İşıq
mənbəyi olan idrakın ətri
Onun haqqında düşünəndə həmişə
yadıma bir xatirə düşür. Bir dəfə ərəb və
fars dillərini çox kamil bilən bir
alimin, Şeyx Mahmud Şəbüstərinin dünyaca məşhur
fəlsəfi traktatı olan "Gülşəni-raz" əsərini
farscadan oxuyub tərcümə etməsinə qulaq
asırdım.
Əlbəttə,
mövzu çox qəliz ifadələrlə doludur, amma
söz gəlib "Ənəlhəqq"ə çatanda diqqətlə
qulaq asdım, axı bu, doğma Nəsiminin, Mənsur Həllacın
hayqırtısıdır! Oradakı bir məqamı
diqqətinizə çatdırmaq istəyirəm. Şəbüstəri
yazır ki, yalnız yəqinlik mərtəbəsinə
çata bilən adam "Ənəlhəqq"
deyə bilər. Çünki o, öz qəlbindəki
"mən"i boşaldaraq, yerinə Allah nurunu doldurur və
onun hər zərrəsində haqq cilvələnir. Nur Allahdandır və bu fikir bütün dinlərin
əsasında dursa da, öz pik nöqtəsinə
"İşraqilik" təriqətində çatır.
Bəs bu nur, ziya, işıq nədir? Əlbəttə ki, dəqiq cavab yoxdur və
olmayacaq da; axı insan idrakı Allaha aid olan heç bir
şeyi sonadək izah etməyə qadir deyildir.
Paşa Qəlbinurun təxəllüsündə,
peşəsində əks olunan "nur" kəlməsi tale
yazısıdırsa, "İdrak ətri" kitabı və
işığın idrakdan nəşət etməsi qənaəti
də alimin təfəkkür və fəaliyyət
bütövlüyünün sübutudur.
Düşünürəm ki, müasir Azərbaycan
ziyalılarının sayını sıxışdıraraq əl
barmaqları miqdarında saxlamalı olsaydıq, Paşa Qəlbinur
mütləq onlardan biri hesab olunmalıdır. İdrakın
ətri varmı? Oxucu müəllifin
inandırıcı izahları, göstərdiyi misalları
oxuyandan sonra qarşısında yeni təfəkkür
meydanı açılır. Çoxdan
görmədiyin bir adamı qəfil xatırlayanda, bəzən
xəfif bir ətir duyduğun düşür yadına.
Bu ətirlərin necəliyi də, əsasən
həmin adamı ilk dəfə gördüyün vaxt ondan, təbiətdən,
otdan, torpaqdan... gələn ətrin xüsusiyyətindən
asılı olur. Başa düşürsən ki, ilk təəssürat
zamanı onun barəsində beyinə yazılan informasiya,
obrazlı ifadə etsək, həmin ətirli mürəkkəblə
yazılıbmış.
... Alsheymer xəstəliyi. Bəli,
yeni tapıntı olduğu üçün bu barədə hələ
çox düşünəcəyik və düşünməliyik
də. Müəllif haray çəkir,
"Nuhun tufanı yaxınlaşır" - deyir. "Dəyərləri itirsək, doğmalara biganə
olsaq, kitab oxumasaq kütləvi şəkildə
yaddaşımız silinəcək". Sən demə,
mütaliəsi az olan adamın bu xəstəliyə
tutulma ehtimalı böyük imiş! Xəstənin beyin
hüceyrələri vaxtından əvvəl (vaxt isə 300 il nəzərdə
tutulmuşdur!) məhv olur, yaddaşını itirir,
"manqurtlaşır". Mən bunları
oxuyanda yadıma bir əhvalat düşdü. Yaşı 100 çoxdan keçmiş bir
İngilis dili müəllimi və din alimi tanıyıram -
Mirzə Güləli. Məclisdə eynəksiz kitab
oxuması, telefondan mətnlərə baxması, son dərəcə
həssas qulaqları, zil, rəvan, aydın, məxmər səsi,
ərəb, fars, ingilis, alman, rus dillərindən misallar gətirərək
ensiklopedik biliyi bir yana qalsın, bunu uzun illər ərzində
yaddaşında saxlaması ilə
hamını heyran edir. Ən təəccüblüsü
isə onun fiziki durumudur. Şax qaməti, cəld hərəkətləri,
çox gözəl, nurani sifəti, iti baxışları
onun yaşına görə insana bir az da
qəribə gəlir. Bir dəfə bunun sirrini soruşdular,
o isə arxayın tərzdə dedi ki, bunun sirri oxumaqdadır,
xüsusən də Quran oxumaqda. Çox kitab
oxumağın gözə ziyan olduğunu deyənlərə
yazığım gəlir. Hədisdə
deyilir ki, Quran oxumaq gözün nurunu artırar. Mən həmişə Quran oxuyuram, mənasını
düşünürəm. Bir az da yeməyimə,
içməyimə, təmizliyimə, fikirlərimə,
halallığa diqqətli oluram.
Burada mən Luiza Heyl
adlı bir ingilis psixoterapevtinin yazdığı fikri də
xatırlayıram. O iddia edir ki, insan nəyi, yaxud kimisə
görmək istəməyərək məcburən ona
baxmalı olsa, beyinin görmə mərkəzi çox əziyyət
çəkir. Əgər bu hal davamlı olursa,
həmin adamın görməsi pisləşir. Axı, insan təhtəlşüurunda "görməməyi"
arzulayır, şiddətli arzu isə hökmən maddi formaya
düşür və reallaşır. Bəli, professor
Paşa müəllimin kəşfləri, fəlsəfi
düşüncələri, poeziyası bir yana
qalsın, elmi intuisiyaları, qənaətləri insanda heyrət
doğurur. Əlbəttə ki, onun geniş
mütaliəsi müasir dünyada mövcud olan elmi
araşdırmaları izləməyə imkan verir və yeri gəldikcə
öz fikirlərini təqdim edir. Məsələn, nurun
türk təfəkküründəki tarixi çox qədimlərə
gedib çıxır. İslamaqədərki
inancımız olan tanrıçılıqda məbudun
adı "Tenqri-Tanrı" olub ki, bu da indiki "dan
yeri" mənasındadır, - əcdadlarımız nur mənbəyi
olan Günəşin çıxdığı yerin
adını belə müqəddəsləşdiriblər.
Ondan da əvvəl Zərdüşt yeni dinin
mahiyyətini, işıq və zülmətin mübarizəsi
kimi təlim etmişdir. Xalçalardakı
buta şəkli də alov dilinin rəmzidir. Belə misalların sayını yenə
çoxaltmaq olar, amma mən onu demək istəyirəm ki, təkamülün
spiralvari hərəkəti nəticəsində yenidən
işığın, nurun mahiyyətini öyrənmək
aktual olmuşdur. Artıq işıq, belə
alimlər tərəfindən təkcə gözə aid olan
bir kateqoriya yox, idraka bağlı olan, həyatın hər
yerinə nüfuz edən bir nəsnə kimi
araşdırılır. Professor Paşa Qəlbinur
gözdə müəyyən olunan "sarı ləkə"
adlı sirli bir nöqtədən bəhs edir.
Tanıdığım insan nə qədər
ağıllı, geniş erudisiyali, zəngin, savadlı olsa
da, mənim üçün ziyalılığın bircə
meyarı vardır; əgər həmin adamın mühakimələrini
içərisindən "Allah" anlayışı bir
qırmızı xətt kimi keçmirsə, o, yarımçıq
ziyalıdır, daha doğrusu, əsl ziyalı deyildir. Axı, əqidəsi
olmayan, yaxud yanlış əqidəyə sahib olan adam hansı məsələni sonadək izah edə
bilər? Ziya nurdur, işıqdır, nurun mənbəyi
Allahdırsa, biz daim içərimizdə onu hiss etməliyik.
Paşa Qəlbinur Allah adamıdır, həm də
bunu təkidlə hamıya təlqin edir.
Dünyada
səhvi olmayan, hər yerdə düz olan bir ünvan var, o da
böyük yaradandır! O, hər hansı bir mübahisədə,
müzakirədə “mühakimədən kənar və şəksizdir..."
Başqa bir yerdə isə oxuyuruq: "Sözün
böyütdüyü ən böyük elm, sözün
içərisindən işıqlandığı İlahi nəğmədir
"Qurani-Kərim!"
Sükutun
doluxsunduğunun da şahidi oluruq:
Yarpaq-yarpaq
şəlalələr,
İşıq-işıq sellənirdi.
Hər
yan sükut,
Hər yan doluxsunmuş səs-səmirdi.
Elə
bil ki,
güllələnmiş cüyürü balaları əmirdi.
Vəssalam!
Əminəm ki, belə məhrəm, dəqiq ifadələri
oxuyan hər kəs uzun müddət sözlərin
seçimi, təsvir və mühakimə yeniliyi barədə
düşünəcək.
"Mənim fikrimcə, görmə və eşitmə
orqanının funksiyaları arasında bu bağlılıq
sərhədsizlik, həm də başqa bədən üzvlərinə
xasdır. Bir
az başqa sözlərlə desək, hər
bir duyğu üzvündə o biri duyğu üzvlərinə
aid hüceyrələr var və ya digər duyğu üzvlərinin
funksiyasını icra etmək qabiliyyəti vardır. Yəni hər bir duyğu üzvündə; əsasən
həmin duyğu üzvlərinin əsas funksiyalarını
icra edən hüceyrələr dominantdırlar, qalanları
resessiv. Bu qabiliyyət müxtəlif
insanlarda fərqlidir və şərait yarandıqda bu əlamət
özünü daha qabarıq büruzə verir. Məsələn,
görmə qabiliyyətini itirmiş adamlarda taktil dəri
hissiyyatı və
eşitmə üzvü bu funksiyanı qismən də
olsa, öz üzərinə götürür". Göründüyü
kimi, çoxlarına məlum olan bu fakta alim yeni daha dərindən
nəzər salır və sonda müştərək
hüceyrələrin yalnız eşitmə və görmə
üzvlərində yox, bütün duyğu üzvlərində
olması qənaətinə gəlir. Bunları oxuyanda
yaddaşımda yenə də bir xatirə canlandı...
Qonşuluqda anadangəlmə kor kişi
var idi. Addım səslərindən
hamını tanıyır, hər bir işi fəhmlə
özü görürdü. Heç vaxt tanış
olmadığı birisinin gəldiyini hiss edəndə isə
bir an duruxur, bir azdan qərara gəlib soruşurdu ki, filankəsin
nəyisən? Hamı təəccübdən
donub qalırdı, axı onun beynində hansı proseslər
gedirdi ki, yad adamı da təxmin edirdi? "İdrak ətri"ndən
misal gətirdiyimiz bu fikrə əsasən deyə bilərik
ki, görmə üzvü olmayan həmin kişi
təkcə eşitmə üzvlərini yox, bütün digər
hiss üzvlərini səfərbər edərək obyekt barədə
məlumat almağı bacarırmış. Bəlkə
də işə onun təhtəlşüuru da
qoşulurmuş? Samurayların
döyüş üsulları yadınızdadırmı?
Onlar rəqibi daha yaxşı hiss etmək üçün
arxasını çevirərək ona baxmır, sanki gözləri
onu çaşdıra bilər. Və başqa hiss üzvləri
ilə rəqibin hərəkətlərini necə dəqiq
"görürsə", sərrast zərbə ilə onu
axırına çıxırmış.
Paşa Qəlbinur "an"a zamanın ən
kiçik ölçüsü kimi baxılmasına etiraz
edir. Doğrudan da, insan təfəkkürünün zaman
anlayışını tam dərk etməsi
qeyri-mümkündür. Hələ indiyə qədər
işığın həm zərrələr kimi düzxətli,
həm də dalğavari hərəkət etməsi kimi
bir-birinə zidd olan dualist fikirlər vardır. Maraqlıdır
ki, alimlərin bu fikirlərdən hansını əsas
götürməsindən asılı olmayaraq dəyərli nəticələr
əldə etmişlər. Elə ağ rəngin
bütün rənglərin qarışığından ibarət
olması, insan gözünün yalnız məhdud dalğa
uzunluğuna malik rəngləri seçə bilməsi,
qulağının isə yenə də məhdud tezliki səsləri
eşitməsi bir
paradoksdur. Deməli, insan övladına işığın,
rənglərin, səsin təbiətini öyrənmək
qabiliyyəti verilməmişdir. Ona görə
də zamana, ana dəqiq ölçü nisbəti vermək
inandırıcı görünmür və professorun bu
etirazı oxucu tərəfindən təbii
qarşılanır. Şeyx Mahmud Şəbüstəri
yuxarıda adını qeyd etdiyim əsərində yazır
ki, Allah varlıq aləmini yaradanda zamanı da yaratdı və
bir nöqtə olan həmin zamanı düz xətlər
boyunca dartıb indiyə qədər uzadır. Mənə elə gəlir ki, zamanın
uzunluğundan yox, dərinliyindən bəhs edən Paşa Qəlbinur
çox haqlıdır.
Kitabın
ikinci hissəsi "Portret esselər"dir. Burada kimlər
yoxdur! Azad Mirzəcanzadə, İmam Mustafayev, Hüseyn baba,
Ümnisə Musabəyli, Zərifə Əliyeva, Zəhra
Quliyeva, Krasnov, Ağabəy Sultanov, İbrahim
Topçubaşov, Nizaməddin Şəmsizadə... Azərbaycanın
hüdudlarından kənardan baxanda da görünən uca
zirvələr... Bəzilərini az-çox
tanısaq da, dəyərli bir ziyalımızın qələmi
ilə çəkilmiş portretlərin hamısı bizim
üçün yenidir. Çünki səmimidir,
dəqiqdir.
Yaxşı kitab haqqında deyirlər ki, "birnəfəsə
oxudum!" Mən də bu kitabı birnəfəsə oxuyuram.
Amma oxuyub bitirəndən sonra nəfəsimi dərib
bir də oxuyuram. Yəqin ki, həmişə
oxunacaq bu kitab. Birinci hissədəki fəlsəfi
esselər elm axtarışında olan hər bir şəxs
üçün yeni fikirlər, tapıntılarla doludur.
Onları oxuyuram və indiyədək imkan
daxilində öyrənə bildiyim həqiqətlər, mənbələr
və müəllüfləri xatırlayıram. "İşıq" mövzusu isə hər sətirdən,
hər səhifədən müxtəlif çalarlarla boy
verir. Paşa Qəlbinur gah qələmi ilə
qəlblərə nur çiləyir, gah da
bıçağı ilə Allahın insan gözünə
bəxş etdiyi nuru bərpa edir. Amma
gözün quruluşunu, işığın mənbəyini
dəqiq bildiyi üçün insan qüdrətinin sərhədlərini
də etiraf edir. Elə bu cür də
olmalıdır. Axı nur Allahdandır, o
isə dərkolunmazdır. Bax, bu etirafına görə
Paşa Qəlbinur istisnasız olaraq hamı tərəfindən
sevilir və seviləcək!..
Şəhla ASLAN
525-ci qəzet.- 2019.- 6 iyul. S. 18.