"Babamla söhbət"
- mənəvi dəyərlər toplusu
Hər
bir kitabın işıq üzü görməsi müəlliflə,
həm də oxucularla yeni görüş, ünsiyyət
körpüsüdür. Eləcə də oxucunun bir ədəbi
şəxsiyyətin, vətəndaş ziyalının mənəvi
aləminin işığında, vəsf etdiyi gözəlliklər
qoynunda duyğulanması, özünü həyatın uca məqamlarında
hiss etməsi, görməsidir. Onda da ola bu kitabın ədəbi-bədii
məhsulları özünün ali məqsəd və
ideyası, mənəvi-əxlaqi dəyərlərimizin
yaşadılması, həyatımızın gerçəkliklərini
güzgü kimi əks etdirməsi ilə ictimai fikir tariximizin
yaddaşında hifz olunmaq haqqına, hüququna malik olsun. Belə
kitablar qədərincədir və heç şübhəsiz,
işıq təki, nur timsalında doğulan hər bir əsər
də düşüncəmizdə yeni dəyər və mənaların
yaranmasına özünün təsirini göstərir.
Bu
günlərdə şair Hacı Firudin Süleymanoğlunun
yenicə çap olunmuş "Babamla söhbət"
kitabı ilə tanışlıq indicə ifadə etdiyim
fikirlərin doğulmasına rəvac verdi. İlk olaraq qeyd
edim ki, şairin bu kitabında ədəbi-bədii
yaradıcılığından nümunələr
toplanıb tərtib olunub. Burda kitab tərtibi haqqında bir
neçə məqama diqqət yönəltmək istəyirəm.
Bəzən göz önündə olan belə kitabların ərsəyə
gəlməsində tərtibçinin zəhmətini nəzərə
almayan, bunun asan bir iş olduğunu düşünənlər
də olur. Guya əsərlər necə gəldi, kitaba daxil
edilərək çap olunur. Əslində, bu, belə deyil. Tərtib-kitabın
öz ölçüləri var. Tərtibçinin də bu
meyarı gözləmək, izləməklə yanaşı,
özünün işə yanaşma prinsipi, təkrarçılıqdan
kənar fərqli iş manerası, daxili qayda-qanunları
mövcuddur. Burda tərtibçinin səliqə-səhmanı,
intizamı, kitaba daxil olunacaq nümunələri ideya-fikir
ardıcıllığı ilə təqdim etmək səriştəsi
başlıca rol oynayır. Dediklərimiz tərtib-kitabın
məziyyətini artıran xüsusiyyətlərdir, bunlar həm
də kitabçılıq mədəniyyətində əsas
nüanslardan hesab olunur.
"Babamla
söhbət" kitabının tərtibçisi və
redaktoru Kəmalə xanım Mirzəyevanın bu sahədə
təcrübəsi, haqqında söhbət
açdığımız kitabın böyük səriştə
və zövqlə tərtib olunduğunu göstərir. Yeri
düşmüşkən, "Poeziyada vətən və el
təəssübü" məqaləsində Kəmalə
xanımın şairin yaradıcılığını
milli təəssübkeşlik, vətəndaşlıq
mövqeyindən xarakterizə etməsi də kitabın dəyərini
artırır. "Söz adamından danışmaq çətin
olsa da" başlıqlı "Ön söz"ün
müəllifi yazıçı-publisist Bəxtiyar
Qaracanın ilk söz kimi, Hacı Firudin Süleymanoğlunun həyat
və yaradıcılığına qısa, həm də
mükəmməl ekskursiyası da oxucunu kitabı oxumağa və
ondan dəyərlər əxz etməyə istiqamətləndirir.
İlk baxışda kitabın adı bizdə maraq doğurdu:
Niyə məhz "Babamla söhbət"... Əsərlə
tanışlıq tədricən bu marağa aydınlıq gətirdi.
Əslində, Hacı Firudinin bütün
yaradıcılığı bu mənbədən - həyat
görmüş müdrik bir atanın, babanın yaşam tərzindən,
görüb-götürdüklərindən, şahidi
olduğu, müşahidə etdiyi hadisələrdən,
onların yaddaşdan süzülən
işığından qaynaqlanıb.
Müəllifin
yaradıcılığından toplanmış nümunələr
də maraqlı bir formada bölmələrə
ayrılıb. Bu bölmələr "Şeirlər",
"Qəzəllər", "Poemalar", "Lətifələr"
və "Rəylər" olmaqla beş hissədə
qruplaşdırılıb. Beləliklə, şairin
bütövlükdə yaradıcılığı tərtibdə
öz əksini tapıb. Başqa sözlə, oxucu müəllifi
hərtərəfli, özünün bədii təfəkkürünün
işığında tanımağa, dərk etməyə
imkan qazanıb. Mövzularına gəlincə, deməliyik ki,
Hacı Firudinin yaradıcılığının
mayasında doğma yurdu, onun kəndləri, şəhərləri,
adamları, təbiəti var və
sadaladıqlarımızın fonunda Vətən sevilərək
vəsf olunur. Ulu Naxçıvandan, Şahtaxtı kəndindən
başlayan Vətən bütün Azərbaycanı əhatə
edir. O, təkcə bu gözəlliklərdən zövq almır,
onun dərdləri, ağrıları, vətənimizin
işğalından doğan acılar da müəllifi narahat
edir, düşündürür. Şairin əsərlərində
Naxçıvanın, Göyçənin, Qarabağın dərdləri
dil açır, müəllif bu dərdlərdən
danışmaqla sanki, unutmayaq, azad edək elimizi, yurdumuzu deyərək,
haray çəkir.
Firudin
Süleymanoğlunun bütün
yaradıcılığında - şeirlərində,
publisist qeydlərində bir xatirə nisgili var. İndi ondan
uzaqda olan həyatda, ürəyinin qatlarında yer eləmiş
xatirələrdə bir yaddaş işığı közərir.
Xatirələrin də ki, şirini şirin, acısı da
bal dadır, deyib aqillərimiz.
Bəzən
xatirələr qucur keçmişi,
Atamın
ocağı yadıma düşür.
Anamın
lavaşı, aşı, bişmişi,
Nənəmin
qucağı yadıma düşür.
Yayda
bağımızın bal ərikləri
Laləzar
örüşü, boz gədikləri,
Yovşanı,
soğanı, bol məmikləri ,
Çobanın
yığmağı yadıma düşür.
F.Süleymanoğlunun
şeirlərində dünyaya xitabən söylədikləri
bizi düşünməyə sövq edir. Müəllif təbiət
hadisələrinin özündə belə, insana adi
görünən, vərdiş etdiyimiz hərəkətlərə
əslində, ağrılarla başa gələn hadisələr
kimi rəng verir: Buludun canı gedər Dönüb
yağış olunca... Çayda suya çevrilib,
Çöldə qamış olunca...
Şair
oğlu ilə etdiyi söhbətlərində həyatda
yaşadıqları çətinlikləri dilə gətirir,
əziyyətlərə qatlaşmağı, bununla elə həyatın
qədrini bilməyi, oxuyub, yetişib adam olmağı, nəsihət
edir. Onun şeirlərində poeziyamızın nəhəngləri
Hüseyn Cavidə, Məmməd Araza, kamanın ustad
ifaçısı Habil Əliyevə yazdığı
ithaflar bu şəxsiyyətlərə qoyulmuş ədəbi
abidədir.
F.Süleymanoğlunun
poetik yaradıcılığında qəzəl janrı da
mühüm yer tutur. Doğma yurdun gözəllərinin ətri
gələn bu qəzəllərin leytmotivini pak, ülvi sevgilər
təşkil edir. "Tutasan", "Xoşdur", "Nədir
ayrılıq", "Eyləsən", "Deyirəm"...
qəzəllərində eşqin, hicranın, vüsala yetməyin
həsrəti közərir...
Kitaba
şairin 3 poeması daxil edilib. "Salamnamə"
poeması müəllifin yaradıcılığına xas
olan bir üslubda qələmə alınıb.
Əhli-Şahtaxtını, doğmaları, yaxınları,
onların timsalında bütün insanları salamlayan müəllif
özünün ibrətamiz söhbətləri, xatirələri
ilə böyük mətləblərə aydınlıq gətirir.
Bu təsvir-vəsflərdə fikir-ideyanın dərinliklərinə
getmək, bu yerlərin və insanların bədii
obrazını yaratmaqdan ötrü bədii vasitədir.
"Ümid" poemasında isə yaddaşının
etibarına güvənən müəllif yenə
keçmişə boylanır, ululara, müdriklərə minnətdarlığını
poetik düşüncəsindən axıb gələn
sözün qüdrəti ilə vəsf etməklə
bildirir. Söhbət yenə də xatırladığı məqamlar
üstə köklənir.
Poemanın
içərisində müəllif sözünə söykək
kimi haşiyəyə çıxır, elinin maarifpərvər
ziyalılarını, igid oğullarını
xatırlayır. 10 məqam, 4 haşiyə, 3 rəvayət
formasında yazılmış bu poema özünün
keçmişi, şərəfli tarixi, bədii təsvirlərin
gözəlliyi, üslub yeniliyi ilə diqqəti çəkir.
Mövzunun söhbət, məqam, rəvayət, haşiyə
formasında işlənməsi əsərə bədii forma
verməklə yanaşı, həm də dilin
axıcılığı, lakonikliyi ilə düşüncədə
həzmini, qavranmasını asanlaşdırır. "Babamla
söhbət"də babalarımızın bizə əmanət
qoyduğu halallıq, namus, qeyrət kimi ali keyfiyyətləri
nəzmə çəkən şair sonacan poemaya hakim olan tər-təzə
bir üslubda ahəngi saxlayaraq bir övlad məhəbbəti
ilə bu nadir keyfiyyətləri öz həyat-yaşam tərzində
qoruduğundan qürurunu ifadə edir.
Kitabda
yer alan "Lətifələr", "Rəylər" həm
Hacı Firudin Süleymanoğlunun geniş
yaradıcılıq potensialına malik olduğunu, eləcə
də həyatına, ədəbi irsinə bələd olan
ziyalıların müəllifin yaradıcılığı
haqqında fikirlərini öyrənməyə imkan
yaradır. Şairin bir ədəbi şəxsiyyət kimi
tanınmasında bu rəylər də kitaba
bütövlük verir.
Təəssüf
ki, yığcam təqdimat xarakterli bir yazıda, şeirlərindən
çoxlu sayda nümunələr təqdim etmək
mümkün olmadı. İnanırıq ki, həmin əsərlərin
ifadə etdiyi mənəvi ucalığın fövqündə
olmaq, illərin sınağından çıxmış
deyimləri, bir sözlə, şairin poetik inciləri ilə
tanışlıq, onları sevərək oxumaq, zənnimizcə,
oxucuda mənəvi zövq yaradacaq. Bu mənada Hacı Firudin
Süleymanoğlu "Babamla söhbət"də gerçək
həyatda yaşadıqlarını sözün bədii
qüdrətilə ifadə edə bildiyindən onun oxucu
sevgisi ilə qarşılanacağı mütləqdir.
Şəfəq Nasir,
Yazıçı-publisist
525-ci qəzet.- 2019.-
3 iyul. S. 24.