1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılarla bağlı dəyərli əsər

Misir Mərdanov və Ədalət Tahirzadənin müəllifi olduğu "1920-Ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" ensiklopedik soraq kitabinin II Cildi Çapdan Çıxıb

Çar hakimiyyəti müsəlmanların, o sıradan Azərbaycan türklərinin ali təhsil almasına hər vasitə ilə əngəl törədir, hətta bəzi ali məktəblərə qəbul olunmaq üçün şəxsən çarın özü onlara icazə verirdi.

Buna baxmayaraq, azərbaycanlıların savadlanmaq həvəsi bütün maneələri aşdı və soydaşlarımız Rusiya imperiyası müsəlmanları içərisində sayca ən çox ali təhsilliyə malik oldu. Sovet dönəmində iddia edilirdi ki, 1920-ci ilədək yalnız 62 ali təhsillimiz olub. 

Bugünlərdə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ərməğan kimi çap edilən "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" ensiklopedik soraq kitabı isə həmin iddianın yalan olduğunu bir daha sübut edir.

Kitabın müəllifləri AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-ın müxbir üzvü, professor Misir Mərdanov və  filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadənin Bakıdan başqa, Moskva, Sankt-Peterburq, Qazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallin, Tiflis... kimi şəhərlərdəki mərkəzi arxivlərdə uzunmüddətli gərgin araşdırmalar aparıblar. Oradan gətirdikləri zəngin məlumatlar, sənədlər əsasında qələmə alınmış bu kitabda çar, Cümhuriyyət və sovet dönəmində nəşr olunmuş çoxlu qəzet-jurnal materialları da ilk dəfə elmi dövriyyəyə cəlb edilib və nəticədə 1920-ci ilədək əsasən Rusiya və Avropanın ali məktəblərində oxumuş 600-dən artıq soydaşımız haqqında ən dəqiq və geniş ensiklopedik-sorğu bilgi bankı yaradılıb.

"1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" ensiklopedik soraq kitabının birinci cildi ötən il işıq üzü görüb. Kitabın ikinci cildi isə bu günlərdə çapdan çıxıb.  "Təhsil" nəşriyyatında nəfis tərtibatda hazırlanmış kitabda 1920-ci ilə qədər ali məktəblərdə oxumuş azərbaycanlılarının arxiv sənədləri əsasında hazırlanan tərcümeyi-halı ilk dəfə toplu halında ölkə ictimaiyyətinə təqdim edilmişdir.

551 səhifədən ibarət kitabın elmi redaktoru AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, professor, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov, naşiri "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin baş direktoru Tural Axundovdur.

Kitabın I cildində ali məktəblərdə oxumuş  azərbaycanlılardan yalnız "A" hərfi ilə başlayan soyadlı vətəndaşlar haqqında məlumatlar daxil edilib. Ensiklopedik soraq kitabının birinci cildi 480 səhifədən ibarətdir.

Misir Mərdanov I cilddə yazdığı "Varmış millətimin xətti bu imzalar içində!" adlı ön sözündə Azərbaycanın 1920-ci ildən öncəki tarixinə qısa nəzər salıb, bu dövrdə xalqın elmə, təhsilə münasibətindən danışaraq ümumiləşdirmələr aparıb: "Çox sevinirik ki, xalqımızın istər hərbi-siyasi, istər mədəni, istərsə də elm və maarif tarixinə hansı dövrlərdən və hansı bucaq altında baxsaq, qürur duya bilirik. Bizi bu qəti fikrə gəlməyə sövq edən amillərdən biri də Azərbaycan təhsil tarixi ilə müntəzəm məşğul olduğumuz zaman gəldiyimiz qənaətlərdir. Azərbaycanın təhsil tarixindən söz açmağa bizim mənəvi haqqımız var, çünki həm keçmiş təhsil naziri, həm də bu sahəni hərtərəfli araşdırmış bir alim kimi milli təhsil tariximizə yetərincə bələdik. 4 cildlik "Azərbaycan təhsil tarixi" kitabımızı hazırlayarkən əmin olduq ki, ən qədim dövrlərdən bu günümüzədək xalqımız elm və təhsilə yüksək qiymət verib və onun qabiliyyəti nəinki qonşularımızdan əskik deyil, əksinə, bir çox hallarda daha yüksəkdir...

Doğrudur, ümumən götürdükdə qonşu dövlətlərlə müqayisədə ali təhsil almış azərbaycanlıların sayı həmin dövrdə çox az idi, çünki yuxarıda qeyd etdiyimiz kimi, çarizm onların qarşısında yaşıl işıq yandırmış, bizim qarşımıza isə aşılması çətin olan kötüklər yuvarlamışdı. Ancaq hətta bu obyektiv çətinliyi də nəzərə aldıqda azərbaycanlıların ali təhsildə geri qalmadığını, mümkün olmayanı mümkün etdiklərini görürük. Əlinizdəki bu kitab dediklərimizim doğruluğuna əyani sübutdur. Biz bu kitabla xalqımızın ünvanına atılmış bədnam ləkəni təmizləməyə çalışmışıq və zənnimizcə, bunu bacarmışıq".

Müəllif layihənin yaranmasından və gedişatından, araşdırmaların aparıldığı şəhərlərdən söz açıb, oxucuları layihənin planı ilə tanış edib: "Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin unudulmuş ziyalılarımız haqqında xüsusən "525-ci qəzet"dəki müntəzəm çıxışları diqqətimizi cəlb etmişdi. 2012-ci ildə Təhsil naziri işlədiyim zaman onunla görüşdük və çıxışlarını "Azərbaycan müəllimi" qəzetində davam etdirməsini və ümumən bizimlə əməkdaşlıq etməsini təklif etdik. Tezliklə Ə.Tahirzadənin "Azərbaycan müəllimi"ndə ali təhsillilərimizlə bağlı silsilə yazıları dərc olundu...

Uzun müzakirələrdən sonra qərara gəldik ki, 1920-ci ilədək - Azərbaycanda sovet hakimiyyəti qurulanadək ali məktəblərdə oxumuş soydaşlarımızı müəyyənləşdirək.

Əlbəttə, layihənin nəhəngliyi və çətinliyi ilk baxışdan aydın idi, ancaq qarşılıqlı əməkdaşlıq sayəsində bu işin öhdəsindən gələ biləcəyimizə bir-birimizi inandırdıqdan sonra layihənin planını hazırladıq. Plan 3 başlıca bənddən ibarət idi:

- dünya arxivlərindən tələbələrin sənədlərini toplayaraq məlumat bankı yaratmaq;

- toplanmış materialı sistemləşdirərək nəşrə hazırlamaq;

- hazır materialları kitab şəklində nəşr etdirmək..."

M.Mərdanov qeyd edir ki, bu kitaba 1920-ci ilin 28 aprelinədək, yəni Azərbaycan Cümhuriyyəti süquta uğradılıb sovet hakimiyyəti qurulanadək ali məktəblərdə oxumuş azərbaycanlılar haqqında məlumatlar daxil edilib. 1919-cu ildə Azərbaycanda ilk dəfə yaradılmış Bakı Dövlət Universitetinə daxil olan, o cümlədən, Cümhuriyyət hökumətinin 1920-ci ilin yanvarında ali təhsil almaq, yaxud ali təhsilini başa vurmaq üçün dövlət təqaüdü ilə əcnəbi ölkələrə göndərdiyi 100 tələbənin adı kitaba daxil edilməyib. Ancaq həmin tələbələr içərisində 1920-ci ilədək müxtəlif ölkələrdə və müxtəlif kurslarda oxuyanlar vardı ki, bu kitabda yalnız həmin tələbələrdən söz açılıb: "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlıların ad-soyadlarını və onlar haqqındakı qaynaqları hələ 1970-ci illərin başlanğıcında indiki BDU-da oxuduğu zamandan qeyd etməyə başladığını deyən Ədalət Tahirzadə kitaba yazdığı "Əlində dəmir əsa, ayağında dəmir çıraq..." adlı ön sözündə arxivlərdəki araşdırma prosesi haqqında geniş məlumat verib. O qeyd edib ki, axtarışlara öncə Ukrayna arxivlərindən başlanılıb. Çünki tarixçilərimiz oranın arxivlərində daha az olublar. Daha sonra müəllif digər şəhərlərdəki araşdırmalarını bütün təfsilatları ilə oxucularla bölüşür.

"1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" adlı ensiklopedik soraq kitabının ikinci cildinin ön sözündə isə müəlliflər qeyd edirlər ki, kitabın ilk cildi ziyalılar tərəfindən maraqla qarşılanıb. Mətbuatda onun haqqında öyücü, tərifli rəylər yazılıb:  "Açığı, əməyimizin bu cür qədirbilənliklə dəyərləndirilməsinə sevindik. Bu, bizi yeni cildlər üzərində daha həvəslə işləməyə ruhlandırdı. Birinci cildlə tanış olmuş oxucular yəqin ki, oradakı materialların necə çətinliklə əldə edildiyini və işlənib hazırlandığını artıq aydın təsəvvür edirlər. Gerçəkdən, arxiv materiallarını dünyanın obiri ucundan gətirmək nə qədər çətindirsə, həmin materiallar əsasında tərcümeyi-halları işləyib hazırlamaq əksər hallarda yetərincə müşkül olur. Özü də, bu, yalnız heç tanınmayan, yaxud az tanınan şəxslərə deyil, hətta ən məşhurlara da aiddir. Belə ki, məşhurlar haqqında çoxlu yazılar ortaya qoyulmuş olsa da, onlarda bir-birinə zidd çoxlu faktlarla qarşılaşırıq. Bu zaman nəyin gerçək, nəyin yalan olduğunu müəyyənləşdirmək bəzən mümkünsüz olur".

Müəlliflər  vurğulayıblar ki, Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri haqqında ilk dəfə mərhum Mövsüm Əliyev yazıb. Həm də o dövrdə ki, arxivlər tam qapalı, həmin adamlar haqqında danışmaq və yazmaq isə əslində, yasaq idi. Bu çətinliklərə baxmayaraq, Mövsüm bəy əski mətbuatdan, ailə arxivlərindən, dünya görmüş yaşlılardan min əzab-əziyyətlə materiallar toplayaraq unudulmuş həmin insanlarımızı öz qiymətli yazıları ilə yenidən həyata qaytarmışdı: "Ancaq nə yazıqlar ki, bu ilk yazılarda həm də tam təbii sayılacaq bir sıra yanlışlıqlar da vardı idi. Və bu yanlışlar bəzən çox ciddiləşmişdi. Təəssüf ki, Mövsüm bəydən sonra həmin şəxsiyyətlər haqqında yazanlar əsla vicdan əzabı çəkmədən və ilk müəllifin adını göstərməyi belə "unudaraq" onun yazdıqlarına tutarlı heç nə əlavə etmədən öz adlarına çıxmışdılar. Deməli, bununla həm də Mövsüm bəyin yanlışlarını da təkrarlamışdılar. O yanlışlıqları düzəltmək üçün biz çox vaxt və əmək sərf etməli olduq".   

Ön sözdə bildirilib ki, kitabın ikinci cildi "B-Ə" hərflərini əhatə edir: "Bu cilddə oxucuları 116 tələbəmizlə tanış edirik. Növbəti 5 cildi bu cür bölüşdürməyi düşünürük. 3-cü cild, F-İ hərfləri, təxminən 88 nəfər, 4-cü cild, K-Q hərfləri, təxminən 92 nəfər, 5-ci cild, M hərfi, təxminən 106 nəfər. 6-ci cild, N-S hərfləri, təxminən 118 nəfər və 7-ci cild, Ş-Z hərfləri, təxminən 128 nəfər.  Beləliklə, inşallah, aşağı-yuxarı 725 soydaşımızın 1920-ci ilədək hansı ali məktəblərdə oxuması və həyatı haqqında oxucularımıza bilgi verəcəyik. Xatırlatmaq çox xoşdur ki, bu insanların çoxlarının adı toplumumuza ilk dəfədir ki, təqdim edilir. Hətta tanınmışların əksərinin tərcümeyi-halları arxiv materialları arasında, demək olar ki, yenidən işlənib. Əlbəttə, bu bölgü təxminidir. Oxucuların nəzərinə çatdırırıq ki, əsərdə, əsasən, müəlliflərin əldə edə bildiyi arxiv sənədləri və ailə məlumatları öz əksini tapıb. Ancaq ola bilsin ki, bəzi şəxslərin adları kənarda qalıb, yaxud haqqında yazılmış tələbələrə dair bilgilər məhdud həcmdədir: "Sonda bir məsələni də qeyd etmək istəyirik. Oxucularımıza artıq bəllidir ki. 2015-ci ildə bizim təşəbbüsümüz və yaxından iştirakımızla mərhum tarixçi Nərmin Tahirzadənin "Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz" adlı çox dəyərli kitabı işıq üzü görüb. Həmin kitabın nəşrə hazırlanması zamanı biz Nərmin xanımın arxivlərdə apardığı qeyd dəftərlərindən də yararlanmışıq. Bu dəftərlərin sayı 30-a yaxındır. Təsssüf ki, həmin dəftərlərin mövcudluğunu bu yaxınlarda xatırladıq və onlardan bu kitabda da yararlanmağın çox faydalı olacağını düşündük. Bu cilddən başlayaraq, topladığımız arxiv sənədləri ilə yanaşı, həm də Nərmin xanımın həmin dəftərlərindəki bəzi bilgilərdən istifadə etmişik".

Kitabın nəşrə hazırlanması prosesində müəlliflərlə birgə AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Günel İsayeva, Nərgiz Əliyeva, Səbinə Salmanova, Leyla Fərzəliyeva və Aygün İsayevanın da əməyi qeyd olunub.

 

S.QARAYEVA

525-ci qəzet.- 2019.- 6 iyul. S. 10.