"Kontrabas"
növbəti dəfə Beynəlxalq Festivallara
qatılacaq
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
aktyoru, Əməkdar artist Şövqi Hüseynov 21 illik
"Kontrabas"la Festivallara hazırlaşır. 1998-ci ildə
səhnəyə qoyulan
bu əsər 21 il ərzində
yüzlərlə festivalda
iştirak edib, qalib olub. Bu dəfə isə tamaşa 14-18 avqust 2019-cu il tarixində
Rusiya Federasiyasının
Kineşma şəhərində
keçiriləcək "Ostrovskiy - FEST" Beynəlxalq
Teatr festivalına dəvət alıb. Yerli teatrlardan əlavə daha 6 ölkənin - Azərbaycan,
Moldova, Ukrayna, İsrail,
İsveçrə, Norveçin
iştirak edəcəyi
festival kifayət qədər
nüfuz qazanıb.
Avqustun
28, 29 və 30-da isə
ABŞ-ın Boston şəhərində
teatr festivalına qatılacaq.
Əməkdar artist Şövqi Hüseynov
bu Festivallarda da uğur qazanacağına
inandığını bildirib:
"Bilirsiz ki, bu tamaşa ölkəmizə, mədəniyyətimizə
uğur gətirib, bir çox mükafatlara layiq görülüb. Azərbaycan və
rus dilində oynanılır. İndiyədək İran, Türkiyə,
Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlar
alıb. Avqust ayında
baş tutacaq iki böyük festivalda da uğur
qazanacağımıza inanıram".
Xatırladaq ki, əsərin müəllifi Patrik Züskind, mono-tamaşanın
quruluşçu rejissoru,
səhnə və musiqi tərtibatçısı,
mərhum rejissor İrina Perlovadır.
1 saat davam
edən tamaşanın süjet xətti ensiklopedik biliklərə malik
qəhrəmanın həyatda çox sadə
mövqe sahibi
olmasıdır. Opera "ulduzuna"
vurulan bu şəxs həmin
xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda
belə onun səsini eşidir,
məşhur ariyaları ifa edən
gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü
üçün qısqanclıq səhnəsi,
teatr "qalmaqalı" yaradır ki, bəlkə bunun nəticəsində
məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı. Sarkazm
və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanın
yeganə ünsiyyət vasitəsi kontrabasdır. Əsərin
qəhrəmanının sevgilisi ilə
dialoqu kontrabasla dialoq əvəz edir. Bu xoş ünsiyyətin ən
maraqlı fikir ötürümü
bundan ibarətdir ki, insan birinci növbədə
özü-özünə sədaqətli olmalıdır.
Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək
olar.
525-ci qəzet.- 2019.- 3 iyul. S. 13.