Ləyaqət və halallıqla
yüksələn alim
Antik
dövrlərdə yaşamış müdrik bir filosofun
təbirincə desək, sözün əsl mənasında
elm adamı hesab edilən şəxsin zəkası
zülmətin bağrını sökməyə qadir olan
işığa bənzəyir. Elə bir işığa ki, ən
güclü küləklər belə onu
söndürməyə qadir deyil. Şair qələmə
aldığı şeirlərlə insanlara nəcib
hisslər aşıladığı kimi, alim də ortaya
qoyduğu əsərləriylə doğru-dürüst
olanları hamıya təlqin etməyə
çalışır.
İndiki
günlərdə ömrünün yetmişinci
aşırımından ötüb keçən Namaz
müəllim - filologiya elmləri üzrə
fəlsəfə doktoru Namaz Manafov bir alim kimi layiq olduğu
zirvəyə hər şeydən qabaq
ağlı-zəkası və zəhməti hesabına
yüksəlib. Belə demək mümkünsə, kiminsə
kölgəsinə sığınmadan, hansısa bir
nüfuzlu elm adamının ətəyindən
yapışıb addımlamadan öz halal haqqına
qovuşub. Ancaq bu mərtəbəyə
qalxana qədər çox əziyyətlərə
qatlaşmalı, görünən-görünməyən
sədləri inadkarlığı və qətiyyəti sayəsində
dəf etməli olub.
Adətən elm
adamlarından söhbət düşəndə
nədənsə ustad şairimiz Hüseyn Arifin
özgəsinin yazdıqlarını
"çırpışdırmaq" hesabına dırnaqarası
alim olanlar haqqında qələmə aldığı bir
şerinin aşağıdakı misraları yadıma
düşür:
Alim tanıyıram, qoca
Qafqazın,
Dupduru su
kimi, dibindən çıxır.
Alim var, bir əli Salman
Mümtazın,
Bir əli
Hümmətin cibindən çıxır...
Son iyirmi il
ərzində yaxından tanıdığım, öz
istedadı və zəhməti sayəsində bir sıra elmi
uğurlara imza atan, minlərlə tələbənin, iş
yoldaşlarının, alim həmkarlarının
xətir-hörmətini qazanan Namaz müəllim elə
illər öncəsi üz tutduğu elm sahəsini də
öz bilik və bacarığı hesabına fəth edib. Aspiranturada təhsil aldığı illərdə
ana dilimizin ən dərin məna qatları barədə
bilgilərini zənginləşdirib. Bu sahənin
korifeyləri hesab olunan elm xadimlərinin yazdıqlarından
bəhrələnb, çağdaş günlərimizdə
adları yaxın-uzaq elləri belə gəzib dolaşan
dilçi alim-akademiklərdən Ağamusa Axundov, Afaq Qurbanov,
Tofiq Hacıyev, Möhsün Nağısoylu və
başqaları ilə şəxsi tanışlığı
ona getdiyi çətin yolda istəyinə-arzusuna
qovuşacağına inandırıb.
Namaz Manafovun
uşaqlıq, ilk gənclik və tələbəlik
illəri bir çox yaşıdları ilə
müqayisədə bir az fərqli olub. Yevlax şəhərindəki 1 saylı orta
məktəbdə oxuduğu illərdə
çalışqanlığı və ədəbiyyata olan
həvəsi ilə hamının diqqətini çəkib.
1967-1972-ci illərdə M.F.Axundov adına
Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil aldığı
vaxtlarda isə yaxşı oxumaqla, alman və Azərbaycan
dillərinin qrammatik qaydalarını dərindən
öyrənməklə yanaşı, tələbə elmi
cəmiyyətinin də ən fəal üzvlərindən
olub. Oxuduğu ali məktəbin
"Bilik" adlı çoxtirajlı qəzetində
şeirləri və məqalələri dərc olunub.
Ali
məktəbi bitirəndən sonra təyinatla
göndərildiyi Tərtər rayonunun Hacıqərvənd
və Buruc kəndlərindəki məktəblərdə
alman dili müəllimi işləyib. 1973-1974-cü illərdə
hərbi xidmətini başa vurduqdan sonra yenidən pedaqoji
fəaliyyətini davam etdirməklə, Yevlax
şəhərindəki 5 və 15 saylı
məktəblərdə ixtisası üzrə müəllim
işləyib. 1977-1982-ci illərdə
Yevlax rayonunda nəşr olunan "Təşəbbüs"
qəzetində çalışmaqla bərabər, o
vaxtkı Azərbaycan Jurnalistlər İttifaqının nəzdindəki
Jurnalist Sənətkarlığı İnstitutunu da bitirib.
1982-ci ildə yenidən əmək
fəaliyyətini pedaqoji sahədə davam etdirib. Yevlax şəhər 15 saylı dəmiryol orta
məktəbində əvvəlcə ixtisası üzrə
müəllim, sonra isə direktor müavini
vəzifəsində işləyib. 1991-1994-cü
illərdə istehsalatdan ayrılmadan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
aspiranturasında təhsil alıb. 1995-ci ildə isə elmi
rəhbəri tanınmış dilçi alim Musa İslamovun
rəhbərliyi ilə "Azərbaycan dili dialekt və
şivələrində köməkçi nitq
hissələri" mövzusunda qələmə
aldığı dissertasiyası Müdafiə Şurası
üzvlərinin yekdil rəyi ilə filologiya elmləri
üzrə fəlsəfə doktoru elmi
dərəcəsinə layiq görülüb.
Namaz
müəllim alim titulunu indiki vaxtlarda layiq olmadıqları
halda əyri yollarla əldə edən bir sıra
yüksək vəzifə adamları və imkanlı şəxslərə
rəğmən elmə, cəmiyyətə fayda vermək
istəyi ilə, özü də halallıqla qazanıb. Əvvəlcə bir vaxtlar
Mingəçevirdə mövcud olan və 2000-ci ildə
fəaliyyəti dayandırılan özəl ali
məktəbdə baş müəllim, kafedra müdiri
vəzifələrində işləyib. Bundan
sonra Azərbaycan Müəllimləri İnstitutunun
Mingəçevir filialında Pedaqoji fakültənin
dekanı olmaqla bərabər, Dillər kafedrasına da
rəhbərlik edib. Tələbə gənclərə
elmi biliklər aşılamaqdan yorulmayan alim, son beş ildən bəri elmi-pedaqoji
fəaliyyətini Mingəçevir Dövlət Universitetinin
Humanitar fənlər kafedrasında dosent kimi davam etdirir.
Yeri
gəlmişkən deyim ki, Namaz müəllim illər boyu
çalışqanlığı və bacarığı
sayəsində əldə etdiyi elmi bilikləri
başqaları ilə bölüşməyi həyat
amalı hesab edən məhsuldar alimdir. Hazırda işlədiyi ali məktəbin bakalavr və magistratura
pillələrində təhsil alan gənclərə ana
dilimizi, onun tarixini, dialektologiyasını dərindən
öyrətməyə çalışır, onları bu
sahədə tətqiqatlar aparmağa sövq edir. Məhz bunun nəticəsi olaraq tələbə
gənclər alimin rəhbərliyi ilə 2018-ci ildə
Qarabağ şivələrində işlənən, ancaq
ədəbi dilimizdə təsadüf edilməyən
3800-dən artıq toplanmış yeni sözlər
"Azərbaycan dilinin Qarabağ şivələrinin
lüğət tərkibi" adı altında qiymətli
dərs vəsaiti kimi nəşr olunub.
Ölkə prezidentinin
sərəncamı ilə 2019-cu il
“Nəsimi ili” elan ediləndən sonra universitetin magistratura
pilləsində təhsil alan gənclərin dahi şairin
qəzəl və rübailərindəki ərəb və
fars tərkibli sözləri toplayaraq izahını
verdikləri və hazırda çap prosesində olan dərs
vəsaiti də Namaz müəllimin rəhbərliyi
sayəsində ortaya qoyulub.
Alim kimi
elmi fəaliyyəti çoxşaxəli olan Namaz Manafovun
ədəbi yaradıcılığı da diqqətdən
yayınmayıb. Vaxtıyla mərhum şair Ağacavad
Əlizadənin rəhbərlik etdiyi ədəbi birliyin
ən fəal üzvlərindən olub. Qələmə
aldığı şeir və alman dilindən etdiyi
tərcümələrin bir qismi "Azərbaycan
gəncləri" qəzetində, "Ulduz" jurnalında
işıq üzü görüb. Azərbaycan
televiziyası və dövlət radiosunun "Gənclik"
proqramında mərhum yazıçı Yusif Kərimovun
xeyir-duası ilə aparıcı Etibar Babayev
tərəfindən səsləndirilib.
İndiki
günlərimizə kimi xeyli sayda monoqrafiya, metodik vəsaitin,
65 elmi məqalənin müəllifi olan, qələmə
aldığı elmi əsərlərin bir qismi "Filologiya
məsələləri", "Elm və həyat",
"Təhsil" jurnallarında və Türkiyənin
nüfuzlu "Qara dəniz" toplusunda (ingilis, türk, rus
dillərində) dərc olunan Namaz Manafov AFR-ın Yena və
Veymar şəhərlərində (2009-cu ildə) və
Tirolda (2013-cü ildə) düzənlənən alman dili
müəllimlərinin Ümumdünya XIV və XV
qurultaylarında nümayəndə kimi iştirak edib.
Hamının
istedadlı və xeyirxah alim kimi tanıdığı Namaz
müəllim, həm də istiqanlı, söhbətcil,
sənətə-sənət adamlarına yüksək
dəyər verən insandır. Onun bir vaxtlar yaxından təmasda
olduğu və yeri gələndə ehtiram hissiylə yad
etdiyi görkəmli şairlər - Süleyman Rüstəm,
Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Tofiq Bayram,
İslam Səfərli, Məmməd İsmayıl və
Nüsrət Kəsəmənli ilə bağlı
söhbətləri də bunun ən bariz nümunələrindən
biridir.
Namaz
müəllim həm də çoxlarının qibtə
edəcəyi ailəyə sahibdir. Ömür-gün yoldaşı
Maarifə Manafova ötən ildən Mingəçevir
Dövlət Universitetində işləyir, bu yaxınlarda
Nəsimi adına Dilçilik
İnstitutunda filologiya elmləri üzrə fəlsəfə
doktoru elmi dərəcəsi ilə bağlı tədqiqat
işini uğurla müdafiə edib. Oğlu
İlkin iqtisad elmləri üzrə fəlsəfə
doktorudur. Qızı Rizvanə də
elmə böyük maraq göstərir - Moskva Dövlət
Pedaqoji Universitetinin magistratura və aspiranturasını
bitirəndən sonra Bakı şəhərindəki
məktəblərdən birinin rus dili bölməsində
çalışır. Yubilyar alimin
elmə yönəlik həvəsindən
bəhrələnən qardaşı Manaf və onun həyat
yoldaşı İradə xanım Azərbaycan Milli Elmlər
Akademiyasının Kimya İnstitutunda işləyirlər
və hər ikisi kimya elmləri üzrə fəlsəfə
doktorudur.
Həcm
baxımından o qədər də böyük olmayan
yazıda indiki günlərdə vüsalına
çatdığı 70 yaşının sevincini çoxları
ilə paylaşmağa hazır olan və dayandığı
ömrün zirvəsindən sabaha boylanan tanınmış
bir alimin həyat yoluna və elmi fəaliyyətinə bələdçilik
etməyə çalışdım. Elə buna görə də, sonda
haqqım var ki, ona: "İstəkli, mehriban alim dostum,
yubileyin mübarək!" sözlərini bir az
da ucadan söyləyim.
İsmayıl
İMANZADƏ.
525-ci qəzet.- 2019.-
3 iyul. S. 23.