Vətənə məhəbbət, xalqa sədaqət duyğusu ilə...

XALQ YAZIÇISI HÜSEYN İBRAHİMOVUN 100 İLLİK YUBİLEYİNƏ

Naxçıvan ədəbi mühitinin görkəmli yetirməsi olan Xalq yazıçısı Hüseyn İbrahimovun (1919-2008) çoxəsrlik Azərbaycan ədəbiyyatının inkişafı zənginləşməsində mühüm xidmətləri olub. Onun xüsusilə Azərbaycan bədii nəsrinin inkişafındakı xidmətləri danılmazdır. Geniş və əhatəli yaradıcılığını təşkil edən çoxsaylı qiymətli əsərləri vətənə, xalqa, el-obaya bağlılıq və məhəbbət ruhu əxz etmək baxımından qiymətlidir. İrili-xırdalı hər bir əsəri torpağainsana hörmət və sədaqət ruhu əxz edir. Məhz bu əvəzsiz xidmətləri nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xalq yazıçısının anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilmiş, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapmışdır. Uzun illər Naxçıvanın ictimai-siyasi həyatının fəal iştirakçısı olmaqla Hüseyn İbrahimov regionda mədəni mühitin tarixi ənənələrinin qorunub saxlanılması və eləcə də müstəqillik ideallarına sadiq yaradıcı ədəbi qüvvələrin öz potensiallarını lazımınca gerçəkləşdirə bilmələri üçün böyük əmək sərf etmişdir".

Əsərləri vətənə məhəbbət ruhu daşıyan, milli ədəbiyyatımızın ideya-estetik və məzmunca zənginləşməsində mühüm rol oynamış Xalq yazıçısı Hüseyn İbrahimovun 1919-cu il mayın 23-də "sahib-mənsəb ziyalılar yurdu" kimi tanınan qədim Şahtaxtı kəndində dünyaya göz açıb. Yaradıcılığa şeirlə başlasa da, hətta iki pyesi teatr səhnəsində tamaşaya qoyulsa da, ədəbiyyat sahəsində özünü görkəmli nasir kimi təsdiq edib. Onun irsinə daxil olan100-dən artıq hekayə, 8 povest, 3 pyes, 5 roman yazıçının bədii yaradıcılıq sahəsindəki uğurlarını nümayiş etdirir. Mövzuproblem cəhətdən çoxşaxəli olan Hüseyn İbrahimov yaradıcılığında "Bahar yağışı", "Sabahın sorağında", "Əsrin onda biri", "Böhtan", "Nəciblik", "Kənd həsrəti" və başqa əsərləri xüsusən ciddi əhəmiyyətə malikdir.

Onun üçün insan əbədi və əzəli bədii məqsəddir. Buna görə də o, məharətlə müharibə dövrünün dəhşətlərindən insan talelərinə, insan həyatlarına enib, məhz bu ömür dünyalarında baş verən prosesləri diqqət mərkəzinə gətirib. Yaradıcılığında ailə mövzusu, ailə problemi çox əhəmiyyətli yer tutur. Bəlkə də buna görə o, müharibənin dəhşətlərini göstərməli olan əsərlərində məhz ailələrin yaşadığı müsibətləri göstərməyi məqsədəuyğun bilib. Onun təbirincə, müharibəni udan da, uduzan da, insan deyil, ailələrdir. Bu mənada onun döyüşçüləri məhz ailə kontekstində öz yerini tapır, bir döyüşçünün döyüş, mübarizə, savaş yolu onun ailə həyatında əks etdirilir. Hər bir döyüşən əsgərin qəhrəmanlığı və rəşadətinin arxasında məhz geridə buraxdığı sevimli bir ailə məhəbbəti və onun həsrəti dayanır. Onun əsərlərində əsgərlər ailə və el xoşbəxtliyinin qorunması üçün düşmən qarşısında sərhəd dirəyi kimi dikəlirlər. "Ata məhəbbəti" hekayəsində məhz yazıçı bir döyüşçünün geridə buraxdığı ailəsi və hələ doğulmamış körpəsinə olan məhəbbətini əks etdirir. Doğulmamış körpəsinin şəklini fəhmlə yaradan Bahadır hamını heyrətdə buraxır. Həyat yoldaşı ərinin bu məhəbbəti qarşısında heyrətdən donub qalır. Poçtalyon belə onun bu qeyri-adi fəhminə heyranlıqla tamaşa etməli olur. Yazıçının Vahid adlı döyüşçü obrazı isə uzaq yerlərdə xəstəxana mühitində özünün əzmi, sabaha olan ümidi, insanlara olan sayğısı ilə seçilir. O, öz davranışları ilə hər kəsin sevimlisi olmaqla bərabər, həm də bir örnək, nümunədir. Həkim Şalva İrakliyeviçin hər bir əsgərə öz övladı kimi can yandırması isə insan qəlbinin əzəmətini göstərmək baxımından çox nümunəvidir ("İnam"). Azərbaycanlı qızı Yazgül bir möhtəşəm qadınlıq əzəməti, məhəbbət və sədaqət nümunəsi olaraq təqdimini tapıb. Sevgilisinin ardınca müharibəyə gedən, bütövlükdə vətən aşiqi olaraq özünü təsdiq edən bu qadın öz əməli, eşqi, məhəbbəti ilə qəlblərdə bir abidə ucaldır - əzəmətli Qadın Abidəsi!

Yazıçı cəmiyyət quruculuğu, ayın-şayın yaşayış dövründə də insan taleləri ilə ailə talelərini paralel, qoşa qanad olaraq təqdim edir. Əmək, sadəlik, nəciblik onun təsvir və təqdim etdiyi qəhrəmanların əsl simasıdır. Ümumiyyətlə, bu keyfiyyətlər yazıçının insanda görmək istədiyi ən ali keyfiyyətlərdir. "Qoca və dəniz", "Nazbalış", "Göyərçinin məhəbbəti", "Baharın hekayəsi", "Səhv edəndə" kimi əsərlər insan talelərinin göstərilməsilə bərabər, xarakterlərin təqdimi baxımından da diqqətəlayiqdir. H.İbrahimovun qəhrəmanları əməksevər, vətənpərvər, sədaqətli və vəfalı, bağışlayan və qayğıkeş olmaları etibarilə də xarakterik və mənən zəngindirlər.

Onun əsərlərinin bir özünəməxsusluğu da var: doğulub boya-başa çatdığı Naxçıvanı bütün varlığı ilə əks etdirmək və bu vəsilə ilə də bütöv vətənini tərənnüm və təsvir etmək. Onun ucaltdığı qəhrəmanı da, tənqidə məruz qoyduğu nanəcib insanı da, məhəbbətini, sədaqəti və vəfasını öydüyü aşiq-məşuqu da, əməksevərliyini, vətənpərvərliyini, qayğıkeşliyini təqdim etdiyi insanlar da, gözəlliyini, təravətini, tarixini, mədəniyyətini tərənnüm və vəsf etdiyi yeri, yurdu, daşı da məhz canına hopdurduğu Naxçıvandır - Azərbaycanın dilbər guşəsi və ayrılmaz hissəsi olan Naxçıvan. Naxçıvanın şanlı tarixinibu tarixin görkəmli qəhrəmanı Əcəmi Əbubəkr oğlunun taleyi və sənətindən bəhs edən "Əsrin onda biri" romanı tarixi mövzuda yazılan qiymətli əsər kimi xüsusi bir yer tutmaqdadır. Böyük Azərbaycan şairi Hüseyn Cavidin ağrı-acılı ömür yoluna həsr olunan "Böhtan" əsərində həm də çalxalanan və mürəkkəb, ziddiyyətli, psixoloji gərgin bir dönəmin vəziyyəti əks olunur, müdrik və uzaqgörən fikirləri, vətəndaş qeyrəti ilə xalqına böyük inkişafinam bəxş edən dahi şair Hüseyn Caviddən fəxarətlə bəhs edilir. Ümumiyyətlə, görkəmli yazıçının "Əsrin onda biri", "Böhtan", "Ölməz mahnılar" roman və povestləri Azərbaycan ictimai fikri və mədəni inkişafında əhəmiyyətli yer tutan dövrlərdən və Əcəmi Naxçıvani, Hüseyn Cavid, Üzeyirbəy Hacıbəyov kimi əvəzsiz tarixi şəxsiyyətlərin taleyi və sənətindən bəhs etməklə tarixi nəsrimizdə mühüm yerə malikdir.

Onun əsərlərində təmiz insani sevgi, elə, obaya bağlılıq, yer-yurd sevgisi, nəciblik, sədaqət və vəfa, zəhmətkeşlik və halallıq kimi digər zəruri, həm də yüksək əxlaqi dəyərlər başlıca yer tutur. Konkret olaraq ayrı-ayrı mövzulara həsr olunsa, onun əsərlərində əksini tapan hər bir qəhrəmanın arzusunda, niyyətində, qəlbində, əməlində yurd sevgisi, vətən məhəbbəti güclü şəkildə hiss edilir. Göyərçinin vəfa və sədaqətində ("Göyərçinin məhəbbəti"), uzaq torpaqlarda döyüşüb yaralanan Vahidin dözüm və qəhrəmanlığında ("İnam"), Yelmar Zərgərlinin insanlığı, təmizliyi və halallığında ("Təmiz adam"), Sabirənin səbir və iradəsində ("Xəcalət"), Musa müəllimin məhəbbət və vəfasında ("Köhnə onluq"), Fərrux kişinin zəhmətkeşliyi və işgüzarlığında ("Qoca və dəniz"), Kərim əminin təbiətə məhəbbətində ("Kərim əmi"), Şadiyyənin vəfası və qayğıkeşliyində ("Qadın nəfəsi"), Sənəmin əfsanələşmiş məhəbbətində ("Qızlar bulağı"), Nazlı nənənin kənd həsrətində ("Nazbalış"), Yazgülün cəsurluğunda və sədaqətində ("Şirin xatirə"), Bahadırın ata məhəbbətində ("Ata məhəbbəti"), Eldənizin nəcibliyində ("Nəciblik"), Baharın ləyaqət və əzmində ("Baharın hekayəsi") məhz yurd sevgisi, xalqa, vətənə bağlılıq, insana məhəbbət var. Əlbəttə, Əcəminin şah əsəri olan Mömünə xatın türbəsinin möhtəşəmliyinin qaynağında təmiz, saf bir məhəbbət, insan vəfası dayanmırmı? Atabəy Eldənizin ömür-gün yoldaşı Mömünə xatına olan sonsuz məhəbbət və tükənməz vəfası əgər bu möhtəşəm abidənin sifariş səbəbi olaraq əhəmiyyətli rol oynayırsa, onun qeyri-adi gözəllik, incəlik, zəriflik, əsl sənət möhtəşəmliyinin kökündə isə Əcəminin öz sevgisi, məhəbbəti, elə, torpağa bağlılığı, sənətə vəfası dayanır. Müəllifin "əsrin onda biri" adlandırdığı bir dövrdə Naxçıvanın inkişaf və intibahının kökündə, nüvəsində məhz el, oba, yer-yurd sevgisi, vətəninə, elinə, xalqına məhəbbət bəsləyən qeyrətli insanların nəcib fəaliyyətləri yer alır. Yazıçının öz əsərinə qəhrəman kimi seçdiyi dahi Hüseyn Cavidin əzəmət dolu şəxsiyyətinə və qiymətli yaradıcılığına Ulu öndər Heydər Əliyevin bəslədiyi ehtiram və məhəbbətin kökündə də məhz dahi liderin xalqına bəslədiyi məhəbbət və vətəni yolunda xidmət göstərmək amalı dayandığını qətiyyətlə söyləyə bilərik. Xalq yazıçısının "Kənd həsrəti" hekayəsi isə bilavasitə yurd sevgisinin ən uca zirvəsi və ən layiqli nümunəsini təşkil edir. Qoşqar Çinarlının uzun illər doğulub, boya-başa çatdığı doğma Kosalı kəndindən uzaq düşməsi onun qəlbində, ruhunda bir yurd nigarançılığı formalaşdırır. Yaşadığı xoşbəxt, firavanrahat həyat şəraitinə, bütün şüurunu mənimsəmiş elmi fəaliyyət və vaxtını alan beynəlxalq konfranslara baxmayaraq, qəlbinin dərinliyində sızıltılı bir kənd həsrəti onu narahat etməyə başlayır. Bir televiziya kanalında doğma Kosalı kəndindən göstərilən qısa bir süjet isə onu daha da kədərləndirir, bu həsrətə od vurur. Təkliyə qapılan bu yaşlı professoru uşaqlıq xatirələri, keçmiş həyatı ağuşuna alır, ömür-gün yoldaşı Mehri yadına düşür, xəyalən onunla danışır, ata-anasını xatırlayır və artıq keçmişə dönmüş bu xatirələr qoca professoru özü ilə aparır; övladları otağa daxil olub ona baş çəkəndə isə bu qocaman atadan sadəcə vəsiyyət ifadə edən bir parça kağız qalmış olur: "Məni Kosalıda dəfn edin".

Xalq yazıçısı H.İbrahimov böyük ustadı Cəlil Məmmədquluzadədən də təsirlənərək bir sıra satirik-yumoristik əsərlər yazıb. "Yeddinci meyit", "Nəciblik", "Zırrama", "Eyvazovun salamı", "Day lazım olmadı" və başqa əsərləri köhnəlikləri, gerilikləri tənqid və ifşa baxımından çox əhəmiyyətlidir. O, insanların nəcabətinə kölgə salan keyfiyyətləri qırmanclayaraq mənəvi zənginlik və ali keyfiyyətlər aşılayır. Tənqidçi Q.Xəlilovun təsdiq etdiyi kimi: "Təmizliyə çağırış, insanlarda saflıq və gözəllik hisslərini istiqamətləndirmək, dövrümüzün mühüm əxlaqi problemləri, insan ləyaqətinə kölgə salan hər cür əyriliyə xəlqi mövqedən atəş açmaq Hüseyn İbrahimovun yaradıcılığının əsas pafosunu təşkil edir".

Əlli ildən artıq bir müddəti bədii yaradıcılıq işinə həsr edən Xalq yazıçısı Hüseyn İbrahimovun yaradıcılığı gənc nəsillərin əxlaqi-mənəvi tərbiyəsi üçün çox əhəmiyyətlidir. Onun bu zəngin yaradıcılığını çox yüksək dəyərləndirən Ulu öndər Heydər Əliyev demişdir: "...yaradıcılığınızın bəhrəsi olan ədəbi əsərləriniz oxucularınızın ideya-mənəvi tərbiyəsində böyük əhəmiyyət kəsb etmiş, gənclərə saf duyğular, bəşəri hisslər aşılamış, müdrik ziyalı mövqeyiniz Sizə hörmət gətirmişdir". "Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamında da deyildiyi kimi: "Xalq yazıçısının tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır". Vətəninə, torpağına bağlı, xalqa dərin məhəbbət bəsləyən Xalq yazıçısı Hüseyn İbrahimovun gələcəyə səslənərək dediyi: "Ey insanlar, bu yurd da, onun üstündəki abidələr də sizə bir ata-baba amanatı..." kimi dəyərli, müdrik sözlər neçə illər gənc nəsillərin qulağında əks-səda verərək onlara el, oba, yer-yurd cavabdehliyi və vətənpərvərlik ruhu, tərbiyəsi aşılayacaq.

 

Ramiz QASIMOV.

525-ci qəzet.- 2019.- 3 iyul. S. 19.