"Boşluqdan qaçış" üçün yaddaqalan təqdimat

30 iyun... Bu günə dair bütün planlarımın üstündən çoxdan düşündüyüm "Boşluqdan qaçış mümkündürmü? sualına cavab tapmaq xatirinə xətt çəkirəm. Məhz bu gün Nicat Həşimzadə "Boşluqdan qaçış" adlı üçüncü kitabını təqdim edəcəkdi. Kitabın adı məni xeyli düşündürür. Tanışlar içində mənəvi boşluğa düşənləri bir də yada salıram. Onlar arasında bu boşluqdan qurtula bilməyib heçliyə düçar olanlar da vardı, illah ki bir çıxış yolu arayıb tapanlar da...  Özümdən soruşuram: Görən o, bu problemi necə qoyub? Həll, xilas yolu göstəribmi? Göstəribsə, necə? Beləcə sayını itirdiyim suallar və şaxələndikcə şaxələnən fikirlər axınında "Kitabevim.az"ın "28 May" filialına neçə çatdığımı xatırlamıram.

Saat 16:00... Təqdimat mərasimi başlanır. Tədbirə elə müəllif özü aparıcılıq edir. Nicat Həşimzadə giriş sözündə gələnlərə təşəkkürünü bildirir, kitabın ərsəyə gəlməsində maddi köməyini əsirgəməyən dostlarına və oxucularına minnətdarlığını dilə gətirir. "Bu mənim üçüncü kitabım, ancaq ilk romanımdır" - deyə məlumat verir. Çıxış üçün söz verilən, "Kitabıstan" nəşriyyatının və "etaist.com" saytının təsisçisi Şəhriyar Məcidzadə müəllif barədə "Bu kitabda həm sözü ilə, həm də özünün xəyalları, düşüncələri ilə qoymuş olduğu gerçəkliyi görmüş olacağıq" şəklində fikir bildirərək kitabı maraqla oxuyacağını söyləyir. O, "gənc" sözünün Azərbaycanda daha çox "uğursuz olmaq", "təcrübəsiz olmaq", "bacarmamaq" kimi mənalarda işləndiyini təəssüflə qeyd edir. Ancaq gündən-günə inkişaf getdiyini söyləyən Ş.Məcidzadə gələcəyə dair inamını da dilə gətirir.

Yazıçı Azad Qaradərəli N.Həşimzadənin onun haqqında dediyi "Azad müəllim həmişə gəncliyin yanındadır" sözlərilə çıxışına başlayır və bunu gəncliyə həssas münasibətinin ifadəsi olaraq vurğulayır. Sonra geniş nitqində kitab təqdimatlarının keçirilməsindən, yazı yazmağın çətinliyi və məsuliyyətindən danışır: "Cümlə qurmaq, yazı yazmaq özü də bir riskdir. Yazını yazıb çap edirsən, amma bilinmir ki, onu kim oxuyur... Yazı yazmaq bir növ özünü cəmiyyət qarşısında faş etməkdir" - deyən ədib yazının müxtəlif əqidəli insan tərəfindən oxunması məsələsinə diqqət çəkir.  O, kitab təqdimatını "yazıçının ən şad günü" olaraq səciyyələndirir. N.Həşimzadənin yaradıcılığına yüksək qiymət verərək onun ədəbi-tənqidi yazılarını, esselərini maraqla oxuduğunu bildirir. Həmçinin, bu kitabın N.Həşimzadənin yaradıcılıq pasportu olacağına inamını ifadə edir.

Roman barədə məlumat verən müəllif kitabın dizaynının "Kamran Həsənlinin fikrinin məhsulu" olduğunu nəzərə çatdırır. N.Həşimzadə kitabın redaktoru Tural Turana və korrektoru Fuad Cəfərliyə, həmçinin, media dəstəyi göstərən saytlara təşəkkürünü bildirir.  Daha sonra Azad Müzəffərli, Zahid Sarıtorpaq çıxış edərək  xoş sözlərini müəllifə çatdırırlar.

Çıxışlar yekunlaşdıqdan sonra imza mərasiminə başlanır. Mən də kitab almaq niyyətilə kassaya yaxınlaşıram. Birdən kassirin başqa bir oğlana dediyi "kitab qurtarıb" sözü qulağıma dəyir. "Nə tez?" deyə təəccüblə soruşuram. Məlum olur ki, satış başqa yerdə imiş...

Dostlar, tanışlar və oxucular yeni kitablarını imzaladıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayırlar. Beləliklə, həmin gün o tədbirə qatılanlar üçün "Boşluqdan qaçış"ın yaddaqalan təqdimatı ilə əlamətdar olur.

 

Təhminə VƏLİYEVA

525-ci qəzet.- 2019.- 3 iyul. S24.