Fransa-Azərbaycan arxeoloji
qazıntılarının 10 illiyinə həsr olunan sərgi açılıb
İyulun 4-də Azərbaycan Milli İncəsənət
Muzeyində Fransanın ölkəmizdəki səfirliyinin,
AMEA Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya
İnstitutunun dəstəyi ilə iki ölkənin
arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini
özündə əks etdirən sərgi açılıb.
Sərgidə 10 il ərzində iki ölkənin
arxeoloqlarının apardığı birgə tədqiqatlar nəticəsində
əldə olunmuş, dünya arxeologiyası
üçün böyük əhəmiyyət kəsb edən
nadir tapıntılar nümayiş etdirilir.
Tədbirdə çıxış edən Mədəniyyət
naziri Əbülfəs Qarayev UNESCO-nun Ümumdünya İrs
Komitəsinin Bakıda keçirilən 43-cü
sessiyasının ölkəmiz üçün əhəmiyyətindən
danışıb, Azərbaycanın bir çox möhtəşəm
tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Diqqətə
çatdırıb ki, Azərbaycan Respublikasını Birinci
vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətləri
nəticəsində Azərbaycanın UNESCO ilə münasibətləri
yüksək səviyyədədir.
Fransalı arxeoloq Bertiy Lione Azərbaycanda
aparılan arxeoloji tədqiqatlardan danışıb. Bildirib
ki, o, Azərbaycanın bölgələrində aparılan
arxeoloji qazıntılar zamanı təkcə qədimi əşyaları
tapmaqla kifayətlənməyib, həmin dövrlərdə
yaşayan insanların həyatını, mühitini, sosial və
ailə münasibətlərini tədqiq edib.
Fransanın sabiq ətraf mühit naziri
Seqolen Royal diqqətə çatdırıb ki, Bakıya
UNESCO-nun 43-cü sessiyası münasibətilə gəlib. İki
ölkə arasında elmi əməkdaşlıqdan söz
açan fransalı qonaq sərginin təşkilinə görə
Mədəniyyət Nazirliyinə, Milli İncəsənət
Muzeyinə, AMEA-ya və Fransa səfirliyinə təşəkkürünü
bildirib.
Bildirilib ki, Beynəlxalq Azərbaycan-Fransa
arxeoloji ekspedisiyası 2006-cı ildən başlayaraq fəaliyyət
göstərir. Ekspedisiya 2006-2013-cü illərdə
Ovçulartəpəsi və Duzdağda, 2013-cü ildən başlayaraq
isə Kültəpə və onun ətrafında
araşdırma aparıb.
Araşdırmaların nəticələri
Cənubi Qafqazın, o cümlədən, Azərbaycanın
Neolit, Eneolit və Kür-Araz mədəniyyətlərinin
müxtəlif problemlərini öyrənməyə imkan
verib.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,
Fransanın Milli Tədqiqatlar Mərkəzi və Parisin
Sen-Jermen Milli Muzeyi əməkdaşlarının birgə səyləri
ilə Lerik rayonunun Monidigah kəndi ərazisində
aparılmış arxeoloji qazıntılar zamanı 200-dən
çox maddi-mədəniyyət nümunəsi
tapılıb.
Arxeoloqların sözlərinə görə, bu qədim
yaşayış məskəni Fransadan olan Morqan
qardaşlarının 120 il əvvəl Lerik rayonu ərazisində
kəşfiyyat xarakterli qazıntı işlərinin nəticəsi
kimi əldə edilən xəritə əsasında
aparılan tədqiqatlar zamanı aşkarlanıb.
Tovuz ərazisində aparılan
qazıntılar nəticəsində Menteş qədim
yaşayış yerində Neolit dövründən Erkən
Tunc dövrünə qədər uzun bir tarixi mərhələnin
mövcudluğu üzə çıxarılıb.
Qeyd edək ki, Arxeologiya və Etnoqrafiya
İnstitutu və Lion-2 Lümieğ Universiteti arasında
2017-ci ilin martında imzalanmış əməkdaşlıq
müqaviləsinə əsasən Azərbaycan və Fransa
arxeoloqlarının birgə əməkdaşlığının
nəticələrini əks etdirən eyni mövzulu sərginin
gələcəkdə Parisdə və Tiflisdə də təşkil
olunması planlaşdırılır.
525-ci qəzet.- 2019.- 6 iyul. S. 13.