"Mürtəce" Azərbaycan romantikləri - Timuçin Əfəndiyevin yazısı

Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor

Sosrealizm ədəbiyyatşünaslığı uzun müddət Azərbaycan romantizmini iki yerə - mütərəqqi və mürtəcelərə bölərək ikinciləri burjuaziya ilə bağlamış, adlarını çəkmiş, lakin yaradıcılıqları haqqında geniş məlumat verməmişdir.

Bu romantiklərin içərisində Əbdülxalıq Cənnəti, Ağadadaş Müniri, Əliabbas Müznib, İbrahim Tahir Musayev, Əhməd Kamal, İsmayıl Səfa, Seyid Zərgər kimi şairlərin yaradıcılığının ideya və forma cəhətdən ədəbiyyata yenilik gətirmədikləri iddia olunurdu. Lakin zaman keçdikcə bu şairlərin hər biri öz fərdi üslubları, mövzu və problematikaları baxımından ədəbiyyatımızın faktlarından olduğu aydın oldu.               

Əhməd Kamal

Sovet dövründə Ə.Hüseynzadə, Ə.Ağaoğlu ilə birlikdə tənqid olunan yazarlardan biri də Əhməd Kamal idi. Ə.Hüseynzadənin dəvəti ilə Türkiyədən gələn Ə.Kamalın yaradıcılığı uzun illər araşdırmalardan kənarda qalıb, yalnız tənqid edilib. Onun yaradıcılığının bir hissəsi "Füyuzat" dərgisi ilə bağlı olub. Romantik poeziyanın nümayəndəsi kimi Azərbaycanda şeirləri çap olunub, ədəbi mühitdə tanınıb.

Əhməd Kamal 1873-cü ildə İstanbulda Osmanlı ordusunun miralayı (polkovnik - T.Ə.) Əhməd Rasimin ailəsində doğulmuşdu. Ə.Kamalın dörd yaşı olarkən atası Bosniya-Hersoqovina üsyanı zamanı vəfat etmişdi. İlk təhsilini öndə gedən maarif ocaqlarından hesab olunan Darüşşəfəq məktəbində almış, təhsilini Parisdə davam etdirmək istəsə də, müəyyən səbəblərlə bunu gerçəkləşdirə bilməmiş və İstanbulda Qalata poçtunda işləməyə başlamışdı. O, gənc yaşlarından yaradıcılığa yönəlir və ilk şeiri 1895-ci ildə İsmayıl Səfanın baş mühərrirliyi ilə dərc edilən "Maarif məcmuəsi"ndə işıq üzü görür. 1897-1898-ci ildə isə Ə.Kamalın redaktorluğu ilə "Pul məcmuəsi" dərgisi çap olunub. Bununla belə, siyasi və ədəbi mövqe baxımından Ə.Kamal daha çox "Sərvəti-fünun"çu hesab olunur. Bir müddət siyasi toplantılara qatılıb, siyasi arayışlar içində olub.

Ə.Kamal 1900-cü ildə siyasi səbəblər üzündən ölkəni tərk edir və gizlincə Yunanıstana gedir. Burada "İcmai-ümmət" qəzetini çıxarmış və II Sultan Əbdülhəmidin taxta çıxmasının 25 illiyinə təsadüf edən elə ilk sayındaca "Bir gün Əzrayıl haqqından gələr, ey Firoun", - deyə qəzetin birinci səhifəsində xitab edirdi. Lakin qəzetin cəmi səkkiz sayı çıxdıqdan sonra nəşrini dayandırmış, Ə.Kamal isə Misirə getmişdir. 1905-ci ildə Əhməd Cövdətin Misirdə nəşr etdiyi "Doğru yol" qəzetində ədəbiyyat səhifəsini hazırlamaqla məşğul olur. Bir qədər sonra isə özünün redaktorluğu ilə "Doğru söz" qəzetini nəşr etməyə başlayır. 1907-ci ildə "Doğru yol" qəzeti bağlandığından o da Qahirəni tərk etmək məcburiyyəti qarşısında qalmışdır. Bir müddət Bolqarıstanda qalmışdır. Nəhayət, Ə.Hüseynzadə onu Bakıya dəvət etmişdir. 1960-cı ildə çap olunan "Azərbaycan ədəbiyyatı tarixi" kitabında Ə.Kamal haqqında yazılırdı: "Ə.Hüseynzadə şairlik xəyalında olan Əhməd Kamalı Sabirin, Səhhətin qarşısına çıxarmaq istəyirdi. Lakin ilk addımlardan gəlmə şairin zəmanənin ən geridə qalmış mühafizəkar bir adamı olduğu meydana çıxdı. Əhməd Kamalı mütərəqqi mətbuatda tənqid etməyə də ehtiyac qalmadı. O, hər cürə sağlam, real düşüncə əleyhinə yazdığı bir-iki şeiri ilə özünü kifayət qədər ifşa etmiş oldu".

Ə.Kamal "Füyuzat"ın ən fəal üzvlərindən olur, demək olar ki, hər sayında bir və bir neçə yazısı dərc olunur. Dərginin sonuncu sayında gedən "İsbati-iştibah" məqaləsindən də görünür ki, Ə.Kamal ideyaları uğrunda axıradək getməyi bacarır. Məqalədə dərginin qapanmasına rəğmən, mübarizə əzminin davam edəcəyini anons edən publisist, şair yazırdı: "İştə, sözümüz burada bitdi, "Füyuzat" da bu nömrədə bağlandı. Amma bizim dilimiz bağlanmadı, bağlanmaz və bağlanmayacaqdır. Özü-sözü düzgün bir qəzetə intişar edincəyə qədər ixtiyari-sükuta məcbur olduğumuzu və "Füyuzat" məsləkində bir qəzetə, yəni mənafeyi-insaniyyə və milliyeyi-tərəqqi və hüriyyəti-kamilə və müsavati-şamilə dairəsində ərz və müdafieyi-əqdəm və əqdəsi-şərait ittixaz etmiş bir qəzetə intişar etdiyi təqdirdə hətta məccanən hazır olduğumuzu ərz edəriz" ("Füyuzat", 1907, ¹32, s. 13).

"Füyuzat" qapandıqdan sonra belə Azərbaycanı tərk etmir, müəllimliklə məşğul olur. O, tezliklə Balaxanı məktəbinə müdir təyin olunur. Ə.Kamalın müəllim kimi əsas işlərindən biri tədrisin türkcə aparılması idi. 1908-ci il Türkiyə inqilabının baş verməsindən sonra vətənə getsə də, burada qala bilməmiş və yenidən Balaxanı məktəbindəki işinə dönmüşdür. Bir neçə illik maarif işlərindən sonra yenidən mətbuata qayıtmış və "Günəş" qəzetinin baş redaktoru olmuşdur. Tezliklə onu "Füyuzat"ın yolunu davam etdirən "Yeni füyuzat" dərgisində görürük. Redaktoru Əlipaşa Səbur olan məcmuədə Ə.Kamalın şeirləri və məqalələri çap olunurdu. Bu zaman bu dərgidə çalışan müəlliflər - A.Şaiq, Sabir, Əliabbas Müznib, Axund Yusif Talıbzadə və b simasında redaksiyada türkçü bir ruh hakim idi. 1911-ci ilin martında Azərbaycanda tutulan qəzet əməkdaşlarının içərisində Ə.Kamal da var idi. Çox çətinliklə həbsdən çıxdıqdan sonra o, Türkiyəyə getmişdir.

Ə.Kamal 1938-ci il aprelin 9-da Türkiyədə vəfat etmişdir.

Ə.Kamalın imzası "Füyuzat"ın 1907-ci il 17-ci sayından görünməyə başlayır. Şairin burada "Fəlsəfeyi-pərişan" adlı şeiri çap olunmuşdur. Şeirin altında "Doğru söz" qəzetəsi sahibi və mühərriri Əhməd Kamal" imzası qoyulmuşdu. Görünür ki, bu şeiri Ə.Kamal Qahirədən göndərmişdir. Şeir romantik poeziyanın ilk nümunələrindən biri kimi özünün fəlsəfi yönü ilə diqqəti cəlb edir:

Vurdiqca yıxdı beynimi əmvaci-iztirab!

Bən danəyəm, zaman bana oldu bir asiyab!

Bir qəlb heç müəmmər olurmu görür ikən:

Düşmən xarab, dost xərabü-zaman xərab!

İnsana bir kitab denir, bən də öyləyəm,

Lakin yabançıdır bana da bəndəki kitab!

Bir cümleyi müğəlitədir kainat həp,

Yekdigərə məal deməkdir xəta, səvab!

İsbati-qəsdi-xilqətə dair suallarım,

Hər əksi-sövtdən aliyor nəfy ilə cəvab!

Xilqət yürür, fəqət yenə bir yerdə bər qərar,

Həp əski ruh, əski əməl, əski piçi tab...

("Füyuzat", 1907, ¹17, s.7)

Dərginin 19-cu sayında Ə.Kamalın üç yazısı getmişdir. Bunlardan biri şeir, ikisi isə məqalədir. Bundan da aydın görmək olar ki, şair dərgiyə gələn kimi fəal şəkildə işə qoşulmuş, həm şeirlər, həm də publisistik məqalələrlə çıxış etmişdir. Bu yazılardan biri "Bolqarıstan" adlanır. Ə.Kamal bu yazısında Bolqarıstanda yaşayan müsəlmanlardan danışırdı. Ə.Kamal Bolqarıstanda hər il türklərin əmlaklarını dəyər-dəyməzinə satıb Türkiyəyə köç etmələri üzərində dayanır və bunun heç də bolqar hökümətinin zülmündən baş vermədiyini dilə gətirir. Onun fikrincə, kəndlilər cahilanə bir təəssübdən bu cür qərarlar verirlər. O, müsəlmanların biri-birinə qarşı laqeydliklərinin bu vəziyyəti doğurduğuna əminliyini ifadə edərək yazırdı: "Bu gün aləmi-islamın hər tərəfində yeni oyanan millətlərə nisbətlə həqiqətən xariqüladə sayılacaq intibahlar müşahidə olunuyor. Bu intibahlar önündə bir-birinin əhvalından hər dəqiqə xəbərdar olmağa, bir-birini xəbərdar etməyə çalışıyır. İştə bu səbəblə Bolqariya müsəlmanlarında gördüyümüz əhvali-məruzeyi-müəssifə bu acı, fəqət doğru sözlər bizə söylətdi. "Xacənin vurduğu yerdə gül bitər" sözü türk zərbü-məsəlindəndir. Binaənəleyh Bolqariyadakı müsəlman qardaşlarımız bizim bu acı sözlərimizdən dilgir olmamalı, bəlkə yaxında bizi haqlarında təqdir və təhsin yazmağa məcbur edəcək hərəkətlər izharına çalışmalıdırlar" ("Füyuzat", 1907, ¹19, s. 10).

Ə.Kamalın Bakıya gəlişini "Füyuzat" dərgisi "İdarə" imzası ilə "Yeni qələm yoldaşımız" adlı məqalə ilə qeyd edirdi. Burada deyilirdi: "Əhməd Kamal bəg ən-əsl istanbullu olub Daüşşəfəq məktəbi-alisindən nəşət etdikdən sonra ibtida o məktəbdə ədəbiyyat müəllimi təyin olunmuş və bir tərəfdən də "Sabah" və "Sərvəti-fünun" qəzetələrində türk ədəbiyyatına xeyli xidmətlərdə bulunmuş və "Yeni ədəbiyyati-cədidə"yə, yəni ədəbiyyatın ən son tərəqiyyat və təcəddüdatına Tofik Fikrət, Cənab Şəhabəddin, İsmayıl Səfa, E.Nadir, Hüseyn Suad, H.Sirət, Süleyman Nəsib bəglərlə bərabər qeyrət etmişdir" ("Füyuzat", 1907, ¹18, s.3).

Göründüyü kimi, "İdarə" imzalı yazının Ə.Hüseynzadə tərəfindən yazıldığını nəzərə almış olsaq, bu qiymətin Ə.Kamala verilən kifayət qədər yüksək olduğunu görmək olar. Hər halda, onun İ.Səfa, T.Fikrət və b. ilə yanaşı tutulması bunu deməyə əsas verir.

Ə.Kamalın Bakıya gəlişi müəyyən bir canlanma yaratmışdı. "Füyuzat"ın 18-ci sayında şairin Şekspirə nəzirə olaraq yazdığı "Gözəlim, açma maziyi" şeiri ilə yanaşı, M.Hadinin "Təxəttüri-mazi" şeiri arasında yalnız mövzu deyil, romantik vüsət baxımından da səsləşmələrin olması göstərir ki, eyni yaradıcılıq atmosferində olmuş və bir-birinə təsir göstərmişlər. Ə.Kamal yazırdı:

Soldurur nışeyi-şəbabətini,

Sənə ondan əsən zəhərli hava!

Söndürür qəlbinin hərarətini,

İstəməm bən açılmasın orda!..

***

Ah, mazi!.. O səhneyi mülim,

Sənə məchul qalsın ey gözəlim:

İstəməm, anlama: həyat nədir!..

***

Yəs... ümmid... naleyi-qahir...

Bir cidali-töhi... həyat denir

Bunu sən bilmə... ah, bilməyəlim!..

("Füyuzat", 1907, ¹18, s.5)

Şeirin məzmununda lirik qəhrəmanın əhvali-ruhiyyəsi poetik şəkildə ifadə olunub. Romantik qəhrəmanın düşüncəsində nisgilli keçmişdən qurtulmanın əhvalı təsvir edilmişdir. Demək lazımdır ki, Ə.Kamalın bu şeiri forma baxımından bir yenilik idi. Bunu müəllif özü də "Şeksprin "sone" təbir olunan nəğmələrinə bir nəzirədir", - qeydi ilə vermişdi.

Ə.Kamalın bu soneti ədəbi mühitdə bir canlanma yaratmışdır. Belə ki, dərginin növbəti sayında əslən Cənubi Azərbaycandan olan Səid Səlmasinin (1887-1909) "Etmə israr" adlı şeiri çap olunur. Ə.Kamal yaradıcılığındakı bu yeniliyi təqdir edən ədəbiyyatşünas V.Quliyev bu ədəbi təcrübəni yüksək qiymətləndirərək: "Əhməd Kamal dolayı yolla olsa da, sonetin dünyanın zəngin poeziya məktəblərindən biri sayılan fars şeirinə yol tapmasına yardım göstərmişdir", - (Quliyev V. "Füyuzat"ın iki yazarı. Bakı, Elm və təhsil, 2017. s. 138) qənaətinə gəlir. Ədəbiyyatşünas H.Həşimli də bu fikirdədir ki: "Ə.Kamalın sonetində olduğu kimi. "Etmə israr"da da qəmgin keçmişdən uzaqlaşmaq, niskilli xatiratı unutmaq sədası var, yəni romantik düşüncələr bədbinlikdən nikbinliyə dönüşün poetik təcəssümünü yüksək sənətkarlıqla canlandırır. S.Səlmasinin bu şeiri müəyyən bir sonetə poeziyamızda yazılmış ilk nəzirə kimi maraq doğurur" (Həşimli H. Azərbaycan ədəbi mühiti və türk dünyası. Bakı, "Mütərcim", 2009, s. 77).

Maraqlıdır ki, Ə.Kamal S.Səlmasinin şeirinin sonunda "Ə.K." imzası ilə "mülahizə" adlı qeyd də yazmışdır. Bu qeyddə S.Səlmasinin şeirinə yüksək qiymət verilir: "Ədəbiyyat ilə istiğlal edən şairlərimizin bu şeirdəki hüsni-ədayə və lətafəti mövdayə diqqət etmələrini rica edəriz... Böylə küçük, fəqət məziyyət etibarilə böyük şeirlər yazmağa qayrət etsələr, ədəbiyyata daha ziyad xidmət edərlər" ("Füyuzat", 1907, ¹18, s. 5).

Ə.Kamalın "Füyuzat"ın sonrakı saylarında "İştiqayi-rindanə" (1907, ¹20) şeiri, ona cavab olaraq M.Hadinin dərginin sonrakı sayında "Navayi-rindanə" (1907, ¹21) şeiri çap olunmuşdur. Bu qarşılıqlı şeirləşmələr də göstərir ki, romantik ədəbiyyatın yayılmasında Ə.Kamalın şeirlərinin və bu ədəbiyyatın müdafiəsində durmasının rolu böyük olmuşdur. Şairin "Şəbgərdi xəyal" (1907, 26) şeiri çap olunur. Səkkiz bənddən ibarət olan şeirdə qəm, kədər notları üstünlük təşkil edir:

Bu həyatın həmuleyi-kədəri,

Ziri-qəhrində yorğun inləyorum.

Yenə qeyrətlə daim iləri,

Götürüm ruhumu sürükləyoram.

***

Gah olur bir vərəm təsəllisi

Şəbi-fikrimdən intizar edərəm.

Bir səhər xəndeyi-təcəllisi...

Bu təsəllilə müüttəsil gedərəm.

***

Bu müxəyyəl səhrlərə aid

Etdigim hər suala ağlarkən.

Həp müqəssi cavablar varid

Şu içindən fəğan edən gecədən!

("Füyuzat", 1907, ¹18, s.5)

Ə.Kamalın romantik poeziyasında vətən və millət amili getdikcə güclənir. "Yeni füyuzat" jurnalında dərc edilən şeirlərində milli ruh hakim olur. Baş mühərriri olduğu bu qəzetin səhifələrində Namik Kamalın "Vətən mənzumələri"ni dərc etməklə yanaşı, özünün də yaradıcılığında milli ruha üstünlük verməyə başlayır. Əgər 1908-ci il Türkiyə inqilabına qədərki yaradıcılığı istibdada qarşı idisə, 1910-cu ildən sonra poeziyasında vətən faktoru önə çıxır. Onun bu dövrdə çap olunan şeirlərində xalqı vətənə kömək etməyə, onu düşdüyü dardan qurtarmağa səsləyir. 1910-cu ildə dərc edilən "Təraneyi-vətən" şeiri isə hətta Cümhuriyyət dövründə çox məşhur olmuş, marş kimi ağızlarda dolaşmışdır:

Vətən əldən gediyor,

Bizə fəryad ediyor.

Yetiş imdadə diyor,

Yürü, fəryadına gəl!

Vətən imdadına gəl!

***

Hər tərəf doldu ədu,

Kərbala xatiri su.

Su bulunmazsa ağu!

Yürü, fəryadına gəl!

Vətən imdadına gəl!

("Füyuzat", 1907, ¹26, s.4)

Şair Vətəni Ana ilə bir tutur və onun Anadan da uca olduğunu bəyan edərək uğrunda ölməyi üstün tutur. Şeirin ritmi, mövzusu və sadəliyi Azərbaycan poeziyasında bundan sonra yaranan milli marşlara müəyyən təsir göstərmişdir. Ümumiyyətlə, Azərbaycan romantizminin təşəkkülündə Ə.Kamal poeziyasının öz yeri vardır.

 

Timuçin ƏFƏNDİYEV

525-ci qəzet.- 2019.- 6 iyul. S. 14.