Çaykovski
adına müsabiqə: ehtiraslar, düşüncələr,
ümidlər - Zümrüd Dadaşzadənin qeydləri
Bu
yaxınlarda Moskvada P.İ.Çaykovski adına XVI Beynəlxalq
müsabiqə öz işini başa vurdu. Musiqi aləmində
əhəmiyyətli hadisə kimi qiymətləndirilən bu
müsabiqənin Qran-pri mükafatına azərbaycanlı
mütəxəssis, professor Rəna Mustafabəyli-Şereşevskayanın
yetirməsi Aleksandr Kantorov (Fransa) layiq görüldü. Dəyərli
musiqişünas Zümrüd Dadaşzadənin müsabiqə
haqqında qeydlərini təqdim edirik.
Mən
Moskvada dörd ildən bir keçirilən
ifaçıların P.Çaykovski adına Beynəlxalq
müsabiqəsini hələ məktəbli ikən mütəmadi
izləməyə çalışmışam. Evimizdəki
kitabxanada valideynlərimdən yadigar qalmış bir nəşr
də var: 1958-ci ildə ilk dəfə baş tutmuş həmin
müsabiqənin ilk bukleti. Yəqin bu, artıq raritetdir. Digər
tərəfdən, Bakıya ilk müsabiqənin laureatları
Van Klibernin (ABŞ) və Lyu Şikyunun (Çin) gəlişi
ilə bağlı söhbətləri də
xatırlayıram. 1958-ci ildə qızıl medal
qazanmış əfsanəvi Klibernin Niyazinin rəhbərlik
etdiyi orkestrlə filarmoniyadakı çıxışı
parlaq hadisəyə çevrilmişdi. Tanınmış
jurnalist Aqşin Kazımzadənin bu hadisə haqqında illər
sonra dərc etdirdiyi maraqlı yazı da yadıma
düşür. O yazıda Kazımzadə amerikalı
pianoçunun Bakıdan əvvəl Kiyevdə Natan Raxlinin
başçılıq etdiyi orkestrlə çalmaqdan imtina
etməsi ilə bağlı Bakıda yaranmış təşviş
dolu atmosferi çox canlı təsvir edir. Bu vəziyyətdə
Niyazinin tam arxayınlığı, V.Kliberni öz
yaradıcılıq iradəsi ilə ram etməsi, konsertin
triumfu barədə Aqşin müəllimin qeydləri olduqca
maraqlıdır.
Əvvəllər müsabiqənin
konsertlərini televiziya reportajları və radio vasitəsilə
dinləməyə çalışırdım. Təəssüratlar
olduqca rəngarəng və parlaqdır! Xüsusən 1982-ci
ildə baş tutmuş VII müsabiqənin həyəcanı
yadımdadır: o zaman yarışa bənzərsiz səsi və
məharəti ilə seçilən həmvətənimiz
Xuraman Qasımova da qatılmışdı. Demək olar ki,
ilk turdan o, liderlər, auditoriya tərəfindən sevilənlər
sırasına daxil oldu. Təəssüf, sonda münsiflər
heyəti onu yalnız 2-ci mükafata layiq gördü. Lakin mən
radio ilə laureatların elan olunmasını birbaşa dinləmişdim.
Heç zaman unutmaram: Xuraman Qasımovanın adı çəkiləndə
(ikinci mükafat, gümüş medal) zal onu hərarətlə
alqışladı. Birinci mükafatçı isə, demək
olar ki, tam sükutla qarşılandı. Sonra münsiflər
heyətinin sədri İ.Arxipova hətta müsabiqənin nəticələrinin
necə diktə olunduğu barədə mətbuatda
arayış verməli oldu...
Həmin
müsabiqədə britaniyalı Piter Donohounun (o, 2-ci yeri
V.Ovçinnikovla bölüşdürdü, 1-ci mükafat
heç kimə verilmədi) parlaq çıxışı
da unudulmazdır. Müsabiqədən az sonra maestro Niyazi
P.Donohou ilə Raxmaninovun Üçüncü konsertini ifa etmək
üçün Moskvaya dəvət olunmuşdu. Bu da olduqca əlamətdar
bir hadisə idi. Görünür, Niyazinin V.Klibernlə
uğurlu çıxışı nəzərə
alınaraq belə bir qərar qəbul edilmişdi. Uzun illər
həmin konsertin lent yazısı Azərbaycan televiziyasında
sərgilənirdi. Lakin son zamanlar o tarixi ifa göstərilmir.
Çox təəssüf...
2007-ci ildə çoxdankı arzum həyata
keçdi: mənə Moskvada XIII müsabiqəni canlı izləmək
xoşbəxtliyi nəsib oldu. Piano kateqoriyasında onlarla
ifaçını dinləmək, proqnozlar etmək, fikirlərini
başqa dinləyicilərlə bölüşmək, nəticələri
intizarla gözləmək - bu məqamlar həmişəlik
yaddaşıma həkk olunub.
Bü
günlərdə işini başa vurmuş sonuncu XVI
müsabiqə bir sıra özəllikləri ilə fərqlənirdi.
İlk dəfə müsabiqədə pianoçu, violin,
violonçel ifaçıları və vokalçılarla
yanaşı, mis və nəfəs alətlərində
çalan musiqiçilər də iştirak edirdi. Amma yenə
də müsabiqənin əsas ehtirasları piano
kateqoriyası üzrə yarışanların ətrafında
cövlan edirdi. Hələ müsabiqədən əvvəl
250-dən artıq pianoçu dinlənilmiş, son mərhələyə
- "canlı" dinləyişlərə cəmi 25 nəfər
buraxılmışdı.
Bizim
pianoçuların müsabiqəsinə xüsusi diqqətimiz
həm də onunla izah olunurdu ki, burada artıq
tanıdığımız 22 yaşlı Fransa təmsilçisi
Aleksandr Kantorov da çıxış edirdi. O Kantorov ki, bir
neçə ay öncə Rostropoviç adına Beynəlxalq
Musiqi festivalında maestro Rauf Abdullayevin
başçılıq etdiyi Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət simfonik orkestri ilə festivalın
açılış konsertində çıxış
etmişdi. O zaman Kantorov Bramsın 2 saylı fortepiano konsertinin
məxsusi lirik təfsiri ilə bakılıları məftun
etmişdi.
Kantorov
hazırda Fransanın “Ecole Normale de Musique de Paris” özəl
konservatoriyasında təhsil alır. Musiqiçi mühitindən
çıxmış Aleksandr (rus mühacirləri ailəsindən
olan Jan-Jak Kantorov- pianoçunun atası - dirijor və
violinçalandır) çox erkən yaşlarından konsert
meydançalarında görünməyə başlayıb.
O, məşhur orkestrlərlə əməkdaşlıq edir,
nüfuzlu festivallara dəvətlər alır, məşhur səhnələrdə
- Concertgebouw (Amsterdam), Konzerthaus (Berlin), Bozar (Brüssel) və
başqalarında çıxış edir.
Ən
əsası və bizim üçün önəmli olanı
da odur ki, onun müəllimi tanınmış musiqiçi,
professor azərbaycanlı Rəna Mustafabəyli-Şereşevskayadır.
Rəna xanım vaxtilə Bülbül adına Orta İxtisas
Musiqi Məktəbini bitirmiş, təhsilini Moskva Dövlət
Konservatoriyasında Lev Vlasenkonun (o, ilk Çaykovski müsabiqəsində
ikinci yer tutmuşdur) sinfində tamamlamışdır. Rəna
xanımın tələbələri arasında müxtəlif
beynəlxalq müsabiqələrin laureatı adını
qazanmış neçə-neçə pianoçu var.
2015-ci ildə o, XV Çaykovski müsabiqəsinin
"sensasiyası" adlandırılan Lüka Debarqı
musiqi ictimaiyyətinə təqdim etmişdir.
Biz
Kantorovu Bakıdakı festivalda dinləmiş, ifasının
özəlliklərini tanımış və onu sevmişdik.
Odur, həmyerlimizin yetirməsinin müsabiqə sərgüzəştlərini
diqqətlə izləyir, ona ürəkdən azarkeşlik
edirdik. Onu da deyim ki, Kantorovun müsabiqədəki
çıxışları bir növ kreşşendovarı
xətt əmələ gətirirdi. Pianoçudan əsərlərin
seçimini dramaturgiyaya tabe etdirmək bacarığı tələb
edən 2-ci turda A.Kantorovun təqdim etdiyi birsaatlıq proqram
hamını valeh etdi. Haşiyəyə çıxaraq deməliyəm
ki, məni bir musiqişünas, musiqi tarixçisi kimi
müsabiqə həm də az ifa olunan əsərləri
eşitmək imkanı ilə cəlb edir. Kantorov belə əsərlərlə
dinləyicini tanış etdi. Məsələn, Bramsın iki
saylı fortepiano sonatası - gənc bəstəkarın Klara
Şumana ithafı - bu qəbildən idi. Erkən əsərdə
yetkin Bramsın üslub cizgilərini eşitmək, onun
fikrinin qəfil gedişlərini izləmək, bəzən məntiqsiz
görünən dönümlərin tam təbiiliyini
aşkarlamaq necə də maraqlı idi!
Burada
bir cəhətə də diqqət yetirmək istərdim. Rəna
xanım müsabiqə zamanı verdiyi müsahibələrdən
birində deyirdi ki, çıxışdan əvvəl
Kantorovun otağına daxil olub aşağıdakı səhnəni
müşahidə etmişdi: Aleksandr divanda uzanıb,
Bramsın violin və violonçel üçün ikili
konsertini, yəni pianoçunun proqramına bilavasitə aidiyyəti
olmayan əsəri dinləyir, bu minvalla özünü
qarşıdakı çıxışa
hazırlayırdı. Bəlkə də, Kantorovun
ifalarının cazibəsi elə onun bu və ya digər bəstəkarın
sənət aləminə mümkün qədər dərindən
varmaq bacarığında, əgər belə demək olarsa, əsl
"musiqi adamı" olmasındadır?
Öz
səs palitrasının zənginliyini isə A.Kantorov
Stravinskinin "Simurq quşu" baletindən süitanın
(Q.Aqostinin transkripsiyası) ifasında tam mənada sərgiləyə
bildi. İmpressionist boyalarla aşılanmış bu musiqidə
pianoçu sanki bütöv bir orkestrin tembr rəngarəngliyini
əldə edə bildi. Çıxışını Q. Fore
Noktürnünün "şəffaf", zərif səslənmələri
ilə bitirən Kantorov dinləyici qəlblərini fəth
etməyi bacardı. Artıq aydın oldu ki, bu ifaçı qələbəyə
əsas namizədlərdəndir.
Finala buraxılanlar sırasında
(Kantorovla bahəm cəmi yeddi pianoçu) K.Yemelyanov,
D.Şişkin, A.Melnikov Rusiyanı, An Tyansyu Çini, Mao
Fujita Yaponiyanı, K.Broberq ABŞ-ı təmsil edirdi. Son mərhələdə
gənc musiqiçilər orkestrin müşayiəti ilə
iki konsert ifa edirlər. Onlardan biri mütləq
Çaykovskinin bu janrda yazdığı əsər olmalı
idi. Finalçılardan 6-sı parlaq, əzəmətli,
virtuozluğu tam nümayiş etdirmək imkanı verən
Birinci konserti seçdilər. Onu da deyim ki, bu vaxtacan
bütün müsabiqələrin (1958-ci ildən) birinci yer
sahibləri məhz 1 saylı konsertlə qələbə
çalmışlar. Bu mənada Kantorovun proqramı fərqlənirdi.
O, Çaykovskinin nisbətən az ifa olunan 2 saylı konserti
ilə çıxışını başlayaraq sanki eyni əsərlərin
ifasından (bütün finalçılar "mütləq"
Çaykovskidən başqa Prokofyev və Raxmaninovun konsertlrini
təqdim etdilər) yorulmuş, hətta təngə gəlmiş
auditoriyada canlanma yaratdı. Elə ilk xanələrdən
şəxsən mən bütün texniki çətinlikləri,
müsabiqə vəziyyətinin doğurduğu gərginliyi
büsbütün unudub, çalınan əsərə son dərəcə
maraqlı hekayət kimi diqqətlə qulaq asmağa
başladım. Gənc ifaçı bu əsərin nikbin,
şadyanalıq aşılanmış ovqatını (final)
mahiranə çatdıra bildi. Dirijor V.Petrenko ilə ilk xanələrdən
ünsiyyət yaradan Kantorov ikinci hissədə orkestrin
ayrı-ayrı səsləri - violin, violonçel ilə
dialoqda məftunedici, gözəl obrazlar sırası təqdim
etdi.
Çaykovskinin
nurlu musiqisindən sonra Bramsın İkinci konsertinin dramatizmi kəskin
təzad yaratdı. İki obraz aləminin belə bir
qarşılaşdırılması Kantorovun
çıxışına əlavə bir rəng qatdı.
Fortepiano və orkestr üçün simfoniya
adlandırıla bilən dördhissəli iki saylı konsertdə
musiqiçi sərt gözəlliyə malik gərgin
parçaları bir qədər yumşaldaraq, daha çox
lirik səpkidə təqdim etməyə
çalışdı. Onun səslər vasitəsilə nəql
etdiyi əhvalat son dərəcə maraqlı idi!
Pianoçunun daxili sərbəstliyi, romantiklərə xas
çılğınlığı yozumun təravətini təmin
edir, qeyri-adi davranışı da (burada epataj yox idi!) həmin
sərbəstliklə tam rabitədə çıxış
edirdi. Bir də: Aleksandr səhnədə sanki səsləndirdiyi
musiqidən həzz alır və həmin heyrətamiz
duyğuları auditoriya ilə bölüşməyə
çalışırdı. Onun ifası zamanı konsert
zalında sevinc, heyrət və sevgi hökm
sürürdü.
Finalçılar sırasında
üzündən təbəssüm əskik olmayan
yaponiyalı Mao Fujitanın yaratdığı gözəlliklər
- Çaykovskinin Motsartsayağı təfsiri, rusiyalı
A.Şişkinin iri formanı mükəmməl qurmaq
bacarığı, sanballı texniki "təchizatı"
yadımda qaldı.
Qızğın mübahisələrə
səbəb olmuş bir hadisəni də qeyd etməyə bilmərəm.
Çin pianoçusu An Tyansyunun çıxışında
ifa olunacaq konsertlərin ardıcıllığında qəfil
yerdəyişmə musiqiçiyə stress yaşadaraq tam
qüvvə ilə çıxış etmək imkanı
vermədi.
"Piano"
ixtisası üzrə münsiflər heyətinin sədri
Denis Matsuyev nəticələri elan edərkən bütün
finalçıları "əsl ulduz və qəhrəman"
adlandırdı. Əsas mükafat - qızıl medal Aleksandr
Kantorova çatdı, ikinci yeri (gümüş medal) Mao
Fujita və Şişkin, üçüncü yeri (bürünc
medal) isə Broberq, Yemelyanov və Melnikov
bölüşdürdü.
Müsabiqə laureatlarının
Sankt-Peterburq Mariinski teatrının yeni səhnəsində
üç saatdan artıq davam edən qala-konsertindən sonra
Çaykovski müsabiqəsinin sədri, Təşkilat Komitəsinin
həmsədri, şan-şöhrətli Valeri Gergiyev səhərə
yaxın yeganə əsas mükafat - Qran-prinin (100 000 dollar)
xoşbəxt sahibinin adını açıqladı. Onu da
deyim ki, müsabiqədən öncə Rusiyanın "Mədəniyyət"
kanalında "Baş rolda" verilişində
çıxış edən V.Gergiyev: "Gənc
ifaçılardan nə gözləyirsiniz?" sualına belə
cavab verdi: "İstedadlı, parlaq, darıxdırıcı
olmayan çıxışlar". Bütün bu meyarlara
cavab verən ifaçı "bizim" Kantorov oldu. Elə
bir neçə dəqiqə sonra təxminən 180 ölkədən
10 milyondan artıq dinləyicisi olan Medici.tv kanalının
xarizmatik aparıcıları Ceyms Colli və Aleksandr
Maliçə müsahibə verən yorğun, baş
vermiş hadisənin mahiyyətini tam dərk etmək
iqtidarında olmayan, bəxtəvər Aleksandr öz müəllimi
Rəna xanıma minnətdarlıq bildirərək
vurğuladı: "O mənə öz musiqimi, dinləyicilərlə
paylaşa biləcəyim musiqini tapmağa yardım etdi".
Müsabiqə
ilə əlaqədar yer alan çox sayda məqalələrdə
A.Kantorovun bir sıra məziyyətləri - onun əsərlərə
bir bəstəkar, rejissor yanaşması sərgiləmək,
qəliblərdən uzaqlaşmaq bacarığı qeyd edilərkən,
görkəmli pedaqoq Rəna xanım Mustafabəyli-Şereşevskayanın
da xidməti nəzər-diqqətə
çatdırılır. Əlbəttə, müəllimin
istedadı, ağır zəhməti, inadkarlığı,
dözümü və tələbəsinə inamı ancaq
alqışlanmalıdır!
Burada
müsabiqədə çıxış edən həmyerlimiz
pianoçu Aleksandr Hacıyevin də (İtaliyada yaşayan bu
gənc finala vəsiqə ala bilmədi) ikinci dövrədə
maraqlı, məxsusi ifasını xatırlatmaq istərdim.
Azərbaycan ifaçılıq sənətinin
uğurları hamıya bəllidir. Bu məqalə çərçivəsində
həmin uğurları şərh etmək imkan xaricindədir.
Son böyük müvəffəqiyyət Medici.tv kimi klassik
musiqi kanalı ilə bütün dünyaya yayımlanan
dirijorların Yevgeni Svetlanov adına IV Beynəlxalq müsabiqəsində
Fuad İbrahimovun laureat adını qazanmasıdır. Amma
Çaykovski müsabiqəsində, başqa sanballı
yarışlarda azərbaycanlı pianoçular, instrumentalistlər
artıq neçə illərdir ki, görünmür.
Şübhəsiz, ölkəmizdə istedadlı gənclər
az deyil və onların sorağı ayrı-ayrı beynəlxalq
tədbirlərdən gəlməkdədir. Məsələn,
Elvin Xoca Qəniyevin uğurları bizi sevindirir: bu gözəl,
mahir violinçalandan daha böyük zəfərlər
gözləməyə haqqımız var. Mən
istedadların lap erkən yaşlarından aşkarlanması,
görkəmli mütəxəssislərin nəzarəti
altına alınması, ölkəmizdən kənarda
tanıtdırılması məqsədini güdən
tanınmış pianoçu Səidə Tağızadənin
miqyaslı layihəsinə önəm verir, həmin layihə
çərçivəsində Baku Media Center və Təhsil
Nazirliyinin təşkilati dəstəyi ilə reallaşan
"Simurq" müsabiqəsinə xüsusi ümid bəsləyirəm.
Bundan
əlavə, bir sıra ifaçılarımız, o cümlədən,
dövlət proqramı üzrə nüfuzlu musiqi təhsil
ocaqlarında təhsil alırlar. Çaykovski müsabiqəsinin
əsas qəhrəmanlarından biri, nadir pedaqoji istedada malik,
gənc yetirmələrinin ən güclü tərəflərini
üzə çıxarmağa qadir Rəna Mustafabəyli-Şereşevskayanın
sinfində bu gün Bülbül adına musiqi məktəbinin
məzunu Vurğun Vəkilov məşğul olur.
Ümidvarıq ki, istedadlı, zərif musiqi duyumlu bu gənc
müvafiq hazırlıq və əlbəttə, inadkar məşğələlər
hesabına yaxın gələcəkdə beynəlxalq
müsabiqələrdə ölkəmizi təmsil edə biləcək.
Bütün istedadlı gənclərimizə
qarşılarına uca məqsəd qoyub həmin məqsədə
doğru inamla addımlamağı, musiqiyə sonsuz sevgi və
nəvazişlə yanaşmağı tövsiyə edərdim.
Ancaq bu təqdirdə əsl yaradıcılıq
uğurları mümkündür!
Zümrüd DADAŞZADƏ.
525-ci qəzet.- 2019.- 3 iyul. S. 12.