Hünər və cəsarət icazə istəmir

Vətənpərvər və Dövlətçi şair Səlim Babullaoğlunun portreti üçün ştrixlər

Serbiyada dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı elmi simpozium keçirilib. Bu il Prezident İlham Əliyevin Sərəncamı ilə "Nəsimi ili" elan edildiyindən, bu xəbər bizim üçün daha sevindiricidir. Yəni türklərin tarixən sevilmədiyi Serbiyada bir klassik azərbaycanlı - türk şairinin yubileyi keçirilir və həm də bu şairlə bağlı yubiley medalı buraxılır.

Bu xəbəri mətbuatda oxuyanda çox sevindim, çünki Serbiyada olmuşam deyə, bu ölkəni bir az tanıyıram və haqqında mətbuatda düşüncələrimi də yazmışam. Amma gözləmirdim ki, bu ölkədə İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı xatirə medalları buraxılacaq. Bu, elə-belə hadisə deyil. Səfirimiz cənab Eldar Həsənovun orada gördüyü ciddi işləri də yaxşı bilirəm. Ancaq indi fikrim nə Nəsimi haqqında, nə də ayrıca Serbiya barədə yazmaqdır. Dostum Səlim haqqında danışmaq istəyirəm...

Səlim Babullaoğlu AYB-nin Bədii Tərcümə və Bədii Əlaqələr Mərkəzinə sədr gələndən sonra burada yaxşılığa doğru çox şey dəyişdi. Səlim qısa müddətdə Azərbaycan ədəbiyyatının dünyada, dünya ədəbiyyatının isə Azərbaycanda təbliği naminə böyük işlər gördü. Ədəbi camiə yaxşı bilir ki, Səlim Babullaoğlu müstəqillik dövründə formalaşan, ədəbiyyatımızda dünya kodları ilə danışa bilən çox az sayda Azərbaycan şairindən biridir. Onu bir çox dünya dillərinə çevirib kitab şəklində çap edirlərsə, demək, onun yaradıcılığı dünyanın bir çox nəşriyyatlarına da, ədəbiyyat bilicilərinə də maraqlıdır. Mənim bildiyimə görə, bu günlərdə onun təkcə Serbiyada deyil, bir neçə Avropa ölkəsində şeir kitabları çıxıb. Rumıniyada, Almaniyada onun yaradıcılığına bu qədər maraq göstərilirsə, demək, ciddi istedaddan və dəyərli yaradıcılıqdan söhbət gedir. Səlim Babullaoğlu sadəcə istedadlı şair və tərcüməçi yox, bacarıqlı təşkilatçı və idarəçi kimi də özünü təsdiqləyib.

Amma mən indi onun başqalarının bəlkə görmədiyi keyfiyyətlərindən bəhs etmək istəyirəm, çünki Səlim nə qədər tanınmış şəxs olsa da, mətbuatda, televiziyada işıqlansa da, özünü gözə soxmağı sevmir. Səlimin mənim çox vacib saydığım və burada bəhs etmək istədiyim keyfiyyətləri sırasında onun Vətən və dövlət sevgisi, bir də cəsarəti xüsusi yer tutur. Belə sevgi, bunca cəsarət yalnız gendən gələn bir şeydir. Hər halda Səlim, Şah İsmayılın müridlərindən olmuş qızılbaş babalarının genini daşıyır və "sevgiyə görə əvəz istəməzlər" prinsipi ilə yaşayır. Etdiyi bir hərəkət qəhrəmanlıq da olsa, Səlim kimi adamlar belə şeylərə heç əhəmiyyət vermir, bunu adi həyati hadisə sayır. İndi bizdə icazəli qəhrəmanlıq, icazəli vətənpərvərlik çox dəbdədir. Qəhrəmanlıq və vətənpərvərlik isə özlüyündə elə bir termindir ki, onun üçün icazə anlayışı yoxdur.

Hünər - bu, hər adama aid olan bir keyfiyyət deyil. Hünərli adamların dəliqanlılığıdır insan cəmiyyətini irəli aparan. Mən heç zaman yaltaqlara və qorxaqlara böyük hörmət göstərməmişəm və bu yazını da ona görə yazıram, yəni Maksim Qorkinin sözü ilə desək, "cəsarətli adamların dəliqanlılığına həsr edirəm bu nəğməni". Mətbuatda Serbiya barədə məlumatı oxuyanda məhz hünər barədə nəğmə düşdü yadıma. Çoxlarının eşitmədiyi, bilmədiyi, bir nəğmə. Əlbəttə ki, bu nəğmə dostum Səlim Babullaoğlu barədədir. Bu illər ərzində Xalq yazıçısı, ustad Anardan mən də çox şey öyrənmişəm və öyrəndiklərimin içində ən çox dəyər verdiyim bir şey də dostluğa münasibətdir. Rəsul Rza deyir, "dostun var, dostluq elə, dostun yoxdur, tək gəz". Mənim dostum var - Səlim Babullaoğlu. Özü də Azərbaycanın ən istedadlı adamlarından biridir, onun başqalarının görmədiyi keyfiyyətlərindən mən yazmasam, kim yazasıdır ki?..

Demək belə... Bu hadisə Serbiya haqqında informasiyanı oxuyanda yadıma düşdü. Bir neçə il öncə Səlimlə Belqrada getmişdik, ədəbiyyat festivalına. Həmin səfər zamanı biz tanınmış rus şairi Sergey Qlovyukla yaxın yoldaşlıq münasibətlərində olduq və bu münasibətlər indi də davam edir. Sergey Qlovyuk slavyan dünyasında çox tanınmış adamdır və son dövrdə Moskvada nəşr olunmuş əksər slavyan xalqlarının poetik antologiyaları onun rəhbərliyi altında işıq üzü görüb. Sergey bizə olan hörmətini daha qabarıq göstərmək üçün bizi Belqraddakı Rus Mədəniyyət Mərkəzinə - "Russkiy Dom"a dəvət etdi. O bildirdi ki, oranın rəhbəri, həm də əski dostu Mixail Denisov istefada olan xüsusi xidmət generalı olmaqla bərabər (bəlkə də polkovnikdi, şairlər şişirtməyə meylli olurlar - E.Z.), həm də bir zamanlar prezident B.Yeltsinin köməkçisi olub. Nə isə... M.Denisov bizi yüksək səviyyədə qarşıladı. Çox gözəl məclis idi. Səlim içki içmirdi və əsas diskussiya onunla M.Denisov arasında gedirdi. Söhbət Ermənistan-Azərbaycan münasibətlərinin üstünə gəldi. S.Qlovyuk da, M.Denisov da Azərbaycanın Rusiya üçün, xüsusən, iqtisadi cəhətdən daha ciddi tərəfdaş olduğundan danışırdılar. Nə bilim, bəlkə də bizə xoş gəlsin deyə belə deyirdilər. Bu yerdə Səlim rusca bir şeir oxumağa başladı. Səhv etmirəmsə, sonuncu misrası beləydi: "İ poçuvstvueş çto pesn tvoya falşiva". Tərcüməsi: "Və hiss edəcəksən ki, oxuduğun nəğmə saxtadır". Şeir bitəndən sonra isə əlavə etdi: "Cənab Denisov, haqlısınız, Ermənistanla müqayisədə sizlərə verə biləcəyimiz sıfırla on kimi bir şeydir. Bunu özünüz deyirsiniz. Bəs onda nəyə görə qondarma erməni soyqırımının 100 illiyini burada, "Russkiy Dom"da təntənə ilə qeyd etmək istəyirsiniz? Həm də içəri girəndə gördüm ki, Mərkəzinizdə ermənilərə yer də veribsiniz". Səlimin sözü məclisdə tapança kimi partladı. Qəfil çıxışdan sarsılan cənab Denisov köhnə diplomat kimi, söhbəti ayrı axara yönəltməyə çalışdı, hətta kürəkəninin Azərbaycandan, udin olduğunu söylədi. Və ayrılanda Rusiyanın xüsusi xidmət generalı da Səlimə: "Siz çox ağıllı adamsınız, dəyərli şəxsiyyətsiniz" söylədi. Səlim isə cavabında ona minnətdarlıq edib söylədi ki, cənab Denisov, siz hər halda gözlənilən erməni tədbirini təxirə salın, bizim səfirimizlə dostluq edin, o, dostluğu yüksək dəyərləndirən insandır.

Buna bənzər başqa bir əhvalatı mənə dostum, Qırğızıstanın Xalq şairi Mark Abay Aamatov danışıb. Bu hadisə Bişkekdə, Beynəlxalq Çingiz Aytmatov forumunda baş verib. 2009-cu ilin fevral ayı, fevralın 26-sı... Xocalı soyqırımının baş verdiyi hüznlü günə təsadüf edirdi forum. Orada İspaniyadan Çinə qədər 80 ölkədən nümayəndə heyətləri iştirak edirmiş. O cümlədən, Ermənistan nümayəndələri də, Rusiyadan olan ermənilər də. Tanınmış yazıçılar, rejissorlar, jurnalistlər... İş elə gətirir ki, Səlim Babullaoğlu forumun 7 nəfərlik rəyasət heyətində oturmalı olur. Hərçənd bu, qabaqcadan nəzərdə tutulmayıbmış... Bunun necə baş verdiyini sonradan Səlimdən soruşsam da, indi bu təfərrüata varmaq istəmirəm. Qırğızıstanın Mədəniyyət naziri çıxış edir, sonra MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru... Ardınca Rusiyadan bir nümayəndə, daha sonra isə Səlim Babullaoğlu çıxış edir. İlk sözü bu olur ki, bu gün biz bir hadisəni mütləq xatırlamalıyıq: "Bu, eyni zamanda, işığına yığışdığımız, Azərbaycanda da bizim öz klassiklərimiz qədər sevdiyimiz böyük qırğız yazıçısı Aytmatovun bölüşdüyü humanist ideallar naminə baş verməlidir. Düz 17 il əvvəl (onda 2009-cu il idi - E.Z.) bu gün Azərbaycanda bir kənd yer üzündən silinib. Yüzlərlə insan, qoca qadın və kişi, hamilə qadınlar və uşaqlar amansızcasına qətlə yetirilib. Əlbəttə, bunun səbəbini, Azərbaycanla kimlərin, hansı qonşuların problemi olduğunu siz bilirsiz..." Mark Abay deyir ki, Səlim hamını Xocalı şəhidlərinin ruhunu yad etmək üçün ayağa qaldıranda, erməni nümayəndələri zalı tərk etdilər...

Sonrası daha gözlənilməz olur. Kofe fasiləsində 4-5 xarici ölkənin televiziyası və jurnalistlər Babullaoğlunu əhatə edir, 17 il əvvəl Azərbaycanda nə baş verdiyini soruşurlar... Və elə o anlarda sarışın, slavyan görkəmli bir adam Səlimə yaxınlaşır və onların arasında rus dilində təxminən belə bir dialoq baş verir:

- Utanıram soruşmağa, 17 il əvvəl Bakıda nə baş verib?

- İcazə verin soruşum, siz kimsiniz?

- Mən Rusiya Mədəniyyət nazirinin müaviniyəm.

- Hadisə Bakıda yox, Xocalıda baş verib, Qarabağda. Xocalı adlı Azərbaycan kəndi genosidə məruz qalıb.

- Bunu kim edib?

- Ermənistanın qanunsuz hərbi birləşmələri, Rusiyaya aid olan 366-cı motoatıcı alay.

Hadisələri bir addımlıqdan izləyən Mark Abay danışırdı ki, adını unutduğum həmin nazir müavinin bənizi o anda forumun əsas iclasının keçirildiyi prezident sarayının divarı kimi ağappaq olmuşdu, bir neçə dəfə  udqunandan sonra asta səslə yalnız bunları deyə bildi:

- Mən həm öz adımdan, həm də hökumətimiz adından sizdən də, Azərbaycan xalqından da üzr istəyirəm. Bu, dəhşətdir. Mən bu hadisə haqqında daha ətraflı öyrənmək istərdim.

Ermənilərlə bağlı daha bir hadisə Polşada baş verib. Bunu Səlim özü danışıb mənə və xahiş edib ki, açıb-ağartmayım. Gərək bağışlasın. Demək, Qdansk şəhərinin "Şekspir" teatrında Avropa Azadlıq Şairi Beynəlxalq Şeir Müsabiqəsində iştirakçı şairlərin şeirlərindən ibarət teatrallaşdırılmış səhnələr göstərilirdi. Birdən erməni şairəsinin şeiri oxunan zaman, əvvəl İŞİD, sonra, "Həmas" və Əliyev sözlərini eşidən Səlim Babullaoğlu tamaşanın ortasındaca polyakca səslənən mətni tərcüməçi İlahə Kərimova vasitəsilə dəqiqləşdirir. Tamaşa bitən kimi o, Qdansk şəhərinin merinə yaxınlaşıb yüksək səslə ondan bunun niyə baş verdiyini, terror təşkilatları ilə onun ölkəsini və dövlət başçısını bir sıraya qoyan belə təhqiramiz bir mətnin necə seçilə biləcəyini, meriyanın bu layihəni nə üçün maliyyələşdirdiyini soruşur, qətiyyətlə izahat tələb edir. Mer üzr istəyir, bundan xəbərsiz olduğunu və yaradıcı insanların fəaliyyətinə qarışmadığını söyləyir. Səlim bunun Azərbaycana qarşı sabotaj olduğunu, meriyanın buna görə cavabdehlik daşıdığını təkrar qeyd edir. Və onun tələbi ilə Meriya mədəniyyət idarəsinin rəhbəri, festivalın direktoru, teatrallaşdırılmış səhnənin rejissoru, müsabiqənin münsiflərinin sədri, daha iki əməkdaş teatrın boş otaqlarının birinə toplanırlar. Bir də Səlim Babullaoğlu, xanımı və tərcüməçi. Saat 11.30-dur. Gecə. Dostum yenə də yüksək səslə, amma məntiqli şəkildə suallar verir, izahat tələb edir, baş verənlərin alt üzünün nə demək olduğunu polyaklara izah edir. Rejissor və ssenarist özlərini itirirlər. Babullaoğlunun arqumentləri qarşısında dilləri söz tutmur. Yalnız "bizi bağışlayın, biz bilmirdik, səhv etmişik, bu, bilərəkdən olmayıb" kimi cümlələr söyləyirlər. Səlim isə bu tələbi irəli sürür: "Əgər siz doğrudan da bunun bilməyərəkdən olduğunu deyirsinizsə, onda mənə söz verməlisiz ki, burada baş verənlərin nə videoyazısı, nə audioversiyası, nə də reportaj xarakterli hər hansı informasiya Polşa resurslarında heç vaxt yer almayacaq. Əks təqdirdə, mən sizə bu məsələnin nə qədər böyük səhv olduğunu başqa üsullarla anlatmalı olacam. Bu, sizin festivalı nüfuzdan salacaq. Əgər bilsəydim ki, siz belə edəcəksiz, mən bura ayaq basmazdım"... Qdansk Mədəniyyət İnstitutunun (yəni idarəsinin) müdiri söz verir ki, belə bir şey olmayacaq. Tələb qəbul olunur. Bakıya qayıdan Səlim şifahi tələbini məktublaşdırır. Həm merə, həm də mədəniyyət idarəsinə göndərir...

Bax belə... Ola bilsin mənim görmədiyim, eşitmədiyim başqa hadisələr də olub, amma elə bu üçü də bəs edər. İstedadlı bir şair, ciddi ədəbiyyat adamı xarici ölkələrdə, yad mühitdə öz millətinin, dövlətinin bədxahlarına savaş aça, onları yerində oturda bilirsə, demək, hünər onun qanındadır və mən cəsarətli insanların dəliqanlılığına həsr edirəm bu yazını - Səlim Babullaoğlu kimi insanların!

 

Elxan ZAL

525-ci qəzet.- 2019.- 6 iyul. S. 16.