbrizinin "Divan"ı, Nəsiminin 2 cildlik "Lirika" kitabının tərtibi, rus dilinə tərcüməsi, "Fəzlullah Nəimi Təbrizi və İmadəddin Nəsimi Şirvaninin fars "Divan"ının tərtibi və Tehranda çapı alimin 70-ci illər elmi fəaliyyətinin bəhrəsi idi.

1980-ci ildən Rüstəm Əliyev Nizami adına Ədəbiyyat İnstitutunda "Nizamişünaslıq" şöbəsinə rəhbərlik edib. Özünü "birinci dərəcəli nizamişünas" adlandıran alim hələ elmi fəaliyyətinin ilk çağlarında Sədi Şirazinin əsərləri üzərindəki tədqiqatı ilə yanaşı, Nizaminin "Leyli və Məcnun" (1957), "Lirika" (1960) kitablarını çap etdirib, kitablara yazdığı "Ön söz" və "İzahlar"da Nizami yaradıcılığına böyük məhəbbətini ifadə etmiş, onun dövrü və poeziyası haqqında orijinal elmi fıkirlər söyləyib. "Nizamişünaslıq" şöbəsinə başçılıq edəndən sonra isə bütün elmi potensialını, yaradıcılıq qüdrətini dahi Azərbaycan şairinin əsərlərinin tədqiqi və nəşrinə yönəltmiş, başçılıq etdiyi şöbəni Nizaminin həyatını, poeziyasını araşdırmaq üçün səfərbər edib. 1980-ci ildə "XI-XII əsrlərdə Azərbaycan mədəniyyəti və Nizami Gəncəvinin yaradıcılığı" mövzusunda keçirilmiş konfransda nizamişünaslığın problemləri ilə bağlı çıxış edib və Nizami yaradıcılığı ilə məşğul olan mütəxəssislərin elmi fəaliyyətinə istiqamət verib.

Onun təşəbbüsü və rəhbərliyi ilə nizamişünaslığın aktual problemləri və perspektivləri, müxtəlif inkişaf istiqamətləri və digər məsələlər Azərbaycan elminin mühüm sahəsi kimi diqqət mərkəzinə çevrildi. Nizaminin dövrü, ədəbi mühiti və həyatı, əsərlərinin ideya-məzmun və poetik xüsusiyyətləri, həmçinin, Nizami və dünya ədəbiyyatı kimi monumental problemlərin - Azərbaycanda hələ 40-cı illərdən əsası qoyulmuş bu məsələlərin həllində başlıca istiqamət olaraq alim, sözsüz ki, Nizami "Xəmsə"sinin yenidən tərcüməsi və nəşri işlərini mühüm hesab edirdi. Onun yorulmaz fəaliyyəti sayəsində digər görkəmli alimlərin tərcümələri də daxil olmaqla 80-ci illərin filoloji tərcümələri nizamişünaslıqda yeni mərhələnin əsasını qoydu.

Rüstəm Əliyev Nizami Gəncəvinin 840, 850 illik yubileyləri şərəfınə şairin bütün əsərlərinin Azərbaycan və rus dillərində poetik və filoloji tərcüməsini hazırlayıb nəşr etdirmək kimi nəhəng bir işə başçılıq etdi. Təkcə 1981-ci ildə Azərbaycan, rus, fars dillərində altıdan çox kitab, dövri mətbuatda Nizami yaradıcılığının müxtəlif sahələrinə həsr olunmuş bir sıra məqalələr çap etdirdi. Sonrakı illərdə ilk dəfə olaraq Azərbaycan və rus dillərində Nizami yaradıcılığı haqqında "Qısa biblioqrafik məlumat" kitabı, "Görkəmli rus alimləri və yazıçıları Nizami Gəncəvi haqqında", "Şairin kitabxanası" seriyasından Leninqradda çap olunmuş bir cildlik "Şeirlər və poemalar", Moskvada nəfis tərtibatda, orta əsr miniatürləri ilə çap olunmuş 5 cildlik, Bakıda rus dilində irihəcmli "Nizami Gəncəvi. Seçilmiş əsərləri" kitabı (1989), rus dilində "Ölməz məhəbbət haqqında poema" (1991) adlı tədqiqat əsəri və digərləri alimin böyük istedadının və zəhmətinin bəhrəsi idi.

Ümumiyyətlə, bu illərdə Nizaminin əsərləri, əsasən, R.Əliyevin redaktorluğu, tərtibatı, tərcüməsi, ön sözü və izahları ilə nəşr olunurdu. "Xəmsə"nin fars dilindən Azərbaycan və rus dillərinə filoloji tərcüməsi, tədqiqi R.Əliyevin yaradıcılığının çox mühüm bir sahəsi idi. O, Nizami irsinin əlavələrdən, dəyişikliklərdən təmizlənməsində, orijinalın bərpasında, Azərbaycan və rus dillərinə tərcümə olunmasında əvəzsiz xidmətlər göstərib. Onun bir nizamişünas kimi fəaliyyəti elmi-ədəbi ictimaiyyətin diqqət mərkəzində idi. Alimin hər bir kitabı sensasiya doğurur, haqqında məqalələr, rəylər yazılır, müsahibələr aparılırdı. Əgər görkəmli şairimiz B.Vahabzadə "Şəxsən mən Nizaminin böyüklüyünü, onun Azərbaycan milli təfəkkürünə hansı böyük fikirləri gətirdiyinı Rüstəmin filoloji tərcümələrindən və onlara yazdığı kommentariyalardan öyrənmişəm", - deyirsə, Nizamini sevən başqa oxucuların R.Əliyevin tərtib və tərcümə etdiyi, ön söz və izahlar yazdığı kitablardan necə zənginləşdiyini təsəvvür etmək çətin deyildir.

Nizaminin əsərlərini dəfələrlə çap etdirən, filoloji və poetik tərcüməsinə, tənqidi mətninə müqəddimə yazan alim heç vaxt özünü təkrar etməyib, yeni nəşrlər yeni tədqiqatların nəticəsi olan orijinal elmi mühakimələrlə müşayiət olunub.

R.Əliyevin Nizaminin həyatı və dövrü haqqında tədqiqatları öz yeniliyi və inandırıcılığı ilə mütəxəssislərin diqqətini cəlb edirdi. Xüsusən, bu problem ətrafında alimin 70-ci illərin sonu - 80-ci illərin başlanğıcında çap etdirdiyi sensasiya xarakterli məqalələri: "Nizaminin naməlum müasiri", "Nizaminin poemalarında qıpçaq-oğuz gözəli", "Nizaminin tərcümeyi-halına dair yeni araşdırmalar" nizamişünaslığın inkişafına təkan verdi. Nizaminin ictimai mənsubiyyəti, xüsusən, babası "Zəki Müəyyəddin" adı ilə bağlı, eləcə də şairin öz anası haqqında işlətdiyi "rəisə" sözünün etimologiyası haqqında, həmçinin onun qıpçaq qızı Afaqla evlənmə tarixinə dair və başqa problemlər ətrafinda R.Əliyev Nizami dövründə geniş yayılmış antroponimi sistem və onomastikanın qanunlarından istifadə etməklə, şərqşünaslıqda mübahisəli olan bir çox məsələlərə aydınlıq gətirir, onun əldə etdiyi nəticələr nizamişünaslığın uğuru kimi qiymətləndirilirdi.

Nizami yaradıcılığa lirika ilə başlayıb. R.Əliyev də Nizami haqqında geniş tədqiqatlara 1960-cı ildə Moskvada çap olunmuş "Lirika" kitabına yazdığı ön söz və izahlarla başlayıb. Sonralar bir neçə dəfə nəşr edilən "Lirika" kitabına yazdığı ön sözlərdə o, Nizamini hərtərəfli təqdim edib, şairin həyatı, dövrü, ictimai-ədəbi mühiti, yaradıcılığı və sair barədə orijinal elmi mühakimələr yürüdüb.

R.Əliyevin Nizaminin 850 illik yubileyi şərəfınə çap etdirdiyi sanballı əsərlərdən biri Əbu Bəkr ibn Xosrov əl-Ustadın "Munisnamə" əsəri idi. Bu əsərdə alimin tərcüməçilik və ədəbiyyatşünaslıq istedadı birləşmişdi.

"Munisnamə" əsəri 1920-ci ildə Böyük Britaniyaya aparılmış və orada "1001 gecə" adı ilə saxlanmışdı. Akademik Ziya Bünyadovun səyi nəticəsində fotosurəti gətirilmiş bu əsərin üzərində R.Əliyev böyük yaradıcılıq işi aparmış, əsəri rus dilinə tərcümə etmiş, ön söz və izahlar yazmış, əl-Ustadın ədəbi-elmi fəaliyyəti, Nizami ilə münasibətləri barədə maraqlı faktlar aşkar etmişdi.

Ərəb, fars, türkdilli klassik ədəbiyyatın mahir bilicisi və tədqiqatçısı olan R.Əliyev bu dillərdən Azərbaycan və rus dilinə bir sıra tərcümələr edib. O, tənqidi mətnini tərtib etdiyi əsərlərin mükəmməlliyi üçün tərcümə və izahları vacib hesab edirdi. Alimin ilk tərcümələri sırasına Sədinin "Gülüstan"ının, Xəyyamın "Rübailər"inin - N.Osmanovla birlikdə - rus dilinə tərcüməsi daxil idi. Onun tərcümə yaradıcılığında farsdilli ədəbiyyatdan, xüsusilə, Nizaminin əsərlərindən nümunələr üstünlük təşkil edir. "Sirlər xəzinəsi", "Yeddi gözəl" əsərlərinin fars dilindən Azərbaycan və rus dillərinə, "Leyli və Məcnun", "Lirika" kitablarının rus dilinə fıloloji tərcüməsi alimin yaradıcılığının parlaq səhifələrindəndir. Onun farsdilli ədəbiyyatdan etdiyi tərcümələr sırasına "Fars nağılları" və Əbu Bəkr ibn Xosrov əl-Ustadın "Munisnamə" əsəri daxildir.

Türkdilli ədəbiyyatdan N.Hikmətin "Şeyx Bədrəddin Simavi haqqında poema"sını (P. Jeleznovla birlikdə) rus dilinə, M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami" əsərini Azərbaycan dilinə tərcümə edib. Alimin ərəb ədəbiyyatından da bir sıra tərcümələri vardır.

Tənqidi mətnini hazırladığı, tərcümə etdiyi əsərlərə yazdığı ön söz və izahlar R.Əliyevin tədqiqatçılıq istedadının, elmi dünyagörüşünün hüdudlarını nümayiş etdirən maraqlı yaradıcılıq sahələridir. Ətraflı elmi araşdırmalarla zəngin olan, miniatür monoqrafiya təsiri bağışlayan ön sözdə o, tərcümə etdiyi, tənqidi mətnini hazırladığı əsərə tarixi, ictimai, ədəbi fon yaradır. İzahlar isə klassik əsərlərdə bugünkü oxucu üçün anlaşılmaz olan müəyyən tarixi, ədəbi, dini, əfsanəvi sözlərin, ifadələrin, terminlərin, fikirlərin, faktların, coğrafi adların və digərlərinin aydınlaşdırılmasına alimin ensiklopedik səviyyədə bələdçilik etməsidir.

R.Əliyev fenomenini şərtləndirən əsas amillərdən biri də onun natiqliyi, elmi-siyasi fikirlərini, görüşlərini pafosla, qəti, təkzibolunmaz məntiqlə söyləməsi idi. Onun nitqindəki cazibə və gözəllik elmi üslubuna da xas idi. O, ən çətin, mürəkkəb mətləbləri aydın, obrazlı, cəlbedici şəkildə demək və yazmaq istedadına malik idi. R.Əliyev dərin elmi düşüncələrini sadə, obrazlı ifadə etməklə, populyarlaşdırmaqla hər bir Azərbaycan və rusdilli oxucunu böyük klassiklərin əsərlərini oxumaq, anlamaq, zövq almaq məqamına çatdırmışdı. Alimin rus dilində "Ölməz məhəbbət haqqında poema" kitabına yazdığı ön sözdə Z.Bünyadov onun yaradıcılığının bu cəhətini yüksək qiymətləndirmişdi: "Sonsuz maraqla, asan oxunmasını kitabın əsas dəyəri hesab etmək olar. Bizcə, müəllif buna hər şeydən əvvəl düzgün təhkiyə tonunun tapılması ilə nail olmuşdur. Hətta ən mürəkkəb və xüsusi elmi məsələlər barədə müəllif sadə və cəlbedici danışa bilir. Oxucunu Nizaminin, onun qəhrəmanlarının mürəkkəb, parlaq dövrünə inamla apara bilir..."

R.Əliyev gənc elmi kadrların hazırlanmasına xüsusi diqqət və qayğı göstərirdi. Elmi-tədqiqat mövzularının seçilməsi, istiqamətləndirilməsi kimi vacib bir məsələdə onlara yardımçı olur, biliyini, təcrübəsini səxavətlə bölüşürdü. Başçılıq etdiyi şöbəyə onun hər gəlişi bir elmi seminara çevrilirdi.

R.Əliyevin böyük xidmətlərindən biri də 60-70-ci illərdə xarici ölkələrdə, o cümlədən, tez-tez İranda elmi ezamiyyətlərdə olarkən xaricdə yaşayan azərbaycanlılarla görüşməsi və vətənə dönərkən "Dünyada azərbaycanlılar" mövzusunda televiziyada və mətbuatda xalqın böyük marağına səbəb olan çıxışlar etməsi idi. Bu sahədə vətənpərvər bir alim kimi onun ən böyük xidməti İran ilə Azərbaycan arasında mənəvi körpü - "Rüstəm körpüsü" (B.Vahabzadə) olması idi. O, İranın tanınmış ziyalıları ilə görüşür və onları əməkdaşlıq naminə səfərbər edə bilirdi.

R.Əliyev Şəhriyarı özünün ən böyük kəşfı hesab edir və şairin ona ithaf etdiyi şerləri yüksək qiymətləndirirdi: "...Azərbaycan türkcəsi ilə üç şeri və fars dilində yazdığı irihəcmli mənzumə mənim həyatımda təltif edildiyim ən böyük orden, medal və nişanlardır". R.Əliyev o taylı-bu taylı şairlər arasında ünsiyyət, əlaqə yaratmışdı. Onlar bir-birinə yazdıqları şeirləri, məktubları onun vasitəsilə göndərirdilər. Şairlər onun bu xidmətlərini yüksək qiymətləndirmiş, ona şeirlər həsr etmiş, "Ümid körpüsü" (M.H.Şəhriyar), "Elçi göyərçini" (Səhənd) kimi ifadələrlə əzizləmişlər. Azərbaycanca yazan cənublu şairlərin yaradıcılığında R.Əliyevlə tanışlıqdan sonra uğurlu bir dönüş yaranmışdı.

R.Əliyev elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin, ictimai-ədəbi-mədəni əlaqələrin inkişafına, möhkəmlənməsinə çalışırdı. O, Azərbaycan-İran dostluq cəmiyyətinin sədri, "Vəhdət ocağı" birgə müəssisəsinin baş direktoru, "Nizami Gəncəvi" jurnalının və "Şəhriyar" qəzetinin baş redaktoru idi. Jurnala və qəzetə Nizami Gəncəvi və Şəhriyarın adının verilməsinin rəmzi mənası vardı. Alim vurğulayırdı ki, Nizami XII əsrdə Azərbaycan və İran xalqlarını öz qələminin gücü ilə nə qədər yaxınlaşdırmışdısa, bu tarixi xidməti XX əsrdə Şəhriyar göstərib.

R.Əliyev 1994-cü ildə - ömrünün və yaradıcılığının yetkin çağında dünyasını dəyişdi. Elmi zirvələr fəth etmiş alim Nizaminin həyat və yaradıcılığına həsr olunmuş, "Həyatımın kitabı" adlandırdığı son əsərini tamamlaya bilmədi...

Aşağıda böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Şəhriyarın Rüstəm Əliyevin həyatının ən dramatik anlarında görkəmli alimə həsr etdiyi şeiri bir daha xatırlamağı özümüzə borc bilirik. Allahdan Rüstəm müəllimə qəni-qəni rəhmət diləyi və haqq dünyasında xalqımızın iki parlaq, unudulmaz şəxsiyyətinin ruhunun şad olması və bir daha görüşəcəyi və bol-bol "qonuşacağı" inamı ilə bu  yazını tamamlayırıq.

 

Gövhər BAXŞƏLİYEVA

525-ci qəzet.- 2019.- 3 iyul. S. 10-11.