Xəyanət
Şərab yuxulatmışdı onu... Ayılanda
dili-ağzı qurumuşdu, dodağında xoşagəlməz
tam vardı... Əvvəlcə harda, kimlə
olduğunu kəsdirə bilmədi. Hövlnak atdı
üstündən adyalı, böyrü üstə
çevriləndə cod, yanıq saçlara toxundu əli, əti
ürpəşdi, ayıldı elə bil, şərabın
da təsiri keçib-getdi...
Bu nə xasiyyət idi qadın
tayfasında, bilmirdi. İki gündən bir rəng dəyişməkdən
süpürgəyə döndərmişdi
saçlarını... Əvvəl
dalaşdığı, "etmə-eləmə" dediyi də
yadındaydı. Amma son illərdə vecinə
almırdı. İstəyir
qızartsın, bozartsın, lap çəhrayı eləsin
saçını, ya da keçəl qırxdırsın, nə
fərqi? Özü bilər. Elə qadın da əlini ondan çoxdan
üzmüşdü. Evin içində qonşuydular...
Arvad planşet, telefon, televizordan ibarət
kiçik malikanəsində kraliça bilirdi
özünü. Hərdən eynəyi
yorulanda başını qaldırıb otağa göz gəzdirər,
- bəs meyvə niyə yemirsən? - deyib
dünəndən masanın üstündə toz
basmış, dəmir rəngi almış alma-armuda işarə
edərdi... Bununla qayğıkeş həyat yoldaşı
obrazı bir az da ifadəli olardı.
"Bax ha, sənə duz olmaz... Dərmanı
vaxtında içdin? Kartof yemə... Yulaf
sıyığına şəkər qatma. Qəhvə də ürəyinə ziyandı.
Axı, haçan anlayacaqsan ki, bir il qabaq infarkt
keçirmisən?" Bütün bunlar həyat
yoldaşından daha çox həkim göstərişinə bənzəyirdi...
Əvvəl-əvvəl etiraz da eləmişdi: bura bax, mən
səninçün dibçək bitkisi deyiləm...
Arvadın ardıcıl qayğıkeşliyindən bezəndə
acı da danışmışdı hətta: arxayın ol ey,
ölsəm, birinci sən xəbər tutacaqsan.
Xeyri yoxdu, heç nə dəyişmirdi,
qayğıkeş həyat yoldaşı olmaq arvadın boynuna
düşmüşdü. Heç
nə də olmasa, gecənin ortasında yuxudan oyadıb -
yatmısan? - deyə
soruşmalıydı...
- Axı, sənə yüz dəfə demişəm ki,
oyatma məni, sonra yuxuya gedə bilmirəm...
- Narahat oldum da, nəfəsinin səsini eşitmədim,
mən bir il yuxu bilməmişəm e nədi,
səhərəcən marıtlamışam səni...
Allahın ver gecəsi bu dialoq olmalıydı
aralarında... Bir vaxt uzun hörüklərinə,
süzgün baxışına, zərifliyinə aşiq
olduğu qızcığaz indi başının
üstünü Ərəbzəngi təkin kəsdirmiş həbsxana
nəzarətçisinə çevrilmişdi. Amma yox, həbsxanada
hərdən bir sərbəst vaxt verilirdi, axı... Onunsa qısa bir azadlığa da haqqı
çatmırdı. Müddətini
çəkməliydi, vaxtını başa vurmalıydı.
Həm də dinməz-söyləməz.
- Məndən nə isə istəmirsən?
Arvadın ara-sıra yaşına uyğun
olmayan şıltaqlıqla verdiyi bu sualdan əti
tökülürdü. Çox vaxt
özün eşitməzliyə vururdu. İndi
də qədimi sanatoriyanın cırıldayan
çarpayısında nəfəsini də aramla
alırdı ki, qadın oyaq olduğundan duyuq düşməsin.
Vallah bu istirahət yerlərindən də zəndeyi-zəhləsi
gedirdi. Nə itim azıb mənim burda -
deyib söyürdü özünü səhər-axşam.
Amma azca azadlıqdan ötrü lazım idi.
Yoxsa məzuniyyət vaxtı, yayın istisində bir evin
içində bağrı çatlayardı... Yenə bu mənasız
prosedurlar başını qatırdı da... Otağın
birində oksigen balışından "təmiz hava"
alıb, o birisində ayaqlarını dincə qoyurdu, heç
nə də olmasa, gündə bir dəfə iti yerişlə
gəzib rahatlıq tapırdı. Rahatlığı verən
fiziki aktivlik deyildi, yox, ona ayaq çatdırmayan arvaddan
heç olmasa bircə saatlıq can qurtarmağıydı... Vay o gündən bir yerlisinə rast gələydi
burda. Arvad bu yad məmləkətdə, yoluq sanatoriyada
da tanış adam tapmağın
hayfını çıxmalıydı ondan. Mütləq
yaxındakı restorana qonaq çağırmalıydı
yerliləri, özü də bəzənib-düzənib
hazırlaşmalıydı. Əşşi,
idman ayaqqabısında ərin qoluna girmək olmaz bəyəm?
Saçı da ütü fenlə birtəhər
dartışdırıb düzəldərdi, vəssalam...
Əsas odu o bədbəxt yerlilər gedib desinlər ki, əri
filankəsin başına dolanır... Hə, bu
cür məclislərdə işini bilirdi. Birinci sağlığı təsadüfi
görüşün, ikincisini mütləq, bir də təkrar
edirəm MÜTLƏQ arvadın sağlığına deməliydi.
Təxminən belə - bütün universitet
ölürdü ey bu qızdan ötrü, hamının
başın əkdim, heç kimə vermədim, indi deyirlər
gözəldi, elə olmalıdı da, özüm
seçmişəm... Dediyi sözlərin lap
dibindəki riyakarlıqdan xəcalət təri basardı onu,
ona görə əlindəki qədəhi başına
çəkib qızarmağını şərabın
boynuna atardı, bir-iki ağız öskürərdi də
inandırıcı olmasıyçün. Arvad da
özünəməxsus ədayla kürəyinə
üç dəfə vurardı, keçən il düzəltdirdiyi təzə dişlərini
də ağardıb gülümsəyərdi yalandan...
Yastığı qulağının dibinə
sıxıb yuxuya getməyə
çalışırdı... Bu, uşaqlıq
adətiydi, yastıqla qucaqlaşan kimi gözü yumulurdu,
amma nədisə bu dəfə xeyri yox idi. Şərab
ürəyini bulandırırdı...
Zalımın oğlu, elə bil, içki-zad görməmişdi
ey... Hə, uşaqlıq dostları. Bir
vaxt Bakının mərkəzində ev
kirayələmişdilər. Universitetdə oxuyanda bu ev curların
yığışdığı yerdi, nə hoqqalardan
çıxmamışdılar orda, cavanlıq idi də. Sonra dostu aspiranturaya girmək üçün Rusyətə
getmişdi, xeyli vaxt orda qalmışdı. Deyəsən, qəşəng içməyi də
elə rus qızları öyrətmişdilər ona. Sanatoriyanın həyətində görüşəndə
qeyri-ixtiyari əli cibinə getdi, bütün ssenarini qabaqcadan
hiss edirdi, ona görə. Dostu
qayıdıb gəlib ad-san, nüfuz sahibi olmuşdu, məşhur
bir ailənin qızın almışdı. O vaxtdan əlaqələri
yoxdu, amma indi elə qucaqlaşdılar, sanki dünən birgə
olublar. Arvad da fürsəti fövtə verə bilməzdi,
tezcə - Çingiz, gəl bu axşam qonaq
çağıraq dostları - deyib nazlandı öz aləmində...
Hə, əli də cibinə ona görə
getmişdi, hesabı özü verməliydi, iqtisadi cəhətdən
ziyanlı olsa da, uşaqlıqdan beləydi xasiyyəti, kiminsə
çörəyini yeməyə
alışmamışdı. Nə isə... Bu da sanatoriyalardakı günlərin
qaçılmaz tərəfiydi. Arvad
üçün də özünü kiməsə göstərmək
fürsəti şəkər xəstələrinin
"İnsulin" payı kimiydi. Ona görə gülə-gülə,
həm də ürəyinin dərinliyində bir az sevincək getmişdi restorana... Arvad
"İnsulin" dozasın alıb rahatlaşacaqdı, ona
görə... Amma gərək o qədər
içməyəydi. Dost olub-keçənləri
yada saldıqca, gülüb danışdıqca bir-birinə
calanan qədəhlərin sayın itirmişdilər.
Daha arvadın masa altından təpikləməyinin də,
göz ağardıb dümsükləməyinin də xeyri
yox idi... İçdikcə içirdi, bədəni
keyidikcə beyni açılırdı. Bir il əvvəlki infarkt da, gözünə təpdiyi
ovuc-ovuc dərmanlar da oyun-oyuncaq gəlirdi ona. Bircə bu qəhər
olmasaydı! Hə, boğulurdu... Uzaqda qoyub gəldiyi
qadından ötrü darıxırdı. Arvad bunu bilsəydi, bağrı çatlayardı.
Ona görə telefonu da söndürüb otaqda
gizlədirdi, xəbər-ətər də tutmurdu sevdiyindən.
Amma söz vermişdi ki, bu, axırıncı dəfədi.
Sanatoriyadan qayıdanda hər şeyi etiraf edəcək,
papağını da başına qoyub, evini-eşiyini, bank
hesabında qalan olan-olmaz pulları da arvada
bağışlayıb çıxacaq evdən. Axı, mən uşaqlıqdan bacarıqlı
olmuşam, yenidən sıfırdan başlaya bilmərəm bəyəm?!
Hə?!
... Ehmalca dönmək istədi yerində.
Bacardığı qədər səssiz
çevrildi. Bir cüt gözün
üzünə zilləndiyini görəndə diksindi.
- Amma yaxşı apardın özünü... Sağ ol
səni. Gördün sən Allah onun səfeh arvadını,
ağzının suyu axırdı... Keçən
dəfə məclislərin birində ağzına gələni
danışıb sarsaqlayırdı. İndi ərinin
yanında forsundan cırılır, deyəsən, dünya
gözəlidi...
Özünü yuxululuğa vurmağa
çalışsa da, alınmadı, arvad
yatmadığını başa düşmüşdü.
- Ürəyim bulanır...
- Dedim o qədər içmə də... Elə bil, mənim
acığıma tökürdün qarnına o zəhrimarı...
Yaxşı, day danışmıram. Sən ki o ifritəni yerinə oturtdun, halaldı.
Gedib xəbərləyəcək hamıya, bəlkə, indi
yazışır rəfiqələriylə... çətin
ki gözünə yuxu getsin!
- Ürəyim bulanır...
Dedi və çevrildi yerində... Arvad
öz üslubunda davam edirdi. Buna da öyrəncəli
idi. Hər məclisdən sonra
özünü başqalarıyla müqayisə edən
qadın ərinin bəxtinin necə gətirdiyini minbir yolla
sübuta yetirməliydi. Geyimdən
tutmuş səsə, danışıq tərzinə kimi hər
şeyi yarışa çıxarıb özü qalib
olmalıydı. Bu söhbətlərdə arvada azarkeşlik eləməyə də
alışmışdı artıq; "Hə, hə, əlbəttə".
"Sənin yanında o kimdi ki", "Yox əşi, mən
demişəm sən səviyyəlisən", "Sənin
oxuduğun kitabları o, heç əlinə almayıb" və
s. Bu sözlərin hamısını bir-birinə calayıb
arvadın finiş xəttini keçməyini səbrlə
gözləyərdi... Amma indi bu söhbətlərə
hövsələsi çatmırdı. Ürəyi
qalxırdı, başı gicəllənirdi. Vanna otağına
keçmək, rahatlaşmaq istəyirdi. Arvadın dedini
qoduya caladığını görəndə dözmədi...
Dodağı altda "ürəyim
bulanır" - deyə mızıldandı və durub
aşa-aşa hamama girdi. Başını
soyuq suyun altına salıb sərinlədi. Arvadın ağzını hamam tərəfə
tutub etdiyi geniş nitqindən qırıq-kəsik sözlər
dəyirdi qulağına; "Dedim axı... Qulaq asmırsan
da... dostun da öküz... ayaqqabılarını
gördün... səhər tez dur... dərmanların da
qaldı... analizlərin cavabı... saqqalım yoxdu..."
Başını suyun altından
çıxartmaq istəmirdi. Ayılırdı, amma
həm də qəhərlənirdi... Hə,
boğulurdu. Arvad qapını yerindən
çıxaracaqdı az qala. İlıq mələfəni üz-gözünə
sıxanda ürəyi sıxıldı. Otağa
qayıtmaq, nə isə eşitmək istəmirdi. Bəlkə heç gözləməsin, elə indi
otağa qayıdıb danışsın hər şeyi?!
- Məndən nə isə istəmirsən?!
Arvadın bu nazəndə sualından
çimçəşdi. Səhər tezdən
dişlərini, üz-gözünü, burnunu
qocasayağı yuyan, yüz ilin siqaret çəkəni kimi
bəlğəmli öskürən qarının gənc, xanımsayağı
arzusundan əti töküldü, bilmədi nə desin... Mələfəni üstünə çəkib
uzandı. Səhərəcən birtəhər
dözməliydi. Arvadın
isterikalarını təxmin edirdi, gecə vaxtı hay-küy
qaldırıb qonşuların yuxusuna haram qatmaq istəmirdi.
Kürəyindəki əllərdən tükləri
biz-biz oldu. Çevrilməsə, səhərəcən
deyinəcəkdi qadın. Canını dişinə
tutub çevrildi, süpürgə saçlara toxunanda
ağlamaq tutdu onu, amma ağlamadı. Özü də
bilmədi niyə dedi bunu - "Saat alacam sənə..."
Qadın şıltaq güldü, lap qəhqəhə
çəkdi sevindiyindən. Dodağını
yaxınlaşdırıb öpdü
üz-gözünü... Ağzı duzlu oldu,
badımcan sirkəsinin dadına oxşar dad qaldı
dodağında.
40 ildi alışdığı tez-tələsik
sevişmədən sonra arxası üstə uzanıb
gözlərini tavana dikmişdi... Qoca vaxtında səssiz-səssiz ağlamaq
da öyrənmişdi. Gözündən yaş
axırdı! Qadın başını qaldırıb
baxdı... Amma bir şey başa düşmədi.
- Yatmamısan? Yaxşısan e amma... O gün restoranda rəfiqələrim
viaqradan danışırdılar... Kül
olsun o arvadın başına. Yaxşı qadının
əri...
- Bəsdi də... Bunu da
başqalarının acığına edirsən?!
- Yox, nə danışırsan?! Amma deyirəm mənə
Allah hər cəhətdən verib də...
Arvadın sonrakı sözlərini
eşidə bilmirdi. Gözündən axan
yaş qulaqlarını doldurmuşdu. Guruldayırdı
beyni, ürəyi də bulanırdı... Özündən
iyrəndi, hamama
keçdi. İsti çiləyin
altında fikirləri duruldu elə bil, daha gözləməyin
mənası yoxdu. Gecəni birtəhər
yola verib, səhər dişini yuyub çıxmalıydı
burdan. Çox danışmağa da ehtiyac
yoxdu. Arvad özü bilər, istəyir qalsın, istəmir
qayıtsın...
Eyvanla otağın arası üç
addımdı. Gecə səhərəcən yüz dəfə
ölçmüşdü bu üç addımı...
Bir-iki-üç... Həyatda da belə asan olsa
nə vardı ki?! Bu sanatoriyaların da qəribə
adəti var, səhər altıdan həkim müayinələri
başlanır, təhlillərin cavabları gəlir.
Qapını tıqqıltısından narahat oldu... Açanda təəccübləndi.
Üç gündü özünü də, arvadını
da müxtəlif müayinələrdən keçirən həkim
pərt bir təbəssümlə üzünə
baxırdı:
- Burda danışmaq istəmirəm, amma qan təhlillərinin
cavabı gəlib, dedim özüm gətirim verim...
- Buyurun, gəlin içəri.
Həkimin içəri, arvadın
yatağına boylanmağından dalağı sancdı, sonra
əlindəki kağızlara baxdı. Bu
sarı etiketi tanıyırdı. Ağır
xəstələrin sənədlərinə vurulduğunu
bilirdi. Həkimin gözünün içinə
baxdı...
- Yaxşısı budur, siz vətənə
qayıdın tezliklə. Metastaz verib,
axırıncı stadiyadı, hamımız şokdayıq.
Ağ ciyərlər... Otağıma gələrsiz
danışarıq, sizə məsləhətlərimi verərəm.
Belə xəstələrlə davrananda həssaslıq
yüz faiz olmalıdı...
Qapını örtəndə qulaqları tutuldu... Hamısı yadına düşdü, aramsız
öskürəklərin, burundan qan açılmaların, səhər
xırıltılarının səbəbini başa
düşdü. Ağlamaq istədi, amma ağlamadı,
bircə dəfə hıçqırdı...
- Kim idi?
- Heç tibb bacısı. Prosedurun
vaxtı dəyişib.
- Niyə yatmamısan?! Eşidirdim e gecə səni...
- Sənə baxırdım...
Dedi və çarpayının qırağında
oturdu. Arvadın saçlarına əlini
çəkəndə qıdığı gəldi elə
bil. Gülümsədi...
- Qoy durum dişimi yuyum. Bilirəm vasvasısan...
- Yox, durma hələ tezdi...
Sözlər elə bil
sürünürdü dişlərinin arasında. Nə dediyini
özü də başa düşmədi...
- Nə deyirsən?
- Sevirəm səni! Bağışla!
PƏRVİN
525-ci qəzet.- 2019.- 6 iyul. S. 15.