"Anar - 80... Şəxsiyyətin tarixi" kitabı təqdim olunub

İyulun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında "Anar - 80... Şəxsiyyətin tarixi" kitabının təqdimatı keçirilib.

Təqdimatda millət vəkilləri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Mərkəzi Elmi Kitabxananın əməkdaşları, tanınmış qələm adamları və media nümayəndələri iştirak ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq "altmışıncılar" ədəbi nəslinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olduğunu söyləyib. O bildirib ki, Anar Azərbaycan ədəbiyyatının müasir dövrünü yaradan əsas simalarından biridir. Qeyd edib ki, XX əsrin 70-80-ci illərində ədəbi-ictimai mühitdə ümummilli ideallar uğrunda aparılan mübarizədə və müstəqillik dövründə yeni ədəbiyyatın yaradılmasında, bədii fikrin ölkə maraqlarına xidmətə istiqamətləndirilməsində Anarın məxsusi rolu var.

Akademik İ.Həbibbəyli Xalq yazıçısının "Molla Nəsrəddin" ədəbi məktəbinin böyük ənənələrini yenidən ədəbiyyatda canlandırmağa nail olduğunu, milli ədəbi fikri yeni ideyalar və yaddaqalan obrazlarla daha da zənginləşdirdiyini vurğulayıb. "Son altmış ilə yaxın bir dövrdə Azərbaycan ədəbiyyatının keçdiyi keşməkeşli və şərəfli yolun məsuliyyətini də, uğurlarını da Anarın yaradıcılığı olmadan təsəvvür etmək çətindir", - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Tədqimatı keçirilən kitab haqqında fikirlərini bölüşən İ.Həbibbəyli yeni nəşrdə Anarın 80 illik yubileyi ilə bağlı ədəbiyyatşünaslar, yazıçılar, elm adamları tərəfindən yazılmış məqalələrin toplandığını, müsahibələrin, təbrik məktublarının yer aldığını söyləyib, vəsaitin Anarşünas tədqiqatçılar üçün önəmli mənbə olduğunu bildirib.

Kitabın tərtibçisi və ön sözünün müəllifi Gülxani Pənah (Şükürova) bildirib ki, nəşrdə ömrünün 60 ilindən çoxunu xalqına, dövlətinə, onun ədəbiyyatının, mədəniyyətinin inkişafına həsr edən yazıçı Anarın ünvanına gələn yüzlərlə təbrik teleqramlarının, məktublarının, haqqında yazılan məqalələrin bir qismi toplanıb.

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ədəbiyyatımızda Anarın çoxşaxəli yaradıcılığının özünəməxsus yeri olduğunu vurğulayıb.

Kitabın elmi redaktoru, Milli Məclisin deputatı, professor Jalə Əliyeva Xalq yazıçısı Anarın əsərlərinin gənc nəslin tərbiyəsində oynadığı roldan danışıb. O bildirib ki, yazıçı yaratdığı əsərlərlə Azərbaycan ədəbiyyatının zirvəsini fəth edib. Millət vəkili qeyd edib ki, Anar yaratdığı əsərlər və obrazları ilə özünəqədərki tabuları cəsarətlə qıra bilən sənətkardır. Onun bu cəsarəti özündən sonrakılara da örnək olub.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan bildirib ki, kitabda yer alan 50 məqalədən 30-u bir həftə ərzində "Ədəbiyyat qəzeti"nin Xalq yazıçısı Anarın 80 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışında dərc olunub: "Qəzetin xüsusi buraxılışı üçün Anar haqqında yazılan məqalələrə nəzər saldıqda Niyazi Mehdinin sözləri diqqətimi çəkdi. O yazırdı ki, altmışıncı illərdə Anarın təmsil etdiyi "qıraq dünya" modern ədəbiyyatın, ekzistensializmin, Sartrın dünyası idi. Həqiqətən Anar o "qıraq dünya" ilə Azərbaycanın yaxınlaşmasına, birləşməsinə, bütövləşməsinə vəsilə olan nadir insanlarımızdan biridir".

Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Kərimli, professor Yeganə İsmayılova, yazıçı Pərvin, şair Oqtay Rza, aktrisa Zülfiyyə Eldarqızı, şair Əlirza Xələfli, AYB-nin katibi İlqar Fəhmi və digər çıxış edənlər yazıçının yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıblar, yeni kitab münasibətilə Gülxani Pənahı təbrik ediblər.

Şair Fərqanə Mehdiyeva Xalq yazıçısının 80 illik yubileyinə həsr etdiyi "Mən sənin gözündə tərəzi gördüm" şeirini səsləndirib.

Xalq yazıçısı Anar tərtibçi Gülxani Pənaha, eləcə də, kitabda yazısı çap olunan müəlliflərə, təqdimatı keçirən Mərkəzi Elmi Kitabxanaya, akademik İsa Həbibbəyliyə və bütün çıxışçılara öz təşəkkürünü bildirib.

Sonda "Anar - 80... Şəxsiyyətin tarixi" kitabı qonaqlara hədiyyə olunub.

 

Şahanə MÜŞFİQ.

525-ci qəzet.- 2019.- 3 iyul. S. 13.