Nəsimi Və
Davamçıları Məmluk Sultanlarının Və
Üləmanın Hədəfində
Nəsimiyə
və ümumiyyətlə hürufilik təliminin yaranıb
yayıldığı dövrə ən yaxın
mənbələr əl-Maqrizinin (1364-1442) və ibn Həcər
əl-Asqilaninin (1372-1449) əsərləridir. Hər iki
müəllif Sibt ibn əl-Əcəmidən 30 il
əvvəl yaşayıb. Onlar ortodoks sünni
məzhəbini və məmluk üsul-idarəsinin
maraqlarını ifadə edirdi. Əl-Asqalani baş Şafii
qazisi idi və məmluklar dövrünün bir çox
hadisələrini şəxsən müşahidə
etmişdi. Əl-Maqrizi də hakim dairələrin
maraqlarını ifadə edən müəllif idi. O,
əvvəl hənəfi, sonra şafii məzhəbini
təmsil edib. Əsərlərində Nəsimiyə yer
ayrılmasa da, onun "Durar əl-uqud" əsərində
Fəzlullah Astarabadiyə ayrıca bir oçerk həsr olunub.
Əl-Maqrizi yazır:
"Onun
adı Abd ər-Rəhman, kunyəsi Əbu l-Fəzldir. O,
Seyyid Fəzlullah Halalxor kimi tanınır. Allah Təala
yolundə təcrid və zühd məsləkinə
qədəm qoyub heç kimin təamını
dadmamışdır. O, papaq tikib satır, bu yolla bir
təhər dolanırdı. Kitablar yazmışdı ki,
onlardan "Ərş-namə" və "Xab-namə"
fars dilində nəzm əsərləridir. Onun
bir çox davamçıları var idi. Ona
bir çox deyimlər aid edilir. Onun
Gilandakı məclisinə fəqihlər
yığışırdı. Səmərqənddə
də məclisi var idi. İş o yerə
gəlib çatdı ki, o, Əlincədə həbs edildi
və orada da (öldürülüb) dəfn edildi. Bu (tarixdə), 804-cü ilin Təbriz hadisəsi
sayılır. Onun Məşriq, Şam və
Misirdəki davamçıları saya gəlməz. Onlar ağ baş örtüyü və ağ
geyimləri ilə fərqlənirdilər. Onlar
insanları kafirliyə, haram işlərə baş
qoşmağa, fərz olan dini qaydalara əməl
etməməyə çağırırdılar. Bu yolla onlar bir çox adamın əqidəsini
korladılar. Əmir Teymurun oğlu, İlxani sultanı
Muinəddin Şahrux onların ölkəsindən
sürgün edilməsi əmrini verdi. Bu zaman iki nəfər ona hücum etdi; belə ki,
cümə günü məsciddə Şahruxa sui-qəsd
edib onu bərk yaraladılar. Onlar hər ikisi
qətlə yetirildi, İlxan isə ayağa qalxa bildi, amma bu
yara ona ömrü boyu əziyyət verdi".
Gördüyümüz
kimi, əl-Maqrizi Fəzlullahı ilk növbədə bir sufi kimi təqdim edir; o, halal-haram
məsələsində (sufizmdə bu, vara adlanır) olduqca
diqqətlidir. Bu səbəbdən, halal-xor kimi
tanınır. Fəzlullahın təcrid
yolu tutması, yəni bir növ xəlvətə
çəkilməsi, tərkidünya olub dünya malına
göz dikməməsi də onu süfilərə yaxınlaşdırır.
Bu məlumat həm də hürufilərin
şəhər sənətkarlarını təmsil etdiyini
göstərir. İlk sufilər haram
yeməkdən uzaq olmaq üçün ya çırpı,
ya da su satırdılar; bununla onlar sadəcə öz
zəhmətlərini satıb gündəlik ruzilərini qazanırdılar
(bu barədə E.G.Bertelğs, Proisxojdenie Sufizma i zarojdenie
Sufiyskoy literaturı). Zaman-zaman
şəhərlərin inkişafı ilə sufizmin
şəhər sənətkarları arasında dayaqları
yaranır. Bu baxımdan, hürufi
Fəzlullahın da papaqçılıq etməsi maraq
doğurur (Shahzad Bashir, Fazlallah Astarabadi).
Əl-Maqrizi Fəzlullahın
davamçılarının yalnız şərq
əyalətlərində deyil, Şamda və Misirdə
də çox olmasını qeyd edir. Məlumdur
ki, bu ərazilərdə hürufiliyin yayılmasında
Nəsiminin böyük rolu olub. Əl-Maqrizi
məlumatından Fəzlullahın şeyxi, müridləri, xüsusi
geyim tərzi, doktrinaları olan bir təriqət yaratması
anlaşılır. Bu məlumat həm
də hürufilərin siyasi həyata müdaxilə
səbəbindən (Şahruxa sui-qəsd edilməsi)
təqiblərə məruz qalmasını bildirir. Ortodoks sünni məzhəbini təmsil edən
müəllif Fəzlullahın davamçılarının
insanların əqidəsini korlamasını qeyd etməsini
unutmur, amma hürufilik təliminin adını çəkmir
və Fəzlullahın təliminin mahiyyətinə toxunmur.
Əl-Maqrizinin
məlumatından Misir və Şamda hürufilərin ağ geyimli olması anlaşılır. Halbuki Təbrizdə fəaliyyət zamanı
hürufilər yaşıl geyimə üstünlük
vermişlər (Shahzad Bashir, Fazlallah Astarabadi). Şam və Misir hürufiliyi Nəsiminin təsiri
altında olub. Görünür, ağ
geyim də hürufiliyə Nəsiminin gətirdiyi geyim
tərzi olub.
Əl-Maqrizi Fəzlullahın əsas əsəri
sayılan "Cavidan-namə"yə toxunmur. O,
Fəzlullahın məşhur əsərləri kimi
"Ərş-namə" və "Xab-namə"ni göstərir. Gölpınalı
Əmir Qiyasəddinə istinadən Fəzlullahın
"Cavidan-namə", "Məhəbbət-namə"
və "Naum-namə" əsərləri olmasını
bildirir. "Xab-nəmə" isə Seyid İshaqın
əsəri kimi qeyd edilir (Abdülbaki Gölpınarlı
, Hurüfilik Metinleri Kataloğu). Həm
"Xab-namə", həm də "Naum-namə"
"yuxu kitabı" anlamına gəldiyindən
əsərlərin adının qarışıq düşməsi
təbiidir. Gölpınarlı "Kataloq"da
"Cavidan-nameyi-sağır"ın da adını çəkir
və bu əsərin heç bir nüsxəsinin
qalmadığını qeyd edir. Halbuki bu
əsər Salman Mümtazın şəxsi kitabxanasında
olmuşdur. Salman Mümtaz həbs olunarkən, bu
əsər də onun digər qiymətli əlyazmaları
ilə birlikdə bir yük maşınında naməlum
şəkildə yoxa çıxmışdır (bax Aida Gasimova, "Red Terror
against Islamic Manuscripts). Gölpınalı
"Cavidan-nameyi-sağır"ın Astarabad
ləhcəsində yazılmış
"Cavidan-namə"nin Fəzlullah tərəfindən fars
dilinə tərcüməsi olmasını qeyd edir və
Dərviş Mustafanın təqdim etdiyi tərcümənin -
"Dürr-i Yetim"in "Cavidan-nameyi sağır"dan
edildiyini bildirir. Orxan Mir-Qasımov "Ərş-namə"nin Cavidan-namədə"ki doktrinaları izah
etmək baxımından əhəmiyyəti olmasını
qeyd edir. "Xab-namə" (və yaxud
"Navm-namə") isə Fəzlullahın bəzi
əsərlərinə əlavə edilən yuxu
gündəliyidir (Orkhan Mir-Kasimov, Astarabadi, Fadlallah, EI 3).
Belə bir əsərin meydana gəlməsinin
səbəbi Fəzlullahın yuxu yozumunda mahir olması,
eləcə də özünün bir sıra gerçək
yuxular görməsi ilə bağlıdır (Şahzad Bashir,
Fazlallah Astarabadi).
Baş Şafii qazisi əl-Asqalani Nəsimi və
hürufilik barədə
Nəsimi və hürufilik barədə dəyərli
mənbələrdən biri də ibn Həcər
əl-Asqalanının yuxarıda adını
çəkdiyimiz "İnbə əl-ğumr"
(Toplumların xəbərdar edilməsi) əsəridir. Bu
əsərdə müəllif Fəzlullah və Nəsimi
barədə bioqrafik məlumat verməklə
kifayətlənməyib, onların təliminin bəzi
cəhətlərinə də toxunur. Bundan
əlavə, əl-Asqalani Nəsimi təlimini
hürufilikdə "nəsimiyyə" adlanan ayrıca bir
istiqamət kimi təqdim edir və onun ideyalarının
və kitablarının edamından sonra da adamlar arasında
yayıldığını göstərir. Qeyd edək ki, Şəmsəddin əs-Səxavi
(v.1497), ibn İyas əl-Əcəmi (v.1524) və ibn İmad
əl-Hənbəli (v.1678) kimi müəlliflər cüzi
əlavələrlə əl-Asqalaninin məlumatını
təkrarlayıblar. Əl-Asqalaninin "İnbə
əl-ğumr" əsərindən müvafiq parçalarla
tanış olaq. Əsərdə
Fəzlullaha həsr olunan oçerkdə deyilir:
"Fəzlullah ibn Əbi Muhamməd ət-Təbrizi
bidətçilərdən olan tərkidünya insan idi. O, Allahın
insanla vəhdətini (ittihadiyyə) əsas
götürənlərdən idi. Sonra o,
hürufilik adlı təriqətin əsasını qoydu.
O, hərflərin insanın əsl mahiyyəti olduğunu iddia
edirdi ki, bundan da bir çox əsassız xürafatlar
doğurdu. O, Teymurləngi öz bidətçi dininə
dəvət etdi, Teymur isə onun qətlinə fərman verib
bu işi oğluna tapşırdı. Oğlu
onun yanına gələn Fəzlullahın boynunu öz əli
ilə vurdu və bu barədə atasına xəbər
göndərdi. Teymur ona Fəzlullahın
başını və cəsədini göndərməyi
tapşırdı. O, Fəzlullahın cəsədini
yandırtdı. Bu, həmin (804-cü) ildə baş verdi. Onun
davamçılarından Nəsim əd-Din ləqəbli biri
məşhurlaşdı. Sonra o, edam edildi;
Müəyyədin hakimiyyəti dövründə - 821-ci
ildə Hələbdə dərisi soyuldu".
Məlumdur ki, Fəzlullah Astarabad şəhərindən
olub və tarixdə də Fəzlullah Astarabadı kimi
tanınır. Əl-Asqalaninin onu Təbrizi kimi təqdim
etməsi hürufilik liderinin ömrünün
müəyyən hissəsini Təbrizdə keçirib,
təlimini burada yayması ilə bağlı idi. Ərəb mənbələrində o, həm
Təbrizi, həm də Astarabadi kimi təqdim olunur.
Əl-Asqalaninin Nəsiminin özünə həsr etdiyi
oçerk də böyük maraq doğurur. O, hicri 821-ci ilin
hadisələrində Nəsimidən və onun bəzi
davamçılarından bəhs edib yazır:
"Həmin ildə (h. 820/821) Şeyx Nəsim əd-Din
Təbrizi qətlə yetirildi. O, Hələbdə
məskən salmışdı (burada gəlmə idi). O,
hürufilik şeyxi idi. 804-cü ilin
hadisələri zamanı onun şeyxi Fəzlullahdan bəhs
etmişdik. Ona (Nəsimiyə)
gəlincə, o, Hələbdə məskən saldı
və burada onun ardınca gedənlər çoxaldı,
bidəti yayıldı, xəbər gedib Sultana çatdı,
Sultan da onun edamını əmr etdi. Boynu
vuruldu və dərisi soyuldu və çarmıxa
çəkildi. Şərəfli
sultanların hakimiyyətində onun davamçılarından
bəzisinin başına işlər gəldi; onun
etiqadını əks etdirən kitablar yandırıldı
və (bu kitabı əldə edənlərin) islahına
çalışıldı. Həmin adam
and-aman etdi ki, bu kitabda nə yazılmasından
xəbərsizdir; həmin kitabı bir şəxsdə
görüb almış, orada maraqlı hekayələr
olmasını zənn etmişdir. Kitab sahibi
həmin kitab barədə günahsız olmasını
bildirdikdən, kəlmey-i şəhadətini
söylədikdən, İslam ehkamlarına
bağlılığını bildirdikdən sonra onu azad
etdilər. Bu hadisənin baş
verməsinə səbəb Şamdan nüfuzlu bir
şəxsin (Misirə) gəlib hələ də bu
adamların (hürufiləri) təqib edilməli olduğunu
bildirməsi idi. Bu adama Şamda
hürufilər əleyhinə fəaliyyətə icazə verən
yazılı fərman verildi. Sonra bir
nəfər də Antakiyadan gəlib onlar (hürufilər)
barədə bir çox işlər söylədi. Ona da Antakiyada hürufilər əleyhinə
fəaliyyət üçün yazılı sənəd
verildi. Bu hadisə 841-ci ildə baş
vermişdi".
Nəsiminin
dərisi diri-diri soyuldu
Əl-Asqalanidən
misal gətirilən bu hissədə şairin qətli
barədə dolaşıqlıq yaradan bir ifadə keçir:
"Sultan onun edamını əmr etdi. Və
boynu vuruldu və dərisi soyuldu və çarmıxa
çəkildi".
Məhz bu parça Azərbaycan
ərəbşünaslığında Nəsiminin guya
qətlə yetirilib sonra dərisinin soyulması barədə
yanlışlıq yaradıb. Həm Ziya
Bünyadov, həm də Qəzənfər Paşayev
"və" bağlayıcısının semantik
çalarlarına diqqət yetirmədən Nəsiminin guya
əvvəl öldürülüb sonra dərisinin
soyulması iddiasını etmiş, sonra bu xəbər digər tədqiqatçılar
tərəfindən təkrarlanmışdır. Halbuki L.Massignon istisna olmaqla, nə
Türkiyədə, nə də Qərb
şərqşünaslığında belə bir fikrin
səslənməsinin şahidi olmuruq.
Qəzənfər
Paşayev yazır: "Qeyd edək ki, Nəsiminin diri-diri
dərisinin soyulması fikri həqiqətdən uzaqdır.
Nəsiminin müasiri İbn Həcər Əsqəlani
(1372-1449) "İnba əl-ğumr biənba (bi-əbnə -
A.Q.) əl-ümr" - "Həyat oğulları
haqqından dolğun bilgi" (və yaxud Müasirlərimiz
barədə topluma məlumat verilməsi - A.Q.)
əsərində yazmışdır: "Onun
başını kəsib dərisini soydular və
cəsədini çarmıxa çəkdilər" (sitat
akad. Ziya Bünyadovun "Nəsiminin
məhkəməsi və qətli" məqaləsindən
götürülmüşdür). İbn
Həcər əl-Əsqəlanidən sonra yaşayan
Şəmsəddin Səxavi (1427-1497) və İbn
əl-Həmbəli (Hənbəli - A.Q.) də eyni fikirdə
olmuşlar (Qəzənfər Paşayev "Nəsimi
haqqında araşdırmalar", Bakı 2010, Qarabağ
nəşriyyatı. s. 50). Q.Paşayevin
qeyd etdiyi kimi, bu fikir ilk dəfə Z.Bünyadov
tərəfindən səsləndirilmişdir.
Teref.az
saytında Z.Bünyadovun məlum məqaləsi ilə tanış olduq. Burada da
ərəb mənbəsindəki bəzi məlumatların
bizdən fərqli təqdimini görürük. Məs. akademik "İttiham ilə onun
əleyhinə hənəfilərin qazılar qazısı
İbn əş-Şənqaşi çıxış
edib" - deyir. Həmin mətndə
hənəfilərin baş qazisinin Şəmsəddin ibn
Əmin əd-Dövlə olduğunu görürük. Əş-Şənqaşı kimi təqdim
edilən əş-Şanaqşı (Çanaqçı,
Dulusçuoğlu) isə baş qazi deyil, hənəfi
məzhəbindən olan bir alimdir. Akademikin
"Bundan sonra naib (Yaşbək) çöllüyə
getməli olur və Nəsimini qala həbsxanasına
salırlar" ifadəsini də fərqli təqdim edirik.
Mənim fikrimcə, burada söhbət
Yəşbəkə indiyədək Ədliyyə evində
saxlanılan Nəsiminin qala zirzəmisindəki qazamata
salınmasının tapşırılmasından gedir. Bu cür fərqlər böyük
əhəmiyyət daşımasa da, kifayət
qədərdir.
Ziya
Bünyadov kimi nüfuzlu bir alimin aşağıdakı
iddiası isə Azərbaycan
nəsimişünaslığında yanlış bir
istiqamətin əsasını qoymuşdur: "Bu mötəbər
məxəzlərdən gətirilən məlumat
göstərir ki, Nəsiminin diri-diri dərisinin soyulması
sonralar xalq tərəfindən yaranmış bir
əfsanədir və geniş kütlənin ona olan
hüsn-rəğbətinin rəmzidir. Bu
əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və
ya tarixi bir fakt kimi baxmaq yanlışdır". Ziya Bünyadovun bu fikrinin doğru sayılıb
nəsimişünaslar arasında geniş rəvac
tapmasına ancaq təəssüf etmək olar.
"Boynu
vuruldu və dərisi soyuldu və çarmıxa
çəkildi" ifadəsinə yenidən qayıdaq:
Məsələ
burasındadır ki, ərəb dilində "və"
bağlayıcısının bir çox mənaları var.
O, həm vergülü, həm "ilə"ni,
həm də "və"ni bildirir. Əgər
biz "Müşfiq öldürüldü,
güllələndi" desək, Müşfiqin
öldürülüb sonra güllələndiyini
düşünmədiyimiz kimi, Nəsimi ilə bağlı
bu ifadədə də Nəsiminin əvvəl
öldürülüb sonra dərisinin soyulmasını
nəzərdə tutmamalıyıq. Yəni
burada ərəb dilində söz sıralanmasında
"və" bağlayıcısının qrammatik
xüsusiyyəti nəzərə alınmalıdır. "Və" ilə gedən sıralanma
hadisələrin zamanca ardıcıllığına
işarə etmir. Bu, xüsusi bir üslub
kimi Quranda və Orta əsr mənbələrində
işlənir. Ən-Nisə surəsində 157-ci
ayədə İsa əl-Məsih barədə deyilir: "Onu
öldürmədilər və onu çarmıxa
çəkmədilər". Burada
çarmıxa çəkmək öldürməkdən
sonra gəlir, halbuki məntiqlə əvvəl
çarmıxa çəkilmə (mətndə
çəkilməmə), sonra öldürülmə
gəlməli idi. Nəsimi ilə
bağlı səslənən cümlə heç bir
vəchlə onun öldürülüb sonra dərisinin
soyulmasına dəlalət etmir.
Bəziləri bu məsələyə o qədər
önəm verməsə də, burada söhbət
Nəsiminin ƏZABKEŞ statusundan gedir və bu statusu ondan
almaq olmaz. Ərəb qrammatikasına və burada VƏ
bağlayıcısının xüsusiyyətinə bir daha
nəzər salaq. "Və"
bağlayıcısını "Fə"
bağlayıcısı ilə müqayisə edən
13-cü əsr leksikoqrafı İbn Mənzur "Lisan
əl-arab"da görkəmli dilçi alim əl-Fərraya
istinadən deyir:
"Sən
"Abdullanı VƏ Zeydi ziyarət etdim" deyərkən, onların
hansını istəsən əvvəl ziyarət etmiş ola
bilərsən, amma sən "Abdullanı FƏ Zeydi
ziyarət etdim"
deyərkən, əvvəl birinci gələni, sonra da
digərini ziyarət etmiş olursan" (İbn Mənzur,
Lisən əl-arab).
Qeyd etdiyim kimi, bu məsələ olduqca vacib olub
Nəsiminin əzabkeşliyi ilə bağlıdır. Məhz diri-diri
dərisi soyulmaqla qətlə yetirildiyindən, əzabkeş
olduğundan şairin şəxsiyyəti
əfsanələrə qərq olmuş, onun bu faciəli
məqamda şeirlər söyləməsi və s. kimi
deyimlər xalq məhəbbətinin nəticəsi olaraq
uydurulmuşdır. Sonrakı sufi
mənbələrində biz Nəsimini məhz bu cür
əzabkeş kimi görürük.
Təbrizli yoxsa Şamaxılı?
Ərəb mənbələrindəki digər
mühüm məsələ Nəsiminin Təbrizi
(Təbrizli) adlanmasıdır. Biz əslən
Astarabaddan olan, əsərlərini də fars
dilinin Astarabad ləhcəsində yazan Fəzlullah
əl-Astarabadinin də bu adla adlanmasını
görürük. Təbriz Azərbaycanın
mədəniyyət mərkəzi olduğundan həmin
ərazidən olan Fəzlullahın, eləcə də Şama gəlib azəri türkcəsində danışanların,
o cümlədən, Nəsiminin Təbrizi adlanması
təbiidir.
Yuxarıdakı parçalarda Nəsimi "Nəsim
əd-din" kimi təqdim olunur, yəni Nəsim sözü
şairin anadan olduğu yer mənasını ifadə edə
biləcək nisbə (Nəsimi) kimi deyil, məxləs,
ləqəb kimi işlənir. Bu kiçik
ştrix Nəsiminin hansı isə Nəsim adlı bir
yerdən olması fikrini rədd edir. Nəsimidən
təxminən bir əsr sonra yaşamış Lətifinin
öz təzkirəsində bu cür yanlış
mülahizə yürütməsi sonradan
ədəbiyyatşünaslıqda Nəsiminin Bağdad
yaxınlığında Nəsim adlı bir yerdə anadan
olması barədə səhv fikir yaratdı (Latifi, Tezkere-i
Latifi). Ərəb coğrafi
mənbələrində belə bir yer adı qeydə
alınmasa da, bu fikri qəbul edənlərdən biri Gibbdir.
Gibb Nəsimi barədə oçerkində
ərəb mənbələrinə
əsaslanmadığından, görünür, bu
mənbələrin varlığından xəbərdar
olmadığından Lətifinin məlumatını
düzgün hesab etmişdir. Təəssüf ki,
Qəzənfər Paşayev də bu fikrə şərik çıxmışdır:
"Bizə qalırsa, şairin Nəsim kəndində anadan
olması və Nəsimi nisbəsini buradan götürməsi
ehtimalı daha inandırıcıdır" - demişdir
(Qəzənfər Paşayev "Nəsimi haqqında
araşdırmalar", Bakı 2010, Qarabağ
nəşriyyatı. s. 43). Halbuki
yuxarıdakı mətndən də göründüyü
kimi, Nəsimi şairin nisbəsi deyil, məxləsidir.
Qeyd etmək lazımdır ki, Təbrizlə
yanaşı, Nəsiminin Şirvandan olması fikri də
ağlabatandır. Çünki Salman Mümtaz onun məhz
Şamaxıdan olmasını iddia etmiş, Şamaxı
yaxınlığındakı Şaxanda (Şah
Xəndanın təhrif olunmuş şəkli) qəbiristanlığının
Nəsiminin qardaşı, "Julidəmi" məxləsi
ilə şeirlər yazan Şah Xəndanın adından
alınmasını bildirmişdir. Salman
Mümtaz həmin qəbrin ziyarətgah olmasını qeyd edir
(Salman Mümtaz, Azərbaycan ədəbiyyatının
qaynaqları, Bakı, 2006, ss. 292, 298). Salman
Mümtazda Nəsiminin ən qədim, bəlkə də
avtoqraf əlyazması olub. Həmin
əlyazmanın əvvəlində şairin bir-neçə
səhifəlik tərcümeyi-halı da var imiş. Təəssüf ki, həmin əlyazma da
qırmızı terror illərində yoxa
çıxdığından, Nəsiminin şamaxılı
olması barədə Salman Mümtazın mülahizəsi
sanki təsdiqini tapa bilmir. Amma son vaxtlar
Firudin Qurbansoy şairin poeziyasının dil
xüsusiyyətlərinə əsaslanaraq onun Şirvan
mühitini təmsil etməsi ilə bağlı
dəyərli mülahizələr söyləmişdir.
Bu tədqiqat şairin həqiqətən də
Şamaxıdan olması fikrini gücləndirir. (Firudin Qurbansoy, İmadəddin Nəsimi, Bakı:
Elm, 2019, ss.13-31).
İkinci inkvizisiya məhkəməsi
Əl-Asqalaninin əsərində biz hürufilərə
qarşı ikinci inkvizisiya məhkəməsinin şahidi
oluruq. Bu
dəfə məhkəmə Nəsimi tərəfdarlarından
birinə qarşı Qahirədə aparılır
(Əl-Asqalani, İnbə əl-ğumr):
"Bu hadisələr Məmluk sultanı əl-Məlik
əl-Əşrəf Zahir əd-Din Barsbəyin (1422-1438)
zamanında baş verib. 1435-ci (hicri 838) ilin Ramazan ayında
Şamdan bir əyan Qahirəyə gəldi. O, özü
ilə Şeyx Əla əd-Din Buxarinin məktubunu
gətirmişdi. Məktubda Nəsimidən
və onun şeyxi Fəzlullahdan bəhs edilir və
göstərilirdi ki, Şam və Misirdə onun
əqidəsində olan toplum var. Daha sonra deyilirdi ki, o
(yəni Şeyx Əla əd-Din Buxari), bu adamların (əqidəsini)
araşdırmış və onların nöqsanlarını
açmışdır. Qahirədə
də onlardan olan var. Şeyx Əla əd-Dinin məktubu
Sultana oxundu. Sultan Qahirədəki həmin
adamın və onun evindəki kitabların gətirilməsini
əmr etdi. Onun əmri yerinə yetirildi.
Haqqında söhbət gedən bu tayfa
əvvəl "hürufilik", sonra "nəsimilik"
adlanan bidətçillər idi. Şəvval
ayının 4-də Sultanın sarayında bu
məsələ ilə bağlı bir məclis
çağırıldı. Məclisə
(hürufiliklə bağlı) kitablar gətirildi. Kitabların bəzisi hürufi şeyxinə
(Fəzlullaha) aid idi. Bu kitablar fars
dilində idi. (Bir nəfər) onların birinin
əvvəlindən bəzi asan hissələri oxudu və
ərəbcə mənasını izah etdi. Bu muşəbbəhat (antropomorfizm) və
ittihadiyyət (inkarnasya) ilə bağlı mürəkkəb
bir təlim idi. Sonra Şafii qazisi şeyx
Əla əd-Dininin məktubunu oxudu. Məktubda
(hürufiliklə bağlı) deyilirdi ki, insanın
simasında yeddi cərgə tük - bir cərgə saç,
dörd cərgə kiprik, iki cərgə qaş var.
İnsanın əl barmaqlarında on dörd oynaq var.
Bütün bunlar əlifbadakı hərflərin sayına
uyğun gəlir.)
Hürufiliyə görə, ilahilik Allahdan Adəmə
keçib, Adəmdən bir başqasına və
nəhayət, bir Söz olaraq gəlib Fəzlullaha
çatıb. Bunun mənası odur ki, Allah elə
hərflərdə təzahür edir. Sonra (kitabların
sahibi olan) həmin kişi gətirildi
və sorğu-sual edildi. O bildirdi ki, bu kitabları Keyfə
qalasında 30 dirhəmə alıb və orada
deyilənlərin heç birinə inanmır. O, kəlimey-i
şəhadətini söylədi və İslama zidd olan
etiqadlardan uzaq olduğunu, eləcə də bu cür
kitabları yazanların, (hürufilik) şeyxinin və onlara
inananların küfr içində olduğunu bildirdi.
Şafii şeyxi dedi: "Əgər dediyin doğrudursa, onda
bu kitabları öz əlinlə yandır". Adam bir az cavab verməyə tərəddüd etsə
də, sonda göstərişə tabe olub kitabları
özü yandırdı. Sonra Sultan soruşdu: "Bu
adamları ölkədən sürgün etsəm, günah
sayılmaz ki?" (Şafii şeyxi) "yox!"
- dedi. Sonra car çəkib dedilər ki, kim
NƏSİMİ məzhəbindən olan və yaxud evində
(bu məzhəbə dair kitablar olan) adam tanıyırsa, bu
barədə xəbər verib həmin adamı Sultanın
hüzuruna gətirsə, ona 100 dinar bəxşiş veriləcək.
Sonra Sultanın əmri barədə car çəkib
dedilər ki, Qahirədə və şəhər qalasında
olan bütün əcəmlər 3 gün müddətinə
şəhəri tərk etsinlər, amma bu iş
tamamlanmadı".
Bu parçanın əhəmiyyəti həm Nəsimi
ideyalarının özündən sonra da
yayılmasını əks etdirməsi, həm də
hürufilik təlimini əks etdirməsi ilə
bağlıdır.
Burada ərəb mənbəsində ilk dəfə olaraq
hürufiliyin mahiyyətindən bəhs edilir,
müqəddəs hərflərin sayının insan
simasındakı tük cərgələrinə
uyğunluğu vurğulanır. Sultanın hüzuruna
gətirilən fars dilində olan kitablarda
belə məlumatın olması hürufilik təlimini əks
etdirən əsərlərin (çox güman ki,
"Cavidan-namə"nin) Misirdə yayılmasını
düşünməyə əsas verir. İbn
Həcər haqlı olaraq hürufilik təliminin
əsasında insanın ilahiləşdirilməsinin
dayandığını göstərir. Allaha
insana xas cəhətlərin aid edilməsi və insan
varlığında Allahın məzhəri hürufi
ideologiyasının ana xəttini təşkil edir. Bu məsələ, gördüyümüz kimi
şafii qazisi olan əl-Asqalaninin diqqətindən
yayınmır.
Burada digər diqqəti cəlb edən cəhət kitablara
qarşı həyata keçirilən terrordur. Misir
üləması sufizmə qarşı çox vaxt aqressiv
olmuş, ibn Ərəbi kitablarını da
yandırmışdır (bax Alexander Knysh, İbn Arabi in the
Later İslamic Tradition) Ərəb mənbələrində,
əs-Səxavinin və əş-Şəraninin
əsərlərində ibn Ərəbi davamçısı
kimi Nəsiminin də terrora məruz qaldığını
görürük.
Digər dərisi soyulanlar
Sibt ibn əl-Əcəminin "Kunuz
əz-zəhəb" əsərində Nəsiminin
qətlində əli olan Hələb hakimi
Yəşbəkə aid hissədə göstərilir ki,
Nəsiminin dərisi soyulmaqla qətlinə fərman verən
Sultan Müəyyəd çox keçmir ki, vəfat edir. Bunun
ardınca Yəşbək özü də
öldürülür. Yəşbək
bir səfərə çıxarkən münəccimi ibn
əl-Fələki onu bu yoldan saxlamaq istəsə də, o,
münəccimə fikir verməyib yola çıxır
və qətlə yetirilir. Onun qətl səbəbi
və kim tərəfindən
öldürülməsi bildirilmir. Amma
Hələb əhlinə zülm etdiyi göstərilir. Ola bilsin ki, Sultanın ölümüdən ruhlanan
hələblilər onun şəhərdəki
nümayəndəsindən qisas almışlar. Yəşbəkin başı Nəsiminin
qətlə yetirildiyi qala qapısından asılır. Səhərisi günü Yəşbəkin
cəsədini Bəb əl-Sirr adlanan yerdə dəfn
edirlər. Əsərdə deyilir ki,
Yəşbək dəfn edilərkən başının
dərisi yox idi. Dəri sonradan gətirilib
onun qəbrinə qoyulur (Sıbt ibn əl-Acəmi
əl-Hələbi, Kunuz əz-zəhəb). Deməli, hələblilər Sultanın
nümayəndəsini sadəcə qətlə yetirməyib,
həm də dərisini soyublar.
İstər-istəməz belə bir sual doğur: Bu qisas
Nəsimi üçün olmasın? Ya dəri
soymaq çox geniş yayılmış adət olub, ya da bu
yolla Nəsiminin qisasını alıblar.
İnkvizisiya
tarixinə nəzər salsaq, görərik ki, Hələb
şəhərinin yerləşdiyi Qədim Assuriyada dəri
soyma əsas edam növlərindən biri
olub. Arxeoloji tapıntılar bunun necə
həyata keçirilməsini nümayiş etdirir. Xorsabad abidəsində əlləri və
ayaqları taxtaya mismarlanmış məhkumun kiçik
yarıdairəvi bıçaqla soyulması nümayiş
etdirilir.
Tarix boyu istər dindar olsun, istər dinsiz, müxtəlif
toplumlar düşmənlərinə qarşı bu üsulu
tətbiq ediblər. Eramızın birinci əsrində İsa
əl-Məsihin apostollarından olan Varfolomey Bakıda
xristianlığın düşmənləri
tərəfindən bu üsulla qətl edilir. Məşhur rəssam Mikelancelo Qiyamət
günü əsərində Varfolomeyi dərisi
çiyninə atılmış təsvir edir. V əsrin əvvəlllərində isə xristian
rahibləri İskəndəriyyədə Haypatiya adlı
qadın filosofun dərisini balıqqulağı ilə soyub
öldürürlər. Gördüyümüz kimi, bu
əzablı edam üsuluna Allah adından
danışan monoteistlər də, monoteizmdən uzaq
politeistlər də müraciət ediblər.
Diri-diri soyulma halı, görünür, Nəsiminin
edamının əks-sədası kimi başqa bir üsyankar
hürufiyə də tətbiq edilib. İsfahanda
Teymurilərə qarşı qalxan Hacı Sorx adlı bir
üsyançı 1431-ci ildə bu yolla qətl edilir (Hamid
Algar, "Horufism", Encyclopaedia Iranica). Osmanlı
sultanlarının da qatı düşmənlərinin
əzabını artırmaq bu üsula əl atdıqları
bildirilir (Rudolf Peters, Crime and Punishment in Islamic Law.)
XV
əsrin sonlarına doğru Sultan Nasir Muhammədin
dövründə də bu edam növü
bir nəfər oğruya qarşı tətbiq edilir. Adam qəbiristanlıq oğrusu idi; o,
ölülərin kəfənini oğurlayıb
satırdı. Sultanın əmri ilə
onun üzünün dərisi soyulur və dəri
sinəsinə düşmüş, üz sümükləri
açıq halda şəhərdə gəzdirilir, carçı
car çəkib onun əməllərini bildirir. Sonra onu, Bab əl-Sirrə aparılıb orada
asırlar (Carl F.Petry, "The Politics of Insult"). Bu hadisə də Hələbdə baş verib.
Bu
halda adamın nə üçün məhz dərisi
soyulmaqla edam edilməsinin bir mənası
var; ölüləri çılpaq buraxan adamın dərisi
bir növ onun geyiminin simvolu idi. Bəs Nəsimi
nə üçün belə bir əzablı və
alçaldıcı ölümə məhkum edildi? Bu barədə bir qədər sonra.
Əş-Şərani daha bir dəri əzabkeşi
və Nəsimi barədə
Nəsiminin
repressiyaya məruz qaldığını xüsusi
vurğulayan başqa bir müəllif sufi
mütəfəkkiri Abd əl-Vahhab əş-Şəranidir
(1493-1565). Onun "Əl-yavaqit va l-cavahir fi
bəyən aqaid əl-əkabir" (Kübar adamların
əqidəsinin bəyanında yaqutlar və
çəvahirat) əsəri sufilərin məruz qaldığı
təqib və cəzaları əks etdirir. Nəsimidən əvvəl əş-Şərani
görkəmli imam və sufilərin haqsız yerə məruz
qaldığı cəza və təqibləri əks etdirir.
Onların arasında imam Əhməd ibn Hənbəl, imam
əş-Şafii, görkəmli hədis alimi əl-Buxari,
sufi övliyalarından Zu n-Nun əl-Misri, Əbu Yəzid
əl-Bistami, Cuneyd əl-Bağdadi, Səhl ət-Tustəri
və başqalarını görürük.
Əsərdə Nəsimidən birbaşa
əvvəldə isə diri-diri dərisi soyulmuş başqa
bir mömin yad edilir. Burada dərisi soyulan Misir Fatimilərinin
şiə-ismaili hakimiyyətinə müxalifətdə olan
sünni alimi, zahid və mömin bir insan olan Əbu Bəkr
ən-Nəbulisidir. Sünni
məzhəbindən olan ən-Nəbulisi Fatimi xəlifəsi
əl-Muizzin hüzuruna gətirilir. Ən-Nəbulisini
sorğu-sual edən xəlifə deyir: "Mənə
çatdırıblar ki, sən, "əlimdə on ox olsa,
onun doqquzunu əl-Muizzə ataram" demisən.
Ən-Nəbulisi deyir: "Əgər əlimdə on ox olsa,
onun doqquzunu sənə ataram, sonra onuncunu da elə sənə
ataram". Əl-Muizz səbəbini soruşduqda,
ən-Nəbulisi deyir: "Sən dini təhrif edirsən,
möminləri öldürtdürürsən". Əl-Muizzin əmri ilə ən-Nəbulisi
camaatın gözü qarşısında
qamçılanır, sonra onun diri-diri dərisi soyulur. Ən-Nəbulisi dərisi soyularkən
ürəkləri parçalayan bir tərzdə Quran oxuyur,
insanları riqqətə gətirirdi. Dərisini soyan
yəhudi qəssab bildirmişdir ki, mən yuxarıdan
dərini soya-soya gəldim, ürəyinə çatanda
bıçağı ürəyinə sancdım ki,
əzabına son qoyum (əş-Şərani, Əl-yavaqit va l-cavahir; əl-Bidəyə va
n-nihəyə).
Əş-Şərani bildirir ki, Nəsiminin də
Hələbdə dərisini diri-diri soymuşdular. "Əvvəl
Nəsiminin dəlil-sübutları qarşısında onu
heç cürə ittiham edə bilmirdilər. Bu zaman ona qarşı hiylə işlətdilər;
bir çəkməçiyə pul verib bir ayaqqabının
içərisinə İxlas surəsi yazılmış bir
kağız qoydular. Çəkməçiyə,
"bu bir məhəbbət duasıdır" dedilər.
Sonra bir yolun tapıb həmin ayaqqabını
Nəsimiyə hədiyyə etdilər. Nəsimi
də işdən xəbərsiz olduğundan ayaqqabını
geyindi. Sonra Sultanın Hələbdəki
əmirinin yanına gedib dedilər ki, səhih bir məlumat
almışıq ki, Nəsimi "qulhuvallah"
yazılmış bir kağızı ayaqqabısının
içində saxlayır. İnanmırsan bir adam göndərib onun özünü
çağırtdır. Əmir Nəsimini
çağırtdırdı. Vərəqi
Nəsiminin ayaqqabısının içərisindən
çıxardılar. Nəsimi bildi ki,
(çıxış yolu yoxdur) və özünü Allaha
təslim etdi. Heç bir ittihama cavab
vermədi, çünki bilirdi ki, onsuz da qətlə
yetiriləcək. Onun bəzi
şagirdlərinin şagirdi mənə danışıb ki,
dərisi soyularkən Nəsimi gülümsəyir və
tövhidə dair muvaşşahlar söyləyirdi,
beləliklə, beş yüz muvaşşah şeiri
söyləmişdir".
Bir sufi mütəfəkkirinin qələmində
canlanan Nəsimi faciəsi fərqli xarakter daşıyır. Sətirlər arasından müəllifin
şairə olan hüsn-rəğbəti görsənir.
Əsərdəki Nəsimi barədə
qısa məlumat bir qədər daha əfsanəvi xarakter
daşıyır. Burada təsvir olunan
əzabkeş şair həm də cismani ağrılara
mətanətlə dözən bir haqq aşiqidir.
Nə üçün dəri?
Nəsiminin bu üsulla edamında bir məna
gizlənibmi, yoxsa bu adi bir işgəncə
növüdür? Quranda, Fussilət surəsində (ayə 21) deyilir ki,
Allah dəriyə dil vermişdir və o, Qiyamət
günü insanın üzünə durub onun əleyhinə
şahidlik edəcək:
"Onlar
öz dərilərinə: "Nə üçün
əleyhimizə şahidlik edirsiniz?" - deyəcəklər.
(Dəriləri) deyəcək: "Hər şeyi
danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz
(axırda) Ona qaytarılacaqsınız" (tərc. Əlixan Musayev).
Hürufilikdə dərinin xüsusi önəmi var.
İnsan dərisi, xüsusilə üz ilk növbədə
üzərində ilahi hikmətlərin açarı olan
hərfləri gəzdirir; insanın xətt-i xalı, yeddi
cərgə anadangəlmə tük cərgəsi məhz
dəridə əks olunub. Qaş,
göz, kiprik, ləb, zülf, xal, zənəxdan kimi üz
cizgiləri dəridə bərqərar olub (Fazlullah Esterabadi,
Cavidan-Name, Dürr-i Yetim). Bu mənada
dəri əslində, insan adlı müqəddəs
yazının əks olunduğu bir perqamentdir.
Digər tərəfdən, bir sıra şiə
təlimləri kimi hürufilik də batiniliyə meylli idi. Onların
söz altda söz, məna altda məna axtarmaları
Quranın zahiri anlamını rədd etmələrindən
gəlirdi. Əslində, dəri də
zahirdir. "Taxt-tac oyunu"
qəhrəmanlarından birinin dediyi kimi, lüt insan
özündə nə isə gizlədə bilir, dərisi
soyulmuş insan isə heç nə gizlədə
bilməz". Hər bir mistik zahirdən uzaqlaşıb
batinə can atır. Burada qəribə bir
müşahidəmizi də bölüşmək istərdik.
Fəzlullahdan bəhs edən ərəb mənbələri
onu "zahid", "asket" anlamına gələn
"mutəqaşşıf" sözü ilə
anırlar. Bu sözün alt qatlarında "dərisi
çat-çat olmuş adam"
mənasını da görürük. Deməli, ezoterizmə
meyl özü bir növ dərinin çatlaması, bir az da irəli getsək, soyulması ilə
bağlı assosiasiya yaradır.
Yuxarıda "Cavidan-namey-i sağırın"
tərcüməsi kimi qeyd etdiyimiz "Dürr-i
yetim"də biz Quran ayələrindən birinin spesifik
izahını görürük. Bu,
"Aşılanmış dəri üzərində
yazılmış kitaba and olsun!" (Q.
52:2-3), va-kitabin məsturin fi raqqin manşurin ayəsidir.
Hürufilərə görə, ayədə
anılan aşılanmış dəri insan siması,
yazılmış kitab isə onun üzündəki
anadangəlmə yeddi cərgə tükdür. Nəsimi
şeirində buna çoxsaylı işarələr
görürük:
Üzündür
Turi-Sina, rəqq-i mənşur,
Bilindi
üştə gör nurun-alə-nur
Və
yaxud
Lövh-ü
Tövrat-ü Zəbur, Incil-ü Fürqan, həm sühuf,
Həm kəlam-i natiqəm, həm rəqqinin mənşuruyam.
Və
yaxud
Yeddi
ayətdir ki, yazmış dəst-i pak-i ləm yəzəl,
Xətt-i mişkin rəqq-i mənşur
üstünə məsturdur.
Və
yaxud
Üzündür
lövh-i Musa, qamətin Tur,
Xətin
Fürqan, üzündür rəqq-i mənşur.
Və
yaxud
Yəqin,
yarəb, üzündür rəqq-i mənşur,
Məhəmməd şər'i andan oldu məşhur.
Burada
belə bir sual meydana çıxır: Bir halda ki,
hürufilikdə dəri bu qədər önəmli idi,
Nəsiminin qətli dəriyə verilən bu metaforik, metafzik
mənalarla əlaqəli ola bilərdimi? Əgər məmluk sultanları mistik
təcrübə və ezoterik bilgilər tarixini bilsəydi,
bəlkə də bu cür düşünmək olardı.
Amma onların dini məsələlərdə
biliyi dayaz idi. Bu səbəbdən, Sultan
Müəyyədin dərin ezoterik təlimin mahiyyətinə
varıb belə bir hökm verməsini
düşünməyimiz mübahisəli görsənir.
Bu cür amansız və işgəncəli qətl
sadəcə kütlələrə psixoloji təsir
məqsədi güdürdü.
Hürufi kitablarına qarşı terror
Əs-Səxavinin (v.1497) "əl-Qaul əl munbi an tərcəməti ibn əl-Arabi" əsəri Nəsimini ibn Ərəbinin davamçısı kimi yad edir. Əlyazma halında olan əsərin bir hissəsinin tənqidi mətni Umm əl-Qura universitetinin tələbəsi Xalid ibn əl-Arabi Mudrik tərəfindən hazırlanıb magistr dərəcəsi almaq üçün təqdim edilmişdir. Müəllif əsərin ikinci fəslində ibn Ərəbinin əl-Futuhat əl-Məkkiyyə və Fusus əl-Hikəm əsərlərinə qarşı aparılan hücumları təsvir edir. Məlum olur ki, ibn Ərəbinin əsərləri yandırılmış, ipə bağlanıb yerlə sürülmüşdür. Müəllif yazır ki, Misirdə və İskəndəriyyədə ibn Ərəbinin kitabları, demək olar ki, yoxdur. Heç kim cürət edib bu kitabları əldə edə bilməz, əgər kimdəsə bu kitablar tapılsa, dərhal əlindən alınıb yandırılırdı. Həmin adamın bu kitablarda yazılanlara etiqad etməsi məlum olardısa, ona əzab verər və öldürərdilər. Müəllif bir sıra hadisələr təsvir edib kitabların həqarətə məruz qalmasından danışır. O, yandırılan, yazısı yuyulan, hətta itin quyruğuna bağlanıb sürünən kitablardan bəhs edir. Kitablara qarşı terror müəllifə Nəsimi kitablarının yandırılmasını, bu kitabları əldə edənlərin məruz qaldığı repressiyanı xatırladır. Burada əs-Səxavi yeni bir məlumat verməyib, şeyxi əl-Asqalaninin təsvir etdiyi h. 841-ci il hadisələrini - bu yazıdakı ikinci inkvizisiya məhkəməsini yada salır. Bu hadisələr bizə əl-Asqalani əsərindən məlum olsa da, həmin hadisələrin ibn Ərəbi ideyalarına və kitablarına qarşı repressiya kontekstində xatırlanması öz-özlüyündə maraq doğurur.
Şəmsəddin əs-Səxavinin "əd-Dau əl-ləmi li-əhli əl-qarn ət-təsi" əsərində də Nəsimi və hürufiliklə bağlı məlumata rast gəlirik. Bu əsərdə Fəzlullah Astarabadi ilə bağlı iki oçerk yer alır. Nəsimi barədə məlumat Fəzlullaha dair 573-cü saylı oçekdə yer alır və müəllif əl-Asqalanini olduğu kimi təkrarlayır. Bu səbəbdən, həmin oçerki burada verməyi lazım bilmirik. Oçerkin sonunda əs-Səxavi belə bir cümlə işlədir. "Zənn edirəm ki, onun məlumatı iki bəhsdən sonra da gəlir". Həqiqətən də, kitabın 576 saylı oçerki də Fəzlullaha aiddir. Burada artıq o, Fəzlullahı Təbrizi deyil, Astarabadi adlandırır. Amma görünür, əs-Səxavi bu iki məlumatın eyni şəxslə bağlılığına əmin olmadığından, hər iki bəhsi əsərinə daxil edib. İkinci bəhsin sonunda əs-Səxavi məlumatın əl-Maqrizinin "Uqud" əsərində əks olunduğunu deyir. Həqiqətən də, bu hissə əl-Maqrizinin yuxarıda əks etdirdiyimiz oçerkini, demək olar ki, olduğu kimi təkrarlayır. Yeganə fərq, əs-Səxavinin Fəzlullah ideyalarının "Çaqanaylar və digər əcəm xalqları" arasında yayıldığını vurğulamasıdır. Ola bilsin ki, burada bir xəttat xətası olaraq "çaqatay" əsərdə "çaqanay" kimi yazılmışdır. Əl-Maqrizi, yuxarıda gördüyümüz kimi, Fəzlullahın bəzi əsərlərinin adını çəkir, əs-Səxavi isə sadəcə onun elmlərdə, nəsr və nəzmdə söz sahibi olduğunu bildirir.
Digər bir mənbə - Məhəmməd ibn İyas əl-Əcəminin (1448-1523) "Bədəi əz-zuhur" əsəri də Nəsimiyə aid oçerkdə əl-Asqalani təkrarlayıraq yeni bir söz demir. Həmin əsərin hicri 804-cü il hadisələrini təsvir edən hissəsində müəllif Fəzlullahdan bəhs edib deyir: "Həmin ildə xəbər yayıldı ki, Teymur Ləng qazi Təbrizini qətlə yetirdib. O, Nəsimi məzhəbindən idi. (cild 1, s. 658) İbn İyasın məlumatında maraqlı cəhət Nəsimin tərəfdarlarının arasında türklərin çoxluq təşkil etməsinin xüsusi vurğilanmasıdır.
Nəticə
Hürufiliyin və Nəsiminin həyat və fəaliyyətinin məmluk mənbələri kontekstində öyrənilməsindən aşağıdakı nəticələr hasil olur:
* Nəsiminin həyat və fəaliyyətini öyrənmək üçün şairə zaman baxımından ən yaxın əsərlər kimi məmluk mənbələri xüsusi önəm daşıyır.
* Təqiblədən qaçan hürufilərin məskunlaşıb öz ideyalarını yaydığı Suriya və Misirdə hürufilik Nəsiminin adı ilə bağlı olub "Nəsimiyyə" kimi tanınmışdır.Nəsiminin ideyaları burada türk əhali arasında daha geniş rəvac tapmışdır.
* Nəsimi bu ərazilərdə Təbrizdən gəlmiş Əli Nəsimi və ya Nəsim əd-Din kimi tanınıb.
* Nəsimi Misirdə ibn Ərəbi davamçılarından biri kimi tanınmış və ibn Ərəbi əleyhinə başlanan repressiyalar hürufilik kitablarını da əhatə etmişdir.
* Nəsiminin edamına Həllacsayağı "Ənə l-Haqq" deyimləri ilə yanaşı, həm də siyasi fəaliyyəti səbəb olub.
* Nəsimi Sultan Müəyyədin əmri ilə dərisi diri-diri soyulmaqla qətlə yetirilib.
* İslam dünyasında dəri soymaqla öldürmə əsas edam növü olmasa da, bu üsula ara-sıra müraciət edilib.
* Hürufilikdə
dərinin xüsusi metafizik mənası olsa da, ezoterik
bilikləri dayaz olan Məmluk Sultanı bu metoda əzablı
bir işgəncə növü kimi müraciət edib.
Aida QASIMOVA.
525-ci qəzet.- 2019.- 3 iyul. S. 20.