Poeziyanın elmi, elmin
poeziyası...
Cənublu böyük şairimiz Bulud Qaraçorlu öz ədəbi təxəllüsünü Səhənd
dağının adından
götürmüşdü. M.H.Şəhriyarın
ona həsr etdiyi "Səhəndiyyə"
şeirində bir misra belədir: "Adaş olunca onunla, daha da
ucalırsan".
Akademik Nizami Cəfərov da adaşdır.
Özü də şeyx Nizami Gəncəvinin adaşı!
Dahi şairimizlə
adaşlığı ona
düşüb. Ucaldıqca ucalır. Sorağı həmişə ucalardan gəlir.
Amma hər adaşdan da adaş olmaz. Lap atalar sözü kimi səslənir.
Qoy olsun!
Keçmişdə Nizami Cəfərov kimi adamlar haqqında
deyirdilər ki, çox bilikli (kəlləli) adamdır.
Aristotel beyin fəaliyyəti ilə məşğul olanları allahlara yaxın olanlar hesab edirdi. Onları
ən uğurlu adam adlandırırdı.
Ucalığın və uğurunsa
bir sirri də varmış:
Nizami Cəfərov kimi olmaq!
Yaşamaq! Yazmaq! Yaratmaq!
Xalqını, millətini, türk
dünyasını - bəşəriyyəti
sevmək! Onun ədəbiyyatını, tarixini,
elmini, milli dəyərlərini bayraq
kimi öz başı və başlar üstdə uca tutmaq!
Oljas Süleymanov demişkən,
dünya sözə dönənəcən yazmaq,
yaratmaq, nə varsa hamısını sözə çevirmək!
Min sözün içində
bircə söz tapmaq.
Bir sözün içində
min söz demək!
M.Füzuli şeirdə elmiliyi yüksək qiymətləndirirdi. O, "ömrümü
sərf edib şair oldum" deməyib. Deyib ki, "Ömrümü
sərf edib hikmət və həndəsəni öyrənməyə
çalışdım".
Oljas Süleymanov
"Sözün kodu"
adlı kitabında
"Elmin poeziyası"
deyilən bir istilah da işlədib. Böyük şairə
və tədqiqatçıya
görə "Elm poeziyası
nə vaxtsa dərrəkəli insan dünyasını birləşdirməlidir".
Məncə, poeziyanın elmi də bu missiyanı
yerinə yetirməlidir.
Nizami Cəfərov
gəncliyində şeirlər
yazıb, sonralar şeir yazmaq fikrindən vaz keçsə də, şairanə ruhunu qoruyub saxladı. Poeziya elminin
və Elm poeziyasının
dalınca getdi.
Düz etdi.
Şairlik hər adamın missiyası deyil. Alimlik də hər kəsin missiyası ola bilməz!
Nizami Cəfərov
şairliklə alimliyi,
alimliklə şairliyi
birləşdirdi.
Poeziyanın elmini, Elmin poeziyasını yaratdı!
... Hərdən
təəssüf hissi
ilə fikirləşirəm
ki, söz dövrümüzdə yaman
aşağılara endirilib.
Söz yaman alçaqdadır, ona görə də ona çoxunun
əli çatır,
hamı guya yazıb-pozur.
Aramızda sözü yaxşı ki, alçaqlara düşməkdən qoruyanlar
var.
Sözün ucalığını qoruyanlar
öz ucalığını
qoruyur. Millətin ucalığını qoruyur. Ruhun ucalığını qoruyur.
"Elm poeziyası"nın nadir
simalarından biri olan akademik Nizami
Cəfərov kimi!
Adı qorumadım addan ötəri,
Qorudum millətdən, xalqdan ötəri!
Nizami Cəfərov
hər dəfə danışanda, çıxış
edəndə elə bil ki, bunu
demək istəyir.
Qədim mütəfəkkirləri xatırladan
Nizamini nə qədər danışan,
çıxış edən
halda daha çox görsəm də, sanıram ki, o, həmişə sükut içindədir.
O, sükut etməyi bacarır! (Danışa-danışa!)
Nizami Gəncəviyə
görə, ən çox sükut edən nöqtədir.
Nizami Cəfərovun
çıxışı nöqtənin
çıxışıdır.
Nöqtə Vəhdətin timsalıdır. Vəhdətin nə olduğunu (bir damladakı ümmanı, yaxud ümmanda bir damlanı) görənlər
ömür boyu öz böyüklüyünü,
qüdrətini dərk
etdiyindən özünü
öymür, "Nöqtəyəm.
Hərfəm" - deyir.
Ulu babamız Nəsimi kimi!
Nadir insanlar belə
olurlar, belə deyirlər.
... İmam Qəzaliyə görə, nadir insan qırmızı kükürdə
oxşayır, ona da təbiətdə az rast gəlinir.
Nadir şair də,
sənətkar da, alim də, ziyalı
da həmin qırmızı kükürddür.
Elə Nizami Cəfərov da!
... Xalq şairi Vaqif Səmədoğlu yazırdı: "Ünvanım
kağız və qələmdir". Əziz
Nesin də öz fikrini bir az fərqli şəkildə
ifadə etsə də, həmin ünvandan danışırdı.
"Məndən qələm düzəldin"
deyirdi.
Qələmi müqəddəs tutanlar axırda özləri də müqəddəs sayılırlarmış.
Bir çox şeyxlər və sufilər ağ kağıza
yaxınlaşmazdan əvvəl
dəstəmaz alırmışlar.
Qələmi qəddəyəndə qırıntılarını
yığıb təmiz
bir yerdə basdırırmışlar.
Akademik Nizami Cəfərovun da ünvanı qələmdir. O da qələmi müqəddəs
tutan (müqəddəsləşdirən!)
qələm, kəlam,
söz əhlidir. Fikir, düşüncə
nəhəngidir!
... Nizami Cəfərovun dilimizlə,
dinimizlə, tariximizlə,
soykökümüzlə, fəlsəfi
düşüncə tərzimizlə
bağlı yazdığı
əsərlər, kitablar,
bütövlükdə ensiklopedik
bir gücə, əhatə dairəsinə
malikdir.
Bu böyük şəxsiyyətli
alim hər şeyə şəxsiyyət
kimi baxır:
Tarixə
də, Ədəbiyyata
da, Dilə də, Dinə də, Fəlsəfəyə
də!
Nizami Cəfərov
şairliyin alimidir, alimliyin şairidir.
Şairin alimliyi poeziyanın elminə çatmaqdır.
Alimin şairliyi Elmin poeziyasını yaratmaqdır!
... Bütün sözlərin
mənbəyi Allahın
üstdə oturduğu
taxtın altındakı
gizli xəzinədir, əslində, "Ol"
sözüdür!
Bu mənbəyə varanlar,
bu mənbəyi bilənlər axırda özləri də mənbə olurlar.
Nizami Cəfərov
da Sözdən və sözlərdən istifadə edə-edə bugünkü ucalığa
çatdı. İndi onun Sözünə və sözlərinə də mənbə kimi istinad edirlər...
Sözü Əməlidir, Əməli
Sözü,
O, söz kimi yoldur,
yol kimi sözdür.
Niyə
düşündürür bizi bu qədər,
Adi söz
ha deyil, ləl kimi sözdür.
Niyə gücü çoxdur? Azdan yaranıb,
Dədələr çaldığı sazdan
yaranıb.
Hər nə yaranıbsa sözdən yaranıb,
Bal kimi şirindir, gül kimi sözdür.
Bizim Nizami də neçə söz deyir,
Ay Barat, özü də necə söz deyir!
Baxıb
görürsən ki,
bircə söz deyir,
Sanki o Kəlamdır - "Ol"
kimi sözdür!
P.S. Ömür pəncərəsindən
hər şeyi görmək olmur.
Könül pəncərəsindən baxasan gərək!
Onda hər şeyi, az qala bütün dünyanı
və bütün görmək istədiklərini
görə bilərsən.
Akademik Nizami Cəfərov dünyaya ömrünün 60-cı pəncərəsindən
- özü də könül pəncərəsindən
baxır.
Elə bir ömür yaşayıb ki, bundan sonra
da yüz illər boyu hər şeyə baxmaq haqqı olacaq.
Bax, beləcə, sağ-salim!..
Barat VÜSAL
525-ci qəzet.- 2019.- 6 iyul. S. 17.