Nəsib Nəbioğlunun yubileyi: söz sənətinin təntənəsi - Şahanə Müşfiqin reportajı

"Onda da naşıydım, yenə naşıyam,

Yüküm elə ağır, çətin daşıyam...

Qoymadılar insan ömrü yaşayam,

Qürbətdə bir şair ömrü yaşadım!

 

Həsrəti qəlbimdən silə bilmədim,

Dərdimi bir kəslə bölə bilmədim,

Deyirdim gələrəm, gələ bilmədim,

Qürbətdə bir şair ömrü yaşadım!"

- şair Nəsib Nəbioğlu bu misralarla gileylənir qürbət həyatından, beləcə dilə gətirir şair könlünün qəriblik nisgilini. Ömrünün 40 ildən çoxunu vətəndən uzaqda yaşayan, taleyinə ikiqat vətənsizlik yazılan dəyərli şair, publisist, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi Nəsib Nəbioğlunun 65 yaşı tamamlandı. Bu 65 ilə həm insan, həm vətəndaş, həm də şair ömrü sığdıran yubilyar istər poeziyası, istərsə də Azərbaycan ədəbiyyatı üçün gördüyü işlərlə hər kəsin sevgi və hörmətini qazandırıb. Bunu iyunun 29-da Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən yubiley tədbiri də göstərdi.

Azərbaycan Yazıçılar Birliyi və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, oxucular, şairin ailə üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak edirdi.

Tədbiri aktyor, Rusiyada fəaliyyət göstərən "Dərviş teatrı"nın yaradıcısı Şirzad Pirallahı N.Nəbioğlunun "Azərbaycan əsgəri" şeirilə açdı:

Neçə ildir qurumur anaların göz yaşı,

Dağların həsrətindən yanıb bağrımın başı,

Qurtar qələbə ilə bu döyüşü, savaşı,

Sevinclə, gülə-gülə açım aydın səhəri,

Sənə əhsən deyirəm, Azərbaycan əsgəri!

Əməkdar jurnalist Əlövsət Ağalarov yubilyar haqqında düşüncələrini bölüşdü: "Nəsib səmimidir, hər zaman torpağına bağlı insandır. Onun şeirlərində el-obasına bağlılıq, milli mənsubiyyətinə sayğı, aid olduğu kökə sevgi həmişə qorunub-saxlanıb. Onun ruhu azaddır. Bütün təzyiqlərə, qürbətdəki sıxıntılarına baxmayaraq, həmişə azad olub".

Tədbirin aparıcılığı şair Ənvər Əhmədə həvalə olundu. Nəsib Nəbioğlunun Kəlbəcər həsrətindən, yurd sevgisindən böyük yanğı ilə bəhs edən Ə.Əhməd ilk sözü AYB-nin sədri, Xalq yazıçısı Anara verdi. Yubilyarı AYB-nin adından təbrik edən Anar onun poeziyasının özünəməxsusluğundan danışıb: "Azərbaycanın bütün rayonlarında olmuşam, Kəlbəcər və Zəngilandan başqa. Ancaq Kəlbəcər ruhunu kəlbəcərli şairlərin şeirlərində duymuşam. Əsas da Nəsib Nəbioğlunun poeziyasında. Kəlbəcərin sərin bulaqlarının suyunu, səfalı havasını, insanlarının gözəl təbiətini də bu poeziyada duymaq olur. Nəsib Nəbioğlu ikiqat vətən həsrəti çəkir. Allah qismət eləsin ki, çox tezliklə hamımız birgə gedib Kəlbəcəri görək!"

Çıxışdan sonra şairin ömür yolu haqqında videomaterial nümayiş olundu, N.Nəbioğlunun fəaliyyəti Azərbaycan ədəbiyyatının təbliği üçün gördüyü işlər geniş şəkildə təqdim edildi. AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid,  Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu və tanınmış həkim Sabir Həbibovun yubliyar haqqında xoş düşüncələri də videomaterialda öz əksini tapmışdı. N.Nəbioğlunun Kəlbəcər sevgisindən söz açan, onun poeziyasındakı səmimi vətənpərvərlik duyğularından danışan R.Məcid çıxışının sonunda şairə şöhrət gətirən "A nənəmin cəhrəsi" şeirindən bir bənd səsləndirdi:

Kələflərin içində boya-başa çatmışam,

Dükcələr qucağında şirin yuxu tapmışam,

Elə bilmə mən səni unutmuşam, atmışam,

Hələ də yadımdadır naxışının düyməsi,

A nənəmin cəhrəsi.    

U.Rəhimoğlu isə N.Nəbioğlunun həm şairlikdə, həm insanlıqda, həm də vətəndaşlıqda nümunə olduğunu vurğuladı və yubilyarın yaradıcılığından bir nümunəni söylədi:

Nə yazıdı yazıb belə,

Baxtımdan küsümmü, görən?

Dərddən bol verib payımı,

İlahi, bəsimmi, görən?

"Nəsib poeziyasının baş qəhrəmanı Kəlbəcərdir" - deyən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov sözün ucalığından, N.Nəbioğlu kimi ədiblərin sözü yaşatmasından bəhs etdi: "İnsan gedəcək, amma söz daim qalacaq. Nəsib sözü yaşadanlardandır. Onu mən Moskvadan tanıyıram. Nəsib Ədəbiyyat İnstitutunda oxuyurdu, mənsə, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində. O, elə tələbəliyindən çox aktiv idi. Tədbirlər keçirərdi, hər zaman Azərbaycanın, onun ədəbiyyatının təbliği ilə məşğul olardı".

Ə.Amaşov bildirdi ki, klassiklərimizin, eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş rus dilində məqalələrin müəllifi olan Nəsib Nəbioğlu V.Şukşinin, V.Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Yeseninin, N.Rubsovun əsərlərini Azərbaycan dilinə çevirib. Şair uzun illərdir Rusiyada ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edir. O, həm də musiqisi Ayna Sultanovanın olan dünya azərbaycanlılarının "Həmrəylik Himni"nin müəllifidir.

Çıxışının ardından Ə.Amaşov Azərbaycan Mətbuat Şurasının fəxri diplomunu yubilyara təqdim etdi.

Nəsib Nəbioğlunun tələbə yoldaşı, professor Valeh Nəsibli çıxışında yubilyarın ömür və fəaliyyət yolu ilə bağlı bir sıra maraqlı məqamları sadaladı: "Nəsib qardaşım Bakıya 1975-ci ildə gəlmişdi. Baykonurda əsgəri xidmətini başa vurub, elə əsgər paltarında da həmin il o zamankı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun hazırlıq şöbəsinə daxil olmuşdu. Mən isə həmin instituta bir neçə nəfərlə 1976-cı ildə orta məktəbdən sonra birbaşa girmişdim. Nəsibgil bizdən 4-5 yaş böyük idilər. Nəsib 1-ci kursa da əsgər paltarında gəlirdi. Öyrəndik ki, o, atasını çox erkən itirib və çoxuşaqlı ailə vəziyyətləri ürəkaçan deyil. Buna görə də Nəsib dərslərinə çox böyük məsuliyyətlə yanaşmaqla bərabər, gecələr də işləyirdi. Ecazkar təbiəti, dağı-daşı, qayası, meşəsi, bulağı olan Kəlbəcərdə Nəsib anadan şair doğulmuşdu. Onun bir dəfə dərsdə oxuduğu "A nənəmin cəhrəsi" şeiri onu bir şair kimi hamının gözündə ucaltdı, məşhur elədi. Lakin son dərəcə təvazökar və sadə qardaşımız heç vaxt bununla öyünmürdü, yazdıqlarını çox da oxumurdu. Beşinci kursda Nəsib digər bir istedadlı dostumuz Səfər Alışarlı ilə birgə Moskvaya, M.Qorki adına Ədəbiyyat İnstitutuna göndərildi. O vaxtdan bəri mən Nəsibi görmürdüm, ancaq onun xoş sədasını, söhbətini eşidirdim. Eşidirdim ki, institutu əla qiymətlərlə bitirib, müəllimlərinin sevimlisi olub, onların zəmanəti ilə Moskvada yüksək vəzifələrdə çalışıb, bir şair kimi Rusiyada şan-şöhrət tapıb, oradakı azərbaycanlı yazıçıları bir ocağa yığıb onlara bacardıqca kömək edir. Səməd Vurğunun, Rəsul Rzanın və digər Azərbaycan dahilərinin, yubiley məclislərini keçirir, elə Səməd Vurğunsayağı Moskvada yaşayan, oxuyan istedadlı gənclərimizə dəstək olur, yardım göstərir, müxtəlif məqsədlə Moskvaya gələn Azərbaycan ziyalılarını orada böyük hörmət və səxavətlə qarşılayıb yola salır. Son illərdə başımıza gələn müsibətləri, faciələri Rusiya və eləcə də dünya ictimaiyyətinə çatdırır, öz yaradıcılığında böyük uğurlar qazanır. Bunları eşitdikcə də ürəyim dağa dönür, bir tələbə yoldaşımız kimi ona "əhsən" deyirdim, onunla qürur duyurdum".

Daha sonra İlham Məmmədli, Maşallah Məftun, Həbib Misirov, Ramiz Qusarçaylı, Yusif Hüseyn, Fərqanə Mehdiyeva və başqaları da şairi yubileyi münasibətilə təbrik edib xoş arzularını bildirdilər.

Əlbəttə, kəlbəcərli şairin yubileyini aşıqlardan xali düşünmək yersiz olardı. Tədbirin bədii hissəsində tanınmış aşıqlar - Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, Hikmət Kəlbəcərli, Ramin Qarayev, xanəndələr Könül və Yaqut Xəlilzadələr çıxış etdilər.

Şirzad Pirallahı ilə müğənni İlham Əsgəroğlunun "Azərbaycan" dueti və onların səsinə səs verən zalın birgə ifası da yaddaqalan oldu.

Sonda söz alan yubilyar tədbirin təşkilində zəhməti olanlara, qonaqlara və çıxışçılara öz təşəkkürünü bildirdi. Bundan sonra da hər zaman Azərbaycan və onun ədəbiyyatı üçün çalışacağını dedi. Çünki:

Yaradan yaradır belə düz əhli,

Belədir qürbətin alov, köz əhli,

Biri şair deyir, biri söz əhli,

Elə doğulandan söz adamıyam!

                                                                                     ***

N.Nəbioğlunun yubileyi təkcə tədbirlə yekunlaşmır. Haqqında yazılar yazılır, xoş sözlər ünvanlanır. Onlardan biri də yazıçı, publisist Vəliyəddin Misiroğludur. O, şairə ünvanladığı təbrikində deyir: "Sümüyü zirvələrdə bərkiyib, iliyi halal uyuşmuş, qanı saf bulaqlarda durulmuş, dili həzin laylalı, qələmi şirin kəlməli şairimiz, iki qərinəyə qovuşan ömür yolun - 65 illik yubileyin mübarək olsun!

Hörmətli Nəsib müəllim! Sən ömrün bu aşırımlı günlərini boşuna yaşamamısan; qovrulmusan, yanmısan, cızdağın çıxıb, bəzən donmusan, bükülmüsən, açılmısan, həyat yolunda şırım-şırım olmusan. Amma ağlınla, zəkanla bütövləşmisən, kamilləşmisən, şax dayanmısan. Dişinlə-dırnağınla zümrüd qaşlı Kəlbəcərdən düz Moskvaya qədər cığır açmısan, yol keçmisən, üç qəriblik tamını dadmısan (Çaykənd-Kəlbəcər, Kəlbəcər-Bakı, Bakı-Moskva), dünyəvi bir şəhərdə məskən salmısan. Amma yenə də yönün bəriyədi. Çünki bu diyarın gündüzləri haylı-haraylı olsa da, gecələri qəriblik çarşabına bürünüb səni çulğalayır. Harayına çatan isə kök-köməcindən gələn ümmanlı təbin, bir də ki, ta uşaqlıqdan bəri qoyun cibində gizlədib saxladığın, ananın xeyir-duası ilə ovsunlanmış çılğın qələmin olub. Bu qələm səni muncuq-muncuq düzüb Azərbaycan ədəbiyyatına, poeziyamıza, Kəlbəcər ədəbi mühitinə pay verib.

Bəli, bu töhfə, pay sənsən. Xalqın dilindən çıxan və xalqa məxsus kəlmələri, deyimləri, "nənəsinin cəhrə səsi"nin xoş sədaları altında şair qələminə taxıb müxtəlif dillərdə xalqa çatdıran əsl vətən oğlu Nəsib Nəbioğlusan.

Qardaş, Allah Səni qorusun! Ulu Tanrı kərəmini və amanını Səndən əsirgəməsin! Arzum budur ki, böyük yaradıcılıq uğurların elimizə-obamıza, xalqımıza başucalığı gətirsin. Ucalan başımızla dağlarda bir-birimizə salam verək, salamın cavabında "əleyküm" kəlməsinin səsi qayalarda əks-səda versin.

Mən Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sevincimi sevincinə qatıram. Sağlam ömürlü günlərin Kəlbəcərə yetincə uzansın, orada dağların ömrünə calansın!" 

                                                                                            ***

Biz də Söz adamını sözün sehirli qüvvəsindən faydalanaraq təbrik edir, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları və tezliklə Kəlbəcər həsrətinin bitməyini diləyirik!

 

Şahanə MÜŞFİQ.

525-ci qəzet.- 2019.- 3 iyul. S. 17.