"Nəsimi ili"nin dünyadakı əks-sədası

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində ciddi əhəmiyyətə malikdir.

Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği 1970-ci illərdən - Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxtdan başlanır. Böyük söz ustasının 600 illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılıb. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb.

Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilib və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılıb, eləcə də 1979-cu ildə Bakıda heykəli ucaldılıb. 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci ilin sentyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib.

2019-cu ildə Nəsiminin dünyaya gəlişinin 650 ili tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Həmçinin, Sərəncama əsasən, 2019-cu il Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilib.

                                                                       ***

"Nəsimi ili" çərçivəsində ölkəmizdə ilin ilk tədbiri yanvarın 29-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında təşkil olunub. "İmadəddin Nəsimi-650" adlı tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, bu ilin bütövlükdə İmadəddin Nəsiminin adı ilə bağlı olması son dərəcə təqdirəlayiqdir: "Sərəncam bu böyük şəxsiyyətin yaradıcılığını, xalqımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaratdı. Ötən müddətdə Nəsiminin adı nəinki ölkəmizin daxilində, hətta beynəlxalq arenada da uca tutulub, yaradıcılığı ilə dünya ictimaiyyəti tanış olub. UNESCO səviyyəsində Nəsimi ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi nəticəsində bir sıra tədbirlər təşkil edilib. Ötən il ölkəmizdə ilk dəfə Nəsimi incəsənət Festivalı keçirildi. Festival çərçivəsində Azərbaycana çoxsaylı ölkələrdən ədiblər, alimlər və tədqiqatçılar gəldi. Bu festival da Nəsimi irsinin təbliği və dünyaya bir daha tanıdılması ilə yanaşı, ölkəmizin də yaxşı tanınması üçün yeni imkanlar açdı".

                                                                         ***

"Nəsimi ili" təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində yüksək səviyyədə qeyd olunur, böyük şairin şeirləri digər dillərə tərcümə olunaraq, kitabları çap edilir. Bu işdə ölkəmizdən kənarda yaşayan həmvətənlərimizin, diaspora üzvlərinin və təbii ki, müxtəlif ölkələrdə Azərbaycanı təmsil edən səfirliklərin böyük rolu vardır. Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, azərbaycançılığımızı layiqincə təbliğ və təmsil etməyə səy göstərir.

Bu istiqamətdə ilk addım TÜRKSOY tərəfindən atıldı. Sərəncamlara əsasən, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2019-cu il TÜRKSOY tərəfindən "Nəsimi ili" elan olundu. Martın 6-da "Nəsimi ili"nin rəsmi açılış mərasimi TÜRKSOY-un qərargahında gerçəkləşdi.

Bundan sonra keçən aylar ərzində bir sıra ölkələrdə Nəsiminin 650 illik yubileyi münasibətilə müxtəlif tədbirlər, konsert proqramları keçirilir.

Onlardan biri Hindistanın Aqra şəhərindəki Kendriya Hindi Sansthan Universitetində baş tutdu. Konsert proqramı ölkəmizin Hindistandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Aprelin 24-də Macarıstanın paytaxtı Budapeştdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib. Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Macarıstandakı Səfirliyi, Azərbaycan Milli Kitabxanası və Budapeştdəki Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə Yunus Əmrə İnstitutunun Budapeştdəki binasında baş tutan təbirdə Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyev və başqaları çıxış ediblər.

İyunun 10-da Dərbənddə Bakı Uşaq Teatrının "Nəsimi ili-Nəsimi dili" kompozisiya-tamaşası təqdim olunub. BUT-un bu qədim şəhərə qastrolu Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının (ADDT) dəvətilə baş tutub.

                                                                            ***

İsraildə isə "Nəsimi - 650" poeziya müsabiqəsi keçirilib. Müsabiqəsinin finalı İsrailin Kiryat-Byalik şəhərində baş tutub. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının ("Azİz") təşkilatçılığı və Azərbaycanın Diaspor ilə İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən müsabiqənin yarımfinal mərhələləri İsrailin üç müxtəlif şəhərində  -  Tel-Əvivdə, Afulada və Kiryat-Yamda keçirilmişdi.

Təl-Əvivdəki birinci yarımfinalın qalibi İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvü, bir çox müsabiqələrin laureatı, "Novı sovremennik" Beynəlxalq Yazıçılar İttifaqının fərmanlarına layiq görülmüş Semyon Qavrilov olmuşdu. Afula şəhərindəki ikinci yarımfinalda Azərbaycanın Milli Qəhrəmanı, Dağlıq Qarabağın düşmən tapdağından azad edilməsi uğrunda döyüşən Sahil Məmmədova həsr olunmuş "Mənim kumirim" şeiri ilə doqquz yaşlı Kostya Vararu qələbə qazanmışdı. Kiryat-Yam şəhərindəki sonuncu yarımfinalın qalibi adına isə Şahin Göyçaylı layiq görülmüşdü. Kiryat-Byalikdə hər üç finalçını dinləyən münsiflər heyəti birinci yeri "Mənim kumirim" şeirinin doqquz yaşlı müəllifi Konstantin Vararuya verməyi qərara alıb.

Aprelin 26-da Helsinkidə keçirilən İ.Nəsiminin 650 illiyinə həsr olunmuş ədəbi-bədii konfransda Azərbaycanın tarixinə, mədəniyyətinə və mətbəxinə həsr olunmuş sərgi də təşkil edilib. Tədbir Finlandiya Təhsil işçilərinin həmkarlar ittifaqı ilə müqavilə və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının birgə layihəsi əsasında, eləcə də Finlandiya Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlının təşəbbüsü və dəstəyi, Azərbaycanlı Qadınlar Cəmiyyətinin, Finladiya Azərbaycan Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Serbiyada Nəsimi irsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Belə ki, Belqraddakı "Yuqoslaviya" kinoteatrında şairin serb dilinə tərcümə edilmiş şeirlər məcmuəsinin təqdimat mərasimi keçirilib və tarixdə ilk dəfə olaraq serb subtitrləri ilə "Nəsimi" filmi nümayiş etdirilib. Serbiyadakı səfirliyimizin təşəbbüsü və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyilə təşkil olunmuş tədbirdə ölkə parlamentinin üzvləri, dövlət xadimləri, hökumətin, diplomatik korpusun nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, həmçinin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Serbiya Kral Akademiyasının üzvü, akademik Sokol Sokoloviç çıxış ediblər.

İyunun 19-da Serbiya Kral Akademiyasının təşkilatçılığı ilə Belqrad Universitetində keçirilən elmi simpoziumda Serbiya Kral Akademiyasının 2019-cu il 20 fevral tarixli qərarı ilə təsis olunmuş "Nəsimi-650 il" yubiley və "İvo Andriç" medalları təqdim edilib.

"İvo Andriç" medalına Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, serbşünas alim Cəlil Nağıyev, serb yazıçısı M.Paviçin "Xəzər lüğəti" və D.Damyanoviçin "Müqəddəs Savanın anası" kitablarını Azərbaycan dilinə tərcümə etmiş Əməkdar jurnalist Əlövsət Ağalarov, serb antologiyasını və İ.Andriçin kitabının Azərbaycan dilində nəşrini hazırlamış AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov və Balkan regionu ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin inkişaf etdirilməsinə verdiyi xüsusi töhfələrə görə millət vəkili Cavanşir Feyziyev, ADU-nun Serb Dili və Mədəniyyəti Mərkəzinin direktoru, dosent Lalə Məcidova layiq görülüblər.

Eyni zamanda, Belqrad Universitetinin filologiya fakültəsinin dekanı Lilyana Markoviç, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Zoran Sam, parlamentin Serbiya-Azərbaycan Dostluq Qrupunun sədri Katarina Rakiç, Serbiya Milli Operasının solisti Yasmina Trumbetaş, "Smederevo Poeziya Payızı" festivalının təşkilat komitəsinin üzvü Vera Xorvat, Serbiya Respublikası Prezidentinin müşaviri Tanya Yoviç və Yuqoslaviyanın Türkiyə, eyni zamanda, Azərbaycandakı keçmiş səfiri olmuş yazıçı Darko Tanaskoviç Azərbaycan tarixinin və mədəniyyətinin Serbiyada təbliğindəki əvəzsiz xidmətlərinə görə "Nəsimi-650 il" yubiley medalı ilə təltif ediliblər.

Şairin yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Moskvada nəşr olunmuş "İ stal Putem İstinı ya sam" kitabı Rusiyanın iyirmi kitabxanasında yerləşdirilib. Kitabxanalar sırasında Rusiya Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası, Rusiya Federasiyası Prezident Administrasiyası Kitabxanası da var.

                                                                          ***

"Nəsimi ili" okeanın o tayında da yüksək coşğu ilə qeyd olunur. Belə ki, iyunun 26-da Nyu-Yorkun məşhur Kaufman Musiqi Mərkəzində "İki dünyanın musiqisi" adlı konsert keçirilib. Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilati dəstəyilə baş tutan tədbir sözügedən yubileyə həsr olunub. Konsertdə Belçikanın nüfuzlu "Kraliça Elizabet" müsabiqəsinin laureatı Stiven Solters, bəstəkar Amir Vahab, Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarova, "Duo Trouvaille" və Şenika Con Cordan kimi tanınmış musiqiçilər və vokalçılar çıxış ediblər.

                                                                             ***

Azərbaycan diasporasının gördüyü işlər təkcə ölkə xaricində deyil, ölkə daxilində də davam etdirilir. Artıq ənənəvi hal almış Diaspor Gənclərinin II Yay Düşərgəsi bu il "Nəsimi-650" adını daşıyır.

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə 8-14 iyul 2019-cu il tarixlərində Şamaxı şəhərində keçiriləcək Diaspor Gənclərinin II Yay Düşərgəsinin iştirakçıları seçilib.

Düşərgədə iştirak üçün 51 ölkədən 100-lərlə gənc müraciət edib. Müraciət edənlər içərisindən 110 nəfər gənc düşərgədə iştirak hüququ qazanıb.

2019-cu ilin ölkəmizdə "Nəsimi ili" olmasını nəzərə alaraq, dahi Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunan layihənin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etməkdir. Düşərgə çərçivəsində Azərbaycanın tarixi və memarlıq abidələrini ziyarət, rəsmi və taınmış şəxslərlə görüşlər, qrup müzakirələri, əyləncəli-maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.

                                                                              ***

Dahi mütəfəkkir şairin adı ilə adlanan 2019-cu ilin hələ bitmədiyini nəzərə alaraq, yazıda sadaladığımız və adını çəkmədiyimiz tədbirlər zənciri hələ il sonuna kimi də yüksək səviyyədə davam etdiriləcək. İnanırıq ki, ölkə başçısının müvafiq sərəncamı və bu çərçivədə görülən işlər nəticəsində İmadəddin Nəsimi adı və Azərbaycan ədəbiyyatı bütün dünyada tanıdılacaq.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

 

 

Şahanə MÜŞFİQ.

525-ci qəzet.- 2019.- 3 iyul. S. 16.