"Yoxlama"ya
sözardı - Əlisəfdər Hüseynov məşhur Azərbaycan
kinosundan söz açır
Kinonu
həyatın adicə surəti, plyonka üzərində
oxşar modeli kimi başa düşənləri bu
ölçülərdən kənar meyarlarla
yaradılmış filmlərlə nəinki heyrətləndirmək,
heç ekran qarşısına dəvət etmək də
mümkünsüzdür. Belə filmlər həmin tip
tamaşaçıların təsəvvürünə, təxəyyülünə
pərçimlənmiş ənənəvi kino modelinin tələblərinə
uyğun gəlmədiyinə, adi gözlə görünən
dünyanın məntiqindən kənara
çıxdığına görə tamaşaçı
onunla dil tapa bilmir.
Əslində,
hər hansı ekran əsərinin düzgün
qavranılması onun dilinin düzgün başa
düşülməsindən başlayır. Filmin dili isə
onun bütün strukturu boyu, özü də fikrin, bədii məramın
dərinliyinə doğru kodlaşdırılır. Ekranda görünənlər,
deyilənlər məhz bu kodların düzgün
oxunuşundan və açılışından sonra bədii
informasiya kimi idrak predmetinə çevrilir.
Rejissor
Vaqif Mustafayev də tamaşaçı ilə öz ekran
kodları, şifrələri ilə danışmağa,
ünsiyyət yaratmağa üstünlük verən rejissorlardandır.
Ən gərgin psixoloji yaşantıları, dramatik
situasiyaları, çıxılmaz məqamları zarafat, lətifə
dili ilə yumşaltmağı, bizi öz avand üzü ilə
usandıran dünyamızı gülüşün köməyi
ilə astar üzünə çevirməyi müasir Azərbaycan
rejissorları içində onun qədər ustalıqla
bacaran başqa rejissor tapmaq çətindir. Vaqifin çəkdiyi
tammetrajlı "Yaramaz", qısametrajlı "Hər
şey yaxşılığa doğru" filmləri, əgər
belə demək mümkünsə, çox ciddi mətləblərin
lətifə estetikası, zarafat və ironiya dili ilə ifadəsi
baxımından mükəmməl ekran əsərləridir.
Əgər birinci filmdə Vaqif yaramazlıq kimi sosial bəlanın
anatomiyasını gülüş prizmasından antisintez
edirdisə, ikinci filmdə müharibənin insanlar
üçün nə qədər lazımsız bir şey
olduğunu, onun ümumbəşəri maraqlara qarşı
çevrilən vəhşi təbiətini açıq
ironiya ilə, gülüş yaradan epizodların dili ilə
göstərirdi.
Rejissorun
öz ssenarisi əsasında quruluş verdiyi "Yoxlama"
teleserialı təhkiyə poetikası baxımından onun əvvəl
çəkdiyi filmlərə çox yaxındır. Yenə
də ciddi bir mövzu (cəmiyyətimiz üçün
aktual olan korrupsiya, kölgə iqtisadiyyatı, iqtisadi quldurluq)
və onun ironiya üzərində
qurulmuş gülüş estetikası ilə həlli.
Korrupsiya,
iqtisadi diversiya, mütəşəkkil cinayətkarlıq və
onlara qarşı bir şəxsin
mübarizəsi fonunda əksini tapan üsyan, protest
mövzuları dünya kinosunda kifayət qədər
geniş işlənib. Lakin bu genişliyin meyarı keyfiyyət
yox, kəmiyyət olduğundan nəticədə müxtəlif
janrlarda çəkilmiş filmlərdəki oxşar
süjetlər, tanış obrazlar gözümüzü
yormaq qədərində şablonlaşaraq bəsitləşib.
Hətta o dərəcədə bəsitləşib ki,
hansısa süjetin hardan başlayıb harada
qurtaracağını, hansı personajın hansı məqamda
nə deyəcəyini gözlərimizi yumub ekrana baxmaya-baxmaya
da proqnozlaşdırmaq, deyək ki, pişiyin pusqu qurub
tutduğu siçanla nə edəcəyini söyləmək
kimi asan bir məşğuliyyətə çevrilib.
Açığı
"Yoxlama" filmində də süjetin sxemi seriala verilən
tələblərə uyğun olaraq ənənəvi
ölçülərdə qurulub. Vergilər Nazirliyinin
müfəttişi Habil Dadaşov (aktyor Ə.Həmidov)
böyük bir metallurgiya kombinatını yoxlamağa gəlir
və elə ilk gündən Habillə birlikdə biz
tamaşaçılar da bilirik ki, burada iri məbləğdə
vergidən yayınma, dövlət büdcəsinə
keçməli olan külli miqdarda pulun mənimsənilməsi
halları var.
Aydın
məsələdir ki, belə məqamlarda ucu ələ
keçmiş kələfi dolaşdırmaq, izi itirmək
üçün illərin (və müxtəlif
mafiyaların) sınağından uğurla
çıxmış metodlar - rəsmi rəislərin, qeyri-rəsmi
patronların göstərişi ilə şantaj hədələri,
bunlar bir nəticə vermədikdə adam kimi
yaşamağın ləzzətini bilməyən binəva Don
Kixotu ələ almaq, ona adam olmağın fəlsəfəsini
başa salmaq üçün külli miqdarda rüşvət,
bıçaq sümüyə dirənəndə isə
fiziki təzyiq, aradan götürmə variantları işə
düşəcək. Bütün ənənəvi janr
kononları "Yoxlama"da da var. Fəqət
"Yoxlama"nın poetikası yalnız bu sadalanan sxemlərlə
məhdudlaşsaydı biz, təbii ki, hazır qəliblər
üzərində qurulmuş növbəti bir boyevikdən
danışmaq zorunda qalardıq ki, xoşbəxtlikdən belə
olmamışdır. Çünki öz üslubuna, təhkiyəsinə
sadiq qalan V.Mustafayev yoxlamanın gedişini, gözlənilən
və gözlənilməyən məqamlarını ənənəvi
formanın məngənəsindən, tanış, yorucu təhkiyənin
yeknəsək ritmindən, bəzən belə filmlərin
etiketinə çevrilmiş pafoslu nitq sistemindən yan
keçirir, filmin poetik strukturunu tamam fərqli və gözlənilməz
bir müstəvi üzərində qurur, personajları yeni
qiyafədə təqdim edərək mövzunun, süjetin
gülüş, lətifə estetikası ilə fərqli
yozumunu verir. Nəticədə "Yoxlama" dövlətin
qəsdinə dayananlara qarşı bir supermenin zəkası
ilə yanaşı, həm də əzələlərinin
gücü ilə apardığı ənənəvi
mübarizəni kəskin təqiblər, savaş səhnələri
fonunda göstərən film kimi yox, əksinə, bu tipli filmlərə
ironiya təsiri bağışlayan ekran əsəri kimi
öz estetik dəyərini qazanır. Adətən bu tip filmlərdə
hadisələrin inkişafı Hiçkoksayağı saspens
(tamaşaçı marağını tədricən artan
psixoloji gərginlik hesabına yüksək həddə
çatdırmaq) sxemi üzrə qurulur ki,
tamaşaçı bir-birinə calaq edilmiş epizodları
seyr edə-edə nəticəni intizarla, həyəcanla
gözləsin. V.Mustafayev bu ənənəvi formadan imtina
etmir, amma onu gülüş-oyun estetikası üçün
səciyyəvi olan üslubu vasitələrlə ərsəyə
gətirir. Bütün film boyu biz təkcə intriqanın gərginliyinin,
dramatizminin yox, zahirən bu dramatizmə uyuşmayan bir
gülüş stixiyasının da təsir dairəsində
qalırıq. Personajların qəfil hərəkətləri,
bəzən absurd səviyyəsinə çatan gözlənilməz
reprikaları tamaşaçını gördüklərinə
və eşitdiklərinə bir qədər fərqli
baxışdan yanaşmağa sövq edir.
Bayaq
dedik ki, müasir Azərbaycan kinosunda xalq gülüşü
- lətifə təfəkkürünü
yaşarılığı baxımından heç bir rejissorun
filmləri V.Mustafayevin yaradıcılığı ilə rəqabətə
girə bilmir. Maksimum dərəcədə konkret situasiyalarda
ani deyilən replikalar, əslində, ağlın
gücünü göstərən
"ağılsız", "axmaq" maskalarının rəngarəng
çeşidləri, yaranan səfeh situasiyadan məhz "səfeh"
üsullarla çıxmaq bacarığı bu filmdə təhkiyəyə
bir şuxluq gətirir. Nümunə kimi filmdən bəzi
epizodları yada salaq.
1.
Habil ilə köməkçisi Plombir kombinatın baş
mühasibinin kabinetinə daxil olurlar. Baş mühasib nəzakətlə:
-
Xoş gördük, buyurun əyləşin.
-
Çox sağ olun, amma vaxtımız yoxdur.
-
Onda ayaqüstə siqaret çəkək...
2. Plombir:
-
Habil müəllim, işığı yandırım?
Habil
müəllim:
-
Yandır.
Plombir:
-
Axı gündüzdür.
Habil
müəllim:
-
Onda söndür.
Plombir:
-
Otaq qaranlıqdır, işığı söndürsəm,
heç nə görməyəcəyik.
Habil
müəllim:
-
Onda yandır.
Təsvir sırasından
"qoparılıb" burada quruca sitat kimi verilən bu
replikalar bəlkə də kiməsə mənasız,
artıq cümlələr kimi görünə bilər. Amma
birinci halda müfəttişə yol tapmaq istəyən
mühasibin cəhdlərinin üzünü astarına
çevirən, ikinci situasiyada isə mənasız
sualların mahiyyətini elə mənasız formada açan
cavabların lətifə təfəkküründən qidalandığını
danmaq mümkün deyil.
"Yaramaz"
filmində qəhrəman bürokrat direktorun yanına girmək
üçün qəbul otağına daxil olan kimi dərhal
direktorun qapısına tərəf qaçır ki, katibə
onu saxlamamış özünü içəri dürtə
bilsin. "Yoxlama"da isə V.Mustafayev "daim məşğul olan"
direktoru qəbula gələnlərdən qorumağın daha
"təkmil" üsulunu tapıb. Pəhləvan cüssəli
katibə kabinetə gedən yolunun ağzını Ərəbzəngi
kimi kəsib, hətta həddini aşanları çiyni ilə
itələyib yerə sərə də bilər.
Əslinə
qalsa filmin bütün hadisə - təsvir sistemi
hamımıza tanış olan vəziyyətləri ironiya
qarışıq bir zarafat dili ilə təqdim edən belə
epizodlardan, səhnələrdən ibarətdir. Filmin
poetikası məhz zarafat, lətifə estetikasının
prinsipləri ilə qurulduğundandır ki, bu epizodlar məlum
intriqanın - "mafiya-ədalət"
çarpışmasının məhz ədalətin, həqiqətin
təntənəsinə xidmət edən qələbəsini
də, qəhrəmanı bu qələbəyə aparan cəhdlərini
də ironiya predmetinə çevirir. Başqa sözlə,
rejissor bir güllə ilə iki dovşan vurur: həm neqativ
halları göstərir, həm də bu hallara qarşı
çıxan qəhrəmanın hərəkətlərini
parodiya etməklə (direktorun bağ evinə, oradan da yataq
otağına girmək üçün onun tuneldən istifadə
etməsi, öz mənzilində barrikada qurması və s)
reallığa çevrilmiş neqativ tərəfin -
mafiyanın gücünü göstərir.
Aktyor
Ə.Həmidov bütün film boyu eyni intonasiya, ritm və
tempdə danışır. Həyəcanlanmağı, əsəbiləşməyi
Habilin nitqində qətiyyən hiss olunmur ki, bu da hərəkətləri,
yaddaşı proqramlaşdırılmış
maşını xatırladan qəhrəmanı psixoloji planda
adi insani ölçülərdən daha da
uzaqlaşdırır. Aktyorun bu filmə qədərki
yaradıcılıq təcrübəsindən
çıxış etsək, bunu onun ifa manerasından irəli
gələn cəhət kimi də qiymətləndirmək
olar, rejissorun istəyinin ifadəsi kimi də. Aktyorun ifa tərzi
ilə rejissor yozumunun bir-birini bu cür tamamlaması filmdə
son dərəcə yerinə düşür, Habilin hərəkət
və davranış kompleksinin daha çox maska xarakteri
daşıdığını bir daha təsdiq edir.
Habilin
bu qeyri-bərabər döyüşdə qalib gəlməsini
təmin edən əsas amillər onun ağlı,
güclü əzələləri, möhkəm arxası
deyil, fenomenal yaddaşıdır. Məhz bu yaddaş
hesabına o, qəsdən yandırılımış
cild-cild hesabat kitablarındakı nəhəng rəqəmləri
bərpa edir, dövlət budcəsindən gizlədilən məbləğin
həcmini tapır. Amma Habilin qələbəsinə xidmət
edən fərdi-psixoloji keyfiyyəti eyni zamanda bu qələbənin
pafosunu heçə endirir, hələ ki, arzuolunan bir şey,
ilğım olduğunu dolayısı ilə təsdiqləyir.
Axı həyatdakı bütün müfəttişlərin
belə yaddaşa malik olması mümkünsüzdür. Elə
isə onları qələbəyə hansı yollar aparacaq?
Filmin
Habilin qələbəsi ilə başa
çatdığını fikirləşənlər
(baxmayaraq ki, o, oğurlanan pulları dövlətə qaytara
bilir) yanılırlar. Habil əslində, məğlub olur,
daha doğrusu, o, bu mübarizənin elə
başlanğıcından məğlub vəziyyətdədir.
Onun qələbə cəhdləri, qeyri-adi qərar və hərəkətləri
isə bu məğlubiyyətin tərs üzünün - yəni
qələbənin mümkünsüzlüyünə eyham
kimi başa düşülür.
Habilin
quldurları yola gətirmək üçün göstərdiyi canfəşanlıq
qeyri-bərabər mübarizənin əslində,
gülüş doğuran mahiyyətini açır, nəinki
Habilin mübarizə aparmaq əzmini və
bacarığını. Bu mənada filmdə kriminogen
intriqanın başa çatmasını təmin edən son
nöqtə də məntiqi deyil, simvolik səciyyə
daşıyır. Mütəşəkkil cinayətkar dəstənin
monolitliyi Habilin təkidi ilə müəssisənin
direktorunun dilindən telefonla Patrona ünvanlanmış bir ana
söyüşünün dağıdıcı gücü
ilə darmadağın olur...
Yoxsa
hər şey elə bu ana söyüşünün
başında imiş?
Bəs
onda bu söyüş nə üçün bu qədər
gecikir?
V.Mustafayevin
digər filmlərində olduğu kimi "Yoxlama"da da
aktyorlar çox rahat və yüngül oynayırlar. Bu
rahatlıq və yüngüllük rejissorun bütün
göstərişlərini yerinə yetirən, istədiklərini
ona verməyi bacaran istedadlı aktyorların (Yaşar Nuri,
N.Əhmədova, S.Quliyeva, G.Baxşəliyeva) oyununa sirayət
etmiş təbiilikdən güc alır.
Vəssalam.
Əlisəfdər HÜSEYNOV.
525-ci qəzet.- 2019.- 3 iyul. S. 18.