Özünüzü qoruyun, Vidadi müəllim!

Bir neçə gün öncə sosial şəbəkələrdən aldığımız xəbər hamımızı həyəcanlandırdı. Əməkdar artist, YUĞ Dövlət Teatrının aktyoru, Mədəniyyət İncəsənət Universitetinin müəllimi, "M.Teatr Production"un bədii rəhbəri Vidadi Həsənov səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Özəl xəstəxanaların birində təcili əməliyyat olunan aktyorun ürəyinə stent taxılıb.

Yüz minlərin sevimlisi olan aktyorun, yaxından tanıdığımız gözəl insanın sağlamlığını təhdid edən problem ürəyimizə qorxu salmışdı. Bütün tanışlarımızın, dostlarımızın dilində Vidadi müəllim üçün dualar vardı. Ona görə yox ki, onu şəxsən tanıyır, insanlığına, xarakterindəki gözəl keyfiyyətlərə yaxından bələdik. Ona görə ki, Azərbaycan teatr kino səhnəsinin bu cür sənətkarlara  çox ehtiyacı var. Onun kimi ustad adlandıra bildiyimiz, Azərbaycan mədəniyyətinin, incəsənətinin təəssübünü öz şəxsi problemləri kimi çəkən neçə sənətkar qalıb ki?

Bu yazımda 61 yaşlı sənətkarın bütün internet mediada, ən azından "vikipedia"da tapa biləcəyiniz bioqrafiyasına toxunmaq fikrimiz yoxdur. Heç oynadığı rolları, yaradıcılıq işlərini sadalamayacağıq. Çünki həmişə diqqətimizdə olan sənətkar haqqında zaman-zaman yazdığımız yazılarda bunlara toxunmuşuq, yəqin bundan sonra da toxunacağıq. Bu yazımız isə Vidadi Həsənovun timsalında öz ömrünü sənət yolunda şam kimi əridən bütün sənətkarlara xitab hesab edilə bilər.

Həmişə tamaşaya, ya da filmə baxarkən anamın bəzi aktyorlar haqqında işlətdiyi bir cümlə var: "O qədər içdən oynayırlar, obraza qanlarını, canlarını qoyurlar ki, ona görə aktyorlar tez qocalırlar, səhhətlərindəki min bir problemlərlə vuruşurlar". Məncə, haqlıdır. İndiki dövrdə insan bircə öz ömrünün yükünü çəkə, bir həyatı doğru-düzgün yaşayıb başa vura bilmədiyi halda, aktyorlar ömürlərinin içərisində neçə-neçə ömür yaşayırlar. Canlandırdığı hər obraz onların özlərindən nələrsə aparır, mütləq aparır. Aparmağa bir şey tapmayanda da yapışır ürəyin yaxasından.

Vidadi müəllim isə təkcə aktyor ömrü ilə kifayətlənməyib. Özünün Vidadi Həsənov ömrünə həm aktyor, həm ssenarist, həm rejissor, həm pedaqoq, həm ən başlıcası insan taleyini sığdırıb.

Ötən əsrin filosof, jurnalistlərindən biri Qriqori Landau deyirdi ki, sənət həmsöhbətin susduğu dialoqdur. Bəli, sənət danışır, danışır, ondan nəyi eşitmək, nəyi anlamaq, nəyi qavramaq isə susan həmsöhbətdən asılıdır. Görünür, xalq Vidadi Həsənov sənətini yaxşı eşidib, yetərincə qavrayıb.

Bir neçə ay öncə Vidadi müəllimdən aldığım müsahibənin bir yerində sənətkar öz peşəsini şərh edərkən demişdi: "Aktyor heç bir müəlliflik hüququ olmayan fədakar insandır. Baxın, teatr sahəsində daxili xırda çəkişmələrdən tutmuş, böyük söz-söhbətlərə qədər bütün problemlərin alt qatında aktyorun tamaşa oynamaq, rejissorun tamaşa qurmaq istəyi durur. Bu qədər çətin şəraitə baxmadan onlar işləmək istəyirlər. Ona görə əksər ailələr övladlarına ya "hüquqşünas ol", ya da "həkim ol" deyirlər. Heç kim "get aktyor ol" demir. Çünki aktyor sənəti üzdə olan, amma müəllifliyi olmayan sənətdir. Yazıçı, ssenarist, rejissor, rəssam, bəstəkar - hamısı öz əsərinin müəllifidir. Onu onlardan almaq olmaz. Amma aktyorun belə bir hüququ yoxdur. Halbuki digər sənətçilər kimi, sən zəhmət çəkirsən. Hətta yazıçı yazdı, rejissor qurdu, rəssam səhnə tərtibatını verdi, aktyor olmayandan sonra nəyə lazımdır bu? Onu tamaşaçıya təqdim edən aktyordur. Bizim işimiz dəniz kənarındakı ləpədöyəndə qoyulan iz kimidir. İndi yaxşı ki, kino var, serial var, televizor var, rollar tarixə düşür. Onlar da olmasa heç bir hüququ olmayan işlə məşğuluq. Amma bununla belə, məşğul olmaq istəyirik".

Bu fikirlərlə razılaşmamaq əldə deyil. Ancaq aktyorun öz sənətindən qazandığı ən böyük mükafatı tamaşaçıların sevgisidir. Bunu əksər sənətkarlardan eşitmək olar.

Vidadi Həsənovu bu mənada şanslı aktyor da adlandıra bilərik. O, sənətə gəldiyi ilk vaxtlardan yaratdığı irili-xırdalı bütün obrazları ilə tamaşaçının yaddaşına əbədi həkk olunub. O, Musa kimi ("Bəyin oğurlanması"), Cavad xan kimi ("Hökmdarın taleyi"), yaratdığı onlarla obraz kimi xalqın ürəyində çoxdan taxt qurmağı bacarıb.

Ekran vəfasızdır, səhnə etibarsızdır deyirlər. Bir müddət görünməsən unudulursan. Bu fikirdə qədər həqiqət payı olsa da, hər kəsə aid etmək doğru deyil. Vidadi müəllim kimi işinə tələbkar, seçici sənətkarlar qədər az görünsələr, qədər az efirlərdə olsalar da, unudulmurlar, daim ehtiyac duyulur tamaşaçı tərəfindən axtarılırlar.

Sözügedən müsahibənin sonunda danışdığımız bir çox mətləblərin yekunu kimi gülüşlə bərabər, "düşünürəm ki, bu işlərin hamısının axırı yaxşı olacaq" - demişdi. Biz ona səhhətindəki problemin tezliklə aradan qalxmasını arzulayır, möhkəm can sağlığı, hələ çox uzun ömür, yeni-yeni rollar diləyir düşünürük ki, hər şey həqiqətən yaxşı olacaq!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2019.- 6 iyul. S. 17.