"Vəsvəsə"li həyatlar

Döyüşdə əsgərlər son gülləni özlərinə saxlayırlar, çıxılmaz anda son ümid olan ölüm üçün. YUĞ Dövlət Teatrının rejissoru, eyni zamanda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda" tədris teatrının direktoru Gümrah Ömər isə quruluş verdiyi əsərlərdə sona saxladığı o gülləni də tamaşaçının başına çaxır. Öldürmək üçün yox, ayıltmaq, diriltmək üçün...

İyunun 30-u günəşin buludların arasından özünə yol açıb "evinə" tələsdiyi saatlarda Kukla Teatrının binasından çıxarkən beynim bu fikirlərlə məşğul idi. İçimdəki vəsvəsə az öncə baxdığım tamaşa ilə ahəng yaradıb bütün diqqətini öz üzərinə çəkməyi bacarmışdı. İsti yay günlərinin bezarlığı ilə mövsümə ilk yekun vuran YUĞ Teatrının son tamaşasını həmin gün izlədik. "Vəsvəsə"nin premyerası ilə teatr 30-cu mövsümü tamamlayıb tamaşaçılarına "gələn mövsümə qədər" dedi.

Norveç dramaturqu Henrik İbsenin "Vahimə" əsəri əsasında hazırlanmış "Vəsvəsə" tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır. Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər.

İlk dəfə 1882-ci ildə səhnələşdirilən bu əsərdə burjua ailəsinin dağılmasının faciəsindən, eləcə də cəmiyyətdə qadağan edilmiş mövzulardan bəhs olunur. Buna görə də pyesin səhnələşdirilməsinə Avropanın bir çox ölkələrində icazə verilməyib.

Əsər elə ilk səhnəsindən gözlərimizi öz üzərinə çəkib, "sona qədər məni izləməyə məhkumsan" - dedi. Biz də o məhkumluğumuzu boynumuza alıb gözlərimizi kiçik səhnəyə zillədik. Tərtibatı son dərəcə sadə olan səhnədə beş aktyor görünür. Dar, yarı qaranlıq, bir-iki dəzgahın düzüldüyü səhnə müxtəlif məkanları, müxtəlif situasiyaları özündə cəmləyəcək, bu, indidən məlumdur. Bəs necə? Çox sadə: dəqiq rejissor yozumu, peşəkar aktyor oyunu ilə.

Gümrah Ömərin insan axtarışı, onun daxilinə varmaq cəhdləri bu tamaşada da özünü qabarıq şəkildə göstərir. "Otello"da rejissor ağlını itirən insanın heyvaniləşdiyini iddia edirdisə, burada itirilən mənəviyyatdır. Və müəllifin fikrincə, mənəviyyatsız insan öncə azadlığını, sonra isə bütünlüklə mənliyini itirib yoxa çevrilir.

Əsərdə yalançı mənəvi dəyərlərin, saxtalaşdırılmış cəmiyyətin içi boş tabularının insanları bir fərd kimi sıradan çıxardığı, onun öncə azadlığına, sonra isə mənəviyyatına təcavüz etdiyi göstərilir.

Mərhum ərinin xatirəsini əbədiləşdirmək üçün onun xatirəsinə uşaqlar evi tikdirən xanım Frü Alvinq öncə kübar, dəyərlərə sadiq, cəmiyyətin qoyduğu tabuları öz həyat tərzinə çevirmiş qadın təsiri bağışlayır. O qadın ki, vəzifəsi ərinə sadiq qalmaq, bütün şıltaqlıqlarına dözmək, uşaq doğmaq, cəmiyyətdə ərinin soyadına layiq şəkildə özünü aparmaq, hətta onun ölümündən sonra belə bu sadiqlikdən dönməməkdir. Bəs o ər kimdir? Əməl edilən, sadiq qalınan mənəvi dəyərlərə layiqdirmi? Bunun cavabını tamaşaçı uşaqlar evinə xeyir-dua vermək üçün gələn keşişlə xanımın söhbətində tapır. Məlum olur ki, xanımın əri əyyaş, arvadbaz, pozğun insan olub. Hətta öz evindəki qulluqçudan qeyri-qanuni qızı da var ki, həmin qız da yenidən burada qulluqçu kimi çalışır. Regina adlı bu qız gəncdir, gözəldir. Ögey qardaşının da, atalığı dülgərin də diqqətini öz üzərinə çəkib. Amma xanım Alvinq rəssam oğlu Osvaldla Reginanın izdivacına qarşı çıxmağa məcburdur. Və hadisələrin kuliminasiya nöqtəsi yetimlər evinin naməlum səbəbdən yanması olur. Bundan sonra kələfin ucu getdikcə açılır. Regina rahat şərait, gözəl həyat sorağı ilə dülgər və keşişlə birgə dülgərin əxlaqsızlıq evinə gedir. Xanım Alvinq isə oğlu ilə birlikdə daxili təlatümlərinin, mənəvi sarsıntılarının ağuşunda qalır. Ancaq bu təlatümlər nəticəsində üzərindən atdığı mənəvi yük onun daxili azadlığına qovuşmasına gətirib çıxarır.

Gümrah Ömər dəst-xəttindən tanıdığımız hərəkətvari həll bu tamaşada da özünü göstərir. Sözlər, onun arxasında gizlənən məmun və İbsenin ideyası hərəkətlərin içərisində hər irəliləyən dəqiqədə bir az da əriyib yoxa çıxır. Obrazların bir-birinə olan münasibəti, zamanın sürətli axını "fırlanmalarda" ustalıqla canlandırılır. Stabil səhnədə fırlanan və hər fırlanmada dəyişən hadisələri, yeni hiss, yeni duyğu axınını sərgiləyən obrazlar bədən dillərində, mimikalarında bunu rahatlıqla nümayiş etdirirdilər. İllərlə həqiqətlərin üzə çıxacağından vahimələnən xanım Alvinqin vəsvəsəsi, şıltaq Reginanın havalardakı duyğuları, keşişin əsl din xadimi kimi dəyərlərə, qanunlara bağlılığı, dülgərin hiyləgərliyi, xəstə Osvaldın mağmınlığı sırf hərəkətlərdə gizlənmişdi.

Azadlıqdan danışan rejissorun aktyorlarına azadlıq verməməsi, əlbəttə, absurd görünərdi. Aktyorlar səhnədə tamamilə azad və sərbəst idilər. Onlar canlandırdıqları obrazlarla o qədər bütünləşmişdilər ki, kiçik, dar səhnə, dəyişməyən dekorasiya belə nə onlara mane olurdu, nə də tamaşaçıya. Canlandırdıqları qəhrəmanlarla birgə haldan-hala düşən aktyorlar səhnədə istədikləri kimi davranır, bir-birlərinə mane olmamaq şərtiylə azad və sərbəst hərəkət edirdilər. Bu da bilavasitə əsərin ideyasına xidmət edirdi.

Gümrah Ömərin Avropanın bir çox ölkələrində səhnələşdirilməsi qadağan olunan əsərə müraciət səbəbi və orda tapdıqları da son dərəcə maraqlıdır:

"İndiki dövrümüzdə, cəmiyyətimizdə insanların bir sıra məişət, ideoloji, sosioloji problemləri təbii ki, həll olmaq üzrədir. İnsanlar bu problemləri qısa zamanda kənardan yardım almaq lazım olsa belə, həll edirlər. Buna baxmayaraq, onların mənəvi dünyasında problemlər artmaqdadır. Bu cür problemlər isə bəzən çox uzun zaman həll oluna bilmir. Məncə, toplumun ən vacib məsələsi insan faktorudur. Bu baxımdan İbsen cəmiyyətdə insan, onun mənəvi problemlərini "Vahimə" əsərində qabartmağa çalışıb. Mən hesab edirəm ki, bu gün də bizim üçün ideallaşdırdığımız mənəvi dəyərlər var ki, təəssüf, bəzən onlar göründüyü kimi olmur. Və bu cür göründüyü kimi olmayan məsələlər zaman-zaman bizi uçuruma, mənəvi böhrana aparıb çıxarır. Hər bir insan öz mənəvi dünyasında yaranmış uçurumu aradan qaldırmaq üçün çox ciddi mübarizə aparmalıdır. Bu mübarizə təbii ki, onun yaşadığı mühitdən, ətrafından, ideallarından, arzularından ibarətdir. Bu şəraiti özünə yaradan insan çətinliklə də olsa, bu məsələlərdən keçəcək. Mənəviyyat çox önəmli və vacib sahədir. Bəzən insanlar mənəvi dəyərləri itirir, onları aşağılayırlar, önəmli olmadığını iddia edirlər. Ancaq sonra məlum olur ki, mənəviyyatını itirən insan hər bir şeyini itirir. Çünki insanın təməl prinsiplərindən biri mənəviyyatıdır. Mənəviyyatlı insan daxilən azaddır. Bu baxımdan İbsenin bu əsəri bizə müəyyən istiqamətdə işıq tutdu. Düşünürəm ki, bu gün bizim cəmiyyətimizdə də bu kimi problemlər mövcuddur. Bunu kiməsə, nəyəsə bağlamaq mümkün deyil. Bu, fərdin öz daxilində, keçmişində apardığı mübarizədir. Biz də çalışdıq ki, insanlardakı mənəviyyat azadlığına işıq tutaq. Çünki mənəviyyatı azad insan bütün sıxıntılardan qurtulmağı bacarır".

Son dərəcə ağır və bu günümüz üçün də aktual olan məsələləri cəmi birhissəli psixodramatik əsərə sığdırmaq və onu tamaşaçının önünə açıq güzgü kimi sərmək yaradıcı heyətin ən böyük uğuru hesab oluna bilər. Cəmiyyətin bu güzgüdə özünü görüb-görməmək məsələsi isə zamanın öhdəliyindəki problemdir.

 

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2019.- 6 iyul. S. 12.